Milli musiqimizin Şuşa zirvəsi - VİDEO

Milli musiqimizin Şuşa zirvəsi - VİDEO
Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd edildi

Adının qarşısında sadəcə bəstəkar sözünü yazmaq ədalətsizlik olar. Dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim idi Üzeyir bəy.

Azərbaycan musiqisində, mədəniyyətində, tarixində bir çox ilklər onun adı ilə bağlıdır. Peşəkar musiqimizin banisi sayılır. İlk opera, ilk himn, ilk operetta, xalq musiqilərinin ilk dəfə nota köçürülməsi, ilk musiqi dərsliyi, ilk konservatoriyanın, ilk xor kollektivinin yaradıcısı... Daha neçə ilklər...

Bu il isə bizim üçün bir ilk yaşanır. Müstəqillik dövrümüzdə ilk dəfə Üzeyir bəy Hacıbəylinin doğum gününü adına layiq qeyd edirik. Alnıaçıq - onun doğma Şuşasından didərgin düşmüş büstünün alnına dəymiş güllədən utanmayaraq.

Ürəkli - əlimizi ürəyimizin üstünə sıxıb “səndən ötrü can verməyə cümlə hazırız” oxuyanda hər kəlməmizin doğruluğunu isbatlamış kimi. Bir zamanlar “Koroğlu” operasının üverturası altında meydanlara axışaraq azadlığını tələb edən, bu yolda canından keçən xalq, çox yox, cəmi bir il öncə Üzeyir bəyin “Cəngi”sinin sədaları ilə növbəti dəfə haqqı çatanı geri almaq üçün ayağa durdu və istəyinə çatdı.

Artıq Üzeyir bəyin həyatını oxuyanda gözümüzün qabağına gətirib, xəyalını qurduğumuz məkanları real olaraq görə bilirik: İnkişafında böyük rolu olmuş Xan qızı Xurşudbanu Natəvanla tanış olduğu yeri, ilk cızmaqaralarını etdiyi məkanı, təhsil aldığı mədrəsəni, dərs dediyi Hadrut məktəbini...

1995-ci ildən Üzeyir bəyin dünyaya gəldiyi 18 sentyabr günü – Milli Musiqi günü kimi qeyd olunur. 26 il sonra nəhayət ki, bu gün haqqı çatan məkanda Qafqazın konservatoriyasında – musiqi, mədəniyyət beşiyi olan Şuşada da qeyd olunur. Bayramın, musiqin, xoş günlərin əbədi olsun, laylasından muğamına, nəğməsindən operasına qədər möhtəşəm Şuşa. Üzeyir bəyin ruhunun nəhayət ki rahatlıq tapdığı bu günü görmək qisməti olan insanların nə qədər xoşbəxtdir...
 

Digər xəbərlər
Bu gün
Dünən