Mir Şahinin vaxtı - 03.10.2021

Mir Şahinin vaxtı - 03.10.2021

REAL Təhlil və informasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Xüsusi bir həftə yaşadıq. Əvvəla ona görə ki, müqəddəs müharibəmizinin ilk ildönümünü qeyd etdik.

Bu gün ölkənin bütün klassik telekanalları əzəmətli 44 günü yenidən xatırlatmaqla məşğuldur. Hər atəşi, hər şəhidi, hər qazisi ilə. Məsələn bu saat mənimlə eyni studiyanı həm də ekranda gördüyünüz, bir ruh sayrışması tək bərq vuran bu şəhidlər paylaşır. Gözünüzün önündən fasiləsiz keçən, bir-birini dövlətin bir nömrəli hərbi postunda əvəz edən şəhidlər. Onlar təkcə bu verilişin yox, bütün ölkənin müəllifləridir. Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın istiqamətvericiliyi ilə keçirilmiş yürüşdən qayıdan şəhidlərimiz evlərinə, mənzillərinə beləcə qayıdır. Hər birimizin ekranlarında. Şəhidlərin portretləri ilə yürüyən yürüşün isə bir mənası var idi: Şəhidlər ürəyimizin üstündə, bizdən irəlidədir. Bu ilahi, qüdsi bir parad idi... 28 il əvvəl oktyabrın 3-də xalqın tələbi ilə Prezident seçilmiş ulu öndər Heydər Əliyevin məşhur bir fikrinin təcəssümü idi: “Özüm də, balalarım da Azərbaycanın müstəqiliiyi naminə qurban getməyə hazırıq!” Bu gün İlham Əliyev atasının göstərdiyi yolun önündəydi. Şəhid paradını idarə edirdi. Müzəffər Ali Baş komandan kimi. Öz döyüşçüləri ilə birlikdə idi. Şəhid portretləri bayraq kimi idi:

Və bu yürüş öz mənbəyini tarixdən alırdı. Bu yürüşün əvvəli Şəhidlər Xiyabanına gedib çıxırdı. Heydər Əliyevin xalqla şəhid hüzurundan keçdiyi o günlərə.

Şəhid yürüşü mənbəyini İlham Əliyev və Birinci xanım Əliyevanın, ümumiyyətlə Əliyevlər ailəsinin istiqamətvericiliyi ilə keçən bu yürüşdən də almışdı:

Şəhid yürüşü Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Ana Abidəsinin ayağına gedən bu möhtəşəm yürüşün davamı idi.

Şəhid yürüşü bu parada da bağlı idi. Azərbaycanın Baş meydanı-adı Azadlıq olan bu möhtəşəm məkandan keçən yürüşə

Şəhid yürüşü ilk qədəmlərini həm də bu paraddan alırdı. İki dövlət və bir millətin ilk birgə yürüşündən. Azərbaycan Prezidenti İlham Əliyev. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onların əsgərləri...

Şəhid yürüşünün əvvəli həm də bu qələbə paradına aparırdı. Düşmənin ruhunun, mənəviyyatının döyüş maşınının sındırıldığının nümayişi olan zəfər paradına.

Tarixi Şuşa bəyannaməsinin imzalandığı möhtəşəm gün keçirilmiş bu parad da şəhid yürüşünə aparırdı.

Və nəhayət məntiqi sonluq bu olmalıydı. Sonda Şəhidlər gəlib keçməliydilər. Tarixin qarşısından. Bu həm də qarşılıqlı keçid idi. Şəhidlər bizim qarşımızdan keçdikcə biz də onların qarşısından keçirdik.

Azərbaycan tarixində belə əzəmətli parad olmamışdı. Ölməzlər Paradı. Bu parad Xalqın Ruhunun boyunun, miqyası və çəkisinin şəkli, mənzərəsi, göstəricisi idi... Xalq öz şəhidlərinin hamısını bir yerdə gördü. Şəhidini əlləri üstündə gəzdirən Ali Baş komandan İlham Əliyevi, Birinci xanım Mehriban Əliyevanı gördü. Televiziya dili ilə desək. Müharibə fiminin sonunda gələn titrlər kimi idi bu mənzərə. Şəhidlər müəlliflərin adı kimi keçdi. Film bitdi və yazıldı Qarabağ Münaqişəsinin sonu. Amma bu günlər həm də xatırlamalar, anmalar çağıdır. Biz o günlər cəbhədə işləyirdik. Əvvəllər beş şəhid verəndə matəmə qərq olduğumuz dövrdən sürətlə ayrılırdıq. Artıq şəhidlərin ölməzliyi məişət səviyyəsində belə aydın anlaşılırdı. Şəhadətə bayram kimi gedən, ölümə təbəssümlə bağır basan övladlarımızın bayrağa qarışıb geri dönən məqamlarını görəcəkdik. Vətənə qurban getmiş balasının mübarək qurbanlığı-şəhid tabutu qarşısında qurban kəsən valideyn görəcəkdik. Ərinin, tabutuna öz zərif çiyinlərini verən cavan gəlin görəcəkdik. Balasının tabutunun önünə girmiş ana vətən qadınımızı görəcəkdik. Müharibədən dərhal sonra öz döyüşçülərini hospitalda ziyarət edən müzəffər Ali Baş komandanın sıxılmış yumruğunu, andını, qətiyyətini, kövrəlmiş Birinci xanımın içdən tərləmiş eynəyini görəcəkdik. Və biz bu gün yenidən o günlərin içindəyik. Yenə də bir dövlət təntənəsi, millət qüruru yaşamaqdayıq. Anırıq. Xatırlayırıq. Yenə də Ali Baş Komandan öndədir. Yenə də dünya mediasının aparıcı qurumlarına ustad dərsləri verir. Prezident indi verdiyi müsahibələri elə qaldığı yerdən davam etdirir. Əsas niyyət isə Azərbaycan ətrafında hələ də saxlanan informasiya səddləri, barılarının uçurulmasıdır. Bu müsahibələrdə verilən mesajlar mahiyyətcə dəyişməyib.

Birincisi Azərbaycan müstəqil dövlətdir. Onun iradəsinə heç kim təzyiq edə bilməz.

İkincisi, Dağlıq Qarabağ adlıı münaqişə daha yoxdur. Azərbaycan onu həll edib. Və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri təkbaşına icra etməklə həll edib. Və bir halda ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur, deməli artıq Dağlıq Qarabağ adlı vahid də yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi".

Üçüncüsü. Dağlıq Qarabağ münaqiəsi yoxdursa, həll edilibsə, onu həll etmək məqsədilə bir zamanlar təsis edilmiş həmsədrlər instuitutu da olmamalıdır, ya da keyfiyyətcə yeni mərhələyə, yeni məzmuna keçməlidir. Bəs bu nə ola bilər?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır".

Dördüncüsü, Azərbaycan tarixin bu səhifəsini çevirməyə, elə regionu da sülh və əməkdaşlıq bölgəsinə çevirməyə tələsir. Söhbət həm də Türkiyənin 3 üstəgəl 3 təklifi təşəbbüsündən gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“- Bəli, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin, biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək".

Beşincisi, İlham Əliyev qlobal tələbata uyğun olaraq ölkəsini yeni çağırışlara qaytarmaq, bunu ən qısa bir vaxtda etmək əzmində olduğunu nümayiş etdirir. Bu gün Avropa nəhəng bir qaz defisiti yaşamaqdadır. Əslində məlumatlı avropa təhlilçiləri 2020-ci ildə Tovuza yaxın məntəqələrdə baş verən ilk döyüşlərin xarakterini dürüst araşdıra bilsələr- Ermənistanın o ilin iyul təxribatlarının həm də bu günə, qaz böhranına təkan vermək üçün edildiyini aydın görərlər. 2020-ci ilin dekabrında hansı beynəlxalq layihə işə düşəcəkdi? Azərbaycan öz qazını Avropaya çıxarmalıydı. Tovuz rayonunun yaxınlığından. Ermənilər isə məhz Tovuz istiqamətini, Cənub qaz dəhlizini atəş nöqtəsi olaraq sıradan çıxarmaqla bu layihəni nişan almışdılar. Azəbaycan bu qələbə ilə həm də Cənub qaz dəhlizinin gələcəyini xilas etdi və 2020-ci ilin dekabr ayının 31-də Azərbaycan qazı bu dəhlizlə Avropaya çıxdı. İndi gəlin Avropa mediasının sualına və Prezidentin cavabına Tovuz kontekstini xatırlamaqla qulaq asaq. Müxbir öz sualı ilə məhz Avropada gərgin qaz situasiyası yarandığını qabardır. Cavab isə soyuqqanlıdır, praqmatikdir və sətiraltı iqtisadi mesajlarla zəngindir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Azərbaycan ötən ilin sonunda Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlayıb. Hazırda Avropanın qaz bazarında ehtiyatda saxlanılan qazın həcmi çox aşağı düşüb. Qiymətlər isə sürətlə qalxır. Bu halda Sizin ixracı artırmaq niyyətiniz varmı? Avropaya əlavə nə qədər qaz nəql edə bilərsiniz?

- Haqlısınız. Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir.

Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq.

- Lakin bu qış üçün o, mümkün deyil, düzdür?

- Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin, əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən, şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.

Beləliklə, Prezidentin Avropa mediasıa verdiyi mesajların ümumi mənzərəsi ətrafında gəzişdik. Əslində, Avropa mediasının Azərbaycanla intensiv maraqlanmasının mühüm səbəbləri çoxdur. Ermənistan bir ölkə olaraq maraqlı deyil. Ondan soruşan, ona sual verən yoxdur. Tapşırıq verənlər var. Bu oyuncaq dövlət yalnız əngəllər, maneələr, problemlər mənbəyi kimi gündəlikdədir. O Avropaya, dünyaya nə verə bilir ki? Bu sualın cavabı baş hərflərlə “HEÇNƏ!”DİR! Mövcudluğu ilə regiona, avropaya, dünyaya yalnız qan-qada, xarabalıqlar, pozuculuqlar, beynəxalq münasibətlərdə təxribatlar yaradan bu dövlət daha çox layihədir. Bir müddət əvvəl Azərbaycanın üzərinə qazlı-qazlı gələn Avropanın qazını təbiət almaqdadır. Və İlham Əliyevin cavablarını qətiyyətli, yerli yataqlı, həm də neft-qaz yataqlı edən səbəblər etibarlıdır. Ona görə biz belə danışa bilirik. Təkcə haqq yox, həm də təbiət bizim tərəfimizdədir. Təbii səbəbləri isə dürüst hesablayan dövlət mütəfəkkirliyidir. Ona görə də Dağlıq Qarabağ yoxdur. Ona görə də status yoxdur. Azərbaycanın lideri həyata keçirdiyi meqa layihələrlə dünyanın ən gərəkli, planetar faydaya malik respublikalarından birinə çevrilib. Azərbaycanı belə davranışa layiq və vadar edən-yürüdülmüş siyasətin, iqtisadi, siyasi, multicultural, hərbi və başqa məzmunlu xətlərin yekun kursudur. Azərbaycan haqlı və güclü tərəflərini mükəmməlcəsinə uyğunlaşdırdı, birləşdirdi, bitkinləşdirdi! Ona görə belə danışa bilirik. Ona görə belə ötkəm, sakit, əmin, arxayınıq. Sualın qoyuluşundakı bir detala da fikir verməyinizi istərdim. Fransalı journalist demir ki. Fransa hesab edir-filan. Amerika Buirləşmiş ştatları hələ də bəyan edir ki… -deyə başlayır. Sizcə niyə? Qulaq asaq və geri qayıdaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib.

- Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.

- Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?

- Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil.

İndi isə Fransanın Birşəlmiş Ştatları qabağa buraxması ilə bağlı. Ona görə ki, Prezidentin ən sərt şəkildə cavab verəcəyini ehtimal edir. Çünki təmsil etdiyi Fransaya Azərbaycanın etibarı laxlayıb. Amma hər şey tam itirilməyib də. Azərbaycan özünü etibarsız aparmış bir dövlətə yenidən şans tanıyır. Sonadək qulaq asaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Sualım Fransanın mövqeyi ilə bağlıdır. Fransa Sizin bəzi hərəkətlərinizi tənqid etdi və bu yaxınlarda Ermənistanla sərhəddən geri çəkilməyə çağırdı. Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz?

- Bilirsiniz, müstəqilliyimizin bütün illərində biz ikitərəfli əlaqələrimizdə Fransa ilə bu mövzuda və bir çox digər məsələlərdə fəal çalışırdıq. Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmirəm, biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Hesab edirəm ki, müharibənin başlanmasından bir ilin keçməsinə baxmayaraq, regionda nəyə nail olmaq istədiyimizə gəldikdə, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik.

Bir mühüm qeydimiz də olacaq. Deməli, Ermənistan öz müttəfiqlərinin adını, ona edilmiş köməyi, yardımı ya eyhamlarla dilə gətirir, ya boynuna almır, ya da biz belə faktları ifşadan sonra üzə çıxarırıq. Azərbaycanın öz müttəfiqlləri ilə münasibəti barədə təqdim etdiyi reallıq aşıqdır, aşkardır. Dostunu dost, düşmənini də düşmən kimi tanıdır. Çəkinmədən. Birbaşa. Üzünə. Məsələn Fransanın nümayiş etdirdiyi davranış sistemi layiqli cavabını alır. Bu da Qardaş Türkiyəyə və Rusiyaya münasibətin Avropa üçün təqdimatı:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Müharibə zamanı Türkiyə sizə dəstək verdi. Rusiya atəşkəs üçün vasitəçi kimi çıxış etdi və sülhməramlıları göndərdi. Fikrinizcə, müharibə regionda güclər balansını dəyişdimi?

- Bəli, Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz müharibənin ilk günlərindən verdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə hökumətinə çox minnətdarıq. İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir.

Ümumiyyıətlə Türkiyənin yeri ayrıdır. Yəqin ki, ənənələrimizə uyğun desək, ən yuxarı başda. BMT- Baş Assambleyasından Azərbaycanın zəfərinin haqq işi olduğunu bəyan edən qardaşın yeri başqa harda ola bilər ki?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Yəni, etnik, dini, mədəni köklər hələ o demək deyil ki, bu ölkələr qardaş ölkələrdir. Belə hallar çoxdur, həm Yaxın Şərqdə, eyni zamanda, postsovet məkanında. Ona görə mən hesab edirəm ki, belə çox güclü bir tarixi, mədəni zəmin üzərində bu cür gözəl münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir. Həm hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu, həqiqətdir. İkinci Qarabağ savaşı bunu bir daha göstərdi. Yəni, Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük bir üstünlük idi.

İkinci Qarabağ savaşından sonra bizim münasibətlərimiz daha da yüksək pilləyə qalxdı. Bilmirəm, siz bilirsiniz, yoxsa yox, Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, O, Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, oraya getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız hesab edirəm ki, bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir.

Əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı."

Biz bu günlər bir anım, düşünüm, xatırlayım qrifi altında keçiririk. Bayaq nələri anmalı olduğumuzu, nələri andığımızı statistik şəkildə qeyd etdik. Amma eyni zamanda Prezidentin çıxışlarından, dünya mediasına verdiyi açıqlamalardan vacib məlumatlar da çıxarırıq. Məsələn, ortalıqda olan vəziyyətin görkəmi. Hansı məsələlər həll edilməyib və Prezident bütün məsələlər barədə xalqla açıq danışır. Amma eyni zamanda məsələ heç də yalnız açıq danışmaq istəməkdə deyil. Əliyev vəziyyətin mürəkkəb olduğunu gizlətməmək qədər cəsarətlidir. Düşmən kapitulyasiya edib. Bu faktdır. Amma həm də özünü kapitulyant kimi aparmır da. Bu da faktdır. Sənəd imzalandı. Bəs sonra nə oldu?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Amma ondan sonra nə oldu? Sülhməramlı qüvvələr gəldi, bir müddət keçdi və qalan məsələlərin icra edilməsi dayandı. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatına tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi əsir deyirlər. Amma gedin baxın beynəlxalq konvensiyalara, hərbi əsir kim ola bilər. Bunlar hərbi əsir deyil. Müharibə bitdi, noyabrın 10-da Bəyanat imzalandı. Ondan sonra göndərilən hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir. Yəni, bu məsələ öz həllini tapmadı. Bu, çox önəmli məsələdir və biz israr edirik ki, bu, öz həllini tapsın, tam həllini tapsın. Ola bilər ki, qismən həllini tapıbdır. Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın."

Müharibənin başlanmasının ildönümündə, Anım aurasında daha bir mühüm mövzuya toxunuldu. Azərbaycanın qaragüruh və sosial şəbəkə fəalarının tez-tez toxunduğu və provakativləşdirdiyi sülhməramlılar məsələsini nəzərdə tuturuq. Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların davranışı barədə ən son məlumat bunlardan ibarətdir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, bu, hələ tam yüz faiz həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyəm ki, bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz, əlbəttə, istərdik ki, suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zatən, Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır və belə olan halda, yerlərdə, orada xidmət göstərən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar."

Kifayət qədər müzakirə edilmiş İran tırları mövzusu üzərində xüsusi dayanmayacam, sadəcə bir detala toxunum ki, qonşu dövlətlər regionda baş verən hadisələrə nüfuz və müdaxilə etmək istərkən Ermənistanın provakatior, təhrikçi mahiyyətini nəzərə almalıdırlar. Çünki erməni tərəfi feyk xəbərləri dövlət adından belə paylaşa, onların adına çıxa bilir. Məsələn, Şoyqu ilə bağlı baş verənləri xatırlayaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Ötən günlərdə Ermənistan müdafiə naziri ilə Rusiya müdafiə nazirinin görüşü olmuşdu. O görüşdən sonra Ermənistanın silahlandırılması prosesi yenidən başladı deyə bir açıqlama verildi. Yəni, bu, bölgəyə nə gətirə bilər? Bu açıqlama barədə Siz nə düşünürsünüz? Əslində, yox olan bir Ermənistan ordusu var idi, 44 gündə Azərbaycan Ordusu onu darmadağın etdi. İndi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq. Bu məsələ barədə fikirlərinizi bilmək istərdim, cənab Prezident.

-Bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir. Biz eyni fikirləri də bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxartdıq. Bu, onu göstərir ki, Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Bax ortalığa atılan bu yalan, birincisi, çox böyük yanlışlıqdır. Çünki əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlikdir və bu, təxribatdır. İkincisi, - bunu biz işğal dövründə və işğaldan sonra dəfələrlə görmüşük, - Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik. Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur.

Azərbaycan Qarabağ münaqişəsinin artıq tarixə çevrilməsindən sonrakı reallıqlarda Ermənistanın konstruktiv iştirakını mümkün hesab edir. Amma bunun üçün Ermənistanın özünün də belə düşünməsi vacibdir. Ermənistan düşmənçilik ritorikası, revanşıst pristupoları ilə bölgədə rahat mövcudolmaya layiq ola bilməz. Türkiyəyə qarşı ərazi iddialarını anayasa səviyyəsində qəbul edən bir layihə-dövlət nəhayət yeni gerçəklikləri qəbul etməlidir. Ermənistan regionda sülhün tərkib hissəsi olmaq istəyini nümayiş etdirməlidir. Bütün qapılar açıqdır. Amma hər qapının qapanan vaxtı da olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir.

Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər.

Yeni reallıqlardan biri reallaşmaqda olan Zəngəzur dəhlizidir. Ermənistanla münasibətlərin normallaşması üçün həlledici şərtlərdən biri.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Məsələn, Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi?

- Əlbəttə, bir şərtdir. Çünki o, noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, - yenə də qayıdıram əvvəlki fikirlərimə, - postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir. İşğal dövründə də bilirdik ki, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir.

Amma Zəngəzur dəhlizi ətrafındakı müzakirə və düşüncələrin yanlış təfsir edilməsi də faktdır və belə faktlar arasında Azərbaycanı ərazi iddiaları irəli sürməkdə günahlandırılması da var. Bu ittihamı qaragüruhun plintus üstü cameəsi ilə yanaşı Avropanın bəzi dairələri də irəli sürür. Əslində Əliyev bu açıqlama ilə növbəti dəfə işarə vurdu ki, dairə yumrudur, kvadrat deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Burada bir məsələ var. Siz hesab edirsinizmi ki, bütün əraziləri geri qaytarmısınız? Əvvəllər Sizin bəyanatlarınız olub ki, Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan torpağıdır. Bəli, Siz ötən il torpaqları geri qaytardınız, ancaq yenə də müəyyən suallar var. Ermənistanın özünün hesab etdiyi ərazilərlə bağlı hər hansı iddianız varmı?

- Xeyr. Mənim bəyanatlarımda siz heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur. Lakin sualınıza cavab verərkən tamaşaçılarınızın diqqətini bir məsələyə cəlb etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik.

Azərbaycan Qarabağda bir hücumun ardınca ikinci hücuma başlayıb. Hərbi texnikanı inşa texnikası, döyüşçüləri inşaatçılar, yol salanlar, inşa edənlər əvəz edir. Hərbi əməliyyatı iqtisadi əməliyyat əvəz edir. Əfqanıstandan biabılrçılıqla çıxanların, hirsdən-hikkədən öz təyyarəsini vuranların Azəbaycanın daxili işlərinə qarışmağa haqqı və vaxtı olmamalıdır. Əlbəttə belə baxanda Qarabağda həmsədrlər üçün də kifayət qədər iş var. Erməniləri normal həyat üçün hazırlamaq. Səhv etmirəmsə, bir zamanlar belə bir ifadə də var idi. Xalqların sülhə hazırlanması. Buyurub məşğul ola bilərlər. Ermənilərin Azərbaycan qanunları ilə tanış edilməsi, onlara Azərbaycan vətəndaşı kimi düşünmək üçün vərdişlərin aşılanması, lazımdılrsa, bu məqsədlərlə treninqlərin təşkili və s. Çünki Qarabağın, ətraf rayonların dağıdılmasına təkcə Ermənistan məsuliyyət daşımır ki. Burda ATƏT-in Minsk qrupunun konserv-dondurma siyasətinin də müstəsna rolu var. Ermənistan məhz onların pauza siyasəti, stəndbay rejimi nəticəsində xarabazarlıq yaradırdı. İndi isə yeni reallıq var. Yeni yanaşma var. Azərbaycan vətəndaşı olmaq şərəfinə özünü hazır və layiq bilən ermənilər Qarabağın abadlığında iştirak edə bilərlər. Bu da onların yeni statusu. Bizdən biri olmaq. Onlar bizi görürlər, çünki internet var...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz–gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək? Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik.

Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır.

Məncə Prezidentin bu müraciəti ətrafında ciddi klublar, diskussiya mərkəzləri səylə işləməli, ATƏT-in Minsk Qrupu həmsədrlərin regiona səfərlərinin əsas mövzuları məhz bu istiqamətlər olmalıdır. Elə bizim həvəskar internet qladiatorları və ya klaviatorları da başında oturduqları təhlükəli açıq naqillərdən gələn gərginliklə oynamaqdansa faydalı işlə məşğul olmalıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı son açıqlama ölkənin gündəmində zəlzələ effekti doğurmaqla yanaşı, bir sıra məqamların üzərində ciddi şəkildə düşünməyə vadar edir. Vətənə xəyanətdə suçlanan Aydın Zəkiyevlə bağlı məsələ heç də ilk baxışdan göründüyü qədər sadə deyil. Düşmən cəbhədə ağır məğlubiyyətə uğrayıb. Amma öz məğlubiyyəti ilə barışmaq istəməyən qüvvələrin xüsusilə Azərbaycanda sosial şəbəkələrdə nişan aldığı ələgələn hədəflər var. Sosial şəbəkələrdəki vəziyyət barədə biz müntəzəm məlumatlar veririk. Burda baş qatan cəhalət təmsilçilərinin ucuz layk naminə paylaşdığı məlumatların dövlət əleyhinə istifadə edilə biləcəyi, hətta edildiyi barədə çox danışmışıq. Azərbaycan Xüsusi xidmət oraqnlarının Ermənistanı bu sahədə dəfələrlə üstələdiyini ciddi dəlillərlə sübut etmişik. Ermənistan özü belə etiraf edir ki, Azərbaycan xüsusi xidmət oraqanları müharibə ərəfəsi, gedişi və sonrasında düşmənin bütün xüsusi xidmət sferasını sıradan çıxarıb. Amma biz də diqqətli olmalıyıq. DTX-nın son məlumatında yer alan “üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirmək” ifadəsi tamam fərqli bir mənadan xəbər verir. Düşmən xüsusi xidmətlərinin əsas missiyasının nə olduğunu biz Aydın Zəkiyevin erməni agentinə necə çevrilməsinin tarixçəsində görürük. Azərbaycan 44 günlük müharibədə həm də ona görə qələbə qazana bildi ki, bu ölkədə bütün millətlər vahid yumruğa çevrildilər. "Dəmir Yunruq" fiminin müəlliflərindən biri kimi mən bunu öz gözlərimlə gördüm. Və bizi məhz o yerimizdən vurmaq istəyir düşmən. DTX-nın məlumatından oxuyuram: “Ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etmək”. Aydın Zəkiyev bunu edirmiş. O sosial şəbəkələr də daxil olmaqla əlində olan vasitələrdən başqalarını da verbovkaya cəlb edərək Ermənistana işləməyə təhrik edirmiş. Bax elə buna görə hər bir platformada, o cümlədən sosial şəbəkələrdə düşünmədən nəsə paylaşan və cavab verən, virtual təmasa girən hər bir fərd anlamalıdır ki, onun hərəkəti dövlət əleyhinə yönəldilə bilər. Ən azı sizin hansısa şəxs haqqında məlumatınız olmaya bilər. Amma siz onu yalnız təqdim edildiyinə, təqdimat üslubuna görə qəhrəman kimi qəbul edə bilərsiniz. Amma heç ağlınıza da gəlməz ki, məsələn Gəncədə ağır cinayət törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Yunis Səfərlinin ata nənəsi ermənidir və onun həzrət Zeynəbə, Fatimeyi Zəhraya yox öz nənəsinə qan bağlılığı var və İran İslam Respublikasının xüsusi dairələri onun ata-nənə keçmişini ört-basdır etməklə, əslində inanclı insanların həssas yerinə hesablanmış tryuklara əl atıblar. Azərbaycanda isə sosial şəbəkələrdə Yunisin şəklini öz profilinə tanıtım rəmzi kimi qoyaraq ona sevgi bəsləyənlər məhz terrorizmin təbliğində iştirak etdiklərini ağıllarına belə gətirmirlər... Bir sıra qonşu dövlətlərin Xüsusi Xidmət orqanları və teoloji də daxil olmaqla müxtəlif mərkəzlərə bağlı destruktiv qüvvələrin müəyyən adlar və pərdələr altında Azərbaycana qarşı pozuculuq fəaliyyətində istifadə olunmaqdan çəkinmək lazımdır. Mövzunu açıq saxlayırıq. Şəhid ruhlarının başımız üstdə dolandığı, ölkənin birinci döyüşçüsü başda olmaqla Azərbaycan xalqının əldə etdiyi qələbənin əsasının qoyulduğunu qeyd etdiyimiz bu günlər daha qürurlu, daha şanlı, daha uca məqamlardan bəhs etmək istərdik, miskin varlıqlardan yox. Amma alınmır. Aydın Zəkiyev bir, Yunis Səfərli başqa ölkənin xüsusi niyyətlərinin çatdırılmasında bir kuryer olublar. Unutmamalıyıq: Cənubdan gələn hər məktub müqəddəs namə olmadığı kimi, şimalın da üzü şimal deyil. Dövlətimizi qoruyaq. Qələbəmizi qoruyaq. Mən balaca adamam. Məndən nə asılıdı, demədən. Azərbaycanımızın taleyi hər birimizdən asılıdr.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər