Mir Şahinin vaxtı - 19.09.2021

Mir Şahinin vaxtı - 19.09.2021
Real Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

Prezident bu həftə daha bir işıq stansiyası açdı.

Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışı ilk baxışda adi bir sosial layihədir. Amma pandemiyanın ağır şərtləri və bu gün sabah bir ili tamam olacaq 44 günlük ağır müharibə reallığı, ən adi layihənin belə əhəmiyyətini dəfələrlə artırır. Həm də sadəcə arayış mətnində də kifayət qədər ciddi, strateji informasiyalar var. Məsələn bu yarımstansiya Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. İndi isə gəlin, bu fakta biz respublikanın işıq xəritəsinə yuxarıdan baxmaq fürsəti kimi yanaşaq. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəbəkə konsepsiyası” əsasında görülmüş işlər barədə məlumatını nəzərdə tuturam. Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq. Ola bilsin ki, bütün bunlar prosesdən başı çıxan peşəkarların daha asan qavradığı spesifik məlumatlardır. Amma elektrik enerjisi əlçatanlığına görə dünyada ən yüksək yerlərdən birini tutan Azərbaycan kimi dövlətin, işğal altından bir neçə ay olar ki, çıxardığı, vəhşi düşmən münasibəti nəticəsində tamamilə darmadağın edilmiş ərazilərimizi sürətlə ən yüksək dünya standartlarına çatdırmaq iradəsinin mənzərəsi də ortadadır. Biz fantastik sürətlə bərpa edilən ərazilərimizin Yeni Azərbaycanın əhəmiyyətli hissəsinə çevrildiyini görürük. Elə buna görədir ki, Qarabağda,( QARABAĞDA!) Şuşada, (ŞUŞADA!), Üzeyirbəyin doğum günündə keçirilən 8-ci Beynəlxalq Musiqi Festivalında tokla, cərəyanla, işıqla işləyən səs texnikləri, monitorlar işıq müstəqilliyinin həm daşıyıcıları, həm keçiriciləri, həm də bəxtəvərləri idilər. Elə buna görədir ki, mən Qarabağda, işğaldan azad edilən Şuşada yandırılan hər bir işığa rəmz olaraq yanaşıram. Bir zamanlar işğal deyərdik. İndi isə işıq al!-deyirik.

Elə buna görədir ki, Üzeyir Hacıbəylinin məşhur müsahibəsinin birinci cümləsini ümumi kontekstdən çıxarır və bu bu bayrama bağlı olaraq təqdim edirəm:

“MƏNİM FİKRİM BU SAAT BİZİM QƏLƏBƏNİ BİR OPERA ŞƏKLİNDƏ MEYDANA QOYMAQDIR!”

Və elə buna görədir ki, böyük Bülbülün oğlu bəstəkar Poladın bu müsahibəsini həm də Üzeyirbəyin adından qəbul edir, eləcə də Azərbaycanın bəstəkarlarının, Üzeyirbəyin “Qələbəmizi opera şiklində meydana qoymaq vəsiyyətini” yerinə yetirmək üçün bir şərəf, şan növbəsi yaradacağına inanıram.

Biz həftəni Buzovnadan işıqlandırmağa başladıq və işıq o saat gedib Qarabağa, Şuşanın üzrəinə düşdü. Ərazi bütövlüyü də elə budur. Vətən bütöv olanda, düyməni Buzovnada basırsan, işıq ölkənin hər yerinə yayılır. Hətta naqillər fərqli stansiyalardan keçsə də. Ərazi bütövlüyünün bərpası ilə torpaq bütünlüyü kimi su bütövlüyü də baş verir. Bu gün işğöal altından çıxarılandan sonra həyata qayıdan, ana Azərbaycana xidmətə qayıdan torpaqlarımız kimi sularımız da bizə dönüb. Şəhid adına çağlayan bulaqlarımızla, İstisuyumuzla, Xaçınçayımız kimi, Həkərimiz kimi... Bəsitçayımız kimi...

Ərazi bütövlüyünün bərpası tarix bütövlüyünü də bərpa edir. Məsələn məndən ötrü 15 sentyabr-Bakının işğaldan azad edildiyi gün heç vaxt bu qədər dürüst və dəqiq qeyd olunmamışdı. Prezident İlham Əliyevin yeni dövlət kursu Tariximizi bərpa etdi! Bakıdan Şuşayadək bir qürur xətti çəkilmişdi. Eynilə işıq xətti kimi. Cərəyan xətti, daha doğrusu Milli hisslərin cərəyan etdiyi xətt kimi.

Bilmirəm niyə bu gün belə alınır: amma özüm də bilmədən sözlər rəmzlərə çevrilir. Məsələn Buzovnadan nur stansiyasından başlamışıq, baxıram ki, Bakının işğaldan azad edilmə məqamına çatırıq və fikir verirəm ki, bu xilas ekspedisiyasına rəhbərlik edən Paşanın da adı işıqdı, Nurdu. Nuru Paşa. Kök eynidir. Kökümüz eynidir. Və bu gün biz içində yaşadığımız qələbəni anlaya, dərk edə biləcək qədər bəxtəvərik. Bu kadrlara baxın... Azərbaycan əsgərləri separatçıların dəst-xəttini beləcə qazıyır, təkcə hansısa erməni avtobusunun üstündən yox, bizim üzərimizdən, hər birimizin üzərindən təmizləyir. Bu prosesin adını obrazlı desək belə də qoya bilərik: üzümüzün ağardılması, alnımızın açılması...

Əlbəttə, bu gün bəlkə də kiməsə bu akt, bir zamanlar tez-tez rastlaşdığımız plyonka sökülməsi əməliyyatının bir başqa şəkli kimi görünə bilər. Amma bu gün belə görünə bilər. Bir il bundan əvvəl təsəvvür edə bilərdikmi bu mənzərəni? Bu gün niyə Xankəndində yoxuq:-tipli məkrli sual verib altdan-altdan iblisanə gülən lənət şeytanlar və lənət şeytanələr bax elə bu mənzərədə öz sualına cavab tapa bilərlər. Ona görə ki, biz daha dərindəyik. Xankəndi artıq arxadı. Bura isə Ermənistanın içindəki Azərbaycandı, azərbaycanlılardır. Baxın, bacarsanız fəxr edin, əlinizdən gəlmirsə, ayıbınıza susun və 30 ilin vərdiş etdirdiyi 20 faizimiz işğal, 1 milyonumuz qaçqın, dünya birliyi susur təhkiyəsindən yapışın xəcil yaşayın. İçinizdə amma. Bayıra vurmayın. Milli birlik siyasətini, iqtidar-xalq yekdilliyini gözdən salmağa çalışanların avtobus müxalifəti kimi düşük tapıntılarına biz bu avtobusu göstəririk. Müxalifət də, iqtidar da, döyüşçü də, dinc əkinçi də eyni avtobusun sərnişini olanda düşmən avtobuslarını təmizləyib buraxmaq çox asan olur.

Bəzən kiməsə elə görünə bilər ki, mən hər şeyi dövlət müstəqilliyinə bağlayıram, bu bəzən aşırı olur və sair. Ola bilsin. Amma hər şey doğrudan dövlət müstəqilliyinə bağlıdır. Bu həftə Prezident iki rayona, Şəmkirə və Cəlilabada icra başçısı təyin etdi və onları xalqın gözü qabağında təlimatlandırdı. Biz qəbuldan bəzi parçalar təqdim edəcəyik. Amma əvvəlcə Prezidentin qəbulunun xarakterindəki sərtlik barədə danışaq. Hə. Sərtlik barədə. Bu qəbulda biz başçıları mükafat və cəza arasındakı neytral ərazidə, hələlik neytral ərazidə gördük. Prezidentin birinci cümlələri qısa oldu.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“-Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız.


Bu ruhlandırıcı xitabdan sonra Əliyev, demək olar ki, mükafat və cəza gözləntisi arasında saxladığı məmurları iş başına əslində xəbərdarlıqla, bəri başdan sarı vərəqə ilə yola salırdı. İdman dili ilə desək: onların artıq indidən bir sarı vərəqələri var. İkincisi olmayacaq. Ya da ikinci sarı vərəqə qırmızı vərəqə mənasına gələcək. Belə münasibətin səbəblərindən biri görünür hər iki rayonun əvvəlki rəhbərlərinin yol verdiyi ciddi qanun pozuntuları və məhz bu səbəbdən işdən azad olunması idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi."

Yəni bu məmurlar hara, hansı yükü qaldırmağa getdiklərinin fərqində olmalıdırlar. Bu təyinatlar, bu təqdimatlar öz aqibətini gözünün qabağına gətirməyi bacaran, etimad və antietimad arasında hansını seçəcəyi öz vicdanının öhdəsində olan məmurların ümumxalq prezentasiyası idi. Bu şəkilləri yadda saxla, cənab vətəndaş! - demək idi. Bir də biz sizinlə bir neçə ildən sonra görüşəcəyik. Onda görəcəyik ki bu məsumluq portreti nə qədər və hansı məziyyətlərə doğru dəyişib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir.

İkincisi isə müharibədən sonra cəmiyyətdə yaranmış yeni sosial-ictimai ovqatın tələbkarlıq həddinin bir başqa yüksəklikdə olmasıdır. Biz dünənədək məğlub idik. Bu gün qalib. Qalib dövlətin vətəndaşına xidmətin səviyyəsi yüksək olmalıdır. Tələb də, təklif də dəyişib. Yeni icra başçısı bir format, bir tip olaraq keyfiyyətcə fəqlidir. Cənab başçı yaxşı adamdı, çörək verən adamdı, filankəsin yasına bir korobka yağla gəlmişdi! stereotipləri keçmişdə qaldı. Başçı çörəkverən yox, xidmət edən olmalıdır. Başçıdan tələb olunan keyfiyyətlər sırasında son günlər dövlət başçısının xüsusi diqqət yetirdiyi kreativlik, təşəbbüskarlıq, fəaliyyətinin miqyasını genişləndirməkdir. İndi sizə təqdim edəcəyim Prezident tövsiyələri sizi yadınıza başqa situasiyaları da salacaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz.

Oxşar tapşırıqlar diplomatlarımıza da verilmişdi. Ələt Azad İqtisadi zonasında. Prezident aydın şəkildə anlatmışdı ki, səfirlərimiz daha əvvəlki kimi formal görüşlərlə kifayətlənməməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“ Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın.

Prezidentin icra başçılarına da öz vəzifələrinə başqa bucaq altında baxmağı tapşırması həmin konsepsiyanın tərkib hissəsidir. Hər bir kəs öz səviyyəsində, səlahiyyətləri civarında dövlətin müstəqilliyinə töhfə verməlidir. Bunu bacarmalıdır. Baza da var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam.

İndi isə mən diqqətinizi olduqca mühüm, amma maraqlıdır ki, nədənsə olduqca az populyar olan bir sənədə cəlb etmək istəyirəm. Diqqətli tamaşaçının yadında olmalıdır: Prezident İlham Əliyev hələ bir neçə il əvvəl şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulmuş daxilolmalardan, büdcə ilinin sonuna artıq yığılmış vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi qaydaları ilə bağlı sərəncam imzalamışdı. Sənəddə belə bir yer də var:

Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın müəyyən bəndlərinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir.

Hörmətli tamaşaçılar, əziz başçılar! Bu sənədi mütləq tapın və oxuyun. O zaman görəcəksiniz ki, qanuni yolla qazanmaq, rayonlarınmızı hətta milyonçu etmək imkanınız var! Rüşvət almadan. Neqativ əməllərə qurşanmadan. Beləliklə, Yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir. Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

Büdcədənkənar gəlirlərin istifadəsi diqqət, diqqət (!!!!!) bu məqsədlərə yönəldilir:

Vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə; anlaşılır da,  davam edirik, vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə; bu da məncə çox aydın olmalıdır!

Və vəsaitin 50 faizi mədəniyyət, incəsənət, turizm və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, eləcə də şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə!

Hörmətli tamaşaçılar, əziz başçılar! Deməli heç bir yetimin malına göz dikməyə, həssas təbəqənin kartına girməyə, Heydər Əliyev Fondunun göndərdiyi paya haram əl uzatmağa ehtiyac yoxdur! Sadəcə o sərəncamı tapın. O sənədə uyğun fəaliyyət göstərin, dövlət adına, qanun adına, xalq adına qazanın, qazandırın! Görəcəksiniz ki, heç kimi yasına bir korobka yağ aparıb çörək verən başçı olmaq imicinə yiyələnməyə ehtiyac qoxdur. Prezidentin o sərəncamını xatırlatmaqla tövsiyələrinin davamını təqdim edirəm. Özü də cənab Əliyevin tapşırıqlarında əsas istinad nöqtəsi yerli sakinlər və onların imkanlarının düzgün dəyərləndirilməsidir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

Prezident Şəmkir və Cəlilabad rayonlarının başçılarına tapşırıq verəndə təbii ki, yalnız bu iki rayonun rəhbərlərini nəzərdə tutmurdu. Çünki hamıya yaxşı məlumdur ki, Dövlət başçısının iştirak etdiyi bütün tədbirlər, xüsusilə belə təyinat görüşləri yayımlanarkən hər bir məmurun, o cümlədən rayon rəhbərinin olduğu məkanda televizor işlək və səsi ucaldılmış halda olur. Deməli hər bir kəs Prezidentin tapşırıqlarını təkrar-təkrar dinləyir. Birmənalı! İndi ayrıca təqdim edəcəyim parça isə əhatə dairəsinə görə bizə də yaxınlaşır. Kütləvi informasiya vasitələrinə. Amma Prezident tapşırığı icra başçılarına verir, amma məmurların fəaliyyətinin şəffaflığına zəmanət ictimai nəzarətin üzərinə düşür. Yəni məmurlar özlərini buraxmasınlar. Amma eyni zamanda burda da nəzarətin bir neçə mərtəbəsi var. Məsələn:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar. İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin.

Amma eyni zamanda biz də arxayın olmayaq. Şantaja, təhdidə, məni gör-səni görüm-fəlsəfəsinə uymayaq. Necə deyərlər, bir mən də var məndə məndən içəri.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.

Deməli bu bizə, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ DƏ aiddir. Əyri yol qadağandır! Ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan tam yenilənmə tələb edir. Biz Şuşaya aparan Zəfər yolundan, 8 noyabr zəfər günündən, ordumuzun zəfər paradından danışırıq və haqlıyıq. Amma Zəfər yolu miqyasına və məna çalarlarına görə daha genişdir. Məsələn sentyabr ayının 15-dən start götürən təhsil ilimiz zəfər təhsili, idman mövsümümüz zəfər idmanıdır. Eləcə də iqtisadiyyatımız Zəfər iqtisadiyyatı adlanmalıdır. Pandemiya və vətən müharibəsinin ağırlığını daşıyan milli iqtisadiyyatımız postkonflikt quruculuğu, milli təhlükəsizlik və sosial rifah kimi hədəflərə xidmət edir və biz onun zəfər yolu barəsində bir az sonra professor, İqtisadi İslahatların Təhlili Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə danışacağıq. Amma bəzi məsələlər var ki, Vüsalla söhbətə daha hazırlıqlı olmaq üçün bilməyimizi zəruri hesab edirəm. Məsələn vətəndaş intizamı, dövləti iradə ilə dövləti idarə arasında qızıl orta. Yəni bu gün TƏBİB-in rəhbəri istefa verirsə o saat düşünməməliyik ki, deməli maska taxmaq, sosial məsafə saxlamaq, əllərimizi tez-tez yumaq lazım deyilmiş. Əksinə vətəndaş intizamı kütləvi şüura diqtə etməlidir ki, Ramin Bayramlı ona görə istefaya göndərildi ki, biz maskanı yaxşı taxmadıq, əllərimizi yaxşı yumadıq, sosial məsafəni yaxşı qorumadıq, bəy-gəlin yataq otağına ənənəvi mehrimizlə reanimasiya otaqlarını yaxınlaşdırdıq və sair. Deməli TƏBİB-in yeni rəhbərlyii planetar fəlakətin qarşısını almaqda Azərbaycan nümunəsini yenidən bərpa etməli, kütləvi basqıya tabe olmadan, öz sanitariya-gigiyena tərbiyəsini yaymalıdır. Amma qaydalar və qanunlar çərçivəsində. Dövlət-vətəndaş münasibətləri etimada və etibara əsaslanmalıdır. Məsələn həftənin mövzularından biri 95 və 98 markalı benzinin qiymətinin qalxması oldu. Təbii ki, qiymət artımı heç bir vaxt pozitiv fakt sayılmayıb. Qaragüruhun internet resurslarına çıxışının belə asan olduğu dövrdə isə situasiyanı dəyərləndirmə xüsusilə asan deyil. Buna baxmayaraq benzinin bahalaşması da daxil olmaqla bir sıra istiqamətlər üzrə dünyada qiymət artımının səbəbləri barədə kifayət qədər təhlillər təqdim edilib. Məsələn, dünyada taxıl məhsullarının qiyməti bu ilin iyul ayı ilə müqayisədə avqustda 3,4 faiz , ötən ilin avqustu ilə tutuşdurduqda 31,1 faiz artıb. Bəzi ixracatçı ölkələrdə məhsuldarlığın kəskin aşağı düşməsinin proqnozlaşdırılmasının yaratdığı ajiotaj səbəbindın ötən illə müqayisədə buğdanın qiymətləri 43,5 faiz yüksəlib. Qlobal bazarda süd məhsullarınıln qiymətləri ötən ilin avqust ayı ilə müqayisədə artıb. Tərəvəz yağlarının qiymətləri iyul ayı ilə müqayisədə 6,7 faiz artıb. Dünyada ət məhsullarının qiyməti iyul ayına görə artıb: 22 faiz! Şəkər məhsullarının qiymətləri qlobal bazarlarda iyul ayı ilə müqayisədə 9,6 faiz artaraq son 4 ildə ən yüksək səviyyəyə çatıb. Dünya bazarlarında xam neftin qiymətləri ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artıb. Benzin də dünya bazarlarında ilin əvvəli ilə müqayisədə 53 faizə yaxın bahalaşıb. Deməli Azərbaycan dünyanın tərkib hissəsi olaraq bu proseslərdən sığortalanmayıb. Bu qlobal toxunuşlara o da amartizasiya olunaraq müəyyən fəsadları qəbul etməkdə, uyğun addımlarla zərəri minimallaşdırmaqdadır. Bir az sonra Vüsal müəllimlə bu barədə də danışacağıq. Amma həmin söhbətə qədər bir məlumatı diqqətinizə çatdırmaq istərdim: bu da Azərbaycanda benzinin qiyməti ətrafında mütəmadi baş verən müzakirələrə mənim münasibətim olsun. Son zamanlar SOCAR-a belə bir sual ünvanlayırlar ki, bir halda biz benzinin bu markalarını xaricdən alırıq və ya bahalaşmanı yanacağın bu növlərinin idxal edilməsi ilə əsaslandırırıq, onda nə üçün istehsalını özümüz etmirik? Bu sualı mən də verdim və cavab aldım: 2 milyard manatlıq layihə üzrə iş gedir və bu yaxın iki il ərzində bu sahədə işlər başa çatacaq. Bununla da biz benzinin o markalılarını da özümüz istehsal edəcəyik. Amma bu o deməkdirmi benzinin qiyməti ondan sonra daha bahalaşmayacaq?! Təəssüf ki xeyr. Bahalaşmalar labüd olduqca Azərbaycanda da baş verəcək. Çünki dünya bazarı deyilən anlayış var. Benzinin indi müəyyən edilmiş qiymətlərinə gəlincə. Və burda biz humanitar-emosianal yox, real səmərəlilik baxımından düşünməliyik. Söhbət süni bahalaşmaya şərait yaradan fürsətcillərdən gedirsə, bu artıq başqa söhbətin və başqa dövlət qurumlarının hədəfi olmalıdır. Benzinin qiyməti barədə hay-küy salanlar isə xüsusilə qaragüruh və bir zamanlar onların yedəyində mənsəb sahibi olmuş bəzi səlahiyyətlilərdir. Amma mənim yadıma belə benzin canfəşanlıqları onlarla bağlı ayrı epizodları da salır.

Və o siyasi vəfatdan qalma mirasların bu gün fəal şəkildə benzinlə bu gün belə oynamaları təhlükəlidir. Özlərini yandırırlar. Dövlət isə tətilə çıxmır. Heç vaxt. O dünyada gedən bütün prosesləri, baş verən kataklizmləri nəzərə almalı, qənaət etməli, kapitalın ədalətli dövriyyəsinə nail olmalıdır. Unutmayaq: Müharibədən qalib çıxmaq bir daha dava olmayacağına zəmanət deyil. Sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq! Klassik kəlam qüvvədədir. Dövlət güclü olmalıdır. İqtisadi baxımdan. Vətəndaş baxımından. Dövlətə etibar baxımından. Hərbi qüdrət isə bu üç anlayışın cəmidir. Məsələn, ermənilərin bir etirafına baxaq.

Bu müsahibədə mənim xüsusilə xoşuma gələn epizod budur. Sual və cavab.

Müharibə ola bilər? və cavab...

Niyə xoşuma gəlir? Ona görə ki, qarşı tərəf öz gücünü də bilir, bizim gücümüzü də. Daha doğrusu bizim gücümüzü, öz gücsüzlüyünü bilir. Və elə bunun nəticəsidir ki, Ermənistanda bu gün bəlkə də yeganə ağıllı adama elə Paşinyan oxşayır. Baxın nə deyir gücümüzü görmüş Paşinyan: O regional komunikasiyaların inkişafı ilə bağlı dialoqa hazır olduğunu bəyan edir. O deyir ki, bütün sərhədyanı ölkələrlə münasibətlərin dərinləşməsi və normallaşması Ermənistan hökumətinin xarici siyasətinin əsas istiqamətidir. Paşinyan deyir ki, Ermənistan üçün Rusiya və İranla dəmiryolu əlaqəsi fövqəladə əhəmiyyətə malikdir. Bu məsələni həll etməkdən ötrü isə Ermənistan, Rusiya və Azərbaycan üç tərəfli komissiyası kommunikasiyann açılması məsələsini müzakirə edirlər. Sitat: “Biz konkret nəticələrin əldə edilməsinə səy göstərməkdə israrlıyıq. Dərk edirik ki, Azərbaycan da öz növbəsində Naxçıvanla yaranacaq əlaqəni gözləyir!” sitatın sonu. Paşinyanın bəyanatında bir mühüm və incə məqam da var. Baş nazir ATƏT-in Minsk qrupunun həmsədr institunun adını çəkir. Amma ilk dəfə demaqoqik yox, məncə, məhz Bakının tələb etdiyi məzmuna uyğun olaraq praqmatikcəsinə. Biz Azərbaycanla məhz bu qrup vasitəsilə sülh prosesini bərpa etmək istəyirik. Demarkasiya və delimitasiya prosesinin əhəmiyyətini dərk edirik. Söhbət bizim regionumuzun qərbi şərqə, şimalı cənuba birləşdirən hava çevrilməsinən gedir. Əslində regionun bu perspektivi rəsmi Bakının, Əliyevin çertyojudur. Paşinyan sadəcə bu plana uyğunlaşmağa çalışır. Düzdür, Ermənistanın hərəkətlərində məntiqsizlik də var. Məsələn, bu həftə erməni trendi Ermənistanın Azərbaycanı məhkəməyə verməsi barədə xəbər oldu. Bu boyda vəhşiliklərdən sonra, bu boyda barbarlıqdan, dağıntıdan, Qarabağ boyda ifşadan sonra:

 

Bütün bu antiinsanlıqları edəsən və sonra da bir məhkəməyə müraciət edəsən!? Başqa tərəfdən isə bəlkə də bu daha yaxşıdır. Qoy versin! Ermənistanın ittiham olunacağı səbəblər daha çoxdur. Azərbaycanın deyəcəkləri daha çoxdur. Ermənistan əslində dolayısı ilə özü özünü məhkəməyə vermiş olur. Sual da versə cavab verəcək, cavab da versə! Amma bir arzu, bəlkə də irad. Ermənistanın Haaqanın yerləşdiyi ölkədə- Niderlandda səfiri çox fəaldır, hər yerə girir, çıxır. Bəs bizim bu ölkədəki səfirimiz nəylə məşğuldur? Niyə biz onun fəallığını hiss etmirik? Xüsusilə Prezidenti hücum diplomatiyası nümayiş etdirən və tələb edən Azərbaycanın səfiri gərək belə təvazökar, utancaq olmasın axı. Ümumiyyətlə məncə bizdə vətəndaş kreativliyi və təşəbbüskarlığı dövlət çevikliyinə uduzur. Məsələn bu qədər vəkil var ölkədə. İşğaldan azad edilmiş ərazilərdə də bu qədər dağıntılar. Erməni vəhşiliyinin izlərinin belə aşkar göründüyü cinayət hadisəsi rayonu da ortadadır. Artıq həmin rayonların sakinləri öz ana yurdlarına gedir, ağlayır, sıtqayır, şəkil çəkdirir, qayıdır, xatirə yazır, sosial şəbəkələrdə paylaşımlar edir... Bəs sonra? Dövlətə bu gün vəkilllərin, hüquqşünasların siyasi yox, peşə fəaliyyəti faydalı olardı. Təhlil işini bizə buraxın. Vəkillər hər bir dağıdılmış ünvan üçün fərd olaraq işə başlaya, zərərçəkənlərin qiymətli məlumatlarılndan istifadə edərək onları Beynəlxalq Məhkəmələrə çıxarmalı, bu təşəbbüsdə dövlətdən istənilən yardımı, köməyi, dəstəyi almalıdırlar. Məncə! Qarabağda sürətli bərpa işləri gedir. Bir neçə ildən sonra ortadakı sübutlar azalacaq. Şuşalılar, Ağdamlılar, Zəngilanlılar, Cəbrayıllılar, adlarını çəkmədiyimiz başqa sakinlər vəkillərlə işləməli, onlara müraciət etməyin yolunu öyrənməlidir. Ermənistan yalnız Azərbaycan dövlətinin deyil, hər bir zərəçəkən sakinin təpkisi, təzyiqini hiss etməlidir. Bu gün dedi-qodu platformalarında ağzıgöyçəkliylərlə məşğul olanlar Fransanın hansısa məmurunun Xankəndinə səfəri ətrafında qeybət haləsi yaradınca, kaş bu fərdi təşəbbüskarlıqdan bəhs edələr. Faydaları daha çox olar. Yeri gəlmişkən Fransa özü öz hayındadır. Regionda atdığı addımlar da çaş-baş qalmasının nəticəsidir. Fransa Birləşmiş Ştatlar və Avstraliyadan öz səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Avstraliya və Fransa arasında 2016-cı ildən işlənməkdə olan sualtı qayıqlar layihəsindən imtinanı və əvəzində nüvə qüvvəli qurğulara malik submarinaların inşası üzrə Birləşmiş Ştatlarla yeni partnyorluğa qoşulmağı-müttəfiq və tərəfdaşlar arası münasibətlərdə yolveriilməz hərəkət adlandırıb. NATO-nun iki qüdrətli üzvü arasında yaranmış vəziyyət dünyada baş verən keyfiyyət dəyişiklikərinin əhəmiyyətli sübutudur. Fransa öz səfirini geri çəkməzdən əvvəl Kanberra-Vaşinqton sövdələşməsinə cavab olaraq bəyan etmişdi ki: “bu qəddar və birtərəfli qərar Trampın etdiklərini xatırladır!” Söhbət olduqca ciddi yeni beynəlxalq paktdan gedir. Birləşmiş Ştatlar, Böyük Britaniya və Avstraliya bir qədər əvvəl Çinə qarşı AUKUS adlı hərbi-siyasi blokun yaradıldığını elan etmişdi. Vaşinqton və London bu alyans çərçivəsində söz vermişdilər ki, Avstraliyaya öz müstəqil atom sualtı donanmasını yaratmağa kömək edəcəklər. Nəticədə Kanberra Parislə imzaladığı, təxminən 56 milyard avroluq kontraktı pozdu. Bu sənədə görə Paris 12 dizel sualtı qayığ verməliydi. Fransa müttəfiqlərinin qərarını arxadan vurulan zərbə adlanıdırb. CNN- qeyd edir ki, nəhəng silah taciri olan Parislə sövdələşmənin belə ləğvi Fransanın müdafiə sektoruna əhəmiyyətli dərəcədə iqtisadi təsir göstərəcək. Bax belə daxili problemlərə görə Fransa əcayib addımlar atır. Bir maraqlı məlumat da. İstəyirsiz? Bu il, sentyabr ayının 5-də Qvineyada dövlət çevrilişi baş verdi. Polkovnik Mamadu Dumbuynın başçılığı altında bir qrup hərbçi prezident Kondeni həbs etdi, hərbi vəziyyət elan etdi, sərhədləri bağladı və komendant saatı tətbiq etdi. Bəs bu Dumbuya kim idi? Hə... bax bu sual çox maraqlıdı. Qvineyada dövlət çevrilişinə başçılıq edən Mamadu Dumbuya fransız legioneri idi və Avropa İttifaqının sanksiyasına düşmək təhlükəsi qarşısında idi. Dumbuya Fransanın əcnəbi legionunda xidmət keçib. Ay səni Fransa! Qvineya vaxtıdı? Dünya bir-birinə dəyib, Paris Qvineyada qara-qara işlərlə məşğuldu. Qarabağ artıq qara iş deyil. Bu bizim işdir. Daxili işimiz. Təmir-bərpa işimiz. İnzibati rayon işimiz. Vüsal Qasımlı ilə daha bir keçid söhbətinə dəvət edirəm. Burda həftənin bütün sualarının cavabı var!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər