İcra olunmayan məhkəmə qərarı - VİDEO

İcra olunmayan məhkəmə qərarı - VİDEO
Göyçay Regional Ədliyyə İdarəsi problemə aydınlıq gətirdi

İsmayıl Rəsulov etdiyi yaxşılığın əvəzində ziyan çəkənlərdəndir. “Problem” verilişinə üz tutan şikayətçi deyir ki, bilsəydim, illər əvvəl heç bir qohumluq əlaqəm olmayan Tural Mustafayev adlı şəxsin yardım xahişinə elə o vaxt yox deyərdim. Amma daha iş işdən keçib. İndi gec də olsa, bu problemi ədalətli yolla həll etmək lazımdır. Söhbət nədən gedir? Deməli, İsmayıl müəllim ondan borc pul istəyən şəxsə 20 min manat pul verib. Özü də cibindən yox, müxtəlif banklardan kreditlər almaq yolu ilə. Təbii ki, əvəzində borc alan pulu ödəyəcəyi ilə bağlı sənədə imza da atıb. Amma nə o sənəd, nə də borc alanın verdiyi söz işə yaramayıb.

İsmayıl müəllim həm birinci məhkəmədə, həm də daha sonra Şəki Apellyasiya və Ali Məhkəmədə qalib gəlsə də, çıxarılan qərarlar icra olunmayıb. Səbəb isə vətəndaşın hazırda ölkədə olmamasıdır.

Amma iş bununla da bitməyib. Tural Mustafayevin atası Balakişi müəllim televiziya kanallarından birində İsmayıl Rəsulovun ünvanına xoşagəlməz ifadələr işlədib. Nəticədə İsmayıl Rəsulov onu da məhkəməyə verib və qalib gəlib. Təzminat olaraq 2 min manat əldə etməli olan İsmayıl müəllim bu pulu da ala bilməyib.

Biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək üçün Göyçay Regional Ədliyyə İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirdilər ki, hər iki proseslə bağlı icra məmurları öhdələrinə düşən bütün tədbirləri görüblər. Tural Mustafayev 27 dekabr 2015-ci ildə Gəncə hava Limanından Rusiya Federasiyasına yola düşüb və o vaxtdan respublikamıza geri dönməyib. Buna görə də İcra idarəsi Qaradağ rayon Polis İdarəsinə bununla bağlı müraciət edib və Tural Mustafayev haqqında dövlətlərarası axtarış elan olunub. İkinci işə gəlincə, adıçəkilən Balakişi Mustafayev təqaüdçü olduğu üçün indiyə qədər 3 dəfə hər dəfəsində 80 manat olmaqla pul ödəyə bilib. Lakin bundan sonra onun təqaüdünə inkassa qoyulacaq, yəni İsmayıl Rəsulova çatacaq pul təqaüdündən birbaşa çıxacaq.

Mövzunun hüquqi tərəflərini və vətəndaşın narazı qaldığı məqamları hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli ilə də dəqiqləşdirmək qərarına gəldik.

Bir sözlə, borc verərkən işinizi möhkəm tutun ki, sonra pulunuzun arxasınca qaça-qovda qalmayasız.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər