Zaqatalada çörək sexində nöqsanlar aşkarlanıb

Zaqatalada çörək sexində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan REAL-a verilən məlumata görə, agentliyin Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən, Layıcova Könül Məhəmməd qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər