Erməni-daşnak işğalından qurtuluşu mövzusunda tədbir keçirilib - VİDEO

Erməni-daşnak işğalından qurtuluşu mövzusunda tədbir keçirilib - VİDEO
Bakının azadlıq tarixi - 15 Sentyabr

Azərbaycanlı və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi, Milli QHT Forumu, Avropa Azərbaycanlıları Konqresi və İstanbul Türkiyə Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə ZOOM platforması üzərindən "Bakının erməni-daşnak işğalından qurtuluşu, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Qafqaz İslam Ordusunun tarixi ənənələrinin davamıdır” mövzusunda tədbir keçirildi.

Tədbirdə bildirildi ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.

Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə keçid olundu.

Tədbirdə həmçinin vurğulandı ki, Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu zəminində müstəsna əhəmiyyət daşıyır.

Ona görə ki, həmin ərəfədə Türkiyə özü də ağır vəziyyətdə idi.

Buna baxmayaraq, Azərbaycanın yanında olmağı özlərinə borc bilən qardaş ölkə, Nuru Paşanın başçılığı ilə Bakının müdafiəsinə qalxdı.

Elə bu səbəbdəndir ki, ölkəmiz növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur.

Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin önündə anma mərasimi keçirilir.

Tədbir iştirakçıları onu da əlavə etdilər ki, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər