Əlaqələndirmə Komissiyasının fəaliyyət istiqaməti açıqlanıb

Əlaqələndirmə Komissiyasının fəaliyyət istiqaməti açıqlanıb

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının fəaliyyət istiqamətləri açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əlaqələndirmə Komissiyası vahid əlaqələndirmə mərkəzlərinə edilən müraciətlər üzrə 7 qurumun vahid məkandan xidmətlərinin təşkili üçün əlaqələndirməni təmin edir.

Xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsinə, Fərmanla verilmiş tapşırıqların yüksək səviyyədə icrasına monitorinqi, nəzarəti həyata keçirir.

Mərkəzlərdə dövlət orqanlarının əməkdaşlarının müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılıb və xidmət göstərəcək qurumların elektron informasiya sistemləri arasında əlaqələndirmə təmin edilir. Əlaqələndirmə Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşların vahid əlaqələndirmə mərkəzlərinə müraciətlərinə aidiyyəti qurumla əlaqəli, koordinasiya olunmuş fəaliyyət müstəvisində daha operativ baxılmasına, xidmətlərin çevikliyinə, vətəndaşın barəsində müraciət etdiyi məsələnin elə bir mərkəzdə bütün aidiyyəti qurumların birgə səyləri ilə həllinə xidmət edir.

Komissiyanın hər bir iclası barədə KİV-ə məlumat veriləcək.

Qeyd olunur ki, Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1217 şəxs qəbul edilib. Onların müraciətlərinin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 318 müraciət;

- Müdafiə Nazirliyi üzrə 530 müraciət;

- Səhiyyə Nazirliyi üzrə 38 müraciət;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 69 müraciət;

- Yerli icra hakimiyyəti orqanları üzrə 106 müraciət;

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 28 müraciət;

- Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 128 müraciət.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılmış vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilir.

Həmin Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” da təsdiq edilib.

Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti və həmin qurumlar üzrə göstəriləcək xidmətlər (ümumilikdə 7 qurum üzrə 26 xidmət) qeyd edilib.

Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıdakı dövlət orqanlarının (qurumlarının) vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub. Fərmanın müvafiq bəndinin icrasını təmin etmək üçün də Nazirlər Kabinetinin 2 oktyabr 2021-ci il tarixli Qərarına əsasən, əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə Əlaqələndirmə Komissiyası yaradılıb. Komissiyanın üzvləri də vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən qurumların rəhbərlərinin müavinləri müəyyən edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər