Mir Şahinin vaxtı - 14.11.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 14.11.2021 (VİDEO)
Real Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Böyük və uca olan bir millətin, hər birimizin adı ilə başlayıram. Bu həftə xalqımızın tarixində tarixin özü boyda bir hadisə baş verdi.

Uzun illər türkdilli dövlətlər kimi təqdim olunan ölkələr tarixin qeydiyyatından məhz bu həftə Türk dövlətləri kimi keçdilər. Türkdilli yox, Türk dövlətləri! Bu isə o deməkdi ki, daha bundan sonra bir az ehtiyatlı, bir az dolayı Türkdilli dövlətlər adını, cəsarətli, birbaşa Türk dövlətləri ifadəsi əvəz edəcək. Baxın, bir qələbə nəyə qadirdi?! Azərbaycanın qazandığı qələbə təkcə bir respublikanın ərazi bütövlüyünün bərpası demək olmadı. Qarabağın qaytarılması yalnız BMT-nin ləyaqətinin bərpası demək olmadı. Bu qələbə uzun illər, ayrı-ayrı coğrafi xətlərlə ayrılan, olsa-olsa bir dil qohumluğu şəxsində simsarlığını nümayiş etdirməklə eyni tarixi, eyni dini və eyni mədəniyyəti ehtiyatla paylaşdığına, bununla da eyni kökdən boy verdiyinə eyham vuran bütöv bir millətə qurduqları dövlətlərə öz adını qaytarmağa, türk dövləti adını qətiyyətlə bəyan etməyə ürəkləndirdi. Daha türkdilli dövlət yox, sadəcə türk dövlətləri! İki dövlət bir millət!-şüarının say hissəsini artırmağa adətən tələsməyən, kimdənsə, nədənsə, hardansa ehtiyatlanan Qardaşımız Xalqlar-“Bir qələbə-3, dörd, beş, altı, yeddi dövlət!” nümayişindən daha çəkinmədilər. Elə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiyi Ali Ordenin səbəbləri də bu baxımdan olduqca əhəmiyyətlidir:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan:

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.

Prezident Əliyevin çıxışı isə bu Ali Mükafatın əhəmiyyətini tam anlamağa imkan verdi. Onun çıxışında böyük qələbənin qazanılmasında həm Azərbaycan xalqının fədakarlığı, rəşadəti, həm də Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyənin siyasi-mənəvi dəstəyinin rolu nəzərə çarpdırılırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan! Əziz dövlət-hökumət başçıları! İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhvələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır. İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.

Əgər bu bir tərəfdən ona işarə idisə ki, qələbənin əldə edilməsində xüsulə Türkiyə Respublikasının, şəxsən Rəcəb Tayyib Ərdoğanın böyük rolu var, digər tərəfdən də o biri türk qardaş respublikalarlarımıza özünəməxsus mesaj idi ki, mənəvi-siyasi ehtiyat oyunçular skamyasında-gələcəyin uğur platformasında boş yerlər var. Və əslində Əliyevin çıxışının bu yeri məhz həmin hədəfə hesablanmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Mən çox şadam ki, bu gün biz Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.

Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq.

Bununla da Əliyev Türk Dövlətləri Şurasının gələcəyi üçün qısa yol xəritəsi təqdim etdi: bütöv və birlikdə olmaq. Həm də bütün diplomatik incəlikləri gözləməklə, müstəqil respublikalar kimi!!! Gələcəyin çağırışları müqabilində daha bütöv və daha yekdil olmaq kimi. Xüsusilə indi, istiqamətvericilik funksiyası regionun supergücü adlanmağa tam layiq olan dövlətə, Türkiyəyə keçdiyi bir vaxtda. Deməli bu tarixi fürsətdən istifadə etməyə gecikmək olmaz! Ərdoğanın ünvanına deyilmiş sözlər isə yalnız xoş sözlər deyil, həm də Azərbaycan Respublikasının, qalib dövlətin, müzəffər Ali Baş Komandanın öz əsas müttəfiqinə verdiyi yüksək qiymət idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, savaşda bizə göstərdiyi bu böyük dəstəyə görə isə Tayyib bəy Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaq.

Həm də, Əliyevin böyük nəticələrə, həm regional, həm qitə miqyaslı, həm də planetar müstəvidə etiraf edilən müvəffəqiyyətlərə imza atmış lider kimi münsif, arbitr məqamı da var. Bu məqama onun tam haqqı çatır. Əvvəla ona görə ki, Türk Dövlətləri Şurasına rəhbərlik etdiyi dönəmdə Azərbaycanın nəticələri misilsizdir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.

Bu baxımdan, yəni estafeti ötürdüyümüz tərəfin - Türkiyənin, onun rəhbərinin gücü, tarixi proseslərdə oynadığı rola verilmiş qiymət də yalnız dəstək üçün minnətdarlıq jesti deyil. Bu, Türkiyənin qlobusda və ən yeni tarixdə rolunun, yerinin obyektiv, dürüst nişan verilməsinə istinadla ondan gözləntilərin daha böyük olduğunu vurğulamaqdır. Türkiyəyə qeyd-şərtsiz inanmaqdır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“... bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Tük Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir."

İlham Əliyevin çıxışında yeni çağırışlar fonunda Türkiyənin izahı da var. Məhz izahı. Çünki bu gün dünyada əsas güc mərkəzlərindən birinə çevrilmiş Türkiyəni qorumaq özü bir vəzifəyə çevrilib. Türk Dövlətləri Şurasının sədri postunda İlham Əliyevin qardaş respublikalara son tövsiyəsi kifayət qədər açıq, anlaşıqlı, birxətli oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq.

Mən çox şadam ki, bu gün biz Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır."

Müxtəlif vaxtlarda, elə bu studiyada biz İlham Əliyevin, qloballaşan dünyada milli eksklüzivliyi necə qorumalı olduğumuz barədə tövsiyələrindən misallar gətirmişik. Çıxışlarından seçmələr vermişik. Bu dəfə də Prezident öz üslubuna sadiq qaldı. Planetin qarşılaşdığı təhdid və risklər fonunda nə etməli olduğumuzadan bəhs etdi. Özü də türk respublikaları olaraq nə etməli olmağımızdan. Biz bu böyük tıxacda, böyük davada özümüzü türk qövmü olaraq qorumalıyıq. Və bunu müstəqilliyimizi, beynəlxalq münasibətlər sistemindəki yerimizi, təbii ki milli maraqlarımızı nəzərə alaraq, amma həm də ilk növbədə bir türk respublikası tək Türkiyəni düşünərək etməliyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə üçün dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir."

Prezident Əliyev çıxışını prioritetlər üzrə hazırlamışdı. Hesabat tonu açıq sezilirdi. Təbii ki, bir tərəfdən rəhbərlik etdiyi təşkilatı təhvil verirdi. Buna görə, həm də qazanılmış nəticələrin gələcəyinə laqeyd olmadığını nümayiş etdirirdi. Məsələn, Türk Dövlətləri Şurasının Türkmənistan kimi enerji nəhəngi hesabına daha da güclənmə ehtimalı var. O bu gün hələ ki, qurumda müşahidəçi statusuna malikdir. Yaxud Özbəkistan. Bu güclü dövlət artıq Şurada öz nüfuzlu yerini tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-ə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır.

Burda biz Əliyevin sədrliyi ilə qurumun pandemiya ilə mübarizədəki rolunu xüsusi qeyd etməliyik. Ötən ilin aprel ayında videokonfrans şəklində keçirilən Zirvə Görüşü Azərbaycanın təşəbbüsü idi və eynilə BMT-nin xüsusi iclasını çağırmaq kimi müstəsna əhəmiyyətə malik idi. Amma aydın görünürdü ki, Azərbaycan lideri təşkilatı təhvil verərkən, özünün, dövlətin və türk dünyasının əsas uğuru - Qarabağ zəfəri üzərində dayanmaqdan məxsusi qürur duyur. Bu da anlaşılandır. Tarixinin ən böyük qalibiyyətinə imza atmış ölkənin liderinin buna tam haqqı çatır. Və böyük bəxtiyarlıqdır ki, sənin qələbən bütün türk dünyasının, bu dünyada xoşbəxt yaşayan bütün xalqlarındır! İndi həm də yeni dövr başlayır: cihad-kəbir! Yəni Dədə Qorqudun “3 tonqal qala!” nəsihəti unudulmamalıdır.

“QALX O UCA DAĞIN BAŞINA 3 TONQAL QALA!...”

Beləliklə, tikməyə, qurmağa gəlirsən. Məsələn, işğaldan azad edilmiş ərazilərimizdə bunu Türkiyə çoxdan və çox edir bunu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər."

Azərbaycanın işğaldan azad edilən ərazilərində bu gün Ərdoğanın təşəbbüsü ilə minlərlə ağacın əkilməsi də yalnız botanik, bioloji proses deyil. Bu daha çox türk milətinin özünəməxsus olanı yerə bərkitməsi, torpağa tikməsi faktıdır. Bu ərazilərin adımıza, mahiyyətimizə mismarlanmasıdır.

Beləliklə, torpağımız əkinə, qırmızı lentlərimiz qayçıya amadədir. Məsələn, Türkiyə artıq öz çağırış tonqalını yandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir.

Qalan qardaş respublikalarımız üçün də iş çoxdur. Əsas budur ki, qollarını çırmalayıb başlayasan. Buyurun. Xüsusilə böyük Türk qolu - Zəngəzura doğru.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“...İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.

Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq."

Əlbəttə, Ali Mükafatın Prezident İlham Əliyevə təqdim edilməsini daha çox Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dönəmdə həyata keçirdiyi fəaliyyətin miqyası, əhəmiyyəti ilə izah etmək olar. Bu yaxın tarixin faktıdır. Amma İlham Əliyevin yerinə yetirdiyi tarixi missiyanın mənbəyi daha uzaqlara aparır. Heydər Əliyev yoluna çıxaq. Məsələn 1992-ci ilə. Sədərək rayonu ərazisində - Türkiyəni Naxçıvana birləşdirən, bununla da, bu muxtar respublikanı Ermənistanın blokadasından çıxaran həyat yoluna - “Ümid” körpüsünə.

Bu körpü Heydər Əliyevin əl işi idi. Və Azərbaycanın Böyük Türk yoluna çevrilməsi prosesi məhz bu yolla və daha sürətlə davam etdi. Məsələn, 1994-cü ilin sentyabr ayının 20-də Əsrin Müqaviləsi imzalandı və dövlətimiz Bakı-Tiflis-Ceyhan yoluna çıxdı. Bu layihə Türk dövlətlərinin birləşmək xətti, istinad divarı, gələcəyimizin əsas zəmanət kartı və təhlükəsizlik xətti oldu.

Ulu Öndər Heydər Əliyev:

“MÜQAVİLƏ BAĞLANDI. HAMINIZI TƏBRİK EDİRƏM!”

O zaman Heydər Əliyev dost Gürcüstanın ağlasığan, sığmayan bütün kaprizlərinin öhdəsindən gəldi: təki bu yol reallaşsın deyə. Daha sonra o yolun ardını İlham Əliyev çəkdi. Bakı-Tiflis-Qars, sonra Bakı-Tiflis-Ərzurum... TANAP. Dərindən yanaşsaq hətta Şimal Cənub nəqliyyat marşrutu da bu yola bağlıdır. Bütün yollar Türk maraqlarını birləşdirən vahid xətti təşkil edərək keçir. Bunu da unutmayaq ki, 1992-93-cü illərdə Azərbaycanda hakimiyyətə gəlmiş təsadüfi qüvvələrin özü də o toplum özünü ən sadiq və fəal Türkiyəçilər hesab edirdi, adlandırırdı, onların ölkəyə rəhbərliyi dövründə Ankara-Bakı münasibətləri ən problemli zamanını yaşadı. Adını çəkməyəcəm, amma bir banka olan borc ucbatından elə həftə olmurdu ki, bizim hansısa təyyarəmizi İstanbulda, Ankarada saxlamasınlar... İndinin Bayraqdar ucalığından, Şuşada Türk Konsulluğu perspektivindən baxanda o günlər sadəcə görünmür. Amma o da faktdır ki, həmin vaxtın kütlə hakimiyyətini Türkiyə bir helikopterə belə layiq bilmirdilər.

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy:

“BİR VERTOLYOT İSTƏDİM VERMƏDİLƏR!”

Çinə, Təbrizə bayraq taxmaq yolunda dəlicəsinə irəliləyən təsadüfi hakimiyyət Şuşanı, Kəlbəcəri, Xocalını və başqa yaşayış məntəqələrimizi qaçaqaçda arxada buraxmışdı. O günlərlə müqayisədə indi sanki ortada 100 illik fərq var. Məsələn, bu gün Türk Dövlətləri Şurası dünyanın hər yerindən görünən reallıqdır. İstanbulda bu həftənin yox, bu ayın yox, gələcəyin bəlkə də yaxın on ilin ən böyük toplantısını keçiririk. Budapeştdə nəqliyyat nazirlərimiz toplanır. Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumlarının iclası keçirilir. “Birgə Türk İnvestisiya Fondu” masa üzərindədir. 1992-ci ildə Türkmənistanı, Özbəkistanı arzuolunmaz respublikalar elan etmiş küçə hakimiyyəti üçün yəqin sonadək anlamaq o qədər asan olmaz ki, Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin xüsusi iclası keçirilib. Türk Dövlətləri Şurası Əfqanıstanın taleyinə qədər ən müxtəlif mövzuların müzakirə platformasına çevrilib. Türk dövlətləri bir-birini media sahəsində də dəstəkləyir. Azərbaycan və Türkiyə arasında yaradılmış media platforması ikinci Qarabağ müharibəsində mükəmməl işlədi. Müzakirə olunan mövzular çox spektrlidir. Turizmdən aqrar sektora, Türk dövlətlərinin prokurorluqlarından tutmuş, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünədək. Azərbaycanın Qazaxıstan, Türkmənistan, Qırğız, Özbəkistan və Macarıstanla apardığı iş üzərində dayansaq, bu respublikaların yeni kafedrada bir-birinə necə və nə qədər faydalı olduğunu təsdiqləyən faktları təqdim etsək çox vaxt aparar. Və nəhayət Türk Şurasına üzv ölkələrdə bu gün 160 milyona yaxın əhali yaşayır. Bu həm nəhəng bir demoqrafik mənzərədir. Rəqəmə baxın bir siz Allah: 160 milyonuq! Həm də bu boyda insan dənizinin, ölkələrin, şəhərlərin əhatə edəcəyi nəhəng bazarı düşünək. Və bu kontekstdə həm də Zəngəzur dəhlizinin açılacağı günü. İndi gəlin bir daha Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və TANAP haqqında düşünək... Vicdanla. Namusla. Beləliklə, ən yaxın tariximizin Ayrılıq və Başsağlığı dövrünü Birlik və Başucalıq dövrü əvəz etməkdədir. Statistik ardıcıllıqla getsək, Zəfər günününün - yəni Şuşaya bayraq sancmağımızın, düşmənin kapitulyasiya aktı imzalanmasının ildönümündən başlamalıydıq. Amma biz statistik yox, məntiqi ardıcıllıqdan başladıq. Çünki bu həftə baş verən hadisələr Azərbaycanı bir respublikanın miqyasından xeyli kənara çıxardı. Və nəhayət Türkiyə Respublikasının rəhbəri Ərdoğanın Türk Dövlətləri Şurasının Ali mükafatını Azərbaycan Prezidentinə təqdim edərkən etdiyi çıxışdan bir parçanı bir daha dinləyək. Bu yeri Azərbaycanın içində və dışındakı bir ovuc uğursuzun, stajlı ənənəvi məğlubların da diqqətinə çatdırırıq: Böyük Türk dövlət adamı, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Ərdoğan çıxışında belə də deyir: Müzəffər Ali Baş komandan İlham Əliyev!

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan:

“Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır."

Rəcəb Tayyib Ərdoğanın Türk Şurasının Zirvə toplantısını Demokratiya və Azadlıqlar adasında keçirməsinin ikinci, özü də birincidən az əhəmiyyət kəsb etməyən ikinci mənası da var idi. Bu ada Türkiyə demokratiyasının rəmzi hesab edilir, əsası yaşıllıqdan ibarətdir. Ötən il may ayının 27-də Ərdoğanın iştirakı ilə açılışı edilib. Ada da demokratiyanın rəmzi olan 24 metrlik mayak ucaldılıb. “Demokratiya və Azadlıqlar Adası” Mərmərə dənizində yerləşən adalar qrupuna daxildir. Adanın xüsusi tarixi var. Belə ki, Türkiyənin demokratiya tarixində dərin iz qoyan və ölkənin o vaxtki Baş Naziri Adnan Menderes, Xarici İşlər naziri Fatin Rüştü Zorlu və Maliyyə naziri Həsən Polatka 1960-cı il 27 may dövlət çevrilişindən sonra bu adada mühakimə ediləndən sonra edam ediliblər. Türkiyə Böyük Millət Məclisinin 1990-cı il aprelin 11-də qəbul etdiyi qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb. 2013-cü ildən bura “Demokratiya və Azadlıqlar Ada” tək tanınır. Türkiyənin lideri Ərdoğanın Türk Şurasını məhz bu adada toplaması həm də bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Baydenin təşəbbüsünə cavab sayıla bilər. Dekabrın 9-u və 10-unda keçiriləcək onlayn tədbirin adı belədir: “Demokratiya zirvəsi”. Əlbəttə Amerika Birləşmiş Ştatlarının nəyi zirvə, nəyi dərə adlandırması onun öz işidir. Latın Amerikasının məşhur bir yazıçısı var idi. Antonio Porkya. Onun maraqlı bir fikri yadıma düşür. İnsan gözünü yumub özünü ən dərin quyuda da, ən uca zirvədə də təsəvvür edə bilər. Adətən gözüyumulu şəkilləri ilə diqqət çəkən Bayden görünür özünü eyni vaxtda hər iki nöqtədə təsəvvür etmə səbəbindən yıxılır. Xüsusilə Əfqanıstana apardığı demokratiyanı Talibanın saqqalının altında qoyub qaçandan sonra bu ölkənin qocafəndi siyasətinin hansısa zirvədən danışması şəxsən xərifləməkdi. İşğalçı Ermənistanı demokratiya sammitinə layiq bilən, amma BMT təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək işğalçını öz torpaqlarından qovan və bununla elə bu qurumun üzvü olan Birləşmiş Ştatların da sifətini qorumuş olan Azərbaycanı, srağagün əlini sıxdığı və qlobal əhəmiyyətini, NATO-dakı rolunu beyninin salamat hüceyrələri ilə hələ ki qandığı Türkiyəni guya zirvədə görməyən Bayden Saakaşvilini həbsxanada saxlayanlara da jest edib. Olsun! Hər bir tədbiri onun təşkilatçıları təşkil edir. Məzmun da, qonaq da onun haqqıdır. Amma yarısı yuxulu, yarısı mürgülü Birləşmiş Ştatların yuxuda gördüyü demokratiya, bu demiokratiyanın çəlpələnguçuranları Türk Zirvəsi həddi üçün deyil. Bizim öz azadlıq və demokratiya adamız var. Biz Səddam Hüseynin başının altında nüvə başlığı axtarmağa gedən, sonra əli ətəyindən uzun, suyu süzülə-süzülə geri qayıdan Birləşmiş Ştatların demokratiya ilğımlarını başqa yerlərdə də çox görmüşük. Hanı ərəb baharının bənövşə qoxuyan cənnətləri? Hanı Liviya, hanı Tunis, hanı Yəmənə gətiriləcək demokratiya baharı?

Biz hansısa şəxsin seçkilərdə xarici qüvvələri marağlarına uyğun qələbə qazanmasından Qarabağda qazandığımız qələbəni üstün tuturuq. Seçkilərdə qələbə bir və ya bir neçə möhlətlikdir, məsələn Qarabağda qələbə həmişəlik! Məsələn xatırlamalıyıq ki, Birləşmiş Ştatların söz azadlığına qoyduğu heykəlləri elə qaradərililər vurub uçurdular. İmkanları olsaydı Azadlıq Heykəlini təpəsi üstə okeanın dibinə vasil edərdilər.

Demokratiya zirvəsinə gah Trampdan, gah trapdan yıxıla-yıxıla gedən və ardınca da özünəməxsus demokratiya zəvvarlarını dartan Baydenin Prezident seçkilərindəki qələbəsinə elə Trampın münasibətini unutmayaq. Adamı Ağ Evdən üzü qara çıxartdılar. Baxmayaraq ki, iddialarında haqsız deyildi. Donald Tramp seçkiləri saxtalaşdırılmış hesab etdi və onun nəticələrini sonadək tanımadı, onun sosial mediaya çıxışlarının bağlanması da Bayden demokratiyasının bəhrələrindəndi. Tramp yenə də danışır, mübarizə aparır, çıxışlar edir. Sadəcə olaraq onları görmək mümkün deyil. Adamın ağzı açıqdır, yolunu bağlayıblar. Julian Asanjdan daha danışmırıq. Onun başına hansı oyunlar açılır. Demokratiya zirvəsi təşkil edən ABŞ-a görə İraq tələb olunan kriteriyalara cavab verir. Bəlkə ona görə ki, Bağdadda bəzi restoranlarda robotlar ofisiantlıq edir. Yaxud Konqoda demokratiya fəvvarəsi yaşanır?! Yalnız ona görə ki, adı belədir: Konqo Demokratik respublikası. Bu respublikanın yaxın 20 ilinə ekskurs edək. Başlayaq ondan ki, 2001-ci ilin yanvarında ata Kabila öldürüldü və oğlu Yusif Kabila dövlət başçısı seçildi. 2009-cu ildə ölkədə yenidən qızışan qarşıdurmalar çox sayda insanın köçürülməsinə və insan hüquqlarının pozulmasına gətirib çıxardı. 2013-cü ilin fevral ayından etibarən, Konqo hökuməti ilə təfriqəçi qüvvələr arasında sülh danışıqları davam edir. Elə ölkədə müxtəlif silahlı qrupların törətdiyi zorakılıqlar da. Bu Konqodur. Demokratiya zirvəsində! Amma Avropa İttifaqınını üzvü olan Macarıstan zirvəyə layiq bilinmir?! Ona görə ki Rəsmi Budapeşt xüsusilə son illər siyasi müstəqillik nümayiş etdirir! Azərbaycan və Türkiyənin də zirvəyə dəvət olunmamasının səbəbləri var. Çünki bu ölkələr Baydenin burda mənəm Bağdadda robot ofisiant hökmünü qəbul etmir. Maraqlıdır: o hansı kriteriyalardılr ki, bütün istiqamətlər üzrə böhranda boğulan Ermənistan və ya sübhü azanla yox, bomba həyəcanıl ilə açan İraq cavab verir, keçmiş prezidenti həbsə atan Gürcüstan, keçmiş prezidentə cinayət işi açan, hakimiyyəti tənqid edən hər kəsin zindana atıldığı Ermənistan cavab verir, amma Azərbaycan və Türkiyə cavab vermir? Məgər aydın deyil ki, NATO-nun əsas üzvlərindən biri olan və bu statusa həm də insan haqları və qanun aliliyinə sədaqətinə görə layiq bilinən Türkiyə sadəcə Birləşmiş Ştatların arzuladığı, tələb etdiyi çəlpələng müstəqilliyini qəbul etmir! Bayden Rusiya və Çinlə mübarizədə özünə dəstək qırıqları axtarır. Təbii ki, Azərbaycan nə Çinə, nə də Rusiyaya qarşı hər hansı avantürada yer almayacaq. Ona görə böyük Zəngəzur yolu var, ona görə ki, böyük İpək yolu var! Birləşmiş Ştatların rəhbərinin yaşı həm də bu dövlətin baxış sisteminin artıq qocaldığı, bioloji yaşıkeçmişliyi və artıq əlverişsizliyi anlamına gəlir. Mənzərə tam aydındır: Vaşinqtonun diktat tələblərini yerinə yetirməyənlər demokratiya zirvəsinə layiq hesab edilmir. Azərbaycan isə müstəqil dövlət fəlsəfəsinə uyğun olaraq öz siyasi, mənəvi, coğrafi ərazisində nüfuz agentləri saxlamır. İkili, üçlü oyun oynamaq Ermənistana xas davranışdır. Xatırlayırsıza, Sarqsyan prezident olanda Ermənistan Avropa İttifaqıilə sazişə imza atdı. Moskvanın qorxusundan imzasından imtina etdi. Paşinyan başda olmaqla Soros uşaqları hakimiyyətə gələndən sonra isə İrəvan Rusiyaya qarşı daha açıq işləməyə başladı. Bayden buna görə dəvət edib Ermənistanı! Ermənistan politoloqları indidən İrəvanı rəsmi Moskvanın tənbehinə, hətta üz döndərəcəyi aqibətə hazır olmağa çağırırlar. Ermənistanın mediası və Azərbaycanın radikal qaragüruhu unison davranır. Bu paralelçiliyin, əlbirliyin mənbəyi ən yeni tariximizin 90-cı illərinə aparır. Qarabağ problemi həll edildi. Qaragüruh problemi isə yox! İlham Əliyev əbədi dəyərər uğrunda mübarizə aparır. Opponentlərinin yolu isə mədə-sanuzel xətti ətrafından kənara çıxmır. Baxın istifadə olunan manera və fikir məmulatlarına. Dünya dəyişir. Makinaları iphonelar əvəz edir. Silikon vahəsi elə Amerikadadır ki. Yer kürəsi daha 81 yaşlı beyinlərin ləng dövranı ilə fırlanmır. Biz Amerika Birləşmiş Ştatlarının və onun bayrağını öpüb şəfa tapacaqlarına ümid edənlərin səmimiyyətinə şübhə etməyə bilərik. Amma axı şəxsən mənim yadımdadır ki, 1990-cı ildə Qanlı Yanvar ərəfəsində şəxsən Amerika Birləşmiş Ştatları Sovet İttifaqı rəhbərliyini, şəxsən Qorbaçovu ölkədə qayda yaratmağa, deməli Bakıya qoşun yeritməyə çağırmışdı. Buş bu hadisədən sonra Qorbaçova təbrik məktubu da göndərmişdi axı. Bəs ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Qarabağ məsələsinin həllində kimin tərəfində idi. Qardaşının yanının. Yaraşıqlıydı, böyükdü ona görə?! Ola bilər. Amma bizim də arxamız var. O haqqdır. Haqq isə Allah! Ermənistanın işğalçı siyasətinə birbaşa dəstək olan 907-ci düzəliş də yadımızdadır. Məhz bu düzəliş Azərbaycana qadağanlar tətbiq etməklə Ermənistanın əl-qolunu açdı. İndiyədək konservləşdirilmiş haldadır. Açılır, bağlanır, açılır bağlanılr... Və əgər bu gün Londonda antiazərbaycan qüvvələr toplaşıb siyasi kürsəyə, üzr istəyirəm kürsüyə can atırsa biz bu hürrrrriyyətə ilk üç hərfdən baxmalıyıq. Heç kim öz üzərinə götürməsin. Amma maraqlı klipdi bu:

Və burda Rəcəb Tayyib Ərdoğandan eşitdiyim bir misalı gətirmək istəyirəm: arxasınca 100 köpək hürdürməyən canavara bizlərdə canavar deməzlər! Belə. İndi isə Londonda bazalanmış antiazərbaycan qüvvələrlə bağlı. Onları Haaqa məhkəməsində Azərbaycanın Ermənistana açdığı dava maraqlandılrmaz. Belələri Şuşa zəfərini yox, Tərtər işini qabardarlar. Belələri üçün bütün türk dünyasının başucalığı olan Əliyevin Qarabağ qələbəsi yox, Paşinyanın seçkilərdə qələbəsi vacibdir. Bu siyasət düşükləri öz uğursuzluqlarını uğur, dövlətin tarixi nailiyyətini isə məğlubiyyət kimi təqdim edərlər. Baxın bu adamlara. Onların gələcəyi yoxdur. Yalnız keçmişəri var. Bu keçmiş isə sadəcə bədnamdır. Londonda oturub üzü Azərbaycana səslər çıxaran bu adam-Cəmil Həsənli. Azərbaycan hakimiyyətini öz aləmində tənqid edən, hansısa psevdosaxtakarlıqlar tapan alimin özü 2015-ci ilə qədər saxta təqaüd alıb. Bu hadisəni yəqin ki çoxunuz unudub. Prezident seçkilərində müxalifətin əsas namizədi idi. Bax o zaman Yeni Azərbaycan partiyasının təmsilçisi Əli Əhmədov bu adamın bütün korluqlarını onun üzünıə vurdu. Başda siyasi korluq olmaqla:

Bu adamların keçmişi budur. İndi özlərini Robin Qud kimi aparan belə bəycik və gültəkin kimi gəlinciklərin yeri Şüervud deyil, Şərvuddur. Onların nəfəsi də yalanla gedib gəlir. Yadımdadır, Elçibəy hakimiyyət böhranının ən ağır çağlarında ətrafını xəyanətdə günahlandırmışdı. Xüsusilə sosial-məişət zəminində yaradılan süni problemləri məhz iqtidarın təşkil etdiyini bəyan etmişdi. Yadımıza salaq. Qızıl fondumuzda saxladığım bu kadrlar unikaldır.

Bu gün də qaragüruhun üslubu eynidir. Başqa cür ola da bilməz axı. Onların güruh təbiəti elə Elçibəyin zamanında qalıb. Siyasi fəaliyyətləri boyunca yalnız az təminatların sosial həssaslıq tellərində çalıb-oxumağı bacaran bu qüvvələrin arsenalında yeni nəsə yoxdur. Bir müddət əvvəl bəzi tariflərə yenidən baxılması zəminində qaragüruhçuların fəallığını yəqin xatırlarsınız. Gəlin hesab edək ki, 93-cü illərdəyik və Elçibəy o sözləri 93-cü ildə oturub bu günə deyir. Daha doğrusu o zamankı tərəfdarlarına. Çünki bu gün də onlardı elə həmin təhkiyənin müəllifləri. Elçibəy o sözləri özünkülərə deyir.

Mən niyə Elçibəydən misal gətirdim? Ona görə ki, bu gün qaragüruhun önündə gedənlər ən yaxın tariximizi dərindən bilməyənlərə məhz Elçibəyi kumir olaraq nümayiş etdirirlər. Mənsə bu kadrları göstərməklə ən yeni tariximizə obyektiv yanaşmaq imkanı yaradıram. Elçibəyin çıxışının bu yerini həm də Londonda, Parisdə, daha nə bilim harda oturub Antiazərbaycan mövqelərdən çıxış edən hərcayılara ünvanlayıram:

Elçibəyi lider sayanların auditoriyasına, daha doğrusu qaragüruh düşərgəsinə hesablanmış çıxışdı bu. Elçibəy sanki əbədiyyətdə oturub bu zamandakı silahdaşlarını, daha doğrusu özünü ona silahdaş qoşanları ifşa edir. Bir prospekti belə bu başından o başına görə bilməyənlər 100 ilin tarixini əvvəldən sonadək uzlaşdıran təfəkkürə müxalif ola bilməz, hörmətli tamaşaçılar! Bu nonsensdir. Biz artıq yeni zamandayılq. Dördüncü sənaye transfarmasiyasında. Həm də Sizə İstanbuldan, böyük Türk Birliyindən, Prezident İlham Əliyevin müzəffər Ali baş komandan kimi, Qarabağda qazanılmış qələbənin tarixi qələbə tək qürurla Türk dövlət başçıları tərəfindən təqdim edilməsindən danışırıq. Azərbaycanın regionda cızdığı yeni xəritədən danışırıq. Bu gün Azərbaycan Prezidentinın çıxış etdiyi nöqtə Tariximizin ən uca məqamıdır. Şuşadır. Ali Baş komandan qalib ordu, qalib hərbçilər qarşısında çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Şuşanın işğalını bayram edirdi. May ayında bu il, bax burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.

Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.

Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram."

Bir detala fikir vermənizi istərdim: Ali baş komandan Azəbaycan Ordusuna yeni qələbələr arzuladı. Müharibədən əvvəl, qələbədən əvvəl silahlı qüvvələrimizlə bağlı hər bir bayramda sadəcə uğurlar arzulardı. Bu dəfə yeni qələbələr. Deməli bu həm də düşmənə xəbərdarlıqdır. Yeri gəlmişkən bu həftə Azərbaycanın Müdafiə nazirliyi də Ermənistana qəti xəbərdarlıq etdi. “Ermənistanın hərbi rəhbərliyi 44 günlük müharibədəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə, daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir - söhbət ermənilərin müdafiə nazirinin Qarabağa gəlməsinədn gedir. Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr, yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək". Bax elə bu xəbərdarlığı da biz məzmun etibarilə Ordumuza arzulanan qələbə ilə bağlı hesab edirik. Ermənilərin Kəlbəcərdə, Şuşada törətdiyi təxribatların qarşısı məhz bu xəbərdarlığa uyğun şəkildə alınır. Ermənistan əslində Şuşada, Kəlbəcərdə öz aqibəti üçün şərait hazırlayır. Bu şəraitin Azərbaycan üçün daha əlverişli olacağı isə şübhəsizdir. Təkrar edirik. Daha doğrusu Ali Baş komandanın çıxışından bir parçanı təkrar təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik".

Düşmənin imzaladığı kapitulyasiya aktının qeyd edilməsini bundan daha miqyaslı və daha ali məqamda təsəvvür etmək olmazdı. Zəfəri Şuşada, birinci döyüşçü başda olmaqla silahlı qüvvələrimizlə, düşmənin məğlubiyyət faktını və ya paktını isə bütün türk dünyası ilə birgə qeyd edirik. Bayrağımız dünyanın ən nəhəng şəlaləsinə qarışıb dalğalanır. Hansısa Baydenin virtual zirvəsiznən milyon dəfə real və daha uca olan fantastik Niaqara şəlaləsində. Əsil zirvədə!

Bu zirvəni görməyənlər isə dərənin dibindəkilərdir. Azərbaycanda Ermənistanın təbliğat maşınına kösöv və ya kömür atanlar hətta şəhidlər, qazilər adına imzalanmış aminstiya aktını belə, üzr istəyirəm, amma sitat gətiririəm, taxta aministiya adlandırırlar. 100 illərin zəfərini məğlubiyyət adlandırmağa abırsızlıqları çatan siyasi əxlaqsızlıqdan başqa nə gözləmək olar ki?! 30 illik işğal ritorikasından yorulmayan bu stajlı məğlublar bir ili təzə tamam olmuş qələbəmizdən yoruldular. Xəyanətkarın başında palıd ağacı bitmir ki...

Bu adamların mənsub olduğu toplum öz məğlub, fədakar əsgərimizin ayaqları altında qurd basmış keçmişlərini unutdurmaq üçün Çingiz Abdullayevin üzərinə gedə biləcək qədər ağız - burun bəhəm edirər. Çingiz Abdullayev müharibə olmayıb deyəndə obrazlı danışırdı. Mən isə tamaşaçılarımıza faktlarla göstərəcəm. Ordumuzu. O zamanların ordusunu. Fərari rəhbərlərin taleyin ixtiyarıa buraxdığı ordunu. Bax bu ordunu. Layiq olmadıqları şəraitdə, şəhid olmazdan xeyli əvvəl diri gözlü ölmüş, öləndən sonra sonra davaya gedərək şəhid olmuş fədakar döyüşçülərimizi xatırlayaq. Onların ruhu sizə qənim olsun! Amin!

Bax o uşaqlar vuruşmuşdular. Bu uşaqlardan ibarət idi ordumuz. İndi bir yazıçının üstünə gedən qardaş və bacı həmkarlarım! Qaragüruhun cilovunda getməyin. Yəni hələ də başa düşmürük ki, ortada qaragüruhun sossetdə saxladığı peşəkar ilüzyonçular var. Bizi altdan-altdan qaragüruhu, onların idbar rəhbərlik keçmişini müdafiəyə sürükləyirlər. O zaman ordu bizim indi təsəvvür etdiyimiz anlamda doğrudan da yox idi. Başıpozuq qüvvələr var idi, bəzən fədakarlıq göstərən, bəzən bağlı olduğu siyasi firqənin tapşırıqlarını yerinə yetirərək döyüşə girməyən özəl hərbi kooperativlər var idi. Bizim indi gördüyümüz, ən xırda detalınadək hesablanmış, super peşəkar 21-ci əsrin müharibəsi adlandırdığımız müharibə doğrudan yox idi. Buyurun, baxın, bu kadrların üzərində hansı kompliment demək istəyirsinizsə onları deyin. Misilsiz ordu. Fədakar ordu. Qalib ordu. Müharibəni udan ordu.

Azərbaycanın Ali Baş Komandanı və ordusu, xalqımız bu uşaqların da qisasını aldı. Təkcə Ermənilərdən yox! Onları bu günə salıb döyüşə göndərənlərdən də. Biz bu gün Şuşada, Kəlbəcərdə, Laçında növbə çəkən gənclərimizi ikiqat ruh yüksəkliklərində görürük. Çünki onlarda həm də Birinci qarabağ müharibəsində şəhid olanların ruhu var!

Azərbaycan Ermənistanla, onun havadarları ilə ona görə belə qatı və qəti danışa bilir ki, onun mükəmməl silahlı qüvvələri var. Bu gün Ermənilər 10 noyabr bəyanatından itələnərək Qarabağın statusundan da danışmağa cəhd edirlər. Onların son bəyanatı göstərirdi ki, İrəvan hələ hansı dərənin dibində olduğunu anlamır. Minsk qrupunu xatırladırlar, hansısa statusdan danışmağa cəsarət edirlər. Daha anlamırlar ki, status məsələsi ətrafında danışmasalar ilk növbədə onların özləri üçün yaxşı olar. Çünki Bakının əlində olan diplomatik üstünlük həm də Zəngəzur, həm də Qərbi Qazax, həm də Vedibasar, həm də Göycə, həm də Zəngəzurun qalan hissəsi, həm də Dərələyəzin statuslarının dəqiqləşdirilməsinin tələb etməyi, Ermənistandan didərgin salınmış soydaşlarımızın öz yurd-yuvalarına qaytarılmasını özündə ehtiva edir. İndi isə yenidən Şuşamıza qayıdaq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

İndi isə Sizi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə həsr edilmiş “Yalnız o” sənədli filminə baxmağa dəvət edirik. Bayramınız mübarək. Unutmayaq ki, bu ölkənin vətəndaşı olmaqdan böyük bayram yoxdur!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər