Zəngilanın Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

Zəngilanın Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Ötən ilin bu günü Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

2020-ci ilin noyabr ayının 8-də Mincivan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sərhəd zastavasının açılışı olub. Burada Azərbaycan Dövlət bayrağı ucaldılıb və sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

Hazırda Mincivan qəsəbəsinə yeni dəmir yolu çəkilir. Bu dəmir yolu Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.

Qeyd edək ki, Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Mincivan qəsəbəsi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər