Mir Şahinin vaxtı - 12.09.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 12.09.2021 (VİDEO)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. HƏR vaxtınız xeyir!

Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan üçün hər bir azərbaycanlının daşıdığı məsuliyyətdən danışacağıq.

Və artıq neçənci dəfə. Çünki Ermənistan üzərində qazandığımız qələbənin həcm, miqyas nəhəngliyini, bu qələbənin başı üstündə bəd niyyətlərlə fırlanan qüvvələrin necə məkrli, təhlükəli və qeyri səmimi olduğunu anlamaq, görünür uzun vaxt tələb edəcək. Və elə bu kontekstdə də qeyd etməliyik ki, qələbəni qorumaq ilk növbədə Azərbaycan xalqının, Azərbaycan vətəndaşının işidir. Əsas vəzifəsidir. Yəni əgər kimsə elə bizim içimizdən çıxıb, ağzını Allah, daha doğrusu şeytan yoluna qoyub, “Qarabağ nə oldu?” “Filan yeri aldıq, bəs hanı filan yer?” kimi zəhərli suallar”, “10 noyabr bəyanatı məğlubiyyətimiz idi!” və ya buna bənzər satqın, təslimçi, xain fikirlər səsləndirsə, qarşısında dərhal bütün vücudumuzla, qürurumuzla dayanmalı, bu kompleksli tör-töküntülərin zir-zibil mahiyyətini ifşa etməli, qələbəmizin, qalibiyyətimizin bayraqlarının dəstəklərini belə nanKORLARIN gözünə soxmalıyıq. Sərt oldu deyəsən?! Ola bilsin! Amma bu gün Qarabağı, ətraf rayonları o boyda şəhadət və qəzavat hesabına geri almış, coğrafi ərazimizlə birgə mənəvi ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarla birgə, milli vüqarımızı da geri qaytarmış xalqın qələbəsinə arxadan bıçaq soxanların bundan başqa rəftara ləyaqəti yoxdur! İki həftədən sonra bir ili olacaq Müqəddəs Vətən müharibəsinə başlamağımızın. Şəhid tabutu önündə bayraq öpən ataları, övladları, umummilli izdihama çevrilən fədai dəfnlərini xatırlayaq:

Döyüşçülərimizin torpaqlarımızı azad etmə prosesininin sonuna nida işarəsi tək qələbə bayrağı sancmasını, elə uca səslə də Ali Baş komandana raport verdiyini, ölkənin bütün şəhər və rayonlarını, küçə və prospektlərini bürüyən təntənə, əzəmət, xalq karvanlarını xatırlayaq!

Birinci döyüşçünün işğaldan azad etdiyi tarixi yürüşü müşayiət edən bu uca mənzərələri, milli tariximizin, dövlətçilik tariximizin ən uca məqamı kimi xatırlayaq:

3000-ə yaxın şəhidin, 10 minlərlə qazinin canı və qanı bahasına təmin edilmiş ərazi bütövlüyümüz Hər birimizin qorumalı olduğu əmanətdir! Dəyərdir! Bu qələbə yalnız Ermənistan üzərində qazanılmayıb. Bu qələbə dağıdıcı erməniçilik, bu terror fəlsəfəsinin havadarları, onların beynəlxalq dayaqları üzərində qazanılıb. Zəfər gününədək, Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti bərpa etdiyi günədək dünyada mövcud olan stereotiplər, starıytiplər üzərində qazanılıb. Və bu gün əgər, məsələn Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri "Biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk qrupunun gündəliyində saxlamağa davam edəcəyik"-deyirsə, bu həm də həmin o Minsk Qrupunun həmsədrlərindən biri olan Ştatların öz məğlubiyyətilə barışmaq istəməməsinin əlamətidir! Axı Qarabağ məsələsini 30 il öz inhisarında saxlayan Minsk Qrupunun kifayət qədər vaxtı və mandatı var idi. Və indi Azərbaycanın Xarici İşlər Nazirliyi müstəqil bir dövlətin mübahisə doğurmayan, coğrafi, hüquqi və beynəlxalq hüquqi reallıqlara söykənən mövqeyini anlaşıqlı şəkildə ortaya qoyursa, onunla qeyd-şərtsiz hesablaşmaq lazımdır. “Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.” Və bu mövqe də spantan bir fikir deyil. Prezident Əliyev dəfələrlə bu mövzuya toxunub. Müharibə ərəfəsi, müharibə gedişi və müharibə sonrası dövrlərdə ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin mövcud olduğu çağlarda olduqca səmərəsiz fəaliyyət göstərdiyini qeyd edib. Bu qrupun ədalətsiz status-kvonu qoruduğunu, vəziyyəti faktiki olaraq işğalçı tərəfin xeyrinə dondurmaq niyyətini faş edib. Özü də açıq ritorika ilə, necə deyərlər, sözü üzə deməklə! Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qələbədən sonra, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra keçirdiyi məşhur görüşə qayıdaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“…Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.

…mən sözlərimi yekunlaşdırıram ki, Sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm…”

O görüşdə Prezident bir fikir də söyləmişdi. Yeni reallıqlar barədə. Əlbəttə o görüşə qədər də Əliyev qələbədən sonra reallığın yeniləşməsinə müxtəlif görüşlərdə toxunmuşdu. Amma ATƏT-in Minsk Qrupunun, Qarabağ danışıqları monopistlərinin qarşısında bu bəyanatın verilməsinin mənası daha başqa idi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“-Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm".

Bu fikirlər uzaqmənzillidir. Münaqişənin tarixə qovuşması barədə fikirlərin Putinə istinadla söylənilməsinədək. Söhbətimizə Ştatların Ermənistandakı səfirinin yenidən status mövzusu açması ilə başladığımızdan mən məhz Amerikanın mövqeyi barədə danışmaq istədim. Maraqlı burasıdır ki, amerikalı səfir Qarabağın artıq cəhənnəmə vasil olmuş statusu mövzusunu 11 sentyabr terrorunun ildönümündə gündəliyə gətirməyə çalışıb. 11 sentyabrda baş verənləri yaxşı xatırlayıram. Əkiz qüllələrin terrorla taran edilməsi hadisəsi ətrafında ABŞ Əfqanıstan əməliyyatına başladı və bu addımı beynəlxalq ədalətin bərpası üçün atılmış tarixi addım adlandırdı. 20 il əvvəl! və bu günlərdə həmin o beynəlxalq ədaləti də Kabil aeroportunda Talibanın Allahının ümidinə buraxıb göyə sovruldu. Özünün bir zamanlar digər dünya üçün ehkama, doğmaya çevirdiyi bütün prinsiplərin arxasından qaçdı. Etibarsızcasına. Ona səmimiyyətlə inananları, ənənəvi əmmaməli risalə müəllifləri təsvir olunmuş, Kabil küçələrindəki bannerləri Merilin Monronun ətəklərinin yelləndiyini stop kadra dəyişən yazıq, mağmin güruhu elə o yubkanın altına buraxıb qaçdı. Dünyanı terror təhlükəsindən qorumaq adı altında Əfqanıstana girən, sonra da eyni əsaslandırmaqla ordan çıxan Amerika Birləşmiş Ştatları terror dövləti siyasəti yürüdən Ermənistanla bir platformanı bölüşdüyünə inanmaq istəmirəm. Amma əgər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Şuşaya dəvəti rədd edirsə, Amerika Buirləşmiş Ştatlarının Ermənistandakı səfiri isə artıq Azərbaycanın həll etdiyi Qarabağ məsələsinin ətrafına status pərsəngi qoyaraq, məsələnin bir gecəyə həll oluna bilməzliyi barədə qarşı tərəfə mesaj, nə bilim ürək-dirək verirsə, onda başqa cavab tapmaq da olmur. Bayaq dediyim də elə bu idi. Öz məğlubiyyəti ilə barışmamaq. Barışa bilməmək. Qarabağ Azərbaycanın daxili işidir artıq. Qarabağ iqtisadi rayon olaraq Azərbaycanın inzinati qayğılarından biridir vəssəlam. Və əgər Minsk Qrupu doğrudan faydalı olmaq istəyirsə, həqiqətən də Amerika Birləşmiş Ştatları regiona sülhün qayıtmasını arzulayırsa, zəhmət çəkib Ermənistana psixioloji seanslar təyin etsin. Günün əsas məsələsi tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Azərbaycan artıq bu barədə dəfələrlə bəyanat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır".

Hə indi növbə Ermənistanındır. Status-mtatus tək demoqoqik mövzular yox, yeni reallıqlara istinadla qarşılıqlı tanımalardı prioritet! Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, regionun, dünyanın inkişafına işləyəcək Azərbaycan layihələrinə mane olmamalı, əksinə özünü də Bakının meqalayihələrinin tərkib hissəsi tək görməyə öyrənməlidir. Yeri gəlmişkən, Ermənistan yeni reallığı anlamağa başlayıb. Türkiyənin çağırışlarına, Paşinyanın müsbət reaksiyası ciddi başlanğıclardan xəbər verir. Regionun yeni dönəmi başlayır. Sərhədlər açılır. Və Qərb özünün ikili standartlar mahiyyəti ilə Paşinyanı yalandan ümidləndirərsə, bu Ermənistanın daha böyük fəlakəti üçün səbəb olacaq. QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ BAŞA ÇATIB! Bu fikri tez-tez və ucadan demək lazımdır: bir dua, bir vird kimi. Niyə Xankəndinə bayraq asılmayıb? Niyə Xocavəndə girmirik? tipli həvəskar suallara da cavabımız var. Türkiyənin PKK problemi var. Dövlət bu gün də terrorçularla mübarizə aparır. Məsələn, İspaniyada eta var, burda da hökumət qüvvələri əməliyyatlar aparır. Qarabağ artıq Azərbaycanın daxili işidir. Öz məsələlərimizi özümüz də həll edəcəyik. Əsas odur ki, 30 ilə yaxın bir dövrdə içimizə həkk etdiyimiz natamamlıq kompleksini ləğv edək. Qanunsuz silahlı birləşmələrlə təkcə indi qarşı-qarşıya deyilik ki. 1993-cü il avqust-sentyabr, 1994-cü il oktyabr, 1995-ci il mart da olub tariximizdə. Vətəndaş dövlətə inanmalıdır. Gözləmək hər kəsin mümkün daxili vəziyyəti olmaqla, həm də mühüm strateji mövqedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“...sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır”

Bir az əvvəl dedik ki, Ermənistan üzərində qazandığımız qələbənin başı üzərində bəd niyyətlərlə fırlanan qüvvələr var, onlar məkrli, təhlükəli və qeyri səmimidir. Ona görə də qeyd etdik ki, qələbəni qorumaq ilk növbədə Azərbaycan xalqının, Azərbaycan vətəndaşının işidir. Əsas vəzifəsidir. Amerikadan danışdıq. O ölkə hələ çox uzadır. Ortada okean var. Bəs qulağımızın dibindəki İran? Araz boyda cığır birləşdirir bizi. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə ilk səfərlərindən birində səsləndiyi bu təqdimatı xatırlayaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“ARAZ ÇAYI. İRAN-AZƏRBAYCAN SƏRHƏDİ! DOSTLUQ SƏRHƏDİ!”

Deməli, Azərbaycana görə bu sərhəd dostluq sərhədidi. Amma. İrana görə sərhəd bizi daha çox ayırır. Ona görə Arazı ayırdılar deyəndə İranın Xarici işlər naziri poetik yox, siyasi düşünürdü. Baxın, az qala hər həftə bu ölkədən Azərbaycana, milli maraqlarımıza necə təhdidlər və dosta, qardaşa rəvagörülməz faktlar daxil olur. Bu kadrlar bir neçə gündür ki, ölkənin bütün informasiya resurslarını işğal edib. İşğal edib sözün həqiqi mənasında. İran İslam respublikasından Qarabağa- burda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin növbə çəkdiyi ərazilərə çoxlu İran yük maşınlarının daxil olmasını əla ifadə edən söz elə işğaldır. Baxmayaraq ki, Bakı dəfələrlə bəyan edib ki, Qarabağa istənilən daxil olma onun xəbəri və icazəsi ilə baş verməlidir. Çünki Azərbaycan Erməni terroru ilə, dövlət terroru ilə məşğul olan Ermənistanla müharibə aparıb, Dəmir yumruq əməliyyatı nəticəsində erməni faşizminin başını əzib! Və əgər bu boyda hərbi əməliyyatdan sonra da Ermənistan yenidən köhnə mahiyyətini, dağıdıcı xarakterini bərpa etməyə çalışarsa, yumruq yenidən düyünlənəcək! Və düyünlənməkdədir. Bilirik ki, İran İslam respublikasının Qarabağ hadisələri ilə bağlı mövqeyi həmişə qarışıq olub. Hələ bu il, fevral ayının 26-da, Xocalı soyqırımı günü Prezidentin dünya mediası üçün keçirdiyi mətbuat konfransında-yeri gəlmişkən bu mətbuat konfransı Qarabağ münaqişəsinin bitdiyini dünya mediyasına elan etmək üçün keçirilirdi- bəli, həmin o tədbirdə İran İslam Respublikasının MEHR agentliyinin müxbiri əslində qardaş dövlətə, dost dövlətə xas olmayan bir sual verdi. Məsələn, şəxsən mən gözləyirdim ki, İranlı müxbir məscidlərdə donuz saxlayan, müqəddəs məkanlarımızı murdarlayan ermənilərin hərəkətini məhklum etməyə yönəlmiş sual verəcək və ya ən azı soruşacaq ki, Azərbaycan İrandan belə hallarla mübarizədə hansı köməyi gözləyir?! Yəni İranın adındakı islam təyinatı belə sualı daha təbii edərdi. Amma o xanım nə soruşdu?

İranın Mehr agentliyi: Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu isə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səylər göstərilməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılacaqdır? Digər sualım isə Azərbaycan-İran əməkdaşlığının necə qiymətləndirilməsi ilə bağlıdır. İki xalqı bir-birinə tarixi və mədəni bağlar birləşdirir və bu əməkdaşlığın regional perspektivlərini necə görürsünüz?

Prezident İlham Əliyev: Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?

Jurnalist: Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim.

Prezident İlham Əliyev: Bilirsiniz, sualınız bir növ ittiham formasındadır. İstənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə qeyd edilməlidir. Siz deyirsiniz ki, məlumatlar yayıldı, onların mənbəyini də qeyd edin. Terrorçu qruplar haqqında məlumatın mənbəyini qeyd edin.

Jurnalist: Sizcə, regionda terrorçu qrupların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Prezident İlham Əliyev: Hansı regiondan və ya ölkədən söhbət gedir? Siz mənbə göstərə bilmirsiniz. Kimisə ittiham etmək asandır. Siz onu sual formasında verə bilərsiniz, ancaq, burada mahiyyət dəyişmir. Dediyinizin arxasında dayanmaq daha çətindir. Xəbər deyirsiniz, yəni, hansı mənbələrə istinad edirsiniz? Sualınızda mənbəni qeyd edə bilsəniz, daha geniş cavab verə bilərdim.

Jurnalist: O zaman ikinci sualıma cavab versəniz məmnun olardım.

Prezident İlham Əliyev: Hesab edirəm ki, siz birinci sualınıza özünüz cavab verdiniz. Sualınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Müharibə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansı məlumat, dəlil və sübut yoxdur. Bu, məqsədyönlü şəkildə uydurulmuş bir hekayədir və mən təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. Torpaqların azad olunması uğrunda aparılan əməliyyatlarda heç bir terrorçu iştirak etməyib. Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şifahi məlumat və ya sübutlardan söhbət gedə bilməz. Bu, Azərbaycanı ittiham etməkdən başqa bir şey deyil. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhətdən ağrılı bir məsələdir – Azərbaycan əsgəri onları məğlub edib. Onlar deyə bilərlər ki, bunu hansısa terrorçular edib. Ancaq kimsə bu terrorçuları görüb? Siz və ya həmkarlarınız, sadəcə, bir ad verə bilərsinizmi? Kifayət qədər vaxtınız var, bu məlumatları həmkarlarınızla bölüşün. Varmı belə bir məlumat? Xeyr. Ona görə sizə tövsiyəm odur ki, spekulyasiya ilə məşğul olmayın. Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun.

Burda əslində Prezident suala cavabında çox korrekt şəkidlə həm də özünü bizə qardaş, dost kimi təqdim edən bir ölkənin siyasi yanaşmasına da redaktə xarakterli düzəliş təklif etdi. Bunu o Prezident edirdi ki, İrana qarşı 3-cü dövlətin hücumu yolverilməzdir!-bəyanatından tanıyırıq. Və bu bəyanatı elə İran İslam Respublikasınını rəhbərləri məmnuniyyətlə misal çəkiblər. Amma bu bəyanata cavab olaraq nə görmüşük? Gah İranın saytında Azərbaycanın xarici işlər nazirinə qarşı hörmətsizlik yer alıb, gah Paşinyan Qarabağ Ermənistandır!” deyə selfini məhz İranda çəkdirib, İranda yayıb. Arazı ayırdılar!-misrasını isə az qala küfr kimi lənətləyib. Azərbaycan iran-ı qardaş sayıb, İran da Ermənistanı, onun Qarabağdakı separatçı tör-töküntülərini. Biz kalibr.az saytının yaydığı bu kadrları indi görürük. Amma REAL TV-nin çəkdiyi bu kadrlar da var. Biz Gorus-Qafan yolunda çəkdiyimiz bu kadrlarda da iri yük maşınılarının dayanmadan Qarabağa hərəkət etdiyini müşahidə edirdik. 2 ay olar ki, çəkilib. O zamandan bu kadrların təyinat məntəqəsi, yollayışı, araşdırılırdı. Kaliber-az isə məsələyə demək olar ki, tam nöqtə qoydu. Deməli iyul ayının 11-dən avqust ayının 8-dək 4-ü yük, 31-i isə benzin daşıyan avtomobil olmaqla 35 maşın Laçın dəhlizindən Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə 70 səfər edib. Təsəvvür edirsiz? 70! Heç demə İranın Azərbayhcandakı səfiri dəvət edilib. Ona etiraz notrası təqdim edilib, İranın yeni rəhbərliyindən bu qanunsuzluqlara bir əncam çəkiləcəyinə ümid izhar edilib. Amma fars əlifbası tərsinə oxunur axı. Bir qədər də keçir. Avqust ayının 11-dən sentyabr ayının 10-dək müxtəlif təyinatlı 58 yük maşını yanacaq-sürtkü materialları ilə Xankəndinə daxil olub. Onlardan 55-i geri dönüb. Yəqin yenidən qayıtmaq məqsədilə. Deməli fars qardaşlarımız neynir. Məsələn Rusiya sülhməramlılarınını müvəqqəti yerləşdiyi əraziyə yaxınlaşanda İran yük maşınlarınını dəqiq sayının gizlədilməsi məqsədilə İran maşınlarının nömrəsi erməni qeydiyyat nömrələri ilə əvəz edilir. Amma burda iranlı dostlar yüngül bir ehiyatsızlıqdan özlərini ələ veriblər. Çünki maşından maşına qoyulan nömrələr təkrarlanır. Bu da onların fotosübutu. Deməli aydın olur nə üçün İRNA agentliyi Gorus-Qafan yolunun bağlanmasından nə üçün təşvişə düşərək vebinar keçirmişdi. Yadınızdasa, vebinar iştirakçıları yekdilliklə bəyan etmişdilər ki, İran regional derjva kimi qüvvələr balansını saxlamalıdır. Bu ifadəni diplomatikdən adi dilə çevirsək belə alınır. İran erməniklərlə azərbaycanlıların eyni gücdə olmasına çalışmalıdır. Bir az da incələsək belə. Azərbaycanlılar ermənilərdən güclü olmamalıdır.

Hörmətli tamaşaçılar, bütün bu söhbəti biz ona görə edirik ki, Tarixi qələbəmizin üstündə dolaşan bədxah qüvvələri yaxşı görək, hər birimiz başa düşək ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi kimlərin ürəyindən deyil. Baxın, qardaş İran qardaş Azərbaycanın başı üstündən, kürəyi arxasından qardaşı separatçılara yanacaq aparır. Və yəqin ki, şübhəsiz ki, təkcə indi yox. Bəs indi biz nə bilək ki, dünənki yanğında istifadə olunan benzinin neçə litri İrandan daxil olmuşdu, axı oğru yolunun tarixi uzundu...

Və hardan bilək ki, İrandan gələn sürtkü yağı hara çəkiləcək və kim əmin ola bilıər ki, bu maşınlarda aparılan doğrudan benzindi, məsələn silah-sursat deyil. Aparan qardaş iran. Yoxlayan qardaş rus, maşınından nömrəsini açıb başqasına nömrə gələn İranın hərəkətlərinə müttəfiq Rusiya göz yumur. Bax belə. Həm də dost-qardaş İranda əla bir fars məsəli var: dəvəquşuna deyirlər: "Yük apar", - deyir: "Mən quşam". Deyirlər: "Uç" - deyir:"Mən dəvəyəm". İndi bu qardaş nə vaxt və kimdən ötrü dəvədir, nə vaxt və kimdən ötrü quş? Bu sual açıq qalır. Azərbaycan öz münasibətlərində səmimidir. Yanaşmasında səmimidir. O qonşu irandan da, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından da, eyni ləyaqəti tələb edir. Bu yaxınlarda Rustam Muradov getdi, nə qaldı yadda?sülhməramının arxasında saxladığı qranatamyot və ya altdan-altdan samovolkalara çıxıb arxasında hamilə erməni qadını saxlayan soldat! Sülhməramlıların treninqə ehtiyacı var. Elə bu yaxınlarda göstərdiyimiz bu kadrlardan da görüb götürmək olar. Azərbayhcanlılar Əfqanıstanda öz sülh məramını bax belə nümayiş etdirirdilər:

Belə çıxır ki, Qarabağı oğru gözündən qorumaq üçün Gorus-Qafan yolunu daha bir dəfə profilaktiki məqsədlərlə yenidən bağlamaq lazımdır. Çünki söhbət təkcə Qarabağa oğru yolundan getmir. Həm də qanunsuz miqrant axını təhlükəsi də var. Hadisələr göstərir ki, Rusların müvəqqəti yerləşdiyi ərazidə ənənəvi rus intizamsızlığı, pofiqizmi nə yol verilir. Bu gün Əfqanıstandan qanunsuz miqrant axınının baş verdiyi vaxtda fəsadlar daha ağır ola bilir. Əfqanıstandan İrana, İrandan Ermənistana, Ermənistandan isə oğrun yollarla Qubadlıya qanunsuz miqrant axını mümkündür. Gorus-Qafan yoluna həm də bu problemin fonunda baxmaq lazımdır. Sadə İran xalqı isə öz zənnində yanılmamalıdır. O bu gün də elə bilir və haqlı olaraq elə bilir ki, Şuşa məscidində də, Bakı Məscidində də, Tehran məscidində də, Təbriz məscidində də qiblə birdir. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başladı. Bu tədbirin bir mənası da ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın türk dövlətləri üçün mərkəzə çevrilməsinin növbəti təsdiqidi. Özü də təkcə ona görə yox ki türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunurdu, yaxud Türk Şurasının Budapeşt və Bişkekdə keçiriləcək işgüzar və investisiya forumlarının təşkili məsələləri də müzakirə predmeti oldu. Bunlar maraqlı məsələlərdi. Amma prosesin başlıca əhəmiyyəti ondadır ki, artıq bölgədə vəziyyəti Şuşa bəyannaməsindən itələnən yeni reallıqlar idarə edr. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi türkdilli ölkələrin Bakı ətrafına daha etibarlı və səmimi şəkildə cəm olunmasıdır. Bu yeni əməkdaşlıq formatını layiqincə dəyərləndirmək bizim Mərkəzi Asiyadan olan qardaşlarımıza, tərəfdaşlarımıza həm də ona görə lazımdır ki, yanğın meşəyə girəndə qapı tanımır. Və ya hamının qapısını yandırır. Gərək sabah əlimyandıda kimisə axtarmayasan. Azərbaycan təbii ki, öz müstəqilliyini ilk növbədə qoruyur. Amma eyni zamanda başqa müttəfiqlərinin, tərəfdaşlarının da müstəqilliyinə, elə öz müstəqilliyinin etibarlı əhatə dairəsi tək sayğıyla yanaşır. Bu həftə milli təhlükəsizlik, daha doğrusu vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimad konteksti baxımından mühüm bir hadisə də baş verdi. Prezident yeni idman və gənclər nazirini təyin etdi. Fərid Qayıbov öz tapşırıqlarını aldı. Burda biz Prezidentin həm son idman göstəricilərimizə münasibətini öyrəndik, həm də bədən tərbiyəsindən vətən tərbiyəsinə keçidinin şahidi olduq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür".

Deyim ki, Prezident bu tövsiyələri imkan düşdükcə verir. Məsələn Bakı dövlət Universitetinin 100 illik yubileyində İlham Əliyevin çıxışında gənclərə hesablanmış mühüm mesajlar var idi. Söhbət Azərbaycanın müstəqil dövlət kimi iradəsinə təsir göstərmək istyəyən qüvvələrin planları və belə cəhdlərə hazır olmaqdan gedirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".

Bu çıxışı mən Prezidentin yeni idman və gənclər nazirinə verdiyi tövsiyələr kontekstində xatırlatma fürsəti kimi təqdim edirəm. Çünki qələbə Azərbaycanı yeni geosiyasi reallıqlarla yanaşı, yeni daxili ictimai-ideoloji immunsistemi də yaratmalıdır. Va yaranır da, məsələn bu həftə Prezident Adminstrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq mövzusunda görüşü oldu. İqtidar-müxalifət dialoqu sırasından olan bu tədbir həm də cəmiyyətdə opponentlə davranış tərzinin yeni formata keçməsinin təzahürü idi. Sən narazı da ola bilərsən, sərt tənqid də edə bilərsən. amma dövlətlə iqtidarı qarışdırmamaq şərtilə. Siyasi münasibətlərin yeni konfiqurasiyasında marginallaşmışlara, müxalifətçilikdən düçmənçiliyə keçmişlərə yer yoxdur. Obrazlı desək bu pəncərə ictimai-siyasi xəritəmizdir. Hamı var. Hamının pasportu və şəxsiyyət vəsiqəsi var. Sənədsiz kəsim isə ya ASAN xidmət səviyyəsinə qalxıb sənəd almalı, ya da öz bomj taleyi ilə barışmalıdır. Bu həftə Qeyri hökumət təşkilatlarının İşğaldan Azad olunmuş ərazilərə səfərinə də ictimai anlayış və mülki barışıq xəttinin tərkib hissəsi tək baxmaq lazımdır. Qeyri-hökumət təşkilatları qələbəyə qədərki dövrün xroniki bəlalarından qurtulmalıdır və qurtulur. Qeyri hökumət təşkilatları Forumu müharibənin gedişində xeyli zəif cəhəti ilə göründü. Bu qədər dərdin, faciənin, ermənilərin terror atəşləri nəticəsində həlak olan dinc insanların fonunda qurum çox sönük göründü. Müharibə dövründə zəiflik nümayiş etdirdi göstərdi. Kasetli-kasetsiz bu qədər bomba partladı, əlillərin, qazilərin yanında bütün müqəddəs yerləri boş qoydu GHT-nin o günlərə olan yanaşması. Çünki o cameədə GHT-ni xaricdən donor, yardım almaq bəhanəsi və vəsiləsi olaraq başa düşürdülər. Uzaq başı alayarımçıq bir kitabça nəşr edirdilər, o kitabı da heç deyəsən özləri də oxumurdular. Amma indi yeni yanaşma var. Qeyri hökumət təşkilatları agentliyi ən azı başa düşür ki, qeyri hökumət təşkilatı qeyri dövlət təşkilatı deyil! Yeni reallıqlar! Yeni gələcək yaradır. Bir halda ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə istinad etdik, onda Prezidentin o çıxışından bir parçanı da xatırlayaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik güclü çox olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin".

Ümimiyyətlə, İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışı xüsusidir. Burda səslənən fikirlər öz əhatə dairəsi və uzaq mənzilliyi baxımından unikaldır.

Və elə burdan da Təhsil naziri Emin Əmrullayevlə müsahibəyə keçmək olar. Maraqlı olacaq, baxın. Salamat qalın!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər