Mir Şahinin vaxtı - 05.09.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 05.09.2021 (VİDEO)
REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Əslində Şuşadan, tariximizin ən uca yerindən, həftənin, ayın, ilin, əsrin, əsrlərin hadisəsindən başlamalıyıq.

Amma biz məntiqdən başlayırıq. Nəyimiz var idi, nəyimiz yox, nəyimiz oldu sualından. Əvvəlcə bunu deyim ki, Şuşada açılışı keçirilən təkcə Vaqifin məqbərəsi və Vaqif Poeziya Günləri deyildi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri başdan ayağa rəmzlərdən ibarət idi. Və elə o nəzər nöqtəsindən yanaşanda Vaqifin abidəsi abidədən, Vaqif Poeziya Günləri də poeziya günlərindən dəfələrlə artıq idi. Prezidentin çıxışında çoxlu açar konspektlər var. Məsələn biri elə bu:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq"

Prezidentin bu və ya digər fikirlərinə qayıdacağıq təbii ki. Amma əvvəlcə anlamağa çalışaq ki, niyə Əliyev bunu dedi?! Yəqin ona görə ki, Şuşanın saatının əqrəblərinin qaldığı yeri biz o zamandan nəzərə almalıyıq. 59 yaşın davamından. Hər iki ömrün 59 yaşından. Bir-birinin davamı, bir-birinin estafeti kimi. Eyni zamanda biz onu da düşünməliyik ki, Əliyeviin müstəqil dövlət fəlsəfəsi hansı mürəkkəb situasiyalardan keçir. Azərbaycanın dünya birliyində layiqli yer tutma cəhdlərinə kim və niyə mane olur. Axı ilk baxşıda dünya birliyi, xüsusilə BMT-in Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər Azərbaycanın qələbəsinə, öz ərazi bütövlüyünü bərpa etdiyinə görə sevinməli, bu qurumun xəcalətdən ölüm yerə girən qətnamələrini diriltdiyinə görə Bakıya bağır basıb baş əyməliydi?! Amma görünür Bakını həm də onlara, onların dişsizliyinə, vecsizliyinə qalib gəldiyini bağışlaya bilmirlər... Məsələn: ABŞ-ın Dini Azadlıqlar üzrə Beynəlxalq Komissiyası 2021-ci il üçün hesabat dərc edib. Və...Azərbaycanın adını Əfqanıstan və Nikaraqua ilə bir sırada xüsusi nəzarət siyahısına daxil edib. Əlbəttə, Əfqanıstanın bu siyahıda adının olması elə Amerika Birləşmiş Ştatlarının öz adının olması deməkdir. Çünki son 20 ildə Əfqanıstan Amerika Birləşmiş Ştatlarının tam təsiri altında olub və bu ölkədə demokratiya da, dini azadlıqlar da, varsa da, yoxsa da Vaşinqtonun məsuliyyətinə yazılmalıdır. Amma Azərbaycanın bu siyahıya salınması aşkar həya defisiti ilə bağlıdır. Niyə? Buyurun: hesabatda qeyd edilir: “Dağlıq Qarabağda hərbi hərəkətlərin başlanması erməni dini məkan və dini abidələrin salamat saxlanması ilə bağlı ciddi narahatlıq doğurdu. Azərbaycan Şuşadakı Qazançı kilsəsini iki dəfə raketlə vurub. Erməni məzar və qəbristanlarının vandalizm və dağıdılmasını 10 noyabr razılaşmasından sonra Kütləvi İnformasiya Vasitələri sənədləşdirib”. 30 il ərzində Ermənistan işğal altında saxladığı Qarabağda, ətraf rayonlarda bizim müqəddəs məbədlərimizi ya yerlə yeksan edib, ya donuz saxlayıb, buna Amerika Birləşmiş Ştatlarının dini azadlıq ölçən cihazı sadəcə kordur, amma guya erməni kilsəsi, erməni qəbirləri zərər çəkib, hə? Bu hesabatdan çıxan məntiqi nəticə belədir ki, Qarabağdakı azərbaycanlı qəbristanlıqlarını şumlamaq olar, meyidləri qəbirlərdən çıxarıb ilim-ilim itirmək olar bu vandallıq deyil. İndi anlaşılır ki, niyə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdən - birbaşa hadisə rayonundan az qala hər dəfə YUNESCO-nu, BMT-nin uyğun strukturlarını, beynəlxalq təşkilatları erməni vandallığının dəhşətli sübutlarını görmək, aktlaşdırmaq müraciətini eşitməzliyə vururmuşlar!

Deməli, başqa hesabat üzərində işləyirmiş dünyanın ədalət arbitrləri. Deməli, ona görə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri işğaldan azad edilmiş ərazilərə səfər dəvətini qəbul etməmişdi. Əgər səfir bu dəvətə qatılsaydı, yəqin ki, ermənlərin 30 illik işğal zamanı yaşayış məntəqələrimizi, burdakı məscid və başqa müqəddəs məkanlarımızı necə darmadağın etdiyini, tövlə və donuzxanaya çevirdiyini görərdi. Amma səfir getmədi. Səfirliyin əməkdaşları buna ehtiyac görmədi. Çünki erməniləri müdafiə etmək lazım idi. Və getdikcə bütün konturlar aydın sezilir. Azərbaycanda dini azadlıqlarla bağlı problem yoxdur. Bu kadrlara baxın. Bütün dini konfessiyalar şəhidimizə yas tutur. Katoliki də, yəhudisi də, provaslavı da, müsəlmanı da:

Hardadır, dini azadlıqlarla problem? Bütün dini icmaların azad-arxayın fəaliyyət göstərdiyi ölkədə. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu həftə yəhudi xalqına bayram təbriki göndərdi. Realıq budur. Hansısa oyuncaq siyah yox:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Hörmətli həmvətənlər! Yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar. Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!

Və neçə ildir ki, Azərbaycan dünyanın bütün dini icmalarının təmsil olunduğu beynəlxalq tədbirlərin aparıcı qüvvəsi tək sivilizasiyalar arası forumlar keçirir. Avropanın özündə belə. Prezident Əliyevin multikultural dünya fəlsəfəsini görməmək üçün kor olmaq lazımdır. Bir daha əmin olursan ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq güclərin planına daxil deyildi və indi bütün təzyiqlər də bu səbəblə bağlıdır! Niyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin bərpası, özü də ənənəvi məzmunda bərpası üçün cəhdlər olunur? Niyə yenidən Qarabağın statusunun gündəliyə çıxarılmasına təşəbbüslər edilir? Aydın olur yavaş-yavaş! Hər şey yerinə oturur. Azərbaycan etibar etdiyi tərəfdaşından Birləşmiş Ştatlardan Qarabağda dəstək gözlədiyi, ondan erməni faşizminə qarşı apardığı bəşəri mübarizədə dəstək gözlədiyi halda, dəvətinə müsbət cavab alacağı, işğaldan azad edilən ərazilərə səfirin baş çəkəcəyinə ümid bəslədiyi halda ABŞ-ın Bakıdakı səfirliyi özünü ən azı qəribə aparır. Ya da Azərbaycan cəmiyyəti üçün xaraterik olmayan, hər bir inkişaf etmiş ölkəyə xas olan məişət pozuntuları ilə şəkil çəkdirərək özünə məxsus prioritet müəyyənlıəşdirir.

"Dünən mən məişət zorakılığına qarşı etirazların qurbanı olmuş Nərmin Şahmarzadə ilə görüşdüm. Gender diskriminasiyasından danışan bütün vətəndaşlar, o cümlədən qadınlar özlərinin əsas azadlıqlarından, o cümlədən təqib edilmədən azad toplaşmaq hüququndan istifadə etmək hüququna malik olmalıdırlar”.

Azərbaycanda feminizm Birləşmiş Ştatların diqqət yetirdiyi səviyyədə problemli deyil. Bizim ölkənin əsas diqqəti Qarabağın bərpasıdır. ABŞ-ın onun Bakıdakı səfirliyinin diqqəti bizə hansısa 346-cı məsələ olan feminizm müstəvisində deyil, səfirin dəvətdən imtina etdiyi, məsələn Cəbrayıl rayonundakı məscidlərə ermənilərin donuz bağlamasını fiksə etməsi üçün lazımdır. Gec deyil, səfir öz proqramılna baxa bilər. Yenidən dəvət edirik. Feminizm, məktəblərin gülləbaran edilməsi, Kapitolininin zəbti, Əfqanıstanı qoyub qaçmaq kimi cari problemlər amerikalılar üçün aktualdır.

Biz əlbəttə yaxşı başa düşürük ki, Azərbaycan Qərbin oturuşdurduğu hazır müsəlman dövləti çertyojunun dağınıq, kasıb, ac-yalavac, tar-mar maketinə uyğun gəlmir. Baxmayaraq ki, artıq Qərb özü də etiraf etməyə məcburdur ki, demokratiya ixrac etmək mümkün deyil. Hər bir xalq özünə uyğun sistem tətbiq etməklə daha uğurlu ola bilər. Elə buna görə də Amerika Birləşmiş Ştatları və müttəfiqləri Əfqanıstanı, əfqanqarışıq Talibana təhvil verib uçub getdi. Getdi ki, bəyanat versin Əfqanıstanda dini azadlıq yoxdur-barədə. Dini azadlıği indi Amerikanın əliylə Taliban bərqərar edir. Azərbaycanda isə Amerikanın stavka etdiyi oyuncaq müxalifət sıradan çıxmaqdadır. Ona görə də bu fövqəldövlətin ölkəmizdəki ekstraordinar fəallığı üçün yeni faza və fəza cinsi azlıqlardır. Vaşinqtona Azərbaycanda feminizm mövzusu da məhz bu kontekstdə vacibdir. Cinsi azlıqların küçələrə çıxması, polislə toqquşmalara sövq edilməsi görünür son ümid yeri kimi başqa bir rəngli inqilabın anonsudur. Mavi inqilab! Azərbaycanın ailə institunu, milli dəyərlərimizin kökünü nişan almaq! Hədəf budur! Azərbaycan səmasında göy qurşağı əvəzinə gey qurşağı asmaq və qeyrəti GEYRƏTLƏ əvəzləmək. Amma Qərb buralarda lezbiyanları da sonluğu erməni soyadına oxşadığı üçün müdafiə etmir. Bizdə dövlət də var, qadına hörmət də var. Biz qadınlarımızın yerini də bilirik, göyünü də. Azərbaycanın bayrağındakı hər bir rəng öz ənənəvi rəmzində gözəldir.

Azərbaycanda dırnaqarası demokratik ab-hava, qarışıqlıq, toqquşmalar, qeyri-sabitlik kimi-gözlənilən nəticələri ənənəvi oyuncaq müxalifətin imkanları ilə əldə edə biləcəyinə ümidini itirən qüvvələr öz hərəkat müttəfiqlərinə indi cinsi azlıqları alternativ görür. Necə deyərlər seçimlərində azaddırlar. Öz işləridirir. Amma xəbərdar edirik ki, bu pedal da uğurlu deyil. Nə hərəkət, nə də hərəkat üçün. Azərbaycanın və azərbaycanlıların öz yolu, öz seçimi var. Bu gün bu seçim müstəqil dövlət təfəkkürünün tərbiyə etdiyi vətəndaşla güclü Azərbaycan üçün Qarabağın sürətlə bərpası, onun dövlətin tərkib hissəsinə, ərazi bütövlüyünə səmərəli şəkildə qaynayıb-qarışmasıdır. Yeni reallıq budur. Və əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri prosesdə iştirak etmək istəyirsə, buyura bilər. Amma Minsk Qrupu saatlarını Bakı vaxtına qurmalı, yeni reallığa uyğunlaşmalı, keçmişlə yaşamamalıdır. Qarabağ münaqişəsi başa çatıb. Yeni prioritet münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Diqqətli olmaq, Ermənistan ictimaiyyətini çaşdırmamaq, bu zavalı dövləti yeni fəlakətə sürükləməmək lazımdır! Həmsədrlərin yeni vəzifəsi bu olmalıdır. Başa çatmış münaqişənin nəticələrini regional inkişafa cəlb etmək! Minsk Qrupunun üzvü olan dövlətlər Ermənistanla bir psixoloq söhbəti aparmalıdır. Bu zəif, dağınıq, sistem böhranı keçirən respublikanın reanimasıyasını sağlam məntiq və idrakla aparmaq lazımdır. Sonra palataya keçmək olar. Amma Çexovun altıncı palatasına yox! Pis olmazdı ki, Rusiya Federasiyasının Xarici İşlər naziri də ətrafına diqqətlə baxsın. Onda görərdi ki, xarici işlər naziri kimi məqam bölüşdüyü, Ermənistanlı həmkarım dediyi bu SOROS uşağı hələ bir müddət əvvəl Putini küçə söyüşləri ilə təhqir edən güruhun qabağında gedib. Özü də ingiliscə bilir. Ən azı söyüşün tərcüməsini anlamaq səviyyəsində. Qısası, Ermənistanınm yanında olmaq bu gün heç kimi yaraşıqlılaşdırmır! Rusiya Federasiyası Ermənistanın müttəfiqi olaraq ona doğru yol göstərməlidir. 10 noyabr bəyanatının altında imzası olan dövlətin məsuliyyəti boyda. Dünya görməlidir ki, Ermənistan bu ərazilərə nə gətirmişdi və nə gətirə bilər:

Dünya onu da görməlidir ki, Azərbaycan Qarabağa nəylə qayıdır və nələri qaytarır. Biz bu ərazilərə nə gətiririk. Bərpa. İnşaat. İşıq. Asfalt. Rifah.

Biz bu günləri 30 il gözləmişik. Sentyabrın 5-də isə Füzuli hava limanına Bakıdan 30 dəqiqəyə çatdıq. 30 il və 30 dəqiqə.

Mən elə burdaca 30 il əvvələ qayıtmaq istəyirəm. 30 il sonra gah Xarı Bülbül festivalının, gah Vaqif Poeziya Günlərinin xoşbəxtliyini emosianallıqla paylaşdığımız, şeir deyib, şikəstə çağırdığımız bu günlərdən 30 il əvvələ. Bu kadrda iki nəfər görürsünüz. Adlarını çəkməyəcəm. Ona görə ki, o adlar şərtidir, bu gün Tofiqdilər, sabah Əli, o biri gün bir başqa Əli. Çox deyillər. Bir ovucdular. Amma aramızdadırlar. Onları bu gün çox iyrənc və məkrli bir sual birləşdirir: Niyə Prezident Əliyev Şuşaya, ümumiyyətlə Qarabağa tez-tez gedir? Anlaşılır? Sual budur: Əliyev niyə Şuşaya tez-tez gedir? Bu sualın hansı ağılla, hansı dərrakəylə verilməsini anlamaq mümkün deyil. Amma bir cavabını deyəsən bilirəm. İlham Əliyev öz xalqı və öz döyüşçüləri ilə birlikdə işğaldan azad etidiyi ərazilərə hər dəfə gedəndə qaragüruhun yadına onların uğradığı məğlubiyyəti salır. Bax bu yolla onlar Qarabağı tərk edib qaçmışdılar. Hərbi reportyor İlham Ələkbərovun kadrları unutmağa qoymayacaq:

Müzəffər ali Baş komandan hər dəfə Qarabağa gedəndə onlar hər dəfə Qarabağı tərk edirlər. Qaçırlar. Təslim edirlər. Təkrar təkrar. Hər dəfə Əliyev gedəndə, onlar qayıdırlar... Bax budur onları əsəbiləşdirən, dəli edən. Niyə İlham Əliyev Qarabağa gedir? - sualının cavabı onların Qarabağdan getməsidir. Ona görə qaragüruhu Əliyevin Şuşaya tarixi səfəri, Vaqifin məqbərəsinin açılışı, Vaqif Poeziya Günləri yox, bir zamanlar özünü respublika adlandıran eynən bizim qaragüruh kimi oyuncaq mahiyyətə malik olan Dağlıq Qarabağ separatçılarının qondarma 30 illik yublieyinin Xankəndində keçiriləcəyi idi. Qaragüruh, öz təsir dairəsində olan internet tv-ləri vasitəsilə cəmiyyətə daha çox artıq cəhənnəmə vasil olmuş qondarma respublikanın müstəqlilliyi mövzusunu aşılamaqdaydı. Bütün resurslarını, olan-qalan ağıllarını, hikkələrini ona səfərbər etmişdilər ki, ermənilərin Qarabağda hələ ki Azərbaycan qanunlarına tabe olmayan hissəsi Xankəndində nəsə bir tədbir keçirsin, bunlar da onu dövlətin, xalqın əleyhinə istifadə etsin. Amma heç bir tədbir olmadı. Bir ovuc adam, elə bizim qaragüruh qədər olar, ya olmazdı, qəbrüstünə getdi, öz rüsvayçılıqlarına ağlaşdılar, yas saxladılar və qayıtdılar. Yadınızdasa bir müddət əvvəl qaragüruhbaşılar ermənilərin Xankəndi hava limanını da tez-tez bu-gün sabah işə düşəcəyini elan edirdilər. Bu elanın üstündə artıq biz Füzuliyə uçduq.

Azərbaycanın siyasi cəhalət təmsilçiləri -Tofiq Yaqublu, Əli Kərimli, Əli Əliyev, Arif Hacılı və başqaları isə hələ ki Xankəndindən, daha doğrusu öz Stepanakertlərindən layk gözləyirlər. Niyə öz stepanakertlərindən deyirəm, ona görə ki, hansısa Milli Şuranın qırığı Vahid Məhərrəmli öz paylaşımları ilə Ermənistandakı həmkarları ilə unison davranır. Məğlubliyyətə uğramış ermənilər qalib Prezident İlham Əliyevin Şuşada çəkdirdiyi şəkilləri məhz Vahid Məhərrəmlinin tezisləri ilə paylaşırlar...

Hər iki düşərgəni Ali baş komandanın Şuşaya səfəri özündən çıxarır. Ermənistan mediası məhz bu tipli paylaşımlara istinad edir. Təbii ki, qaragüruh Şuşada tez-tez olmaq xoşbəxtliyini anlamayacaq. Ona görə ki, Şuşalı-Qarabağlı Azərbaycan, onlara öz ləkəli, fərari, qorxaq, miskin keçmişini xatırladacaq. Məhz qaragüruhun fəaliyyəti nəticəsində biz 90-cı illərin banan respublikası aqibətini yaşamışıq. İndi sabit hakimiyyət dövrünə nifrət bəsləyən bu güruh ildə bir dəfə prezident devirirdi... Üsul isə bir idi. Cəbhə zonasında əldə saxladıqları silahlı qüvvələrdən istifadə yolu ilə hakimiyyətə təzyiq etmək, Müdafiə nazirliyinin binası qarşısında davamlı etiraz aksiyaları, piketlər keçirmək, nəticədə bir gün Valeh Bərşadlını, o biri gün Tacəddin Mehdiyevi qovmaq, yerinə səriştəsiz obıvatelləri, potensial vətən xainlərini gətirmək və bununla da Ermənistanın qələbəsinə töhfə vermək! Hakimiyyət davasında bütün amoral üsulardan istifadə etmək! Tez-tez eşitdiyimiz bir fikirə aydınlıq gətirməyə növbəti dəfə ehtiyac var. Şuşa və Laçın məğlubiyyətindən söz düşəndə AXC-Müsavat cütlüyü o zamanlar hakimiyyətdə olmadıqlarını, yalnız Kəlbəcərin işğalına görə məsuliyyət daşıdıqlarını bildirirlər və bununla da tarixi saxtalaşdırırlar. Bəli, formal olaraq 1992-ci il, may ayının 8-də yəni Şuşanın işğal tarixində AXC-Müsavat cütlüyü rəsmən hakimiyyətdə deyildi. Amma yalnız formal olaraq! Həmin il mart ayının 6-da məhz AXC-nin təşkilatçılığı ilə Ayaz Mütəllbov istefaya göndərilmişdi və hakimiyyətə gəlməyi də bir müddət AXC özü yubatmışdı ki, ağır nəticələrə görə məsuliyyət hakimiyyəti qəbul etməyə məcbur qalmış Parlamentin sədri Yaqub Məmmədovun üzərində qalsın. Müdafiə naziri Rəhim Qazıyevin bu çıxışını isə mən dəfələrlə nümayiş etdirmişəm. Müdafiə nazirinin rəsmi tabeçiliyi rəsmi iqtidarda olsa da, mütləq tabeçiliyi AXC-idarə heyətində idi.

Laçının işğalı da AXC-Müsavat cütlüyünün vicdanınadır. Mayın 18-də İsa Qəmbərov Ali Sovetin sədri və Prezident Səlahiyyətlərinin İcraçısı kimi fəaliyyətə başladı. Laçının məğlubiyyəti və İsa Qəmbərin qələbəsi eyni tarixə düşür. 1992-ci il. 18 may. Və bütün bunlara görə belə nəticəyə gəlirəm ki, məğlubiyyət keçmişinə öyrəşən, məğlub duruma qaynayıb-qarışan qaragüruhun, keçmişdə Azərbaycana rəhbərlik edən səriştəsiz komandanın-atılmılşların sadəcə olaraq qələbəyə allergiyası var. Qarabağda bütünlüklə uduzublar. 1993-cü ildə hakimiyyətdən qovulublar. Qaçıblar! Sonra bütün seçkilərdə uduzuzublar. İntellektdə uduzublar. Faktiki olaraq Kabildə təyyarə qanadına minmək səviyyəsindən yuxarı deyillər. Ona görə də bu gün zəfər mövzusunu dəyişməyə, cəmiyyətyi keçmişə yönəltməyə çalışırlar. Ən maraqlısı da bilirsiz nədir: ən yaxın tariximizin iştirakçıları, şahidləri, o dövrün faciəsini yaşayanlar susur. Vicdanlıcasına, vicdansızcasına susur. Məgər o günləri yalnız mən görmüşəm? Yalnız mən jurnalistika ilə məşğul olmuşam? Axı hüquqda cinayəti bilib susmağın, xəbər verməməyin də cəzası var. Bu gün bu baş verir! Doğrudanmı, tarixçilərimiz, o dövrün iştirakçısı, salnaməçisi olan jurnalistlərimiz, operatorlarımız adi həqiqət boyda cəsarətə malik deyil! Axı bu gün internet resurslarında məlumatsız gənclərin, yeniyetmələrin kütləvi aldadılması hərəkatı gedir. Biz real faktlar göstərir, tarixi dəlillər ortaya qoyur, bununla da ən yaxın dövrün şahidlərinə imkan tanıyırıq. Onlar düşünsün, xatırlasın deyə. Onlar isə əksər hallarda susur, ya da ən yaxşı halda verilişdən sonra, mənə zəng vurub təşəkkür edir: “Sağ ol e, ürəyimizdən keçəni deyirsən!”- sitatın sonu. Əzizlərim, mən sizin ürəyinizdən keçəni demək üçün deyiləm e burda. Siz də mənim, bizim ürəyimdən keçəni deyəsiniz bəlkə?! Özü də bunu etmək çox asandır. Sadəcə düzünü deyin, vəssəlam! Məsələn, internet resurslarında, yəqin auditoriyanın məlumatsızlığından ürəklənən qaragüruh toplusu neçə vaxtdır ki, 1993-cü ildə Azərbaycandan Rusiya qoşunlarının çıxarılması və 2020-ci ildə Rusiya sülhməramlı kontingentin Qarabağda missiyaya başlaması mövzusunda diskusiyalar aparır. Əvvəlcə, Elçibəyin- 1993-cü ildə Rusiya qoşunlarını Azərbaycandan çıxarması barədə. Düzəliş edirik: O dövrün hadisələrini ilk mənbədən işləyən və Gəncədə Ruslan təyyarələrinə yüklənərək Rusiyaya daşınan həmin o hərbi avadanlıqları müşahidə edən jurnalist kimi bildirirəm. Elçibəy Rusiya qoşunlarının bir qismini çıxara bildi. Azərabaycanda Rusiyanın Hərbi Mövcudluğu Qəbələ RLS-in fəaliyyətinə xitam verilməsi ilə başa çatdı. İlham Əliyevin Prezidentliyi zamanında. Qarabağda bu gün missiya yerinə yetirən Rusiya hərbçiləri isə 10 noyabr bəyanatının şərti olaraq ordadır. Bu Rusiya hərbi bazaları deyil. Missiyadır. Möhləti var. Hər şey bu qədər sadə. İndi isə tarixə antirusiya kimi təqdim edilən rəhmətlik Elçibəyin Rusiyaya baxışıarını elə öz dilindən təqdim edəcəyik. Yenidən. Növbəti dəfə! Allah bilir neçənci dəfə! Oyuncaq müxalifətin embrion səviyyəsində dünyagörüşünün dərki üçün çətin olsa da ümid edək ki, heç olmasa bu dəfə öz kumirlərinə-Böyük Bəy adlandırdıqları şəxsə qulaq asacaqlar. Əbülfəz Elçibəy Prezident seçilməsinin 100 günü münasibətilə - Rusiyanın ORT kanalında İzvestiya-dan İqor Qalembiovski, Komsomolskaya Pravda-dan Vladislav Fronin, Pravda-dan Gennadiy Seleznyov, Nezavisimaya Qazetadan Vitaliy Tretyakov və Trud-dan Aleksandr Potapovun suallarına cavab verərkən olduqca vacib bəyanatlar vermişdi. Bunlardan biri də Rusiya Prezidenti Boris Yeltsinlə aparılan danışıqların bəzi təfərrüatları barədə idi. Məsələn, Elçibəy demişdi ki, iki ölkənin rəhbərləri arasında Azərbaycan-İran sərhədlərini Rusiya ilə birlikdə qorumaq barədə razılaşma var. Artıq sənəd paraflanıb. Doğrudur, rəhmətlik Elçibəy paraflanıb əvəzinə parafinlənib demişdi, amma bu heç nəyi dəyişmir və üstəlik bildirmişdi ki, Azərbaycan və Rusiya arasında dövlət sərhədi olmamalıdır! Təkrar edirəm: Rusiya və Azərbaycan arasında dövlət sərhədi olmamalıydı! Elçibəy hakimiyyətdə qalsaydı! Həmin müsahibənin məhz bu yerinə baxmağa dəvət edirəm. Xahiş edirəm, diqqətlə qulaq asın, mətnin Azərbaycancası da eşidilir.

Mən bu parçanı bir daha ona görə təqdim etdim ki, tarixi saxtalaşdırmayaq. Xüsusilə vikipediada hər kəsin tarixə özünü qəhrəman kimi sırımaq imkanının olduğu bir vaxtda. Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır deyən və İran-Azərbaycan sərhədlərini Rusiya ilə birlikdə qorumaq barədə Yeltsinlə razılaşdığını bəyan edən Prezidentin Rusiya qoşunlarına münasibətini olduğundan artıq təqdim etməyək. Tarix bu gün də yazılır. Və tarix budur. Məsələn, Prerzident İlham Əliyevin Şuşaya səfəri. Zəfər yolu ilə səfəri. Vaqifin məqbərəsinin, Vaqif poeziya günlərinin, Bülbülün ev muzeyinin açılışı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq"

Əslində, Prezidentin hər bir çıxışında tarixdən və ya tarix üçün nəsə olur. Burda da incə işarə ona edilmişdi ki, tarix ən başlıcasıdır, ən vacibidir. Əliyevin sözlərinin ardınca gələcəyə - Yeni Qarabağa, Yenilənmiş Qarabağın üstünə gedib çıxırsan. Və Şuşaya dəvət olunmuş qonaqlara diqqət yetirilərsə, ortada illüstrativ bir dəqiqliklə tarixin bərpa mənzərəsini də görmək olar. Yəni ortada təkcə Vaqifin büstü deyildi, Vaqifin məqbərəsi deyildi bərpa olunan. Burda biz neçə illər sonra bərpa olunan Nəriman Həsənzadəni, bərpa olunan Həsən Həsənovu, bərpa olunan Elçini, bərpa olunan Əhməd Əhmədzadə və başqalarını görürdük. Bərpa olunanlarla yanaşı inşa olunanlar da var idi. Nigar Həsənzadə, Şəhriyar Del Gerani və başqaları Şuşada inşa olunurdu. Vaqif Poeziya günləri ədəbi-bədiidən daha artıq ciddi siyasi layihə idi. Əliyev Şuşaya ermənilərin didərgin saldığı mədəniyyəti qaytarırdı. Xarı Bülbül festivalı və Vaqif Poeziya günləri Müqəddəs Şuşanın təyinatının təqdimatı idi. Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa bəşəriyyətə mədəniyyət saçacaq! Bura Azərbaycan mədəniyyətinin Davosu olacaq!

Prezidentin çıxışı rəmzlərlə zəngin idi. Məsələn, indi təqdim edəcəyim parçaya diqqətlə qulaq asaq. Tarixi zəfərin müəlliflik hüququnu böyük məmnuniyyətlə xalqla, döyüşçüylə bölüşən Ali Baş komandanın fikirlərində sabah üçün də çox şey var:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır”

5 sentyabr dövlətimizin tərcümeyi-halına yəqin ki, torpağımız kimi, səmamızın da azadlıq, ərazi bütövlüyünün təsdiq tarixi kimi daxil olacaq. Füzuli hava limanına tarixi eniş həm də ucalmaqdır! Bir zamanlar biz Qarabağı, Kəlbəcəri, Şuşanı həm yerlə, həm havayla tərk edirdik. İndi helikopterlərlə tərk etdiyimiz yerlərə, göylərə ən müasir təyyarələrlə ucalaraq qayıdırıq. Yerlə göylə, qayıdırıq. Gəlin bəxtəvərliyin qədrini bilək. Xalqın qələbəsinə böhtan atmayaq. Unutmayaq ki, xalq da xaliq də eyni sözdəndir. Adama qənim olar! Salamat qalın!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər