Mir Şahinin vaxtı - 07.11.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 07.11.2021 (VİDEO)
Real Təhlil və informasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Sovet işğalının başlanma tarixi olan 7 noyabr 30 il əvvələ kimi Azərbaycanın əsas bayramı kimi qeyd olunardı.

Amma biz indi 7 noyabrda Zəfər bayramını qeyd etməyə hazırlaşırıq. 8 noyabr əslində həm də 7 noyabr üzərində qazanılmış qələbədir. Böyük günlər, əzəmətli tarixi hadisələr içində yaşayırıq. Emosiyalarımız hətta o həddə çatır ki, Azərbaycanın ərazi bütövlüyünün təqdim olunması, işğal altında olan torpaqların geri qaytarılması tək onsuz da özlüyündə ən böyük tarixi nailiyyətimiz olan hadisələrə qiymət verəndə - “xalq öz namusunu geri qaytardı!” kimi ifadələrlə ifrata varırıq. Unuduruq ki, belə olan halda bütün bir xalqın, bütün bir dövlətin 27 il namussuz yaşadığını iddia etmiş oluruq. Xalq binamus olmur! Başa düşürəm, bizə “şair xalq, nəğməkar xalq!” deyib beynimizin riyazi tərəfini bir az keyidiblər, amma hətta, bu özünə poetik vurğunluq belə bizim obyektiv, məsuliyyətli olmağımıza mane olmamalıdır. İki aydan sonra başa çatacaq Nizami ilində böyük Gəncəvinin bu məşhur misralarını xatırlayaq:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar!

Bir inci saflığı varsa da su da,

Artıq içiləndə dərd verər o da!

İfrata varmayaq və bu misralardan da “Gülüstan” sarayına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan forumuna keçək. Nizami Gəncəvi ilində Nizami Mərkəzinin son toplantısının Gülüstan adına sarayda keçirilməsi təbii ki təsadüfi deyildi. Təfərrüata varmadan deyim ki, Gülüstan müqaviləsi də, onun hansı ölkələrlə imzalanması, onun ardınca baş verən tarixi proseslər də, Nizaminin milli mənsubluğu ətrafında davamlı mübahisələr də tarixin reallıqlarıdır.

Bakıda ən iri miqyaslı tədbirlər keçirməyə layiq bu qədər möhtəşəm salonların olmasına baxmayaraq Nizami Gəncəvi adına və ilinə gələn planet qonaqlarını məhz GÜLÜSTAN!!! sarayında qarşılamaq XÜSUSİ!!! düşünülmüşdü. Bu bir rəmz idi. İkinci rəmz Prezident İlham Əliyevin Forumu məhz Zəfər günü ərəfəsinə təyin etməsi idi ki, burda da dünyaya Qarabağ münaqişəsinin başa çatdığı növbəti dəfə bəyan edildi, Azərbaycanın regiona yeni şərait üçün verdiyi yeni mesajlar bəlli oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.

Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.

Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bu barədə müxtəlif təkliflər var. Ola bilsin, siz onlar haqqında eşitmisiniz. Hesab edirəm ki, hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər.

Bir zamanlar Sovet İttifaqında məşhur bir ifadə vardı: “Qoy ədalət zəfər çalsın!”. Bu cümləni Azərbaycan sovet respublikasının rəhbəri Heydər Əliyev işlətmişdi. Onun sovet mətbuatına, daha dəqiq desək “Literaturnaya qazeta!-ya verdiyi müsahibəyə jurnalist məhz bu adı başlıq seçmişdi. Başlıq o qədər yerində, müsahibənin məzmununa o qədər uyğun idi ki, uzun müddət bu cümlə Heydər Əliyevdən sitat kimi göstərilirdi. Amma Heydər Əliyev bu fikri Nizami Gəncəvidən misal gətirmişdi:

Qoy ədalət zəfər çalsın, Zülüm məhv olub alçalsın,

Şərəflənsin qoy səxavət, Mərdlərə halaldır şöhrət.

Biz İlham Əliyevin Heydər Əliyev yoluyla təkcə mənəvi yox, elə statistik, coğrafi bir dəqiqiliklə addımladığını da müşahidə edirik. Məsələn, onun Şuşadakı bu çıxışı yəqin ki yadınızdadır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

Və Şuşada aparılan paralelə istinadla demək olar ki, İlham Əliyevin Nizami Gəncəvinin 880 illik yubileyinə münasibəti ilə, Ulu öndər Heydər Əliyevin dahi mütəfəkkirinin 840 illik yubileyinə münasibəti arasında da sıx bağlılıq var. Bu baxımdan Gülüstan sarayında “Qoy ədalət zəfər çalsın!” hökmünü hiss etməmək mümkün deyildi. Doğrudan Ədalət Zəfər çalmışdı və bu zəfərin məhz Zəfər günü ərəfəsində dünyanın dörd tərəfinə elan edilməsi, ən incə detaladək düşünülmüşdü. Gülüstan da, Nizami də, Ədalət də, zəfər də bizə məxsusdur! İlham Əliyevin bir üslubu barədə də vaxtaşırı danışırq. O da Prezidentin, Azərbaycanın planetar faydalılığı, ümumbəşəri vacibliyini hər imkanda xüsusi nəzərə çarpdırmasıdır. Məsələn, dünyada bu gün böyük bir qaz təzyiqi var. Hətta bu yanacaq növündən ayrı-ayrı dövlətlər əsil silah kimi istifadə edir. Diqqətlə baxanda qaz doğrudan da silah növüdür. Azərbaycanın əks-hücum əməliyyatına vadar olmasının bir səbəbi də onun Tovuz rayonu yaxınlığından Avropaya çıxaracağı qaz kəmərinə ermənilərin törətydiyi təhlükə idi. İndi artıq münaqiə başa çatıb. Azərbaycan qələbə qazanıb. Nizami Gəncəvi, Heydər Əliyev demişkən və İlham Əliyev deyirkən, “Ədalət zəfər çaldı!”. Bəşəriyyət buyurub qələbədən bəhrələnə bilər:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“...digər sonuncu məsələni də qeyd etmək istərdim, çünki o, ötən ilin kölgəsində qalan məsələ oldu. Lakin o, tək bizim üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Bu, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılmasıdır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün həqiqətən tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. O, şaxələndirmənin mühüm alətidir. Cənub Qaz Dəhlizinə gəldikdə isə, söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edirik, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq.

Azərbaycanın Ermənistandan fərqli olaraq dünyaya gərəkliyi, yük yox, yükdən azad etmək ölkəsi olması dolayısı ilə, Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun VIII Qlobal Bakı Forumuna müraciətində də etiraf olunur.

Birləşmiş Krallıq Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, Qoşulmama Hərəkatında sədrliyini və son təxliyələr zamanı Kabil Hava Limanının təhlükəsizliyinin təmin olunmasında öz qoşunlarının göstərdiyi köməyi alqışlayır.Birlikdə üzləşdiyimiz ən böyük beynəlxalq çağırış iqlim dəyişikliyidir. Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq. Mən Sizin “yaşıl enerjiyə” verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpa olunan enerjinin rolunun artırılması planlarınızı alqışlayıram. Sizin son 27 il ərzində strateji tərəfdaşınız olan BP Azərbaycanda bu keçidi daha çox dəstəkləmək istəyir.

Beləliklə, Nizami ilində, planetin böyük mütəfəkirinin adı və ideyaları ətrafında Bakıda toplaşan düşüncə adamları dünyaya mühüm müraciətlər etdilər. Nizami Gəncəvi beynəlxalq mərkəzi Prezident Əliyevin himayəsi altında dünyanın ən nüfuzlu beyin mərkəzlərindən biri kimi gələcəyin arxitekturasının cızılmasında iştirak etdi. Bərpa olunan enerji, ağıllı kənd, ağıllı şəhər layihəsi ilə, qısası ağılın, intellektin öz plana çıxdığı Davos zamanında Azərbaycan bütün imkanlarını səfərbər etməklə, öz biləyini uzadır ki, qalan dünya saatını qursun. Bu baxımdan “COVİD-19-DAN SONRAKI DÜNYA” nın plan və niyyətlərinin məhz Bakıda müəyyən edilməsi təbiidir. Azərbaycan artıq COVID-19-la mübarizədə əhəmiyyətli nəticələrə nail olub:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“...İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik.”

Və Prezident eyni zamanda Azərbaycanın təcrübəsini də bölüşürdü. Yəni diqtə edirdi ki, qapanmaların olmaması, vəziyyətin nəzarət altında saxlanması üçün nə etmək lazımdır! Nəzərə alaq ki, Nizami Beynəlxalq Mərkəzinin üzvləri, həmsədrləri, qonaqları, ümumiyyətlə bu beynəlxalq düşüncə emalatxanasının təmasını hər hansı şəkildə hiss edən istənilən şəxs dünyada, təmsil etdikləri ölkələrdə nüfuz və söz sahibləridir, o zaman Azərbaycan nümunəsinin təbliğ olunmaq ehtimalının nə qədər real olduğunu da müəyyən etmək olar. Beləliklə, diqqət, Azərbaycan müsbət nəticələrə necə nail oldu:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“..ciddi tədbirlər gördük. Biz işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırdıq və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur və peyvəndləmə məcburi deyil. Bizdə hər hansı bir antipeyvəndləmə kampaniyası və ya hətta antipeyvəndləmə tendensiyası yoxdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il bizim təşəbbüsümüzlə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.

Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.

Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.

Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək.

Real TV-nin əməkdaşları bu nüfuzlu forumun gedişi boyu dəfələrlə canlı bağlantılara çıxdı, onlarla müsahibə təqdim etdi, dünyanın ən müdrik, ən ağıllı adamlarının müraciətlərini, çıxışlarını, intervülərini birbaşa yayımladı. Bəzi müsahibələrə bir də baxa bilərik.

Misirin ən ağıllı adamından Roma Papasınadək hər kəsin diqqətini cəlb etmiş Qlobal Bakı Forumu dünyanın ən ciddi problemlərinin müzakirə platforması oldu. İlham Əliyev Azərbaycanın formatını bir Kiçik Qafqaz respublikası çərçivəsindən çoxdan çıxarıb. Qlobal istiləşmə, atmosferin ifrat çirklənməsindən boğulan bəşəriyyət, qida məhsullarının qeyri-bərabər paylaşması, aclıq, qıtlıq, təkYer kürəsini narahat edən əsas bəlalalar ya birbaşa, ya da dolayısı ilə Qlobal Bakı forumunun əsas mövzuları idi. Bizdən ötrü isə məsələnin həm də başqa bir mühüm tərəfi var idi. Azərbaycan qlobal problemlərin həllində öz milli maraqlarından itələnərək iştirak edir. Məsələn, Nizami Gəncəvi irsinin plonetar mahiyyəti həm də Allahdan bağışlamağı öyrənməyə, ədalətə təşviq edir. Azərbaycanın mövqeyi bu baxımdan həm də bəşəridir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.

Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.

Bu mövqe Azərbaycanın bağışlama, əfv etmə, yeni səhifədən başlama iradəsini əks etdirməklə, bəşəri dəyərlər, dünyanın inkişafı üçün hətta ən qatı düşmənə belə şans vermə bacarığını nümayiş etdirir. Amma bağışlama həm də sadəcə dövlətin xarakterindəki alicənablığın, mütləq mərhəmətin ənənəvi məntiqi davamıdır. Prezidentin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarına da bu nöqtədən yanaşılmalıdır. Amnistiyanı zəruri edən səbəb kimi sənədin preambulasında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etməsi göstərilir. Başqa əsaslar da Zəfər günü ilə bağlıdır.

Qərarda 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığını və Ermənistan Respublikasının təslim olması ilə nəticələndiyi vurğulanaraq,

8 noyabr tarixinin həmçinin uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün olduğu məmnunluqla xatırlanaraq,

Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəgüvən hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəldiyi xüsusi qeyd edilərək,

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulanaraq,

Humanizm ənənələrini davam etdirərək, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edilərək,

Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı, Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndi rəhbər tutularaq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi qərara alınıb.

Deməli, Ermənistana sülh sazişini imzalamağı təklif etmək, COVİD-19-la bağlı bəşəriyyəti bir-birinə kömək etməyə çağırmaq, planetə zəhərli tullantılar atmamaq, sözün birbaşa mənasında Yeri, Yer Kürəsini zibilləməmək çağırışı Prezident Əliyevin, Azərbaycanın mənəviyyatından, xarakterindən doğur.

Hörmətli tamaşaçılar! Bu ruh, bu ovqat mənim bugüngü proqramıma da təsir etdi. Məsələn, əslində, mən bu gün ciddi tarixi faktlar əsasında sərt ifşa bir buraxılışı hazırlamışdım. Məsələn, Ermənistanı məhkum etdiyimiz, Beynəlxalq Ədalət qarşısına çıxarığımız -hər həftə Real Tv-nin Niderlandakı xüsusi müxbirinin demək olar ki, təkbaşına işlədiyi Haaqa məhkəməsi haqqında bir söz belə demədən, yazmadan hansısa London məhkəməsində iyrənccəsinə Azərbaycan üçün ləkə, kompromat axtaranlardan danışacaqdım.

Gün qürur və zəfər dolu Qalib əsgərimizi ayaq üstə dayanaraq, alqışlamaq, tarixin hər yerindən görünən zəfər yürüşlərimizə əl sallamaq əvəzin, xaricin divarı başında oturub ayaqlarını sallayaraq vətənimizi gecə-gündüz çamura bələyən satqınlara cavab verməyə dili və mənəviyyatı çatmayanlarımızın məşhur yazıçımız Çingiz Abdullayevin üzərinə necə murdarcasına getdiyinə münasibətimi bildirməliydim. Amma son anda fikrimdən daşındım. Dediyim kimi, Azərbaycan Dövlətinin ümumi amnistiya, bağışlamaq ovqatından kənar qalmaq istəmədim. Amma yalnız bu həftə. Yalnız bir həftə. Amma noyabr ayının 14-də təbii ki, görüşürük. Danışacağıq. Mütləq danışacağıq. Daha doğrusu biz danışmayacağıq. Kadrlar. Faktlar. Tarix danışacaq. gün isə sadəcə ayıb olardı. 8 Noyabrdan. Zəfər günündən ayıbdır. Bu günlər biz yalnız qələbədən və qaliblərdən danışmalıyıq. Ona görə də Sizi “Azadlığın ad günü: Şuşa” sənədli filminə baxmağa dəvət edirəm. Başınızı Şuşa tutun! Salamat qalın!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər