Mir Şahinin vaxtı - 31.10.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 31.10.2021 (VİDEO)
Real Təhlil və İnformasiya Mərkəzi, Mir Şahin. Hər vaxtınız xeyir!

Bölgəyə yeni geosiyasi vəziyyət gəlib. Və onun da müəllifi Azərbaycandır.

Başımızı primitiv xəbər lokomotivləri, internet resurslarının, sosial şəbəkələrin diqqət etdiyi ani maraqlar qatdığından içində yaşadığımız ali məqamı layiqincə qiymətləndirə bilmirik. Unuduruq ki, Azərbaycanın indi yerləşdiyi zaman və məkan ərazisinin bir adı da Keçid dövrüdür. Yeni formasiyaya, ərazi bütövlüyünün təmin olunması ilə yaranmış yeni geosiyasi vəziyyətə keçid dövrü. Bu keçid dövrü təkcə Azərbaycana deyil, bütün bölgəyə gəlib.

Yəni 20 faizə qədər ərazisi 30 ilə yaxın işğal altında olmuş ölkə - Azərbaycan qələbədən sonra tam yeni formata daxil olmaqdadır.

Özünəməxsus olmayan torpaqları 30 ilə yaxın işğal altında saxlayan Ermənistan da uğradığı məğlubiyyətdən sonra tam yeni formata daxil olmaqdadır. O Azərbaycanın yaratdığı yeni reallığa, tərtib etdiyi yeni geosiyasi çertyoja uyğunlaşmalı, düşdüyü tamamilə təzə qaba alışmalıdır.

Hər iki ölkənin əhalilərinin də yerinə yetirməyə borclu olduqları özünəməxsus vəzifələr var. Məsələn, orta statistik azərbaycanlı 30 ilə yaxın içində yaşadığı, bir növ adət etdiyi məğlubiyyət ovqatından, “20 faiz torpaq, 1 milyion qaçqınla başlayıb “bu ədalətisizliyə dünya birliyi susur”la bitən ritorikasından maksimum sürətlə çıxmalıdır.

Orta statistik erməni - “Qarabağı almışıq, ətraf rayonlar da bufer ərazilər kimi bizdə qalmalıdır, reallıq budur və dünya ya bizim müstəqilliyimizi tanımalıdır, ya da Ermənistanın tərkibinə qarışmağımızı qəbul etməlidir” - deyən ritorikadan sürətlə çıxmalıdır. Ermənistan - partası üzərinə qoyulmuş məğlubiyyət fənninə mükəmməl yiyələnməli, onu gələcək nəsillərinə ötürməyə başlamalıdir. Bu çətin olacaq, ağır, risklərlə dolu proses olacaq - çünki 30 il ərzində formalaşan erməni nəsli işğal altında saxlanılan ərazilərdə doğulub, burda məktəbə gedib, toy edib, həlak olub, buranı yanlış olsa da özünkü sayıb - amma proses başlamalıdır. Yaxın keçmişin psixoloji girovluğundan çıxmaq lazım gələcək! İndi səhvi düzəlmək üçün ermənilərə iradə reablitasiyası lazımdır. Bölkədə baş verən hadisələr o qədər fundamentaldır ki, bəzən sonadək dərk etməkdə çətinlik çəkirsən. Məsələn, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Hava Limanında qarşılaması faktının içində o qədər mühüm mesajlar var ki. İlk baxışda hadisənin adı və məzmununu belə müəyyənləşdirmək olar. İki dövlət bir millətin iki lideri işğaldan azad edilmiş ərazilərdə görüşürlər. Bir neçə ayın içində tikilib istifadəyə verilən hava limanı isə sadəcə iradə və əmək möcüzəsidir.

Amma hadisənin mahiyyəti daha dərindir. Əliyev və Ərdoğan Qarabağa, bölgənin tam yeni geosiyasi vəziyyətini qəbul etməyə gəlmişdilər. Zəngəzur dəhlizinin təməlinin qoyulması isə elə yeni regional gələcəyin təməlinin qoyulmasıdır. Əgər Şuşa bəyannaməsi Qurtuluş günündə imzalanmışdısa, Zəngəzur dəhlizinin bünövrəsi Türkiyənin Cümhuriyyət bayramı ərəfəsində qoyuldu. Bayramlarımız da, gələcəyə aparan yollarımız da birləşir!

Burda məsələ həm də yeni planetar gələcəkdədir. Rəqəmsal gələcəkdə. Əliyev Qarabağı yeni istinad divarları üzərində tikir. Ağıılı kənd, ağıllı şəhər modeli dördüncü sənaye inqilabının aparıcı inzibati vahidlərindən biri olan Azərbaycanın, yeni bəşəri təfəkkür formasiyasının memarlarından biri olan Əliyevin, hər bir icraçıdan, məmurdan, sakindən olduqca məsuliyyətli yanaşma tələb edən layihəsidir. Ağalı kəndi bu baxımdan pilot layihədir. Yəni Ağalı kəndi yaşıl enerji, ağıllı kənd təfəkkürü ilə işləyən və bu yeni şərtlərdən irəli gələn tərzin hökm sürəcəyi yaşayış məntəqəsi olmalıdır.

Ağalı kəndində quraşdırılan model bütün Qarabağ üçün maketdir. Qarabağ gələcəkdə belə olacaq - deməkdir. Qarabağın özü isə yaşıl enerji, ağıllı yaşayış məntəqəsi modeli tək Azərbaycan üçün nümunə olmalıdır. Yəni Azərbaycan gələcəkdə belə olacaq deməkdir. Beləliklə, Ağalı Azərbaycanın gələcəyidir - deməkdir. Göründüyü kimi, Ağalı kəndinin ağıllı kənd kimi bu günü həm Qarabağın, həm də Azərbaycanın gələcəyi üçün fövqəladə əhəmiyyət daşıyır. Ona görə də Ağalı kəndinin Prezidentə təhvil verilməsinin məsuliyyəti də xüsusi olacaq. Bu bir imtahandır. Ağalının memarları, onu tikib quranlar, damına günəş batareyaları, zirzəmisinə 200 litrlik su qoyanlar yəqin özlərinə hesabat verirər ki, dördüncü sənaye transfarmasiyasına ən adi detalınadək bələd olan Prezident onlardan sadəcə bir yeni - özü də sözün əsil mənasında təfəkkürcə yeni kəndi qəbul etməyəcək, gələcəyin Qarabağının, gələcəyin Azərbaycanının ilkin şəklini qəbul edəcək. Onu da xatırlayaq ki, Ağalı kəndinin təməlini İlham Əliyev bir Prezident yox, Ali Baş komandan kimi qoymuşdu. Təbəssüm, xoş ovqat öz yerində, amma unudulmamalıdır ki, hərbi tələbkarlıq mülki məzmunludan dəfələrlə artıq olur.

Ağalı kəndinin Birinci Şəxsə təhvil verilməsi-təkrar edirəm-imtahan olacaq. Arzu edək ki, üzüağ çıxılsın! Qarabağ yenidən salınır. Qara bağ yenidən əkilir də demək olar. Ərdoğan və Əliyevin birlikdəliyi ilə. Bu bir əlbirlik, qəlbbirlik jestidir.

AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov: Möhtərəm cənab Prezident, hərəkət etdiyiniz bu yol Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Bu yol altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcək. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

Prezident İlham Əliyev: Kəlbəcərdə tunellər inşa edilir, 12 kilometr.

Saleh Məmmədov: Bəli, Azərbaycanda ən böyük tuneli “Çingiz İnşaat” inşa edir, Toğanalı-Kəlbəcər yolundakı Murovdağ tuneli. Bu, Azərbaycanda ən böyük tuneldir, 11 min 600 metrdir. Artıq o tunelin 350 metri qazılmışdır. Şəkilləri var, mən Sizə göstərəcəyəm.

Prezident İlham Əliyev: Bir də Laçın-Kəlbəcər tuneli.

Saleh Məmmədov: Bəli, Qorçu aeroportunun 3,5 kilometrlik Laçın-Kəlbəcər tuneli də var.

Prezident İlham Əliyev: Tunellərin toplam uzunluğu nə qədərdir?

Saleh Məmmədov: Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Ümumilikdə Qarabağ zonasında işləyən şirkətlərdə toplam 13 min 280 nəfər çalışır.

Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz.

Saleh Məmmədov: Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun.

Bu yolun üzərində də 3 tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metr iş görülüb. Bu hissədə bütün yolu “Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq.

Bu, bizim dayandığımız 6-4 cərgəli Əhmədbəyli-Füzuli ana yoludur. Bu isə, həmin bu qovşaqdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol olacaq, İnşallah. Bu da Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedən tikinti işlərinin şəkilləridir, “Çingiz İnşaat”ın işlədiyi tunellərdir. Burada işlər həm partlatma üsulu ilə gedir, həm də sıxma üsulu ilə.

Hazırda qısa tunellərdə işlərin 45-50 faizi yerinə yetirilib. Bunlar da tikinti vaxtı görülən işlərdir. Biz möhtərəm cənab Prezidentin göstərişi ilə orada tikintiyə qışda başlamışdıq. Bunlar həmin dövrdə çəkilən şəkillərdir. Ümumiyyətlə, Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə “Kalyon” şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb. Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir. Böyük işlər görülüb, “Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.

Zəngəzur dəhlizinin möhrəsinin qoyulması həm də tarix möhürünün qoyulmasıdır. Eyni zamanda Rusiya Federasiyasının da imzaladığı 10 noyabr bəyanatının komunikasiyaların açılması bəndinin təkcə Azərbaycanla yox, həm də NATO-nun azman üzvü olan bir dövlətlə birgə icrası deməkdir. Yeri gəlmişkən biz dəfələrlə şahidi olmuşuq ki, NATO və Rusiyanın Baş Qərargah rəisləri planetin hərbi taleyi ilə bağlı ən aktual məsələləri məhz Azərbaycanda, məhz Bakıda müzakirə edir. Azərbaycan və Türkiyə liderlərinin bəyanatları həmin mövqedən baxanda da çox möhtəşəm görünür.

İndi isə gəlin ümumiyyətlə bu, dəhliz mövzusuna qeyri-peşəkar, qeyri-ciddi, bəzən isə zərərli yanaşmaların qarşısını almaq məqsədilə belə bir arayış təqdim edək. Əvvəlcə aydınlaşdıraq: dəhliz və ya koridor ümumiyyətlə nədir?! Dəhliz - bir neçə ölkənin ərazisindən keçən, avtomobil, dəmiryolu, hava yolu, dəniz marşrutuna deyilir. Belə dəhlizlər Azərbaycan və Ermənistan ərazilərindən də keçir. Məsələn Ermənistan ərazisindən İran-Ermənistan-Gürcüstanı birləşdirən Şimal-Cənub dəhlizi keçdiyi kimi, Azərbaycan ərazisindən də Şimal-Cənub dəhlizi keçir ki, o da, İran-Azərbaycan-Rusiya Federasiyası və Skandinaviyanı birləşdirir. Azərbaycandan həm də Transxəzər, Şima-Şərq, Cənub Qərb dəhlizləri keçir. Ermənistan-Azərbaycan-Rusiya Federasiyası-İran İslam Respublikası və bir sıra başqa ölkələri bir-birinə avtomobil və dəmiryolu ilə bağlayan dəhlizi - biz yerin adı ilə Zəngəzur dəhlizi adlandırırıq. Amma bununla yanaşı, nəqliyat dəhlizi heç bir halda və o cümlədən indicə qeyd etdiyimiz hallarda ərazisindən keçdiyi ölkələrin suverenliyinə toxunmur, ərazi bütövlüyünü pozmur. Dəhliz mahiyyət etibarilə qarşılıqlı razılaşdırılmış nəqliyyat və tarif siyasəti həyata keçirmək məqsədilə zəruri şərtlərin hazırlanmasını, sərhədlərdən keçid üçün əlverişli şəraitin yaradılmasını, yüklərin ünvana tez çatdırılmasını və ərazilərindən keçən ölkələrdə təhlükəsizliyə təminatı nəzərdə tutur. Ona görə də Zəngəzur Dəhlizi ətrafında Ermənistanda yaradılan və danışıqlar prosesinə mane olan ifrat ajiotaj azı başa düşülən deyil. “Gün gələcək ki, biz Azərbaycandan çıxıb Türkiyəyə yola düşəcəyik!”- bəyanatı da, ermənilərin teleqram kanalları daxil olmaqla Ermənistan kütləvi informasiya vasitələrində narahatlıq və qıcıq doğurur. Amma əlbəttə ki, nahaq yerə. Çünki, bu fakt regionda kommunikasya xətlərinin açılması nəticəsində ortaya çıxan mümkün variantlardan biridir. Ermənistanın Baş nazirinin elan etdiyi kimi: Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsilə Ermənistan!!!!! Rusiyayla həm avtomobil, həm də dəmir yolu, İranla isə dəmiryolu əlaqəsinə malik olacaq. Amma göründüyü kimi bu fakt Azərbaycanda nə narahatlığa, nə də qıcığa səbəb olur. Bəzən Zəngəzur dəhlizini Laçın dəhlizi mövzusu ilə müqayisə edirlər. Bildiririk ki, Laçın dəhlizi nümunə gətirilə bilməz. Çünki bu Rusiya Federasiyasının ərazilərimizdə müvəqqəti yerləşən sülhməramlı qüvvələri tərəfindən qorunan bu dəhliz Azərbaycanın Qarabağ regionu ilə Ermənistan arasında rabitə yaradır, vəssəlam. İndi isə Zəngəzur dəhlizinin əhəmiyyəti barədə: Prezident İlham Əliyev belə demişdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər”.

Beləliklə, yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq. Dəhliz Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək. Bu coğrafiyadan keçəcək dəmir və avtomobil yolları təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan:

Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir.

Zəngəzur dəhlizinin açılması ilə bərabər Qars-İğdır-Naxçıvan dəmir yolunun inşası da Türkiyə və Azərbaycan üzərindən yük və sərnişin daşınmalarını fəallaşdıracaq. Yadınızdadırsa, 2020-ci il, fevralın 25-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qars – İğdır – Aralık – Dilucu – Sədərək – Naxçıvan – Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Bakı – Zəngəzur – Naxçıvan – Qars – İstanbul istiqamətinin işə salınması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Bu layihələr Naxçıvan dəmir yollarının dirçəlməsi və inkişaf etməsi üçün çox gözəl imkandır. Naxçıvanda dəmir yolu hələ XX əsrin əvvəlindən mövcud olub. 1941-ci ildə Mincivan–Culfa xətti istifadəyə verildi və Naxçıvandan Bakıya dəmir yolu ilə səyahət etmək mümkün oldu. Yolun bir hissəsi Ermənistan ərazisindən keçsə də, yol bütünlüklə Azərbaycan dəmir yollarına məxsus idi. Erməni təcavüzü nəticəsində Azərbaycanın bu dəmir yollarının mühüm hissəsi işğal altında qaldı və Naxçıvan Muxtar Respublikası blokadaya düşdü. Bakıdan Naxçıvana gedən sonuncu yük qatarı 1992-ci ilin aprelində yola düşüb, amma təyinat nöqtəsinə çatmayıb və Ermənistan ərazisində qalıb. Sonuncu sərnişin qatarı isə 1991-ci ilin dekabrında Bakıdan Şərura gəlib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi və Zəngəzur dəhlizinin gerçəkləşməsi ilə Naxçıvan dəmir yollarının tarixində yeni mühüm səhifə açılacaq.

Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş 110,4 kilometrlik Horadiz-Ağbənd xəttinin minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri fəal şəkildə həyata keçirilməkdədir.

Bəs Zəngəzur Dəhlizi qonşu ölkələrə nə verəcək? Bu dəhliz ümumilikdə bölgə iqtisadiyyatı üçün geniş imkanlar pəncərəsi açır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün də əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə üçün Azərbaycanla birbaşa və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlərlə əlavə bağlantı yaranır. Zəngəzur Türk dünyasını birləşdirən zəncirin mühüm həlqəsi rolunu oynayacaq. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək. Həmçinin əlavə Türkiyə-Rusiya və Türkiyə-İran nəqliyyat marşrutları işə salınır. Bakı-Tiflis-Qars dəmir yolu ilə yanaşı əlavə marşrutun istifadəyə verilməsi Türkiyə üçün nəqliyyat istiqamətlərinin diversifikasiyası deməkdir. Əslində Zəngəzur dəhlizinin gerçəkləşməsi özünü anlamazlığa vuran Ermənistan üçün də həyati vacib əhəmiyyət kəsb edir. Bu, Ermənistan üçün əsas ticari tərəfdaş olan Rusiya və İran ilə Azərbaycan ərazisindən keçməklə dəmir yolu və avtomobil xətlərinin açılması deməkdir. Daha geniş müstəvidə Zəngəzur koridoru Ermənistanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu kommunikasiyalar Ermənistana dünya nəqliyyat sisteminə qoşulmağa və blokadadan çıxmağa imkan verəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Rusiya üçün Ermənistanla bağlantı yaratmaqla bərabər Türkiyə və İran istiqamətində əlavə nəqliyyat marşrutlarını işə salacaq. İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistanın dəmir yollarını idarə edən “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti Rusiya Dəmir Yollarının (RJD) törəmə şirkətidir. Beləliklə RJD üçün öz törəmə qolu ilə birləşmək xüsusilə önəmlidir. Həmçinin Rusiyadan Ermənistana göndərilən yüklərin böyük həcmi onların dəmir yolları ilə daşınmasını sərfəli edir.

Bəs Dəhlizin açılması dünya nəqliyyat bazarına necə təsir edəcək? Ever Given gəmisinin Süveyş kanalını bağlaması və bu hadisənin fəsadları Zəngəzur dəhlizi kimi alternativ marşrutların inkişaf etdirməyin nə qədər vacib olduğunu əyani şəkildə göstərdi. Zəngəzur koridorunun fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə də Şərq-Qərb dəhlizinin inkişafına gətirib çıxaracaq. Keçmiş Böyük İpək Yolu ənənələrinin davamçısı olan Şərq-Qərb dəhlizi Çinlə Avropanı birləşdirir. Əgər əvvələr yüklər əsasən Şərqdən Qərbə hərəkət edirdisə, çox sevindirici haldır ki, bu gün bu dəhliz hər iki istiqamətdə fəal şəkildə istifadə edilir. Məsələn, ixrac yüklərini daşıyan konteyner qatarları mütəmadi olaraq Türkiyədən Çinə hərəkət edir. Əlavə marşrutun yaranması bu əməliyyatları daha da fəallaşdıracaq.

Zəngəzur koridorunun müsbət təsir edəcəyi istiqamətlərdən biri də Şimal-Cənub nəqliyyat dəhlizidir. Şimal-Cənub nəqliyyat dəhlizi əsasən Hindistan və İran Körfəzi regionu və Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələri arasında yük mübadiləsinə hesablanıb. Şimal-Cənub tranzit dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə İran körfəzindən Helsinki şəhərinə daşıma müddəti 45-60 gün təşkil edirsə, Şimal-Cənub tranzit dəhlizi ilə bu müddət 20-25 günə bərabərdir. Təsadüfi deyil ki, bu il Şimal-Cənub dəhlizi ilə hərəkət edən ilk konteyner blok qatarı Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına çatıb. İndi Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi, eləcə də Avropa Birliyi ölkələrindən konteynerlərin geri yüklənməsi müzakirə edilir. Az əvvəl dedik ki, Azərbaycanın qazandığı qələbə regiona yeni bir keçid mərhələsi gətirib. Füzuli Beynəlxalq hava limanından Mehman Rəsulovun təəssüratlarını təqdim edirik. Həmkarım həm də çox poetik olan reportajını “Füzuli: Şəmi-hicran!” adlandırıb.

Bu müqəddəs günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki dövlətin bir milləti adına AZAN da səsləndi. Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı Qarabağda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə müşayiət edirdi...

Ali Erbaşla Şeyxülislamın iqamətgahında söhbət etdik. Nurani, xoşsima və çox dərin adamdı.

Əslində, Füzuli Beynəlxalq hava limanının rekord sürətlə inşa edilməsi, hələ bir il əvvələ qədər sərgərdan ruhlarımızın ünvansız uçuşduğu səmalarımıza misilsiz tarixi dönüş etməyimiz bizdən ötrü əsrin prioriteti olmalıydı. Və yituber Əli Əliyev, hesabdar Qubad İbadoğlu, fərari Fəhmin Hacıyev, qaragüruh Əli Kərimli kimi siyasi şundullar belə ən azı qürurlanmaq, məğrur olmaq əxlaqı nümayiş etdirməliydilər. Amma Vicdanının Qürur Çağını Yaşayan Millətlə, Vicdanının Qürub Çağını Yaşayan Zillət eyni yolu gedə bilmir. Tarix göstərir ki, heç nə boşuna olmur. Hər şeyin əsası var. Və mənəviyyat vaxtı, məğrurluq çağı, milli heysiyyət zamanı başını təyyarənin quyruğunun altına soxub rentabellik axtaran boşboğaz Qubad İbadoğlunun da tənqidi kin və nifrət, öz dövlətinə, milli maraqlarımıza zidd olmağın nəticəsidir. Məhz Qubadın övladı Vətən müharibəsinin qızğın vaxtı döyüşü dayandırmağa çağıranlarla birlikdə idi və separatçı Alla Akopyanın müraciətinı imzalamışdı. Müraciətdən bir-iki sətir oxuyum, icazənizlə!

BİZ BU MESAJI OXUYARKƏN BELƏ İNSANLAR DAĞLIQ QARABAĞ VƏ ƏTRAF ƏRAZİLƏRDƏ HƏLAK OLURLAR. GƏNC OĞLANLAR VƏ KİŞİLIƏR BUNUN HEÇ BİR HƏLL YOLU VƏD ETMƏDİYİNİ BİLDİKLIƏRİ HALDA BİR-BİRLƏRİNİ ÖLÜMƏ MƏHKUM EDİRLƏR.... BU MÜHARİBƏNİN QALİBLƏRİ YOXDUR. BÜTÜN QAFQAZA SƏFALƏT, ÖLÜM, YOXSULLUQ VƏ MÜSTƏQİLLİK İTKİSİ GƏLƏCƏK.

Bu övlad! İndi isə atanın, Qubadın çıxışını dinləyəcəyik. Deməl Azərbaycan bir zamanlar arzularımızın ucundan belə keçməyən bu günün 30 il o tayında, bir xəcalət ünvanl kimi qısılıb qalmış Füzuli rayonunda beynəlxalq hava limanında təyyarə qəbul edir. Bu adam isə bir müqəddəs günə sevinə bilmək duyğusundan belə məhrumdur. Səsə baxın, tona baxın, üzə baxın, sifətə baxın...

Adama deyərlər hansı rentabellikdən danışırsan ay yazıq insan?! Heç bilirsənmi müharibə vaxtı ermənilər üzərlərinə şığıyan dronun hansı hava limanından qalxdığını niyə müəyyən edə bilmirdilər? Ona görə ki, o Gəncəni nəzərdə tutanda dron Zaqatala hava limanından qaldırılırdı, Zaqatalanı qeydə alanda Qəbələ hava limanından! Bir dəfə Yevlax hava limanından, o biri gün Lənkəran hava limanından... Sənə yenə rentabellik lazımdır? Budu rentabellik! Artıq da deyək???

Ya bir başqa çənəmən. Yutuber Əli. AZAL-ı Azərbaycan Hava Yollarını bəlkə də hər gün tənqid etmək olar. Amma məhz o gün, o müqəddəs gün, məhz Füzuli Beynəlxalq hava limanının rəsmi açılışı günü AZAL-ın üzərinə getməyin mesajı ayrı, çoxşaxəli idi. Yutuber ağzı tüpürcəklənə-tüpürcəklənə altdan yuxarı, təyyarə boyuna boğaz uzatdı. Baxmayaraq ki, yuxarı tüpürülənin aqibətini də bilməmiş deyil. Özü də ermənistanlı həmkarlarının Füzuli hava limanına doğru hürüşdüyü bir gündə onlarla morze əlifbası ilə səsləşdi, küyləşdi, haylaşdı.

Bilmirəm fikir vermisiz, ya yox. Amma Azərbaycanın qələbəsini bir qayda olaraq məğlublar tənqid edir. Dövlətin uğuruna, xalqın qələbəsinə çamur atan, şəkk gətirənlərin ya hamısı, ya da demək olar ki, hamısı məğlublardır, uğursuzlardı, xainlərdir, fərarilərdir. O kəslər ki, ya indi uğursuzluqlarını, maddi və mənəvi investisiyaları üçün səbəbə çeviriblər, ya da elə Birinci Qarabağ Müharibəsində böyük bir rüsvayçılıq, biabırçılıq, acınacaqlılıq rəmzləri olublar. Məsələn başqa bir Mirzə Ələkbər Sabir həpəndi də var. 90-cı illərin artığı. Daşlaşan, daha doğrusu nimdaşlaşan keçmişin bir tikəsi. Fəhmin Hacıyev. Gəlin xatırlayaq kimdi bu Fəhmin? Fəhmin 1 fevral 1992-ci ildən müdafiə nazirinin vəzifəsini icra edən Ş.Musayevin əmri ilə leytenant rütbəsində hərbi qulluğa qəbul edilərək, əməliyyat idarəsinin baş zabiti vəzifəsinə təyin edilmişdi. 15 fevral 1992-ci il tarixdə, sonradan vətənə xəyanətdə ittiham edilən Ş.Musayev F.Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi olması barədə vəsiqə verib onu Ağdama göndərmişdi. Leytenanta. Hələ 80-ci illərdə dələduzluq üstündə cinayət məsuıliyyətinə cəlb edilmiş birisinə. Və həmin gün Ağdama gələn F.Hacıyev Qarabağ zonası üzrə silahlı qüvvələrin vahid komandanı Əliyevin iş otağını zəbt etmiş, özünü prezident tərəfindən göndərilən səlahiyyətli nümayəndə, bütün silahlı qüvvələrin komandanı elan etmişdi. 17 fevral 1992-ci il tarixdə Ağdam Rayon Daxili İşlər Şöbəsi rəisinin kabinetində keçirilən, Ağdamda yerləşən bütün silahlı qüvvələrin komandirlərinin iştirak etdiyi müşavirədə Qarabağ Zonası üzrə Daxili İşlər İdarəsi rəisinin müavini Şahin Cahangirov Xocalı əhalisini mühasirədən çıxarmaq üçün aparılacaq, D.Rzayev tərəfindən hazırlanmış əməliyyat planını təqdim etmişdi. Müşavirədə özünü komandan kimi aparan F.Hacıyev əməliyyatın həmin plan əsasında keçirilməsini qadağan etmiş və Xocalını mühasirədən çıxarmaq üçün rəhbərliyi öz üzərinə götürmüşdü.21, 22, 23, 24, 25 fevral 1992-ci il tarixlərdə, hər gün F.Hacıyev Xocalı şəhərini mühasirədən çıxarmaq üçün əməliyyatın başlama vaxtını təyin etmiş, hər dəfə də müxtəlif bəhanələr irəli sürərək əməliyyatın keçirilməsini Xocalı faciəsi baş verənədək başqa günə keçirmişdi. O, 23 fevral 1992-ci il tarixdə “Qrad” qurğularını səbəb göstərmədən Ağcabədi rayonunun aeroportuna aparmışdı. Xocalı faciəsi baş verərkən “Qrad”lar Ağdamda yerləşdirilmədiyindən hücum edən ermənilərə zərbə vurmaq üçün həmin qurğulardan vaxtında istifadə etmək mümkün olmamışdı. 25 fevral 1992-ci il tarixdə axşam saat 22 radələrində erməni quldurları Xocalı şəhərinə hücum edərkən F.Hacıyev heç bir tədbir görməmişdi.Asif Məhərrəmov, Allahverdi Bağırov və Yaqub Rzayevin başçılığı altında Ağdam rayonunun özünümüdafiə dəstələri Xocalı şəhərindən qırğından canlarını qurtarıb qaçan əhalinin yolunu ermənilərdən təmizləmək üçün döyüşə atılanda F.Hacıyev gizlənmişdi. F.Hacıyev Xocalı əhalisinin gizli yollarla mühasirədən çıxarılmasından ötrü Qarabağ zonası üzrə Milli Təhlükəsizlik İdarəsi tərəfindən ona təqdim edilən bələdçiləri yanından qovmuş, insanları qırğına vermişdi. Bax bu məğlubiyyət və üzüqaralıq abidəsi başqa cür danışa bilməz də axı. Buyurun indi dinləyin!

Və bu adam hələ başa düşmür ki, delimitasiya nədir:! Hələ bir tərcüməsini də edir. Pozor!

Savadsız, avam, məlumatsız bir ovuca hesablanmış çıxışı zamanı bu adamın üz ifadəsinə yəqin ki fikir verdiniz… Adam Qarabağın adını da eynən ermənilər kimi deyir. Artsax. Və deməyim də odur ki, belələrindən ibarət bir qrup var və o iqtidara deyil, dövlətə və qələbəmizə müxalifətdədir. Onlar təbii ki, Yeni Azərbaycan, “ağıllı kənd”, “yaşıl enerji” şüurundan azı 30 il uzaqdır. Ermənilərə bir şəkilçi qədər də olsa yaxın olmaq məqsədilə vətənimzin adını Azərbaycan yox, azərbacYAN oxuyanların demokratiya anlayışları da zərərlidir. Məsələn, bu adamların inam və iman gətirdikləri importni demokratiya Azərbaycanı yalnız zəif düşkün görmək istəyir. Eynilə Culian Asanc kimi. Vikiliksin yaradıcısı, həbsxanada faktiki olaraq çərlədilir. Öldürülür. Bağıra-bağıra. Amerikalılar və britaniyalıların sayeyi mərhəmətindən Asancın səhhəti həbsdə o qədər ağırlaşıb ki, bədbəxtin heç London Ali Məhkəməsinin iclasına videoformatda qatılmağa da heyi olmayıb. Vəkili deyib ki, o videorabitədə çox halsız, arıq, heysiz, ruhsuz görünürdü. O qədər zəif imiş ki, stolun üstünə uzanıbmış. Götürüb əlləri üstdə apardılar. Azərbaycan qaragüruhu və ya şundulizminin qəyyumu olan ameriakalılar isə bilirsiz nə ediblər? Tibbi qənaəti, həkim arayışını tənqid ediblər. Amerika Birləşmiş Ştatları, ümumiyyətlə Qərb təsisatlarının demokratiyaya özünəməxsus baxışları var. Demokratiya mənim süpürgəmdir. Harda qoydumsa orda dayanmalıdır. Bu gün demokratiyaya Amerikanın münasibəti təxminən bizim məşhur qayınananın gəlinə münasibətidir. Mili Məclisdə Zahid Orucun çıxışı bu baxımdan mənə həm maraqlı, həm də dərin təhlilin qənaəti kimi əsaslı göründü. Dinləməyi tövsiyə edirəm.

Zahid Oruc: “Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil”? - YouTube

Əgər belə deyilsə, niyə Qərb Azərbaycanda iki il əvvəl keçirilmiş seçki mövzusunu geri möhlətlə gündəliyə çıxarır. Niyə Azərbaycandakı azadlıqlar müzakirəyə çıxarılır? Qarabağ məsələsini təkbaşına həll edərək, dünyanın ən güclü dövlətərinin maraq və marıq təbiətini ifşa etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirməklə əslində bu qurumun nüfuzunu da müəyyən qədər xilas etmiş Azərbaycana, onun bu uğurunu bağışlaya bilməyənlər arasında Amerika Birləşmiş Ştatları da var. Bu ölkənin psevdodemokratiya elçiləri Qarabağ ətrafında birləşmiş xalqın Qələbə ətrafında birləşməməsi üçün bacardığını edir. Azərbaycanda heç vaxt olmadığı səviyyədə etibarlı xalq-dövlət birliyinin əsaslarını hədəfə alan layihələrin yenidən dirildilməsinə çalışır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusundakı kursun açılış mərasiminə toxunaq. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsinin iştirak etdiyi tədbir bir neçə aspekti ilə maraqlıdır. Əvvəlcə onu deyim ki, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurası Baş katibinin nümayəndəsinin də iştirakı ilə, bu heyətdə keçirilən görüş qələbədən sonra ictimaiyyətin diqqətinmə təqdim edilən ilk belə tədbir idi. Eyni zamanda klassik şüarı yeni situasiyaya uyğunlaşdırsaq belə də demək olar. İki dövlət üçün bir təhlükəsizlik qalxanı. Deməli, Qələbənin nailiyyətlərinin qorunması istiqamətində görülməsi vacib işlərin yeni səviyyəsi var. Ramil Usubovun xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələrin öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyi yenidən pozmağa çalışmasını, bu kontekstdə müxtəlif təxribatlara əl atdığını qeyd etməsi belə nəticə çıxarmağa əsas verir ki, yeni çağırışlar fonunda dövlətin müvafiq orqanlarının qabaqlayıcı və sərt tədbirlər sistemi var. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanları birgə effektiv mübarizə aparır və dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlər görülür. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dövlət başçısının rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının əhəmiyyətini bu kontekstdə vurğulaması da təsadüfi deyil. Təhlil predmeti kimi bu fikir də maraqlıdır. “30 ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amil Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti idi və Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində Vətən savaşında qazanılmış qələbə regionda yeni təhlükəsizlik düzəni formalaşdırıb.” Bu fikrə əlavə olaraq qeyd edək ki, qələbənin nailiyyətlərinin qorunması dedikdə biz həm də bu sahmana görə, baza dövlətin - Azərbaycanın daşıdığı əsas məsuliyyət yükünü nəzərdə tuturuq. Elə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev də tədbirin keçirilməsinin əhəmiyyətinə indiki dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyi kontekstində toxunub. Milli Təhlükəsizlik məsələləri vahid müstəvidədir və mümkün risklərlə mübarizənin səmərəli olması üçün aid qurumlardan koordinasiyalı şəkildə fəaliyyət tələb edir. Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri ilə də rastlaşırıq. Ermənistanda, mövcud vəziyyəti qəbul edə bilməyən və ölkəmizə qarşı əks-təbliğat aparan, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışan, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışan qüvvələrin ölkəmizə qarşı mümkün təxribatlarını Prezident İlham Əliyevin rəhbərliyi altında aid dövlət orqanları diqqətlə izləyir və adekvat tədbirlər görür. Əli Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verdi, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin qarşısını almağın da daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırdı. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışdı. İndi isə tədbirin bütün ruhunu və hasil edilən qənətini əks etdirən fikir: Respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək. İndi isə təhlükəsizlik məsələlərinin çoxşaxəli olduğöu və bu sahədə hər birimizin üzərinə düşən vəzifələr barədə danışaq. Azərbaycanda dövlətin əsas dayaq modeli ailədir. Qərbin ailəyə baxışı ilə bizim ənənəvi ailə dəyərləri xeyli fərqlidir. Elə buna görə də qərbin ayrı-ayrı təsisatları Azərbaycanda daha çox ailə dəyərlərini hədəfə alan, feminizm cərəyanı adı altında məhz bizim mənəvi ocaqlarımızı dağıtmağa çalışan ideologiyanı fəallaşdırır. Yoxsa bunu başqa necə izah etmək olar ki, Haaqada 100 illərin arzusunu həyata keçirən Azərbaycan Ermənistanın nəhayət Beynəlxalq məhkəməyə çəkib! Gün gələcək ermənilər cavab verəcək deyirdik ha. Bax o cavab günüdür. Bəs biz nəylə məşğuluq? Hansısa xəstə, manyak birinin ardınca düşüb tarixi prioritetləri arxa plana atırıq. Bir media etikası da olmalıdır axı. Hər bir ölkədə, hər bir xalqın içində qeydə alınan bir rüsvayçılığı feminizm güruhunun yedəyində müzakirə edir, LGBT bayrağını 3 rəngli bayrağımızla mənuniyyətlə dəyişməyə amadə olanların havasına oynayırıq. Məsələn Fuad Qəhrəmanlının keçmiş ailəsində baş verənlərin bu şəkildə ajiotaja layiq görülməsi, əslində bir zamanlar abır-həya çərçivəsində müzakirə edilən bir biabırçı faktın belə ac-yalavaccasına həzm rabeyə buraxılması məgər onu göstərmir ki, məqsəd məhz feminizmi alternativ müxalifət cərəyanı kimi meydana çıxarmaqdır!??? İstanbul konvensiyasını Azərbaycanda aktuallaşıdrmaq kimin ideyasıdır-məgər aydın deyil? Axı bu konvensiya məhz Azərbaycan kimi ənənəvi ailə dəyərlərinə istinadla yaradılmış dövlət institutlarını hədəfə alır! Çünki artıq Qərb Azərbaycanda antidövlət mövqeyində olan dəstək qruplarını yaratmaqda çətinlik çəkir. O Azərbaycana münasibəti Qeyri Hökumət Təşkilatkarı siqment üzərindən formalaşdırır. İndi o Azərbaycanda tək-tük qalmış çuğulçularını, nökərlərini bir zamanlar olduğu kimi birbaşa və sırtıqcasına maliyyələşdirə bilmir. Əl-Qaidə üsulu ilə işləyir. Əvvəllər Gürcüstan yolu var idi. Azərbaycan-Gürcüstan münasibətlərinin tam sağlamlaşması və müvafiq qurumların apardığı fəaliyyət nəticəsində daha Gürcü yolu yaramır. İndi adət ediblər Ukraynaya. Daha çox Əl-Qaidənin istifadə etdiyi Həvalə yolundan bəhrələnən yerli güruh indi Ukrayna üzərindən işləyir. Həvalə yolu adından da göründüyü kimi bui proses həvalə etmək anlamındadır. Yəni bu pulu apar ver ona, o da o birinə, o da sonda əsas ünvana. Bankda hesablar açılır, sonra kartlar verilir. Qeyd edək ki, pulun bu şəkildə çatdırılması qadağan edilmiş yol hesab edilir.

Yaxud, təhlükəsizliyimizə təhdid ola biləcək yeni hallarla üzləşirik. Hamımız bilirik ki, qalib ordunun cəmiyyət hüzurunda məqamı ucadır. Amma bu məqam dövlətdən, onun qanunundan uca olmamalıdır. Müəyyən naqisliklərlə rastlaşırıq ki, sonda cəmiyyətin qaziyə münasibətində neqativ əlamətlər yarada bilər. Məsələn hansı hallarla üzləşirik: qazi olmaya-olmaya özünü qazi kimi təqdim etmək və bununla da imtiyaz əldə etmək cəhdi. Qazilər arasında nömrəsiz maşınlarla şəhərin küçələrində hərəkət etmək. Mənim maşınımı saxlaya, yoxlaya bilməzsən. Amma bu maşınlar sabah hər hansı qanun pozuntusu törədərsə, qəzaya uğtrayarsa, piyadanı vurub qaçarsa... nə olacaq. Qalib ordunun parlaq adı ətrafında kölgələnənlər döyüşçü adına da kölgə salırlar. Son vaxtlar bizə aid olan sahələrdə də, məsələn efir məkanında müəyyən problemlər müşahidə edirəm. Toyu olmamış şəhid olan gənc övladlarına "toy" məclisləri keçirən şəhid analarının efirə çıxarılaraq hərəkətlərini nümunə kimi təqdim edirik, bu toplantılardan foto və videolar yayırıq, şəhid ailəsi üzvlərini, xüsusilə şəhid analarını şəxsi mənfəətləri, ucuz PR-ları üçün istifadə edənlərə efir tribunası veririk. Müvafiq sənəd tələb etmədən, hərbi geyim daşımaq hüququ olmayan şəxsləri hərbi formada efirə çıxarırıq, hərbi geyim daşımaq hüququ olanların Azərbaycan Silahlı Qüvvələrində olmayan qondarma hərbi formalarda efirə çıxarılmasına yol veririk. Hərbi biletində başqa qoşun birləşmələrində xidmət etdiyi yazıldığı halda, "xüsusi təyinatlı" adı altında xüsusi təyinatlılara dəxli olmayan şəxsləri bu altında təqdim edirik. Gerçək olmayan qaziləri real qazilər kimi göstəririk. Araşdırma aparmadan. Dəqiqləşdirmədən. Son nəticədə müqəddəs şəhid anası yalnış efir siyasəti nəticəsində "antiqəhrəman"a çevrilir. Döyüşlərdə iştirak edən, fədakarlıq göstərən döyüşçülərin əməyi müharibədə olmayan saxta qazilər tərəfindən mənimsənilir. Şəhidin maketini düzəldib hədiyyə kimi şəhidin ailəsinə aparırıq. Az yaşlı şəhid balalarının, körpə uşaqların ata! ata deyə maketə doğru qaçmasını lentə alırıq yayırıq.... Bütün bunlar müəyyən mənada elə informasiya təhlükəsizliyidir. Ya media haqqında qanunun hələ ki müzakirə mərhələsində olduğu indiki zamanda biz sanki başsızlıqdı, urra papağa ehtiyac yoxdur-deyə qışqırıırq. Öz xəbərimizi yox Ermənistan mətbuatı üçün aktual temaları müzakirə edirik. O boyda Zəngəzur Dəhlizi bizi gözləyir. Ordumuzun qazandığı qələbəni jurnalistikamız uduzmamalıdır. Hansısa internet kanalı xəstə, zavallı bir qadını Əmək və Əhalinin sosial müdafiəsi nazirliyini yandırma cəhdə təhrik edir. Ümumiyyətlə uzun müddətdir ki, bu quruma aşılanan nifrət ustalıqla idarə olunur. Baxmayaraq ki, məhz bu nazirlik, keçmiş döyüşçülərin, qazilərin, şəhid ailələrinin problemləri ilə ixtisaslaşmış qaydada məşğul olur. İndi isə baxın: deməli qaragüruhun idarə etdiyi bu xəstə qadın binaya yaxınlaşır.

Səbəb isə budur. Dilarə Miriyeva adlı bu vətəndaş əslində əlil olmadığı halda 6 il, ərzində üst-üstə 12 min 800 manat vəsait alıb. Bu ilin iyun ayında əlillik müddəti başa çatıb, göndərişdəki diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib və əlillik təyin edilməyib. Beləliklə, sosial şəbəkələrdən, internet TV-lərdən sui-istifadə edilir. Bu resurslaırn təhrikiylə cəmiyyətin süni surətdə radikallaşdırılmasına cəhdlər edilir. Beyinlər virtual drijorların ixtiyarına keçir. Hər şey avam, sadə, məlumatsız istehlakçı üzərində qurulur. Bu məqsədlə dezinformasiya emalatxanaları işləyir. Müvafiq viruslar ötürülür. Özü də bunu seçilən gün və seçilən insanlar vasitəsilə edirlər. Baxın dövlət büdcəsi müzakirə olunur. 2022-ci il biz faktiki olaraq bu baş sənədlə yaşamalıyıq. Və bu zaman nə baş verir? Son günlərdə bir sıra media orqanlarınnda, o cümlədən sosial mediada minik avtomobillərinin və mobil telefonların qeydiyyatı ilə bağlı dövlət rüsumlarının artırılmasına dair heç bir əsası olmayan, savadsızcasına tamamilə ağ yalan və böhtan xarakterli yazılar, fikirlər yayılır. Ona görə də məsələni araşdırmaq qərarına gəldim. Əslində, vəziyyət necədir, dövlət rüsumu artırılırmı? Əvvəlcə, onu deyim ki, 2018-ci ildən etibarən minik avtomobillərinin və mobil cihazların qeydiyyatı üçün Nazirlər Kabinetinin 31 iyul tarixli 336 nömrəli qərarı ilə müvafiq rüsumlar tətbiq olunur, rüsumların dərəcələri qərarda aydın şəkildə göstərilib. Qərarda qeyd edilir ki, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat, 101-200 dollar üzrə 50 manat, 201- 400 dollara görə, 60 manat, 401- 700 dollara görə 70 manat, 701-1000 dollar üzrə 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat dövlət rüsumu hesablanaraq tutulur.

İndi isə avtomibllərin rüsumları ilə bağlı qərara diqqət edək. Bir az rəqəmlərlə yoracam sizi, amma vacib məsələdir, deyə gərək qulaq asasız. Beləliklə, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” qərarına əsasən, həmin ildən başlayaraq minik avtomobillərinin mühərrikinin həcmi 2000 kub.santimetrədək olduqda mühərrikin həcminin hər kub.santimetrinə görə 0,05 manat, 3000 kubsantimetrədək olduqda 100 manat üstəgəl mühərrkin həcminin 2001-3000 kubsantimetr üçün hər kubsantimetrə görə 0,1 manat, 4000 kubsantimetrədək olduqda 200 manat və mühərrkin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat, 5000 kubsantimetrədək olduqda 400 manat və mühərrkin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat dövlət rüsumu tutulur.

Beləliklə, hökumətin 2008-ci ildən tətbiq etdiyi həmin qərardan sonra bu sahədə vəziyyət müsbətə doğru dəyişdi, ölkəyə gətirilən mobil cihazların qeydiyyatı şəffaf və vətəndaşlar üçün daha rahat formada aparılmağa başladı. Bu da ölkəyə qanunsuz və qaçaqmalçılıq yolu ilə telefon gətirilməsinin qarşısını aldı.

İndi isə meydana tamamilə yeni reallıqlar çıxıb, qeyd olunan sahədə rüsumların icra hakimiyyətinin qərarı ilə deyil, daha yüksək hüquqi səviyyədə - Qanun səviyyəsində təmin edilməsi təklif olunur. Və həmin Qanun layihəsində də çox açıq və hər kəsin başa düşə biləcəyi bir formada qeyd olunur ki, mobil telefon və minik avtomobillərinin dövlət qeydiyyatı üzrə rüsumların dərəcələri NK-nin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarındakı rüsumlarla eynilik təşkil edir və əvvəlki dərəcələr tam olduğu kimi saxlanılır.

Beləliklə, 2022-ci ildən dövlət rüsumlarının büdcədənkənar gəlirlərə aid edilən hissəsi ləğv edilərək tam məbləğdə, yəni vergi növlərində olduğu kimi dövlət büdcəsinin gəlirlərinə köçürülməsi təklif olunur.

Bəs dövlət rüsumlarının tutulmasının NK qərarı ilə deyil, Qanun əsasında təmin edilməsi hansı mühüm dəyişikliklərə səbəb olacaq?

Əhəmiyyətli məsələlərdən biri dövlət rüsumu tutulmalı olan bir sıra xidmət və hərəkətlərə görə rüsum dərəcələrinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, indiyə qədər müxtəlif sahələrdən təyinatı və ünvanı tam aydın olmayan müxtəlif adda rüsumlar tutulurdu, bu da müəyyən pərakəndəlik yaradırdı. Yeni dəyişikliklərdən sonra bu proses birbaşa Qanunla tənzimlənəcəyindən rüsumların konkret sahələri, ünvanlılığı və yığcamlılığı da təmin ediləcəkdir.

Bundan ibarətdir. Bəs onda bütün bu dezinformasiya, feyk nyuslar kimə lazımdır? Mən təhlükəsizliyin şaxələri çoxdur deyəndə həm də belə məsələləri nəzərdə tuturam. Bu gün təhlükəsizlik məsələsinə müfəssəl yanaşılmalıdır. Təhlükəsizliyin sərhədləri xeyli genişlənib. Bu sahə hərbii təhlükəsizlikdən ibarət deyil. Bura qida təhlükəsizliyindən tutmuş, COVID-19 soyqırımına, biomühəndislik deyilən yeni anlayışlara qədər böyük bir areal daxildir. Bizim təhlükəsizliyimiz eyni zamanda qlobal təhlükəsizliyin bir parçasıdır. Noyabrın 4-dən 6-dək Azərbaycan yenidən dünyanın əsas mövzusunun müzakirə tribunasına çevriləcək. Noyabr ayının 4-dən 6-dək davam edəcək 8-ci Qlobal Bakı Forumu bu ad altında keçəcək. COVID-19-dan sonrakı Dünya. Nizami Gəncəvi Beynəlxalq mərkəzinin həmsədri İsmayil Seraqəldinlə müsahibəmiz də elə bu mövzudadır. Həm öz qızdırmamıdan danışmışıq, həm də Yer kürəsinin istiləşməsindən. Özümüzdən və Yer Kürəsindən muğayat olaq!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər