Vüsala çatan şuşalılar. Sakinlərin Şuşaya üçüncü səfəri təşkil olunub (VİDEO)

Vüsala çatan şuşalılar. Sakinlərin Şuşaya üçüncü səfəri təşkil olunub (VİDEO)

Həsrətdən sonra vüsala çatmaq insana əvəzsiz xoşbəxtlik bəxş edir. İşğaldan azad olan Şuşaya 30 illik ayrılıqdan sonra qədəm basan şuşalılar qədər bəlkə də bunu anlayan olmaz.

İllərlə qəlblərində yuva quran kədəri yuyub şirinliklə əvəz edən, vətənə qovuşan bu insanların hicranına son qoyan çiskinli Şuşa havası, başı dumanlı Şuşa dağları oldu.

Qoyub getdikləri Şuşada çox şey təzadlı idi. Bir tərəfdə düşmənin barmaq izi, digər tərəfdə yenidən, başdan qurulan məkanlar təzadla yanaşı böyük ümid və əminlik yaradırdı.

Nə yağış, nə çiskin şuşalıların torpağını qarış qarış gəzmələrinə mane ola bildi. Yuxarı Gövhərağa məscidinə gələn sakinlər burada ibadət edib, şəhidlərin ruhuna dualar oxudular.

Şuşa qalasının əzəmətini seyr etməyin xəyal deyil gerçək olduğuna özlərini alışdıran bu torpağın əbədi sakinləri illər əvvəl məcburən qoyub getdikləri evlərinə baş çəkdilər. Bir yandan sökülmüş yaşayış yerləri, digər tərəfdən yeni qurulan binalar Şuşaya gəldikləri andan onları müşahidə edən təzadı davam etdirildi. Bərpa işlərinin aparıldığı, başdan qurulan Şuşada vaxtı ilə 2 körpə balası ilə qaçqın düşən İradə xanım Şuşa həsrəti ilə dünyadan köçən əzizlərinin ruhunun şad olduğunu və onların Şuşa ilə bağlı arzularının çin olduğuna özü şahid oldu.

Səfərlərini başa vuran şuşalıların əmin olduqları daha bir məqam da var idi. Bülbülün diyarına, Natəvan yurduna yenidən ayrılmadan qovuşmaq əminliyi....

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər