Avropada rus qazı bahalaşır - VİDEO

Avropada rus qazı bahalaşır - VİDEO
Qazprom proqnoz qiymətini 295 dollardan 330 dollara qaldırıb

Avropanın ən nəhəng qaz təchizatçısı «Qazprom» ixrac qaz qiyməti üzrə proqnozlarını artırıb. Konkret olaraq şirkət Avropaya və Türkiyəyə ixrac qazı qiymətlərini min kubmetr üçün 295 dollardan 330 dollara qədər artırıb.

Energetika üzrə ekspert Zəfər Vəliyev REAL TV-yə müsahibəsində mövcud bazar şərtlərinin bunu vacib etdiyini bildirib.

«Uzun müddətli qaz müqavilələrində müəyyən bir maddə mövcuddur. Yəni alıcı və satıcı mövcud bazar şərtləri daxilində və eyni zamanda maye karbohidrogenlərin dünya bazarı qiymətlərində hər hansı bir dəyişiklik baş verərsə, bu, təbii ki, qazır qiymətinə də təsir edə bilər Və müqavilədəki satış qiymətlərinə yenidən baxıla bilər. Bu müqavilələrdə öz əksini tapır. Məsələ burasındadır ki, bir neçə ay bundan qabaq əksər Avropa ölkələrinə satılan qaz sərhəd xəttində 270 dollar civarında olub. Təbii ki, dünya bazarında həm maye karbohidrogenlərin, həm də bərk karbohidrogenlərin qiymətlərində yüksək sıçrayışlar qaz müqavilələrinə yenidən baxmağı şərtləndirir».

Avqustdan başlayaraq spot bazarında kəskin artan qaz qiymətləri Avropada ciddi ajiotaj yaradıb. Oktyabrın 6-da təbii qazın min kubmetrinin qiyməti Avropada 1900 dollara qədər qalxıb və daha sonra 1300 dollar ucuzlaşaraq 600 dollara düşüb. Hazırda qazın min kubmetrinin qiyməti 1000 dollardan aşağıda dəyişir. Bu dəyişkənlik Avropada uzunmuddətli müqavilələrdə spot qaz qiymətlərinə deyil, neft qiymətlərinə əsaslanmağı gündəmə gətirir. Bu günlərdə «Sova Capital» investisiya şirkətindən də bildiriblər ki, Rusiya uzunmüddətli qaz müqavilələrinin yenidən neft qiymətləri əsasında bağlanmasına çalışır. Lakin Zəfər Vəliyev bunu mümkünsüz sayır:

«Artıq təbii qaz neft kimi baza oyun alətinə çevrilib. 1978-ci ildə maliyyə bazarlarında ilk mazut kreditlərinin satışına başlandı. 1979-80-ci illərdən başlayaraq, dünya bircalarında neft kreditlərinin və opsionlarının satışına başlandı. İndi həmin tendensiya keçib artıq qaz bazarlarına. İndi qaz bazarları da neftlə eynən bazar oyun alətinə çevrilib».

Zəfər Vəliyevin fikrincə, yaxın aylarda - yaza qədər təbi qaz bazarlarında bir qeyri-müəyyənlik hökm sürəcək və bu, uzun müddətli müqavilələr üzrə də qiymətlərin qalxmasını şərtləndirəcək.

Ümumiyyətlə, uzunmüddətli müqavilələr əsasında qaz satışında qiymətlərin spot qaz qiyümətləri əsasında müəyyənləşməsi istər-istəməz qazın qiymətini yüksək diapazonda saxlanmasını şərtləndirir. Bu da orta perspektivdə əsas ixrac məhsulu qaz olacaq Azərbaycan üçün əlverişlidir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər