Mir Şahinin vaxtı - 24.10.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 24.10.2021 (VİDEO)
REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

Qaldığımız yerdən davam edəcəyik. Müstəqillikdən danışacağıq. Dövlət müstəqilliyi və ona olan təhdidlərdən.

Təbii ki, təhlil masası üzərində son həftədir. Amma burda biz yenə də ötən həftəyə və ya həftələrə istinad etməliyik. Hadisələrin və məntiqin zənciri bizi, əlahiddə həftə anlayışını qüvvədən salan vahid zaman platformasına dəvət edir. Yeni məkan anlayışı işğal edilmiş ərazilər kontekstində yeni zaman kateqoriyası yaradır. Məsələn, fərqi yoxdur, bu Cəbrayıldır, Fizulidir, Zəngilandır, ya da sabah bir nömrəli dövlət marşrutuna çevriləcək başqa işğalsızlaşmış yaşayış məntəqəmiz, hamısı bir məkan vəhdəti yaratdığı kimi, onların aid olduğu vaxt qurşağı da zamanın ərazi bütövlüyünü yaradır. Ona görə də məsələn bu həftə deyirik, amma əvvəlki həftələr yadda! Beləliklə, Prezidentin, bir neçə həftədir ki, diqqət mərkəzində olan məşhur çıxışı barədə. O çıxışda biz 1991-ci ilin oktyabr ayının 18-də baş verənlərə ədalətli, obyektiv baxış gördük. Prezident dedi ki, tarixi saxtalaşdırmaq olmaz. Heç nəyi mifləşdirmək də olmaz. Hər şey öz adı ilə çağrılmalıdır. Təqvimin heç bir səhifəsi nə artıq qaraldılmalı, nə də ifrat qızardılmalıdır. Özü də bunu o Prezident deyir ki, tarixi səhihliyin, dürüstlüyün dəyərini yaxşı bilir və apardığı danışıqlarda, etdiyi taleyüklü müraciətlərdə, verdiyi mətbuat açıqlamalarında, bir sözlə hər bir fürsətdə həm də tarixi arayışlardan istifadə edir. Biz onun çıxışlarından aydın görürük ki, Prezident rəqiblərini zərərsiləşdirərkən dəqiq tarixi məlumatlardan, etibarlı istinadlardan necə bəhrələnir. Onlarla belə fakt göstərmək olar, məsələn: Münhen təhlükəsizlik konfransı çərçivəsində İlham Əliyevin Paşinyana verdiyi tarixi dərsi xatırlayaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir.

Bu tarixi arayış həm də Azərbaycanın dövlət müstəqilliyinin tarixçəsidir. Dövlət başçısı yerli səviyyədə də tariximizin nə qədər vacib sahə olmasına xüsusi diqqət ayılrır. Məsələn, Tovuz rayonunda tarix-diyarşünaslıq muzeyinin açılışını yadımıza salaq. 2020-ci ilin mart ayı idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”.

İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: “Xəritə Mədəniyyət Nazirliyindən götürülüb.

Prezident: “Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir. Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz, Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Prezident Əliyevin tarixi faktlara və proseslərə yanaşma tərzi xüsusidir. Həssasdır. Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbir. Əliyev yenə tarixdən danışır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”.

Və əgər bu gün Prezident 18 oktyabrı yenidən qiymətləndirirsə, deməli biz bu yanaşmaya da məhz həmin məntiqin davamı kimi yanaşmalıyıq. Bu təsadüf deyil. Qəsdən ayırma deyil. Kürəkçay müqaviləsinə istinad etmək, Sisyan adını düzgün yazmaq tələbi kimi ən yeni tariximizin dürüst qeyd olunması da son dərəcə vacibdir. Müstəqilliyin bərpa faktının nə bəzəyə, nə pozmağa ehtiyacı var:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Otuz il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini elan etmişdir. Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir.”

Burda hər şey çox aydındır. Ancaq bir mühüm nüans üzərində də mən dayanmaq istərdim. Prezidentin adını çəkdiyi 28 May günü ilə bağlı. Qəribədir ki, Prezidentin çıxışındakı bu faktın üstündən onun opponentləri sükutla keçir. Axı hər il, may ayının 28-i ərəfəsi və bayram günü özünü müxalifət adlandıran oyuncaq siyasi mütəşəkkil dəstə ixtiyarında olan informasiya resursları vasitəsilə Əliyevi Xalq Cümhuriyyətinə, onu elan edənlərə layiq olduqları diqqəti göstərməməkdə günahlandırır. Baxmayaraq ki, bu belə deyil, çünki Prezidentin 28 May günü ilə bağlı bütün çıxışları arxivlərdədir. 28 May gününün memarlarına, onların tarixdəki yerinə Əliyevin yanaşmasını tapmaq iki vur ikidir. Bəs onda nə əcəb 28 May mövzusuna Prezidentin xüsusi ehtiramı qaragüruhçuların diqqətindən kənarda qalır?! Cavab aydındır. Çünki burda Əliyev Müstəqilliyin gerçək gününə - 28 maya layiq olduğu yeri ayırır və bu bayramın ali məqamını qeyd edir. 18 Oktyabr isə tarixdə tarixi, amma həm də adi yerini alır. Özünü müxalifət adlandıran qrupun 28 may üzərindən sükutla keçməsi isə məhz tarixin saxtalaşdırılmasına cəhddir. 18 oktyabr ətrafında daha çox danışmaq, bu günü 28 maydan önə çəkmək təşəbbüsüdür. Əslində Prezident 18 oktyabrın tarixdə yerini, qiymətini layiqincə çatdırır. Heç bir halda tarixi saxtalaşdırmamalı. Bu prinsip Əliyevin üslubudur, manifestidir. Kürəkçay müqaviləsinə istinad vicdan və tarixi ədalət məsələsiydi. 18 oktyabr məsələsinə də münasibət eyni missiyanı daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“… Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik.”

Məsələnin də məğzi elə budur: Mifologiya yaratmamaq və tarixə layiq olduğu qiyməti vermək. Xatırlayaq: O zaman Sovet İttifaqını bürüyən ümumi etiraz aksiyalarına bütün sovet xalqı, o cümlədən sovet azərbaycanlıları qoşulmuşdu. Təkrar edirəm: Sovet İttifaqının idarəolunmazlıq böhranı Azərbaycana da sirayət etmişdi və bizim respublikamız heç də prosesin avanqardında deyildi. Əksinə mərkəzdən qaçma meylləri başqa sovet respublikalarında daha sürətlə gedirdi. Çünki həmin respublikalarda prosesə rəhbərlik edənlər vəziyyəti dəqiq qiymətləndirməyə qabil, iqtisadi-sosial biliklərə malik, konyukturadan baş çıxaran, ən ciddi hadisələrin baş verəcəyi hala xalqı mümkün qədər təhlükəsiz apara bilən qüvvələr idilər. Azərbaycanda isə küçə və meydan proseslərinə başçılıq edənlərdə məhz belə keyfiyyətlər çatışmırdı. Başqa respublikaların ağılla, düşüncəylə etdiklərini bizdə qanla edirdilər. Ona görə də başqa respublikaların dinc yolla əldə etdiyi nəticələr Azərbaycana baha başa gəldi. Və Azərbaycan heç də indi bəzi özünü siyasi müxalifət adlandıran qüvvələrin iddia etdiyi kimi, dövlət müstəqilliyni keçmiş Sovet İttifaqında ilk elan edənlərdən deyildi. Əksinə ən sona qalmışı idi…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir. Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir - 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr, Azərbaycan - 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?

Əlbəttə, daha çoxunu deyə bilərik. Məsələn. 18 oktyabrı sovet ucqarlarında milli fəallıq əlamətlərindən birinin tarixi, SSRİ-nin dağılmasına təsir göstərən 100-lərlə, minlərlə elementdən biri kimi konstatasiya etmək olar, amma bundan artıq yox. Yaxud: 1991-ci il, dekabr ayının 8-də Ukrayna, Belarus və Rusiya Federasiyası Sovet İttifaqının dağılmasını rəsmiləşdirmişdi, həmin il dekabr ayının 25-də Mixail Qorbaçov SSRİ Prezidenti postundan istifadə vermişdi. Azərbaycan isə artıq olmayan ittifaqın tərkibindən çıxmaq barədə referendum elan etmişdi. SSRİ Prezidenti Qorbaçovun istefasından 4 gün sonra. 29 dekabr 1991-ci ildə. Təsəvvür edirsiz? SSRİ artıq 4 gündür ki, yoxdur, amma Azərbaycan SSRİ-nin, artıq mövcud olmayan ölkənin tərkibindən çıxmaq üçün referendum keçirir!” Özü də anlamaq çətindir: 1991-ci ildə müstəqillyin bərpa olunması bir tarixi fakt olaraq baş verəndə Prezident Ayaz Mütəllibov idi axı. Niyə o zaman müxalifətdə olan, və öz təzyiq və avantüraları ilə proseslərin gedişinə bəlkə daha çox mane olan qüvvələr bu gün başqasının müəlliflik hüququnu oğurlayır?! Və bayaq qoyduğum suala bir daha qayıdıram: Niyə Prezidentin imzaladığı Mühüm Sənəddə 28 mayın, Azərbaycan dövlətinin əsas bayramı kimi bir daha rəsmişdirilməsi bizim - özünü müxalifət adlandıran qüvvələrin diqqətini çəkmədi? Axı söhbət qurucu babalardan, onların qurucu babalarından gedirdi? Yəni iddia, hikkə o qədər böyükdür ki, o tarixi də 18 oktyabrın ayağı altılna atırlar? İndi isə başqa bir tarixi hadisə barədə. 17 noyabr. Söhbət 1988-ci il, 17 noyabrdan 5 dekabradək davam edən ilk uzun müddətli oturaq mitinqlərdən getmir. 17 noyabrda daha vacib hadisə baş vermişdi. Azərbaycanın müstəqil respublika olmasına start verilmişdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi."

Yeri gəlmişkən, Milli Məclisin arxivində bu unikal kadrlar olmalıdır. Parlamentin rəhbərliyinə Heydər Əliyev belə deyir, kinayə ilə: “ Bir tərəfdə 3 rəngli bayraq asmısız, o biri tərəfdə isə Leninin büstü dayanır!”. Və bu mənzərə hələ uzun müddət davam etdi. 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikasının atdığı addımlara Bakıdan, mərkəzi hakimiyyətdən dəstək gəlmədi. Əksinə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib? Ona görə 18 oktyabrla bağlı sabah mənim Azərbaycan xalqına təbrikim dərc ediləcək. Ancaq, eyni zamanda, mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi!”

Deməli 17 noyabrı biz ona görə bayram etməməliyik ki, ən uzun müddətə oturaq mitinqlərə çıxmışıq. Ona görə bayram etməliyik ki, 3 rəngli bayrağımız ilk dəfə rəsmən tanınaraq Naxçıvan Muxtar Respublikasının Ali məclisinin binasına gətirilib.

Müstəqillik günü ətrafında bu gün qeybətxana açanların, özlərini Azərbaycanın bağımsız respublika olmasının əsas səbəbi və səbəbkarları kimi təqdim edənlərin fəaliyyətləri barədə biz vaxtaşırı məlumatlar verir, tarixi arayışlar təqdim edirik. Məsələn, bu kadrları siz yəqin görən kimi tanıyırsız. Elçibəyin Rusiya kanallarına prezident kimi verdiyi müsahibədə Azərbaycanın dövlət müstəqilliyinə məhz onun rəhbərliyi dövründə son verə biləcək addımlar anons edilir.

Və biz bu kadrları tez-tez yadınıza salmaqla heç də hansısa siyasi qrupun, toplumun xətrinə dəymək istəmirik. Sadəcə reallığı nümayiş etdiririk, onların müstəqillik platformalarının nədən ibarət olduğunu göztəririk, həm də xəbərdarlıq edirik ki, tarixi saxtalaşdırmaq olmaz! Ən yaxın keçmişimizin canlı şahidlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar psevdoqəhrəmanların əslində kim və nə olduqlarını afişalandırmaqdan çəkinməməlidirlər. Müstəqillik, poetik dəyər, şair və yazıçılarımızın keyfinin kök vaxtında akutakav asayaq mətnlər qırılladıb milli xarakiri ustaları düşünmək üçün səbəb deyil. Kimin vəfat etdiyini, kimin şəhid olduğunu, kimin sadəcə gəbərdiyini yaxşı bilirik. Bu ağır, keşməkeşli bir yoldur. Azərbaycan dövlətinin müstəqilliyi, internet televiziyalarında çənə gimnastlarının əzələ döyüşdürməsi, yutuber Əli Əliyev kimi həvəskar ucuzluq daşıyıcılarının bəsit mühazirələri ilə möhkəmlənmir. Bu yol, azad dövlət yolunun təhlükəsizliyi, Azərbaycanın heç kimin iradəsindən asılı olmaması uğrunda qətiyyət göstərən mübariz flaqmanın yoludur. Qələbə qazanan, və bu qələbəni işğaldan azad edilən ərazilərdə qoyduğu bünövrələrlə bərkidən şəxsin yoludur. Ümumiyyətlə Qarabağ bu gün yoldan ibarətdir. Burda bütün işlər yol adına görülür. Açılmış və hələ açılacaq hava yolu. Salınmaqda olan Dəmir Yolu. İstifadədə olan quru yolu. İşğaldan azad edilmiş ərazilərdəki su ehtiyatlarının perspektivini nəzərə alsaq, həm də özünəməxsus su yolu. Azərbaycan dövlətinin müstəqilliyi onun əsas tanıtım nişanıdır. Qarabağın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması isə bu müstəqilliyi daha etibarlı etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu görkəmi mesajlardan ibarətdir. Nəyə desən dəyən görkəm. Kimə desən dəyən görkəm. Hara desən dəyən görkəm:

Bu duruşun arxasında sadəcə poetika, yumşaq romantika deyil, ciddi siyasi-iqtisadi istinad təməli, ümumxalq etibarına əsaslanan dövlət məntiqi, dövlət iradəsi dayanır. İndi isə kimə, nəyə, hara desən dəyən bu görkəmin dəydiyi nöqtələrə toxunaq:

Birincisi, Ermənistan. Paşinyan artıq öz vəziyyətini başa düşür. Hətta o dərəcədə ki, Minsk Qrupunun belə lazımsızlaşdığını anlayır. Bir halda ki, Ermənistan-Azərbaycan arasında qalan məsələlərin beynəlxalq məhkəmə yolu ilə həll zərurətinə istinad edir. Niyə də yox? Haaqada Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana çox çətin bilet düşüb. Onun köhnə vərdişlə, ah-offf dolu xiffətlə xatırladığı, işğal altında ermənilərin tez-tez açdığı belə ziyafət stolları elə danışıqlar stolu ilə birlikdə ortadan bir ildir ki, yığışdırılıb. ATƏT-in Minsk qrupu yəqin özü də anlamalıdır ki, daha buralarda lazım deyil. Bütün məsələlər həll edilib, ya da demək olar ki, həll edilib. Bu qrupun işi yalnız ermənilərə azərbaycanlılarla birgəyaşayışa öyrənmək üzrə treninq keçmək ola bilərdi. O şans da qaçırılmaqdadır.

İkincisi: Rusiya. Burda da Moskva 10 noyabr bəyanatının müddəlarına ciddi yanaşdığını müntəzəm olaraq göstərir. Rusiya rəsmilərinin həm Ermənistan, həm də İran tərəfə ünvanladığı son mesajlar artıq ünvana çatıb. Prezident Əliyev milli maraqları beynəlxalq faydalılığa, regional səmərəli zərurətə çevirə bildiyindən biz indi Zəngəzur dəhlizi məsələsində tək deyilik.

Üçüncüsü, İran İslam respublikası. Son hadisələr göstərdi ki, Azərbaycanla ləyaqətlə davranmaq lazımdır. Necə ki o, bunu özü edir! O hədədən, təhdiddən çəkinmir, iradəsinə kimsəni yaxın buraxmır, ona səmimiyyət göstərənə səmimiyyət, şapalaq nümayiş etdirənə isə yumruq göstərəcək. İran İslam respublikasında başa düşdülər ki, Azərbaycanın tərkib hissəsi olan Qarabağa arxa qapı, dal qapı yoxdur! Qonşumuz ona məxsus yük maşınları və vətəndaşlarının Azərbaycan Respublikasının Qarabağ və Laçın ərazisinə girişinə qadağa qoydu və bəyan etdi ki, Azərbaycan qanunlarına əsasən təyin olunmuş rəsmi sərhəd keçid məntəqələrindən kənar olaraq bu ölkəyə xarici vətəndaşların girişi, Azərbaycan Respublikası sərhədlərinin pozulması deməkdir və bu məsuliyyətə səbəb olur. Tam təkidlə tövsiyə etdi ki, iranlı sürücülər və vətəndaşlar Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət üçün və mövcud həssaslığı və mümkün mənfi nəticələrini nəzərə alaraq Ermənistan Respublikası yolu ilə Laçına və Qarabağ bölgəsinə daxil olmasınlar və beynəlxalq nəqliyyat şirkətləri də Qarabağ bölgəsi ilə hərhansı ticarət müqaviləsi bağlamaq, daşınma sənədlər vermək və bu bölgəyə yüklər göndərmək və boşaltmaqdan çəkinsinlər. Bax bu başqa məsələ! Biz başqa nəsə istəmirdik də axı. Bax bu, Azərbaycanın öz milli maraqlarından geri çəkilməməsinin nümunəsidir. Prezident Əliyevin iradəsinə təsir göstərmək mümkün deyil!!!!-deməkdir! Azərbaycan bəyan etmişdi ki, heç bir ölkəyə, onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmağa imkan verməyəcək və sonadək də öz mövqeyini qorudu, qorumaqdadı. Azərbaycan İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb edərkən tam haqlı idi. Burda bütün beynəlxalq mədəniyyət, qonşuluq, dostluq münasibətlərinin tələb etdiyi nünasibətlər qorunmuşdu. Tehrana əvvəlcə, diplomatik kanallarla mesajlar, sonra nota göndərilmişdi. Görəndə ki, İran İslam respublikası müstəqil Azərbaycanın latın qrafikasını oxumaqda çətinlik çəkir, bax o zaman zəruri tədbirlərə əl atdı. Az əvvəl dediyim kimi, İranın müvafiq orqanlarının həmkarlar ittifaqlarına, şirkətlərə lazımi tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi bir daha sübut etdi ki, Azərbaycan öz tələblərində tam haqlıymış.

Azərbaycan növbəti kəz sübut etdi ki, heç kim ona nəyi və necə etməyi diqtə edə bilməz. İranın nə təhdidinə, nə də sərhədlərimizdə hərbi təliminə ehtiyacı var idi. Sadəcə həqiqəti, ədaləti qəbul etmək lazım idi. İranlı tərəfdaşlar Allahın min adını bilir. Onlardan biri də ədalətdi. Ədl yəni. Azərbaycan ədalət istədi və anlayış da nümayiş etdirdi, nə amoli, nə şapalaq təhdidi, haqlı tələbimizi yerinə yetir və buyur, bu da iranlı sürücü qardaşlarınız. Allah yolu ilə aparın! Biz həm də bu əsnada Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan şəxslərin, təşkilatların, formalaşmış şəbəkənin ifşa olunduğunu da gördük. Deməli içimizdə bəzi şəxslər, qurumlar Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, ölkəmizi istəməyən xarici qüvvələrlə işbirliyinə getməyə, öz xalqına və vətəninə qarşı çıxış etməyə hazırmışlar. Azərbaycan bununla sübut etdi ki, əməliyyat şəraiti tam nəzarət altındadır və kimin hansı səmtə qiblələndiyini əla bilir. İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik fonunda başqa mənzərə də üzə çıxdı. Ermənistan ciddi zərbə aldı. Bu ölkə üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi əlbirliyi, inteqrasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı. Və Prezident növbəti dəfə sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Hə. Müstəqillik sadəcə gəlişigözəl ifadələr, cazibədar, ardıncadartan şüarlar üçün bəhanələr və ya səbəblər məcmuyu deyil. Müstəqillik İlham Əliyevin interpritasiyasında həm də onun taleyeklü mənasını bütün hüceyrələrinlə dərk etməkdir. Müstəqillik İlham Əliyevin təqdimatında həm də onu qorumaq və etibarlı etmək işidir. Və ən başlıcası yəqin ki, indi deyəcəyimdir. Azərbaycanda sabit mühit və hərtərəfli, çoxsahəli inkişafın Əliyev dönəmi 1993-cü ilin oktyabr ayından başlayır. İlham Əliyev özü 18 ildir ki, Azərbaycana rəhbərlik edir. 18 Oktyabr tarixi isə dövlət müstəqilliyi günü kimi 1991-ci ildən başlayır. Yəni günün adının dəyişdirilməsi 30 ildən sonra baş verib. Bəs niyə? Cavab sadədir. Dövlət müstəqilliyi gününün bərpası üçün əvvəlcə dövlətin tam bərpası lazım idi. Bu isə 2020-ci ildə baş verdi. Noyabrın 8-də. Zəfər günü ilə. Və Prezident Əliyev 18 oktyabrı Dövlət müstəqilliyi günündən Müstəqilliyin Bərpası gününə məhz indi dəyişməklə əslində istiqlal tariximizdəki ciddi yanlışlığı aradan qaldırdı. Ulu Öndər Heydər Əliyev necə demişdi?

Ona görə də bu gün Əliyevin kursunun əsas adı dövlətin müstəqilliyidir. Sumqayıtın Şüşə zavodu, Mənəviyyatımızın Şuşa məbədi, möhkəmlənən Ordumuz, möhkəmlənən valyutamız, Alov Qüllələri və məscid minarələri-hər biri ayrılıqda və hamısı birlikdə Dövlət Müstəqilliyi konseptinin tərkib hissəsi, onun lüğəvi tərkibidir. Və əgər bu gün kimsə Qələbəmizi, 44 günlük v=Vətən müharibəsinin nəticələrini şübhə altına alırsa, fərqi yoxdu, daxildə, ya xaricdə, deməli Azərbaycan dövlətini, onun ərazi bütövlüyünü şübhə altına alır. Bu yerdə bir az da qaragüruhun Tofiq YaqubluƏli Kərimli kimi nümunələri üzərində işləməyək. Çünki bu insanların yolu-uğurlu siyasi finiş vəd etməməklə gənclərin az da olsa müəyyən bir qrupunu, məhbəs həyatına, ağır və yüngül dərəcəli xuliqan gələcəklərinə sürükləyir. Bu məsum, məlumatsız, küyə gedən təcrübəsiz nəsilin, yeniyetmələrin ömürlərinin ən dinamik dövrlərini həbsxana divarları arasına aparır. Baxın nə baş verir: Azərbaycanın ərazi bütövlüyünü tanımayan qaragüruhbaşı Əli Kərimliyə, işğaldan azad edilmiş Füzulidə, Zəngilanda inşa edilən hava limanlarına sevinə bilməmək qədər bədbəxt və mənhus, qapqaragüruhçu Tofiq Yaqubluya, ümumiyyətlə onlar kimilərə inananlar sonda mütləq!!! qanunları pozmalı olur: Niyaməddin kimi məsələn... Adamın ailəsi, uşağı, yaxınları indi uzun illər gözləməlidir ki, ən doğma insan, bəlkə evin dayağı həbsxanadan qayıtsın. Yaşlı, qoca yaxınları onu bir də görə bilməyəcəklərinə şübhə ilə, nigaranlıqla yaşamalı, bəlkə də allah eləməsin, vəfat etməli olacaqlar... Azadlıq, azadlıq! deyə-deyə türməyə düşən bu adam azadlığı alacaq təbii ki. Amma nə vaxtsa və .... əfv və ya cəza müddətinin bitməsi nəticəsində. Həbsxana rəsmisinin əlindəki sənədlə birlikdə. Nə vaxtsa! Bəs odabaşıları, ənənəvi Güruhbaşıları neyləyəcək? Heç nə. Məhkəmə binalarının qarşısında növbəti müsahibələrini verəcəklər: yola davam!-deyəcəklər! Hansı yola amma? O bədbəx tazadlıq yolu bildiyi zindan yoluna. Bu bədbəxt isə evinə aparan yola. Vicdan məhbusu mövzusunda çərənləməyə. Bir qram vicdan əzabı belə çəkmədən. O və onun kimi başqa gənclər getdilər eynilə özündən əvvəlkilər kimi getdi həbsə. Ən qiymətli olanları - ömürlərini, gəncliklərini məhbəs divarları arasında qoymağa! Qaragüruh bioulflarının vücudları isə hər belə gəncin qanı, ruhu hesabına öz diriliklərini, həyatlarını uzadacaqlar. Sonda estafetlərini yeni biovulflara vermək üçün. Amma bu zənciri qırmaq da olar. Həqiqəti gizləməmək, saxtalaşdırmamaq lazımdır. Bu proses nəhayət dayanmalıdır. Gənclər öz enerjiləri ilə dövlətə xidmət etməlidir, həbsxanada yatmalı deyil! Dövlət müstəqilliyi hər birimizin ortaq müstəqilliyindən doğur.

Əliyevin Müstəqillik kursunu Paşinyanın asılılıq kursu ilə paraleldə müşahidədən keçirək. O zaman aydın olur ki, Azərbaycanın əldə etdiyi uğurları Ermənistanın uğradığı məğlubiyyətər müşayiət edir. Və yalnız Ermənistanda deyil. Məsələn Fransada da. Bu günlərdə Haqqın.az- portalı maraqlı bir araşdırma dərc etmişdi.

Fransa Məhkəməsi Ermənistanın baş lobbisti Fransua Puponinin korrupsioner və oğru olduğunu elan edib. Bu şəkildə siz onun Paşinyanın əlini necə xəfif bir təzimlə sıxdığını görürsüz. Bəs niyə bu adam Fransa qanunu qarşısında belə başıaşağı oldu axı. Buna qədər Avropada bir çox başqaları da, yeri gəlmişkıən erməni sevərlər, öz siyasi karyeralarını məhz müxtəlif cinayət əməllərinə qurban verib. Məsələn, Almaniyanın xristian-sosial xalq partiyasının başçısı və keçmiş avroparlamentari Frank Engel, Fransa senatının üzvü və Klamar şəhər bələdiyyəsinin rəhbəri Filip Kaltenbax rüşvət qalmaqalından sonra öz postlarından kənarlaşdırılblar. Böyük Britaniyanın lordlar palatasının üzvü ermənisevər bədnam Baronessa Koks məhkəmə tərəfindən Sudanda insan alverində ittiham olunmuşdu. Bu siyahıya Qarabağ separatizminin əsas lobbistlərindən biri Sarsel şəhərinin keçmiş meri və Parlamentin üzvü Fransua Puponi də əlavə olunub. Haqqın.az xatırladır ki, “dırnaqarası Fransa-“Arsax” dostluq dairəsini” idarə edən bu şəxs Bakının icazəsi olmadan Qarabağa səfərlər etdiyindən Azərbaycan Xarici işlər nazirliyinin “qara siyahısına” salınıb. Puponi Fransa senatının dırnaqarası “Artsax”-ın müstəqilliyini dırnaqarası tanıyan dırnaqarası qətnamə layihəsinin də müəllifidir. Məhz o tələb edirdi ki, Azərbaycan ərazisində saxlanılan erməni diversantları təcili azad edilsin. İndi isə onun özünün azadlığı ləkələnib. Pontuaz məhkəməsi ona ictimai vəsaitin düzgün xərclənməməsi, fırıldaqçılıq, sənədlərin saxtalaşdırılması və xidməti əlaqələrinindən sui-istifadə etmək ittihamı irəli sürüb. Bu adam sözün həqiqi mənasında dələduzmuş. Məhkəmədə sübut edili ki, məsələn 2004-cü ildən ta 2006-cı ilədək olan dövrdə Puponi idarə etdiyi yarımdövlət kompaniyası olan SEM ÇALEUĞ-dan külli miqdarda pul çırpıdırıb, bank hesabılndan külli miqdarda vəsait oğurlayıb. Onun oğurluq yolu Korsikaya qədər gedib çıxır. Məncə haqqın.az-dakı həmkarlarım Fransa məhkəməsinin Puponiyə kəsdiyi altı aylıq şərti cəzanı və 20 min avro cərimə kəsməsini sensasiya saymamaqda düz edirər. Amma bu simvolik cəza belə Fransua Puponinin karyerasını ciddi ləkələyib. Və bundan artıq olanı bilirsiz nədir: baş verən hadisənin Ermənistanın uzun müddətdir ki fəxr etdiyi, fransız əsgərinin pipiyindən çıxış etsək, xoruzlandığl lobbiçilik deqeradasiyaya uğrayır. Bu fakt Ermənistanln bütün sahələrdə uğradığı böyük məğlubiyyətlərin tərkib hissəsidir. Və bu məğlubiyyətlər Azərbaycanın qələbəsi fonunda daha aydın görünür. Müqayisə etmək istəyirsiz: buyurun. Ermənistan qalib gəlidiyi ərazilərdə, işğal altında xarabalıqlar buraxıb getdi. Azərbaycan isə bir ildir ki işğaldan azad etdiyi ərazilərdə Marşall planınını belə qibtə edə biləcəyi nəticələrə imza atır. Bütü avropanın dəstəklədiyi Marşal planından fərqli olaraq bir qəpik, bir sent belə kənardan pul almadan. Prezidentin Azərbaycana ən yuxarı nöqtədən 3 D ölçülərindən yanaşması imkan verir ki, açılışına start verdiyi daha bir DOST məntəqəsini, Zəngilanda hava limanını, Bakıda Bədii Gimnastika kompleksini-hər üçünü eyni anda görə bilsin. Bu həm də dövlətin bütün istiqamətləri eyni zamanda diqqətdə saxlamaq məharətinin göstəricisidir. Və biz bu gün müstəqillikdən danışırıqsa ilk növbədə bu təfəkkürün miqyasını dərk etməliyik. Məsələn, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini mübahisə predmetinə çevirməyi birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımamaq kimi qiymətləndirməliyik. Qarabağı azad etməyimizlə razılaşmayanlar Qarabağı Artsax hesab etmək kimi qiymətləndirməliyik. Məntiq bunu tələb edir.

Əliyevin müstəqillik kursu fonunda daha nələri görürük. Sabit hakimiyyətçilik qaragüruhu qıcıqlandırır. Stabil vətəndaş ölkəsi - qaragüruhbaşıları əsəbiləşdirir. Onlara Boliviya yolu lazımdır. Bəs nədi bu Boliviya yolu. Boliviya 1809-cu ildə İspaniyadan ayrılıb. Müstəqil dövlət olandan sonra bu ölkədə 180-ə yaxın inqilab olub, 14 dəfə konstitusiya və 80 dəfə prezidentlər dəyişib, ölkə prezidetlərinin 6-sı öldürülüb, 20- dən çox Prezident qan tökərək inqilab yolu ilə hakimiyyətə gəlib. Azərbaycan qaragüruhuna məhz belə nümunə lazımdır, çünki onların xisləti belədir, dinc şəraitdə xalqla heç vaxt təmas qura bilmirlər. Niyə biz hər dəfə demək olar ki, eyni mövzuyla başlayıb eyni məzmunda da bitiririk. Ona görə ki, prioritet birdir. Əsas məsələ birdir. Azərbaycanın müstəqilliyi. Dövlətin müstəqilliyi. Vətəndaşın müstəqilliyi. Gəlin baxaq dünyada bu gün hansı proseslər gedir? Həmkarım Vüsal Məmmədovun müəllif proqramını təqdim edirəm. Bu verilişdən sonra studiyaya qayıdacağıq.

Və Azərbaycan dünyanın böhran keçirdiyi bu zamanlarda dövlət içində dövlət qurur. Qayıdış Platforması sərgiləyir. Biz işğaldan azad olunmuş ərazilərimizdə başlanan Böyük Bərpaya dünyanın ən ciddi maliyyə və ərzaq problemlərinə baxmayaraq gedirik!!! Və hələ gələn ilin əvvəlinə dövlət yeni rifah mərhələsi elan edib. Azərbaycan qələbə qazandı. Bu qələbə ilə Rusiya qorxusunu neytrallaşdırdı. İran xofunu yığışdırdı. Qərb qorxusunu isə ləğv etdi. İndi qalır sağlam beyinlə düşünüb öz müstəqilliyini dövlət üçün yönləndirmək. Bax o zaman dövlət müstəqilliyimiz üçün heç bir təhdid qalmayacaq! Salamat qalın.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər