Ən sərfəli yoxlama - VİDEO

Ən sərfəli yoxlama - VİDEO
Azərbaycan ailəsinin gündəlik xərc hesabatı

Azərbaycan ailələrində daxili hesabatlılıq ənənəyə çevrilərsə, bu, ölkədə sosial rifahı yaxşılaşdırmaqla yanaşı, nağdsız ödənişləri də artırar və uyğun olaraq, kölgə iqtisadiyyatın səviyyəsi düşər və dövriyyədən büdcəyə vergi ödənişləri də artmış olar.

Hesabatlılıq hazırda Qərbin inkişaf etmiş ölkələrində ailə təsərrüfatlarının idarəsi üçün çox populyar bir cərəyandır və adətən, bunun əsasında bütün gəlirlərin və xərclərin nağdsız ödənişlər vasitəsi ilə həyata keçirilməsi durur. Ailə fərdləri - ər və arvad bunun üçün kartlarını birləşdirir, hər ikisinin gəlirləri və xərcləri eyni bank hesabı üzərindən gerçəkləşdirilir. Ailə üzvləri həftənin sonunda xərcləri nəzərdən keçirərək, bank qəbzləri əsasında hansı xərclərin çox vacib, hansı xərclərin isə artıq olması barədə qərar verirlər. Növbəti həftə xərclərdən həmin əmtəə və xidmətlər çıxarılır.

Qərbdə bir neçə il öncə ailə daxili hesabatlılıq təcrübəsini tətbiq etmiş bir ailə mətbuata təəssüratlarını bölüşərəkən, ilk vaxtlar bu addımı ehtiyac üzündən atdıqlarını bildirmişdilər. O vaxt ailə başçılarından biri işini itiribmiş, yəni gəlirlər xeyli azalıbmış. Elə ilk həftədən çox sayda xırdavata artıq pul xərclədiklərini anlayırlar. Getdikcə, lazımsız olduğu aydınlaşan xərclərin sayı artır və sadə yaşamaq ailənin həyat tərzinə çevrilir.

Daha sonra ailənin maddi vəziyyəti düzəlir, lakin ailə əvvəlki kimi lazımsız xərclərdən imtina etməkdə davam edirlər və təxminən bir il müddətində 20 min dollara qənaət etmiş olurlar. Növbəti il edilən qənaətlə büdcələrinə uyğun kiçik bir mənzil alırlar və geniş mənzildə kirayədə yaşamaq üçün verdikləri iri xərclərdən də qurtulurlar.

Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev REAL TV-yə müsahibəsində Azərbaycanın bütün ailələrində, o cümlədən dövlət və özəl müəssislərdə hesabatlılıq praktikasının tətbiqinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində hesabatlılıq elementləri həmişə olub və indi də var. Lakin bu hesabatlılıq məcburi qaydada aparılır. Bu hesabatlar Vergilər Nazirliyi, Auditor Palatası, Hesablama Palatası, Əmək Müfəttişliyi və s. kimi yoxlama orqandarın təqdim edilir. Amma şirkətlərin özlərinin biznes maraqları naminə tərtib edərək, təqdim etdikləri hesabatlar da var.

Ola bilər ki, biznes mədəniyyəti inkişaf etdikcə Azərbaycanda bu cür hesabatlılıq da formalaşacaq. Amma Mehdi Babayevi ən çox narahat edən Azərbaycan ailələrində hesabatlılıq təcrübəsinin olmamasıdır. Xüsusilə də gənc ailələr məhz gəlir və çıxarlarını bilmədiklərinə, qazandıqlarından çox xərclədiklərinə görə, ciddi sınaqlarla üzləşirlər, bəzən yığılmış borclar üzündən ailələr dağılır.

Rəsmi göstəricilərə görə, orta statistik Azərbaycan ailəsinin əsas xərcləri ərzağa gedir. 2020-ci ilin statistikasına görə, 4 nəfərdən ibarət Azərbaycan ailəsinin orta aylıq istehlak xərclərinin 43 faizi ərzağa, 6,5 faizi geyim və ayaqqabıya, 7,8 faizi kommunal xərclərə, 8,4 faizi ev əşyalarına və evin xərclərinə, 4,7 faizi səhiyyə xidmətlərinə, 6,7 faizi nəqliyyat xərclərinə gedir. Yerdə qalan 22,9 faiz isə istirahət və rabitə xərclərinə, həmçinin digər xərclərə yönəldilib.

İnkişaf etmiş Avropa ölkələrində ərzaq xərcləri ailə büdcəsinin 30 faizindən çox olmur. Mehdi Babayev bir sıra xərclərə qənaət etməyin, yəni bu göstəriciyə görə, Avropa ölkələrinə yaxınlaşmağımızı mümkün sayır.

Ekspertin fikrincə, ailə xərclərini iki yerə bölmək olar: həddindən məcburi xərclər və dolayı xərclər. Məcburi xərclərin sırasına kommunal xərclər, rabitə xərcləri, ərzaq xərcləri, geyim və ayaqqabı xərcləri daxildir. Yəni ailənin daimi gəlirləri ilk növbədə mütləq bu xərclərə yönəldilməlidir. Dolayı xərclərə isə istirahət və əyləncə xərcləri, evə bəzi əşyaların alınması və s. daxildir ki, bu da ya ehtiyat vəsaitlərin, ya da kredit vəsaitlərin hesabına gerçəkləşdirilir. Mehdi Babayev düşünür ki, bəzən insanlar borclanma həddini aşırlar və daha sonra kreditləri verə bilmirlər. Onun sözlərinə görə, aylıq kredit ödənişlərinin aylıq gəlirlərin 30 faizindən yüksək olmasına yol vermək olmaz. Buna paralel olaraq, ailələr ehtiyat üçün də vəsaitə malik olmalıdırlar və xərclərin bir qismi də o istiqamətə yönəldilməlidir.

Əslində, ehtiyat vəsaitlərin də karta yığılması praktikası var ki, bu da nağdsız ödənişlərin səviyyəsinə müsbət təsir edir. Çünki praktika göstərir ki, pulları kağızda saxlamaq mümkün olmur və istənilən halda xərclənir. Amma debet kartlarına vurulmuş pulların xərclənmək ehtimalı isə daha azdır - bankomat və ya POS-terminal lazımdır ki, bu da nağdsız əməliyyat ehtimalını artırır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər