Sahibə Qafarova Rusiyada səfərdədir - VİDEO

Sahibə Qafarova Rusiyada səfərdədir - VİDEO
Milli Məclisin Sədri III Avrasiya Qadın Forumunda çıxış edib

Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumunun plenar iclasında çıxış edib.

O, forumda müzakirəyə təqdim olunan mövzuların qadınların müasir dünya proseslərində rolu ilə bağlı geniş fikir mübadiləsi aparmağa imkan verdiyini söyləyib.

Spiker Sahibə Qafarova qeyd edib ki, qadınların bərabərliyi, ədaləti və tərəqqini təşviq etmək səyləri öz bəhrəsini verir və bu gün dünyanın bir çox ölkələrində qadınlar gələcəyə daha böyük inamla baxırlar:

“Müasir dünyada baş verən dəyişikliklər, sosial-iqtisadi inkişafın sabit və dinamik tendensiyaları cəmiyyətin sosial quruluşunda qadınların statusunun yeni məzmun qazanmasına səbəb olur. Bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, eləcə də bütün dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.Tarix boyu Azərbaycanda qadınlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlı qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. Həmin dövrdə müsəlman Şərqində ilk dəfə olaraq, Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüququnu əldə etdilər.
Müasir dövrdə ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin qayəsi onların siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirmək, gender bərabərliyini təmin etmək və dövlət idarəçiliyində iştirakını genişləndirməkdir. Bu siyasətin əsasını 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası müəyyən edir. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və sonradan bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılıb. 2000-ci ildə ölkə Prezidenti Azərbaycanda yeni dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanın məqsədi dövlət idarəçiliyində, biznesdə və iqtisadiyyatda qadınların bərabər təmsilçiliyini təmin etməkdir. Həmin il Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı qəbul edilib. Bu proqram Pekin platforması əsasında hazırlanıb. Bu sənəddə silahlı qarşıdurmalar mövzusuna xüsusi diqqət yetirilib.

Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin son 30 ildə qadınlar da daxil olmaqla bir çox Azərbaycan vətəndaşının həyatına son qoyub. Münaqişənin nəticələrinin yaratdığı problemlər, o cümlədən qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklər qadınların da çiyinlərinə düşüb. 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxıb”.

Spiker Sahibə Qafarova vurğulayıb ki, hazırda ölkə başçısının rəhbərliyi ilə görülən işlər qadınlarla bağlı dövlət siyasətinin bütün sahələrində əhəmiyyətli irəliləyişə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir. Bu sahədə qəbul edilmiş qanunlar gender bərabərliyinin təmin edilməsi işinin daha da təkmilləşdirilməsinə imkan verir.

Milli Məclisin sədri qeyd edib ki, qadınların potensiallarının bütünlüklə üzə çıxarılması, onların hüquq və imkanların genişləndirilməsi daha sağlam və firavan cəmiyyətlər qurulmasının zəruri şərtidir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən