Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)

Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)

Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Xüsusi buraxılışda görüşürük.

Söhbət bir dövlət başçısının dövlət müstəqilliyi uğrunda necə mübarizə aparmasından, bu yolda üzləşdiyi ən ağır sınaqlardan və bu sınaqları, çətinlikləri böyük ustalıqla ölkə üçün uğur düsturuna çevirməsindən gedir. Söhbət Azərbaycan Prezidentindən gedir. Bir neçə sözdən ibarət cümlələri bir daha deyək və bir daha eşidək.

Azərbaycan Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Bu tariximizin ən böyük qələbəsidir.

Ola bilsin ki, deməyə və eşitməyə öyrəşdiyimiz bu tarixi cümlələr daha layiq olduğu dinləyiş həyəcanı, adekvat heyrət effektini vermir. Necə deyərlər bəy-gəlin geyimini gündəlik pijama əvəz etməyə başlayır. Amma bu belə olmamalıdır. Biz keçmişimizin, bu günümüzün, gələcəyimizin bu ən böyük qələbəsinə üstündən heç bir il keçməmiş belə adi, evdarcasına alışmamalıyıq. Biz Qarabağı geri almağımızdan, can verib, qan töküb vətən boyda zəfər qazanmağımızdan, qanı qurumamış əbədi yaşar qələbəmizdən hər dəfə elə danışmalıyıq ki, sanki milli tariximizin bu dev hadisəsi elə bu dəqiqə baş verib. Heç nə, heç bir mövzu bizi günün, ilin, əsrin, minilliyin baş xəbərindən yayındırmamalıdır. Sosial Şəbəkələrdə palçıq vulkanından sonrakı tüpürcək effekti ilə pıqqıldayıb qalxan, sonra yenə geri çökən birdəfəlik mövzuların, psevdo prioritetlərin ziyanı barədə özümüzə hesabat verməliyik. Hər bir evdə, hər bir bağçada, hərbi hissədə, uzağa üzən gəmilərdə, hərbi hissələrdə, həbsxanalarda, toy və yas məclislərində Qələbə təlqin edilməli, beyinlərə, təhtəlşüurlara ötuzdurulmalıdır. Hansısa marginal qrupun - tutaq ki, haranınsa Qənimət Zahidinin, yaxud hansısa ytuber Əli Əliyev kimisinin internet resurslarındakı bütün cəhdləri ona yönəlib ki, Azərbaycanın əldə etdiyi Qarabağ qələbəsi qaramat-neqativ mövzular arasında arxa plana keçsin. Niyə? Ona görə ki, heç vaxt bu uğura bənzər bir nailiyyətə imza atılmayacağını, ata bilməyəcəklərini yaxşı bilirlər. Deməli neyləmək lazımdır. Xalqın gözündən salmaq. Minlərlə şəhidin qanına arxa çevirmək. Davos Forumunu Duinq Biznesdən ayırmağa şüuru çatmayan ytuber Əlinin dinləyiciləri və təqdimatçıları da özü səviyyəsində olan yarımçıqlardır. Azərbaycanın uğur reseptinin müəlifinə opponentlik edən bir ovuc qaragüruh artıq-əskiyinin isə yaxın keçmişimizdəki rolunu yaşıdlarım və müasirlərim yaxşı bilir. Sadəcə onların acizanə susqunluqları, cinayəti bilib gizlətmə maddəsinə uyğun gələn hərəkətləri belə uğursuzların yenidən xortlamasına şərait yaradır. Bəzən mənə irad tutanlar da tapılır ki, niyə 30 il əvvələ qayıdır, siyasi keçmişimizin müqəvvaları ilə əlləşirəm?. Amma burda söhbət heç də onların 30 il əvvəlinin-faydalı, daha doğrusu faydasız qazıntıları arasında eşələnməkdən getmir. Məsələ 30 il əvvəl vəfat etmiş siyasui təfəkkürün yenidən xortladılmasına çalışmaların törətdiyi təhlükədədir. Axı 30 il əvvəl heç olmazsa bunlar haranısa təzəcə bitirmişdilər, ən azı nələrsə yaddaşlarında təzə idi, barı müəyyən biliklərə malik idilər. Baxmayaraq ki, bu biliklər oğurlamaq, talamaqdan uzağa getmirdi. Təfəkkür talibanlığını təsəvvür etmək üçün təklif edirəm ki baxaq:

"Yəni mən xüsusilə nəzərdə tuturam zavodların, müəssisisələrin, əsas istehsalat fondlarının, zavod və müəssisələrin yanında yaradılmış kiçik müəssisələr, dövlət kiçik müəssisələr vasitəsilə dövriyədən çıxarılması və mənimsənilməsini, xüsusilə qeyd eləmək istəyirəm, respublikada kütləvi hal almiş xidməti maşınların özəlləşdirilməsini, respublikada 3 mindən artıq xidməti maşın özəlləşdirilib... Müəyyən adamların qorxusuzluğu o həddə çatıb ki, rayonlarda xidməti, mənzil fonduna daxil olmayan xidməti qonaq evlərinin özəllləşdirilməsi adi hal alıb".

İndi isə gəlin qaragüruhçuların idarəçilik dövrünün bu alçaldıcıl mənzərəsinə, o zamanın məğlubiyyət kadrlarına da baxaq.

Bu yaxınlarda Kəlbəcərdə oldum. İşğaldan azad ediləndən sonra ilk dəfə idi.

Bu bir başqa hissdir. Səni nə vaxtsa vurub saldıqları uca məqama yenidən qayıdırsan və bütün alçaqlıqlara bu ucalıqdan baxırsan. O torpaqlar işğal altına düşməyə bilməzdilər. Ona görə ki hakimiyyətdə bu təfəkkür idi. Cahil. Savadsız. Səriştəsiz.

Yəni deməyim budur ki, o adamlar hələ o zaman, beyinlərinin 100 faiz işlək, gəncliklərinin ən enerjili çağlarında belə düşünürdülər, talançılıqla. Milli Azadlıq Hərəkatı romantikası altında, xalqa gün ağlayacaqlarına and-qəsəm etdikləri zamanda belə. Və bəla burasındadır ki, hakimiyyətə, daha doğrusu xalqın başına bəla kimi gəlmiş həmin o qüvvələr, onların bir ovuc və ya beş-altı barmaq ardıcılları bu gün də ortadan çıxmır və indiki hallarında daha təhlükəlidirlər. Yaş keçib. Baş keçir... Malik olduqları təcrübə təbii ki, artıq işə yaramır. Heç yerdə hər hansı təkmilləşmə kursu, təlim, treninq keçməyiblər. Öz şirələrində qaynayıblar. Şüurları “İstefa-azadlıq!- şüarları kimi Qənimət Zahid demişkən, möhtəviyyat emal etməkdən başqa heç nəyə yaramır. Və bu adamlar əlbəttə istəməyəcəklər ki, Azərbaycanın Qələbəsini cəmiyyət tam miqyasda anlasın. Bütün hərəkətləri, düşüncə istiqamətləri dövlətin, xalqın tarixi uğur axınına qarşıdır. Bir maraqlı faktı da xatırlayaq: yadınızdadı? Elçibəy Türkiyə televiziyasına Türkiyədən şikayətlənirdi ki, helikopter istədim vermədi...

"Mən helikopter istədim vermədi, nə istəyəcəkdim".

Görəsən vicdanları ilə öz aralarında qalanda qaragüruhbaşılar bir soruşurlarmı ki, balam bəs nə əcəb Müsavat-AXC cütlüyünə iki helikopter verməyən Türkiyə, ikinci Qarabağ müharibəsində bütün varlığı ilə Azərbaycanın, onun Prezidenti İlham Əliyevin yanında oldu?!

Ona görə ki, Türkiyə-Azərbaycan münasibətlərinin mükəmməl səviyyəsi poeziya buketi, nəğmə çələngindən yox, Əliyev-Ərdoğan qardaşlığından, Türkiyə-Azərbaycan dövlətdaşlığından asılıdır. Bu gün özünəməxsus Marşall Planı ilə Qarabağı yerdən qaldıran İlham Əliyevin qələbəsinə hər vəchlə çamur atmağa qalxan və və hər uğursuz cəhddən sonra yenidən, yenidən, yenidən öz başından çamuru təmizləməyə çalışan qaragüruhçuların ən böyük qüsuru bax elə etiraf mərdliyinə malik olmamalıdır. İkiüzlülük, riyakarlıq, görməzliyə vurmaq. Fazil Mustafadan bir misal çəkəcəm. Onun yaxşı bir sözü var: deyir: “Əbülfəz Elçibəyin Bakıdan İrana yönəltdiyi ittihamları İlham Əliyev daha sərt formada, özü də Arazın sahuilindən səsləndirdi. Amma Xalq Cəbhəsini cibheyi xalqa çevirənlər Prezidentə dəstək vermədilər. Sitatın sonu. Xalq Cəbhəsini xalqa qarşı cəbhəyə çevirənlər. Azərbaycan Prezidenti Qarabağı geri almaq üçün bütün dünyayla mübarizə aparırdı. O qüvvələrlə ki, Azərbaycanda hətta şeytanla ittifaqa girmək hesabına olsa belə pozuculuq yaratmağa hazırlaşırdılar. Düz iki aya yaxındır ki, xəbərdarlıq edirik. Azərbaycana qarşı diversant-xəbərlər hazırlanır. Qarabağ məsələsini həll etmiş, həll etdiyini bütün dünyaya müstəqilliyinin iradəsi tək qəti şəkildə bəyan etmiş dövlətin öz kimliyini uca, vüqarlı bir şəkildə ortaya qoyması Azərbaycanı əbədi zəif, şikəst, həmişə işğal altında görmək istəyən qüvvələrin ürəyincə deyildi. Bu gün də deyil. Prezidentin İtaliya mediasına verdiyi müsahibədən sitat: “Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər!”. Sitatın sonu. Bax biz bunu deyirik. Söhbət Azərbaycanın qələbəsi barədə danışmaq istəməyən qüvvələrin, onların əlaltılarının, dialtılarının, ümumiyyətlə altılarının əslində bu zəfərdən danışmaq istəməməsindən, və ya danışmamaq istəyindən gedir. İndi isə bu çıxışa bir daha baxaq. BMT-dən sonra ikinci, bəzi məsələlərlə bağlı isə subyektiv fikrimdir ki, BMT-dən əvvəl birinci təşkilat olan Qoşulmama Hərəkatının tribunasından danışan lider, sədr ölkənin rəhbərinin çıxışına. O, qələbəni bütün dünya güclərinin ağzından öz əlləri ilə qoparıb xalqımıza bəxş etdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi. 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə stinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər".

Amma məsələ heç də Qoşulmama Hərəkatında və ya başqa beynəlxalq təşkilatda deyil. Məsələn, ona qalsa, Əfqanıstan da bu qurumun üzvü idi. Amma bu gün bu respublikada nələrin baş verdiyinin şahidiyik. Deməli iş idarəçilikdə, qətiyyətdə, təfəkkürdə, sonu dürüst hesabalamaqdadır. Qələbəmizin dostlarını, müstəqilliyimizin, dövlətimizin dostları, qələbəmizin düşmənlərini müstəqilliyimizin, dövlətimizin düşmənləri hesab etməliyik. Bir az əvvələ qayıdaq. 1-ci Qarabağ müharibəsindən qalma siyasi, hərbi, diplomatik və coğrafi nəticələri nəzərə alan və Azərbaycandan da reallıqla barışmağı tələb edən beynəlxalq müstəvi Əliyevə nə deyirdi? “Barışmalısız. Vəziyyət budur, xalqı sülhə hazırlayın!” Qulaq asdı İlham Əliyev. Amma xalqı sülhə yox, müharibəyə hazırladı. Bu hazırlıq prosesinə daxil idi: iqtisadi qüdrətlənmə. Hərbi güclənmə. Müstəqil müdafiə sənayesi. Mənəvi-psixoloji bərpa. Tarixin öyrənilməsi. Və başlıcası, müharibə üçün yeni nəsil yetişdirmək! Bütün bunların mükəmməl sintezi. Sumqayıtda şüşə zavodu açılanda belə yadda Şuşa idi. İlham Əliyevin qələbəsi indiyədək mövcud olan beynəlxalq yanaşma tərzlərini dəyişdi. Hər bir xalqın, dövlətin tarixinə cəmi bir dəfə doğan Qətiyyət günü üçün bütün beynəlxalq hüquq-beynəlxalq qanunun az qala dəftərxanası, sənəd bankı hazırlandı. Əliyev Birləşmiş Millətlər Təşkilatının dişsiz reaksiyalarının qarşısına az qala ona ---- şəxsən--- alternativə çevirdiyi Qoşulmama Hərəkatını çıxardı. Bura biz Azərbaycanın idman və mədəniyyət qələbələrini, sivilizasiyalararası forumların Bakı platformalarını, multikultural düşüncənin bütün Avropaya nümunəmiz kimi təqdim olunmasını da əlavə edə bilərik. Yəni Şuşada qaldırılmış rəmzi qələbə bayrağı bir anın işi deyil. Bu bayraq bütün atlas boyu dolandırıldı, bütün qlobus üzərindən Afina məşəli kimi gəzdirilərərək Şuşada dalğalandırıldı. Əliyevin Qələbəsi hansısa siyasətçinin Prezident uğrunda, hansısa Partiyanın Parlamentdə yer uğrunda qələbəsi deyil. Bu qələbənin dairəsi Milli Ruhun miqyası və Tarixdə əbədi Möhkəmlənmə zəmini qədər geniş və etibarlıdır. Qazanılan qələbə bizi həm də uğranılan məğlubiyyət barədə düşünməyə məcbur etməlidir. Qələbə 90-cı illərdə illah da bizi başıaşağı etmiş məğlubiyyətin müəllifləri, məğlub təfəkkür daşıyıcılarının törəmələri tərəfindən həyasızcasına təftiş edilməməlidir. Qələbə-müəlliflər, onların irsinə istinadla tədris edilməlidir. Tariximizin ən böyük uğurunun məsuliyyəti hələ isti-isti olduğundan mahiyyətini tam anlaya bilməyən zümrəyə dürüst çatdırılmalıdır. Qarabağın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpasını özündə birləşdirən Qələbə Dövlət Müstəqilliyimizə bərabər tutulmalıdır. Bu, qələbə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbacycançılıq ideologiyasının təməl prinsipi kimi Dövlət Doktrinamıza müncər edilməlidir. İlham Əliyevin bir proses olaraq Azərbaycanın tarixi miqyas və əhəmiyyətini kökündən dəyişmiş nailiyyəti həm də bir dövlətə, bir xalqa yox, bütöv bir bölgəyə, qitəyə, dünyaya toxunan nəticədir. Bir az da sadə izah edək. 30 ilə yaxın bir müddətdə ən pis halda məğlubiyyət, ən yaxşı halda “nə sülh, nə müharibə mühiti” aşılayan atəşkəs ovqatının formalaşdırdığı cəmiyyət Əliyevin Qələbə Azərbaycanında yaşamağa hazır olmalıdır. Bu xüsusi hazırlıq tələb edir. Ağıllı kənd, ağıllı şəhər, yaşıl enerji, süni intellekt kimi yeni planetar anlayışların qüvvədə olduğu ölkədə əsas güc mərkəzi elə işğaldan azad olunmuş ərazilər olacaq. Əslində Ərazi bütövlüyünün bərpa prosesi kompleks halında hər birimizdən Yeni Zamana uyğunluq sertifikatı tələb edir. Biz vərdiş etdiyimiz həyata, öyrəşdiyimiz köhnə, işğalçağı vətəndaş prinsiplərinə köklü dəyişikliklər etməliyik. Çətindir: onillərdir ki, Şuşanı, Ağdamı, Füzulini, Laçını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Qubadlını, Hadrutu və başqa yaşayış məntəqələrimizi itirərək, bu halına öyrəşərək, adət edərək yaşayan, şikəst coğrafi-fiziki vücudumuz yenidən onları qəbul etməli, əza-bədən qovuşmasına öyrəşməlidir. İran da öyrəşməlidir. Eynən qaragüruh kimi. O Azərbaycanla münasibətlərini Ermənistan qardaşına dəyişməməlidir. Başa düşürük ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında yerləşən torpaqlarımızda o da özünü öz evindəki kimi hiss edib. İndi evin sahibi gəlib. Çıxmalısan. Başa düşürük: divarımıza mıx vurmuşdun ki, sonradan gəlib bir gün əmmamə, bir gün əba asasan. Amma indi biz öz divarlarımızdan öz papaqlarımızı asırıq. Nəşəni də, tiryəkini də çək apar. Ya da apar çək. İsrailin nəyinisə, kiminisə bizimlə sərhəddə axtarmaq isə İran-Ermənistan qardaşlığına açıq işarə vurmağın bir üsuludur. Dövlət Sərhəd Xidmətimiz bəyan edir: "Azərbaycanın dövlət sərhədlərində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq". 

Axı başqa hansı dildə deyəsən ki, bizdə İsrailin İran deyən zadı yoxdur, zatı yoxdur! Haropu olub, onu da göstərmişik. Özü də İrana yox-a, düşmən Ermənistana! İan İslam Respublikasında bilməlidirlər ki, bizdə bütün başlar bir qibləyə birləşir. Azərbaycan naminə. Azərbaycan adına. Vəhdət namazı həm də millət namazıdır. Qanla dəstəmaza hazır olub Azərbaycanın Ərazi bütövlüyünü qorumağa gedənlərin namazıdır. Araza dostluq sərhəddi demişik. O həm də bizim iqtisadi rayondur! İndi uzun bir siyahı oxuyacam: İran İslam Respublikasının Qarabağda fəaliyyət göstərən şirkətərinin adlarıdı. Hamısını oxumayacam. Yorar Sizi. Amma oxumamaq da olmur. Hə, oxuyuram adları, dua bilib amin deməyin: Bismillahirrəhmanirəhim: Mona Qrup”, “Kankar”, “Şərifli”, “Süleymani”, “Arya Filiz Nab”, Araz Mühacir Ticarət”, “Aftab”, “Araz fud”, “Nüsrəti”, “Pəyan-e Saderat”, “Vasif”, “Firuznejat”, “Kaimifa” “Armen”, “Şölə” “Suas”, “Nahid”,“Səba Saha”, “Petrocəm”, “Derəxşan”. Amin deməyin. Siyahıdı, Dua deyildi, qarğışdı. Azərbaycana qarğış. Dost-qardaş adına yaramaz qarğış! Allah dövlətimizi qorusun. Elə biz də! Salamat qalın!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər