Mir Şahinin vaxtı - 21.11.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 21.11.2021 (VİDEO)

Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Bu həftə daxili və xarici düşmənlərin iflas həftəsi oldu. Fakt və arqumentləri Sizə biz təqdim edəcəyik.

Siz isə görəcəksiz ki, kimlər harda və necə iflasa uğradı. Məsələn, şahidi olacaqsız ki, ilk baxışda bir-birilə əlaqəsi olmayan faktlar, əlamətlər bir-birini necə tamamlayaraq vahid tablo yaradır.

Başlayaq: əvvəlcə, yadımıza salaq ki, Ermənistan kapitulyasiya sənədini imzalayandan sonra 10 noyabr bəyanatının şərtlərini----bəzən cığallıq etsə də ümumiyyətlə yerinə yetirməyə başladı. Məsələn, Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz, müqavimətsiz azad edilməsi elə bu sənəd əsasında baş verdi. Amma elə bil, qəflətən nəsə baş verdi və İrəvan birdən-birə başını ovucları arasına alıb düşündü ki, “Ay dadi bidad! Deyəsən əməlli-başlı biabırçılığın içindəyik, Kapitulyasiya aktının daha ağır şərtləri varmış ki...”

Görünür ağır məğlubiyyətdən nəyin bahasına olur-olsun canını qurtarmaq istəyən Paşinyan o seytnotda-hansısa küncdə-bucaqda imzaladığı sənədə və bununla bərabər nəyə qol qoyduğunu anlamırmış... Heç demə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmalı olmasını, Ermənistanın-Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməli olmasını sonadək başa düşmürmüş. Yəni nə qədər ki, məğlubiyyət sənədi isti-isti idi, Paşinyan adminstrasiyası hansı rüsvayçılığa qol qoyduğunun fərqində deyildi. Baxmayaraq ki, Ermənistan fərqində olub da bir şey edəsi deyildi! Bir halda ki, Azərbaycan Ermənistanı hərtərəfli sındırmışdı. Hərb meydanında, arxa cəbhələr səviyyəsində, diplomatik meydançalarda, informasiya-təbliğat müharibəsində-hər yerdə Əliyev Paşinyanı xəcalətli bir duruma salmışdı. Düşmənin nəyəsə etiraz etmək, şərt irəli sürmək kimi bir lyuksu yox idi. Cəmi bir yol qalırdı. Salamat qalan nə varsa xilas etmək üçün RAZILAŞMAQ! BARIŞMAQ! Bu baş verdi. Amma sənəd imzalanandan sonra ermənilər kiçik bir pauza əldə etdilər. Elə bu fürsətdən də yararlanmaq istədilər.

Əslində Azərbaycan münaqişənin başa çatdığını rəsmən elan etmişdi. Dağlıq Qarabağın və bu adda istilahın daha mövcud olmadığını bəyan etmişdi. Bundan sonra hər hansı statusdan söhbət getməyəcəyini bildirmişdi. Əliyev söz vermişdi ki, yalnız irəli baxacaq. Hədəf işğaldan azad edilmiş ərazilərdə inşaatdı, bərpadı. Dinc quruculuq işlərində isə Azərbaycanın digər vətəndaşları kimi Qarabağda yaşayan ermənilər də bu prosesdə iştirak edə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Anadolu” agentliyinə:

“Biz orada yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dövründə, əvvəlki dövrdə də, işğal dövründə də bu belə idi. Biz onları Azərbaycan vətəndaşı kimi görürük, sadəcə onlar bunu qəbul etməlidilər. Onlar bu erməni təbliğatından qurtulmalıdılar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidilər. Biz onların da işlərə cəlbini təmin etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji cəhətdən sülh prizmasından baxırıq. Çünki mən bir daha müharibə olmasını istəmirəm".

Və Prezident belə bəyanatlarla buna qədər də çıxış etmişdi, bundan sonra da çıxış edəcəkdi. Məsələn, son belə müraciət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Covid-19-dan sonra dünya” adlı forumuna təsadüf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik".

Azərbaycanın bu çağırışlarının nə qədər əsaslı olduğuna---işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlər edən diplomatlar yerindəcə şahidlik edirdilər. Məsələn, son belə hadisə Suqovuşanda, Talışda olmuşdu. Şəxsən mən, bərpa və yenidənqurma işlərinin nəhəng miqyası qarşısında heyrətdən gözləri dörd olmuş dipkorpusun təəssüratlarını heç vaxt unutmayacam.

İndi isə gəlin baxaq: görək bu müraciətlərə, bu çağırışlara Ermənistan necə reaksiya verirdi və verir. Kiçik bir statistika. Yalnız son iki-üç həftəni sərf-nəzər edək.

Beləliklə: 2021-ci il noyabrın 8-i. Azərbaycan Zəfər bayramını qeyd edir. Elə bu vaxt ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərirlər.

Noyabrın 9-u. Ermənistan Basarkeçər rayonu tərəfdən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutur.

Elə həmin gün Ermənistan 60 hərbçinin Laçın rayonu-Qaragöl ətrafında Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşdirilməsinə cəhd göstərir.

Noyabrın 13-ü. Səhər saatlarında Şuşa ətrafında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törədir və 3 hərbçini yaralayır.

Elə həmin gün Ermənistan axşam saatlarından noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonu tərəfdən Azərbaycan Ordusunun-Kəlbəcərin Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutur.

Noyabrın 15-i gecə. Ermənistan Basarkeçər rayonu tərəfdən yenidən Azərbaycan Ordusunun Kəlbəcərin Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən mövqelərini atəşə tutur.

Və nəhayət. Noyabrın 16-sı. Ermənistan Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədir.

Təkrar edirik!!! Bütün bu təxribatlar Azərbaycanın ardıcıl sülh çağırışları, iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə dərhal başlamaq tələbləri və tez bir zamanda sülh, qarşılıqlı anlaşma formatına çıxmaq arzusu fonunda baş verir. Doğrudur, Azərbaycan silahlı qüvvələri bütün basqın və avantüraların qarşısını qətiyyətlə alır. Yəni Ermənistan bir qarış da irəliləyə bilmir. Əksinə geriləyir və hər həmlədə xeyli itkiyə məruz qalır, iş bunda deyil, məsələ burasındadır ki, Ermənistanın bütün bu qəfil basqınları---məhz 2020-ci il, noyabr ayının 10-da acizanə surətdə etiraf etdiyi məğlubiyyət aktından xeyli sonraya təsadüf edir. Hər şeydən görünür ki, İrəvan kapitulyant kimi qəbul etdiyi öhdəliklərin əksini tapdığı sülh sazişi imzalamağı ləngitməyə çalışır. Hər vəchlə bu sənədə mane olur. Çünki bu saziş imzalanandan sonra hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan üçün problem yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır".

Amma Ermənistan!!! buna hazır deyil. Elə buna görə də Əliyev eyni zamanda sülh məramına açılan əlini bir anda yuma da biləcəyini nümayiş etdirir. 2020-ci ilin noyabrında---acınacaqlı məğlubiyyət halında imzalamağa məcbur olduğu sənədə indi soyuq başla baxan və öz rüsvayçılığını görən Paşinyan öz aləmində hər bir mümkün təxribatda nəyəsə ümid edir və hər dəfə bir az da özünü batırır. Bu qəbildən, noyabr ayının 16-da istisna olmadı. Məhz həmin gün Ermənistan daha bir hərbi-siyasi iflasa uğradı. 2-ci Qarabağ müharibəsində itirdiyi simasını az da olsa bərpa etmək, əlverişli yüksəkliklər əldə etmək məqsədilə Azərbaycanın dövlət sərhədlərini qəflətən pozdu... Paşinyanın nail olduğu, yaxud əldə etdiyi, hər ikisi də dırnaqarası, nəticələrə bir az sonra qayıdacağıq. İndi isə Kəlbəcərə doğru yola çıxaq.

...Bu yol bizi dəniz səviyyəsindən 2900 metrədək yüksəkliyə aparır. Amma bu da son hədd deyil. Daha bir yüksəklik də var və o Azərbaycan əsgərinin olduğu ruh yüksəkliyidir, mənəvi ucalıqdır. Bizi o yüksəklikdə uca əsgərlərimiz gözləyirdi. Bir gün, bir gecə fədakarcasına döyüşən, 7 şəhid verən, amma bir qarış da geri çəkilməyən silahlı qüvvələrimiz.

Ermənistanın genişmiqyaslı təxribatında ağır silahlardan istifadə olunmuşdu. Adətən belə toqquşmalarda itki verməmək mümkün olmur. Amma Azərbaycan Ordusundakı nizam-intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatı itkilərin minimuma endirilməsini təmin etdi:

Yataqxanda diqqətimi bir elan çəkdi. Sobanin üstündə divara vurulmuşdu.

Bax elə bu kiçik detalın özü---hərbi qulluqçularımızın xidmətində intizamın yerini təsəvvür etməyə kifayət edir. Döyüşçülərimiz 7 şəhid verdi. Amma Ermənistanın 30-a yaxın sərhəd pozucusu məhv edildi, 40-a yaxın erməni basqınçı yaralandı, özünü sağ-salamat təslim edən ermənilərin də sayı az deyil. Qürur doğuran fakt isə həm də budur ki, Azərbaycan silahlı qüvvələri sayca özündən bir neçə dəfə artıq olan düşməni əla düşünülmüş, hesablanmış taktiki gedişlərlə darmadağın ediblər. Xeyli düşməni diri tutublar. Çoxlu silah-sursat qənimət götürüblər. Beləlikllə, Ermənistan növbəti dəfə rüsvayçılığın acısını daddı.

Hərdən adama elə gəlir ki, erməni silahlı qüvvələri və ya onlara belə avantürist tapşırıq verən rəhbər şəxslər sadəcə xəstədirlər. Axı başqa cür bu mənzərəni necə izah etmək olar: Baxın, budur, hər dəfə döyüşdən döyülərək, məğlub çıxan, Azərbaycan əsgərinin qarşısında diz çökərək aman diləyən erməni hərbçiləri. Yadınızdadır?

Yəqin ardını da xatırlayırsız: bax həmin bu Ermənistan dövləti, sonradan minnətçi, vasitəçi salaraq öz ələkeçmişlərini geri istəyir. Uzun-uzadı danışıqlardan, alçalmalardan, yalvarışlardan, diləmələrdən, dilənmələrdən sonra buna nail olur. Bəli!... nəhayət Azərbaycan humanizm nümayiş etdirərək onlardan kimlərisə geri qaytarır. Və dünənədək əsir-yesir olan zavallılar İrəvanda qəhrəman kimi qarşılanırlar.

Normal beyin diqtə edir inanaq ki, bir də başlarını daşa döyüb səhv etməzlər. Amma yooox... Məlum olur ki, bunlar başlarını daşa döyüb-döyüb döyyüşçü olmaqda ustadırlar. Yenə də eyni mənzərə təkrar olunur. Erməni döyüşçülər yenə də Azərbaycana əvvəlcə hücum edir. Sonra isə özünü təslim edir.

Və yenə də Azərbaycanla danışıqlar aparırlar ki, gəl qaytar eşqimi, o sənə heç gərək deyil... Yaxşı tutaq ki, bu dəfə də Azərbaycanın yazığı gəldi, yenə də kimisə qaytardı... Amma kim zəmanət verə bilər ki, bu xəstəhal beyin sahibləri növbəti dəfə bizim sərhədə ağız atmayacaqlar?! Deməlİ regionda, xüsusilə Ermənistanın mövcudluğu ilə mövcud olan vəziyyət göstərir ki, Azərbaycan Ordusu təxribatlara həmişə hazır olmalıdır. Çünki Ermənistan fürsət tapan kimi təxribat törətməyə cəhd göstərəcək. Və əgər kimsə hesab edirsə ki, kapitulyasiya aktı həm də hərbi-siyasi tövbədir, yanılır. Qarabağ münaqişəsi başa çatıb. Kapitulyasiya faktı var. Qarabağ İqtisadi rayonu var. Amma bütün bunlar o demək deyil ki, Ermənistan rahatlıqla bu reallığı qəbul edəcək, bir partnyor əxlaqı nümayiş etdirəcək. Elə olmur, dostlar! Qardaş Türkiyə neçə müddətdir ki, terror aktları, terrorçu həmlələri, diversiyaları ilə mübarizə aparır. Bu ölkədə terrorçular hərbçilərin postlarına basqınlar, hərbi maşın karvanlarına qəfil həmlələr edir, qardaş respublika şəhid verir. Elə İsrail ordusu da eyni gərginliyə girinc-giriftar olub. Baxmayaraq ki, Harop-una min nəğmələr qoşuruq. Deməli elə sahələr var ki, orda tam və qəti qələbə belə erkən etiraf edilmir. Bir vaxtların məşhur misrası yada düşür. Fərman Padişahın, dağlar bizimdir. Amma indi fərman da, dağlar da bizimdir. Ermənistan da bu dağlardan gözünü ona görə çəkmir ki, dağlara da, fərmana da sahib olsun. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışıblar. Ən müxtəlif çaplı atıcı silahları, qumbaraatanları, artilleriya qurğularını işə salıblar. Azərbaycan Ordusu etibarlı müdafiə və əks həmlə tədbirləri nəticəsində bir qarış torpaq belə itirməyib. Bütün strateji yüksəkliklər, məntəqələr yenə nəzarətimiz altındadır.

Bax bizim olduğumuz bu nöqtədən Ermənistanın bayrağı ovuc içindəki kimi görünür. Qarşı tərəfdə isə yaxşı bilirlər ki, ovucun yumruğa, özü də dəmir yumruğa çevrilməsi anın işidir.

Ermənistanın hücumu bütün istiqamətlər üzrə iflasa uğrayıb. Əvvəla hərbi baxımdan. Biabırçı məğlubiyyət və qorxaq qaçış. Elə əməliyyat-taktiki baxımından da. Qəfil hücumla əslində az sayda olan, müəyyən mənada gözlənilmədən yaxalanmış, yaşı 20-21 olan gənc döyüşçülərə belə böyük hesabla uduzmağın pərtliyini Paşinyanın ali hərbi heyəti ömrünün sonunadək unutmamalıdır.

Siyasi strateji baxımdan iflas. Yaxşı bilirik ki, Ermənistan hər belə təxribat desantıyla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanın üzərinə qaldıra biləcəyinə ümid edir. Baxmayaraq ki, Azərbaycanın bu qurumun bütün üzvləri ilə əla münasibətləri var və cəsarətlə demək olar ki, Azərbaycanın ayrı-ayrı KTMT dövlətləri ilə əlaqələrinin qarşılıqlı faydaları---Ermənistanın bu qurumla olan kollektiv münasibətlərinin nəzəri faydasından dəfələrlə artıqdır. Yəni Ermənistan bu quruma sadəcə yükdür. Bu baxımdan Əliyev Paşinyanı elə beşiyində, yəni həmin o qurumda zərərsizləşdirib.

Bir incə, amma fikrimcə bir mühüm detal da: Ermənistan bütün provakasiyalara əl atır, bütün xahişlərini edir ki, sonda KTMT-nin, daha doğrusu, Rusiyanın Azərbaycana müdaxiləsi baş versin. Və etiraf etmək lazımdır ki, hər dəfə KTMT-yə, daha doğrusu Rusiyaya ünvanlanan “Bizim yerimizə vuruş və Ermənistanın suverenliyini qoru!” xahişi yerinə yetirilir. Amma necə? İlkin, yəni geniş mahiyyətini itirəndən sonra. Geniş miqyasa hesablanan, yəni Paşinyanın gözlərinə Azərbaycan ərazilərinə tanklı-toplu, aviasiyalı KTMT müdaxiləsi tək görünən möhtəşəm dəstək sonda “Sən Allah Bakıdan xahiş et ki, ələ keçirdiyi erməni döyüşçülərini qaytarsın!” şəklini alır. Yəni Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatı dolayısı ilə Ermənistanın xahişini yerinə yetirmiş olur. Amma belə. Məsələn, KTMT-nin Rüstəm Muradovu gəlir KTMT-nin ermənisinin cəsədini aparır.

Və daha bir mühüm məqam. Erməni kütləvi informasiya vasitələri iddia edir ki, guya Azərbaycan onların mövqelərinə hücum edib və hansısa mövqeləri ələ keçirib. Buyurub baxa bilərsiniz: yaradılmış şərait, Azərbaycan əsgərlərinin bu ərazilərdə çoxdan yerləşməsindən, yataqxana tikməyə macal tapmış, qışa uzunmüddətli tədarük görmüş döyüşçülərimizin oturuşmuş güzəranından xəbər verir. Biz burda varıq. Olacağıq. Və var idik.

Ermənistanın bayrağını da o dağa biz aparıb sancmamışıq. Baxmayaraq ki oralar da qədim Azərbaycan torpaqlarıdır. Amma Ermənistan bayrağının olduğu həmin o nöqtələr rəsmən Ermənistana məxsus ərazi sayılır.

Ermənistan Azərbaycana dünyagörüşü və ədalət baxımından da uduzub. Yəni uğrunda mübarizə aparılan hədəflər arasında ciddi fərqlər var. Məsələn, Ermənistan özünə məxsus olmayan uğrunda mübarizə aparır. Azərbaycan isə özünün olan uğrunda. Ermənistanın nə sülhü, nə də müharibəsi öz əlindədir. Azərbaycanın sülhü də, müharibəsi də öz əlindədir. Kiçik bir detal. Bax əsgərlərimizin sığındığı, söykəndiyi bu səyyar səngər divarlarınadək, onlara səbət də deyirlər, öz istehsalımızdır. İstifadə etdiyimiz silah və sursatlar da Azərbaycan brendidir. Məsələn, Azərbaycan Müdafiə Nazirliyi çəkinmədən xəbərdarlıq edir ki, əgər oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, daha sərt və təsirli tədbirlər görəcək. Ermənistan isə özünü suveren respublika adlandırsa da başqa bir respublikalara, bir dəfə Rusiyaya, başqa dəfə Fransaya müraciət edir ki, mənim suverenliyimi qoru və anlamır ki, elə bu müraciət peyda olan kimi onun suverenliyi yox olub gedir. Ermənistanın hər belə müraciətinin nəticəsiz qalması isə Paşinyan adminstrasiyasını gülünc vəziyyətdə qoyur. Çünki onun asıldığı telefonlar elə onun asılılığının göstəricisi olmaqdan uzağa getmir. Başqa bir detal. Adətən Paşinyan zəng vurub xahiş edir.

Amma İlham Əliyevə zəng edənlər həm də iki daşın arasında Azərbaycanın əhəmiyyətini etiraf etməyi özlərinə mütləq borc bilirlər. Zəngləri təhlil etsək, görərik ki, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Ermənistanı öz bacısı hesab edən Fransanın, İtaliya və başqa ölkələrin də Azərbaycanla (!) davranışı müstəqil dövlətə ehtiramı aşmır. Əliyevin diplomatik uğuru göz qabağındadır. Dünya güclərinin son hadisə ilə bağlı verdiyi bəyanatlarda sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanır. Bu isə elə Azərbaycanın da mövqeyidir. Artıq beynəlxalq ictimaiyyət də o əmindir ki, Ermənistan təxribat və avantüra ilə məşğuldur.

Azərbaycan Ermənistandan bir xüsusiyyətilə də fərqlənir. İrəvanın yanı gah o, gah bu kresloya əyilir. Yan dedikdə-soyad şəkilçisini nəzərdə tutmuram. Azərbaycan isə öz kreslosuna arxalanan dövlətdir. Burda da arxa məcazi mənadadır. Məsələn, Ermənistan hər bir fürsətdə müttəfiqini satmağa, yeni sahib axtarmağa meyllidir. Yadımıza salaq: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nə deyirdi?: Deyirdi ki, Rusiya KTMT məsələyə müdaxilə etməyəcəyi təqdirdə, yəni Azərbaycana hərbi müdaxilə etməzsə, onda Ermənistan başqa beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlayır. Bu isə Rusiyanı, Ermənistanın bu günədək mövcud olmasının əsas səbəbkarı, qarantı Rusiyanı satmaq, Rusiyanı şantaj deyil də nədir!? Və bu kadrlar uzaq keçmiş deyil axı. Ermənistanın Prezidentinin avtomobili NATO-nun qaplarına düşmüşdü...

Qısaca desək, sədaqətsilziyin şəkli və ya nankorluq. Bu dövlət üçün fərqi yoxdur. İstənilən anda Rusiyaya, istənilən anda Qərbə xəyanət edə bilər. Bir gün Rusiyaya-KTMT-yə, o biri gün Avropa İttifaqına, üçüncü gün NATO-ya yalvarmağa Ermənistanın ürəyi, daha doğrusu dizi atır. Paşinyan kursu siyasətdən də, mənəviyyatdan da kənardır. Azərbaycan isə müharibəyə hansı müttəfiqlərin siyasi-mənəvi dəstəyilə girmişdisə, bu gün də o siyasət və mənəviyyatladır. Xatırlayaq: ikinci Qarabağ müharibəsi boyu Türkiyə Ərdoğanın simasında Azərbaycanı-Əliyevi tək qoymadı. Noyabrın 16-da baş verən xain basqın zamanı da Türkiyədən qardaşın tam dəstək bəyanatı gəldi. Türkiyə Azərbaycanın yanındadır və yanında olacaq. İlham Əliyev müttəfiqlərindən aldığı yüksək dəyərə qarşılıq verməyi bacarır. 16 noyabr hadisəsindən, yəni Kəlbəcərin bu döyüş zirvəsindən əvvəl İstanbulda bir Türk zirvəsi olmuşdu. Orda həm Əliyev, həm Ərdoğan tarixi çıxış etmişdilər. Bu həm də sədaqətli olmağın, qardaş olmağın rəsmi idi. And idi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan:

Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.

Azərbaycan Ermənistanın son təxribatını beşiyində həm də bu birlik sayəsində boğdu. Hə. Bir şərəf əlavəsi daha. Ali Baş komandanın yetişdirdiyi gənclik noyabr həmləsini yüksək nəticələrlə dəf etdikdən sonra özlərini necə mükafatlandırırdılar?! Onlar ötən il, Kəlbəcərin işğaldan azad olunması münasibətilə təltif edildikləri mükafatı hələ rəsmən qəbul etməmişdilər. Və məhz bu döyüşdən sonra qəbul etdilər.

Azərbaycanın, Ermənistanı kapitulyasiyaya məcbur edəndən sonra qələbəni rəsmiləşdirməyə başlaması, bunu müttəfiq və tərəfdaşları ilə - proqnozlaşdırılan partnyor kimi davranaraq etməsi Bakının gələcəyə hesablanmış strateji kursunun müham tərkib hissəsidir. Məsələn, sosial şəbəkələrdə anti Rusiya pressinqi tətbiq edənlərin emosianal davranışlarına rəğmən biz Bakıda Rusiya ekspert Şurasının yaradılmasını izlədik. Vacib gedişdir. Çünki rus dilini bilmək, hələ Rusiya dilini də bilmək deyil. Bu baxımdan bu şuranın formalaşdıracağı yüksək keyfiyyətli ekspertlərin faydası çox olacaq. Amma əsgərin işi döyüşməkdir və bizim bu saat xırdaladığımız siyasi məsələlər onun umurunda deyil.O döyüşməyi, hətta şəhid olmağın özünü belə cari fəaliyyətinin bir parçası hesab edir. Noyabr ayının 26-da düz otuz il olacaq ki, Televiziyada çalışıram. Amma ilk dəfə idi ki, belə sözlər eşidirdim. Döyüşçülərdən biri mənə çox asta səslə, səmimi tərzdə bilirsiz nə dedi. Dedi ki, Mirşahin müəlim, burda nə var axı, bir az şişirdirsiz e... Əsgər şəhid olar da. Bu bizim işimizdir”. Deməli artıq yenilməz əsgər, yenilməz döyüşçü təfəkkürü tam formalaşıb. Amma bir incə məsələ də var. “Burda nə var axı, bir az şişirdirsiz e... Əsgər şəhid olar da. Bu bizim işimizdir”- demək yalnız əsgəri, yalnız döyüşçünü ucaldır- yalnız onu allahın mərtəbəsinə qaldırır. Bu cümləni hansısa etinasız məmur deyərsə, o təkcə etinasız yox, həm də vicdansızdır! Və “şəhid olmaq bizim işimizdir!”-deyən döyüşçü başqa bir sözü ilə sosial şəbəkələrdə məkrli niyyətə qulluq edənlərə, şəhidləri kasıb-varlı qradasiyasına qoyanlara da cavab vermiş oldu. Mən öz namusumu, öz ailəmin namusunu, öz vətənimin namusunu qoruyuram. Namusun kasıbı, varlısı olmur!

16 noyabrda baş verən hadisə əlbəttə ki, 3-cü Qarabağ müharibəsi deyil. Operativ şəkildə qarşılanan və uğurla nəticələndirilən əks həmlədir. Bu əməliyyatın ən mühüm cəhəti odur ki, Gözlənilməz, Qəfil hücumun qarşısı alınıb. Yerli səviyyədə. Azsaylı birləşmənin anında verdiyi qərar və blits-cavabla.

Bu artıq Qarabağ müharibəsində təcrübə toplamış, mükəmməlləşmiş silahlı qüvvələrimizin yeni döyüş potensialıdır. Az itki verməklə düşməni dəfələrlə çox itki verməyə vadar etməsidir. 7 pak şəhid və 30-a yaxın erməni cəsədi. Və diri-diri ələ keçirilmiş erməni döyüşçülər.

Maraqlı görüş oldu. Təsəvvür edirsiz?- Azərbaycan boyda qəhrəmanlıq ediblər, di gəl ki, bu barədə danışanda utanırlar, qızarırlar, gülmək tutur. Və mən bu uşaqların nəinki əllərini elə ayaqlarını öpməyə hazır idim. O ayaqlar üzərində vətən dayanır.

Biz qayıtdıq. Və 2900 metrlik yüksəklikdən, başlıcası da döyüşçülərimizin Ruh yüksəkliyindən daha nələri və daha kimləri gördüyümüzdən danışım. Bu şəkilə baxın. Başqa vaxt yəqin ki fikir verməzdim. Amma 7 şəhid vermiş Azərbaycanaın 17 noyabrına, yəni şəhidlərimizin dəfn edildiyi günə bu ziyafət süfrəsi arxasından baxmaq yəqin ki həm də bir ləyaqət məsələsidir. Ziyafətin ünvanı Emil Cəfərlinin İsveçdəki mənzilidir. Bu qara köynəkli də elə Emil Cəfərlidir. AXCP üzvü. Hadisə cərəyan edir şəhidlərin dəfn olunduğu gün. Yaşıl köynəkli şəxs Azərbaycan Naminə Demokratiya təşkilatının sədri Qənimət Zahidin müavini Elnur Sadiqlidir. Amma yəqin ki, nə Emil qara rəngi şəhid dərdinə şərik olmaq, nə də Elnur yaşıl rəngli köynəyi islam həmrəngliyi naminə seçib. Yeri gəlmişkən Elnur əslən Gəncə şəhərindəndir. 16 noyabrda şəhid olan Natiqin həmyerlisi. Çəhrayı köynəkdəki məşhur isə İnqilabdı. Kərimov. Əli Kərimlinin əmisi oğlu. Fransada yaşayır. Fransada yaşayan Qədim Bəkirov da AXCP üzvüdür. Bir zamanlar mühafizəçi olub. Ayaqüstə ortada dayanan oğlan. Və onun qoltuğundakı isə Coşqun Salahzadə də AXCP üzvüdür. İsveçdə yaşayır. Əlbəttə hər kəsin sevinmək, şadyanalıq etmək haqqı var. Amma yəqin ki bunu xalq öz şəhidlərini son mənzilə yola salarkən etmək qəbahətdir. Həm də xüsusilə o şəxslərdən ötrü ki, onlar Azərbaycana xaricdən vətəni sevmək dərsi keçirlər. İnanmaq istərdik ki ziyafətin 17 noyabra təsadüf etməsi elə təsadüfdür. Amma yox. Belə deyil. Məclis bir az sonra başqa bir şəraitdə davam edib.

Belə. Bu ucuz vətənpərvərlik ifşasından sonra bir daha düşünmək olar. Qaragüruhun Azərbaycana, onun dəyərlərinə münasibəti barədə söhbətimizi davam etdiririk. Biri də var. Cəmil Həsənli. Guya nəyəsə etiraz edib və Əməkdar Müəllim adından imtina edib. Amma məncə imtina ediləsi başqa nələrsə də var. Sağlığına qismət. Məsələn, Prezidentin verdiyi ev. Daha doğrusu bütöv bir binanın altı da daxil olmaqla, el arasında sokol mərtəbə adlanan bütün hissə. Professor əvvəllər buranı yaxşı qiymətə Qeyri-Hökumət təşkilatlarına icarəyə də verərdi. Ola bilsin ki, bu binadan çıxardığı pula Londonda mənzilləndiyi məkanın pulunu verir. Yeri gəlmişkən, Cəmil Həsənli, Qubad İbadoğlu və başqalarının öz dırnaqarası mənzil-qərargahlarını Birləşmiş Ştatlardan Londona dəyişməsinin səbəbi çox sadədir. Britaniya ilə Azərbaycanın münasibətlərini korlamaq cəhdi. Əslində bu tip təşəbbüs və cəhdlər o qədər gülüncdür ki, bəlkə vaxt ayırmağa dəyməzdi. Məsələn, bu yaxınlarda Britaniyanın Baş nazirinin Prezident İlham Əliyevə yazdığı məktubu xatırlamaq kifayət edərdi. Boris Conson yazırdı: “Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Siz Qoşulmama Hərəkatının sədri kimi narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermsiniz, Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynamısınız. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı razılaşmaya da artıq qoşulub. İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram” sitatın sonu. Yəni səviyyələr o qədər fərqli, o qədər qeyri bərabərdir ki, Cəmil Həsənli və ya Qubad İbadoğlu kimilərin hardasa nəyisə korlaması sadəcə imkansızdır. Amma yenə də mövzuya toxunmağı lazım bilirəm. Ona görə ki, sosial şəbəkələrdə heç də hamı yetkin kamal sahibi deyil, və onlar arasında ucuz populizmə meyllilər ola bilər. Yeri gəlmişkən London məhkəməsində açılan müəyyən işlərdən, hansısa qarayaxma kompaniyalarının müxtəlif səviyyələrə daşınmasının gerçək səbəblərindən də sensasiyalı faktlarımız olacaq. Sadəcə bir az gözləməyinizi rica edəcəm. Yəqin ki, yaxın iki ay ərzində çox mətləblər üzə çıxacaq. İndi isə Londona toplaşmağın bəzi səbəbləri barədə. Birini dedik. London-Bakı münasibətlərini korlamaq cəhdləri. İkincisi bu məqsədlə qrant ayıran Milli Demokratiya institunun boşqabında Hüsenov Emildaşlıq etmək. Baydenin demokratiya sammiti, bura dəvət olunmayan Azərbaycan və Türkiyə haqqında uzun-uzadı danışmaqla öz aləmlərində Azərbaycanı aşağılamaq, ölkəmizin qazandığı böyük qələbəni sadəcə görməməzliyə vurmaq və ifrlandıqları dairələrdə Azərbaycan haqqında mənfi rəy yaratmaq. Biz Bayden sammiti barədə yəqin ki növbəti görüşümüzdə daha ətraflı danışacağıq. İndi isə sadəcə bir siyahını oxumaqla kifayətlənəcəm. Bu siyahıdan Baydenin özünəməxsus, yeri gəlmişkən elə məhz ona məxsus demokratiyaya layiq bilinərək dəvət edilən ölkələrin yalnız bir neçəsinin adını çəkəcəm. Qeydiyyatr üçün vərəq və qələm də götürə bilərsiz. Azərbaycanın adı bu ölkələrlə bir sırada deyil. Məsələn, bu ölkələr demokratiya sammitinə layiq bilinblər: Anqola, Botsvana, Kabo-Verde, Keniya, Konqo Demokratik Respublikası, Qana, Liberiya, Malavi, Mavriki, Namibiya, Niger, Nigeriya, Sao Tome və Prinsipi, Zambiya. Dəvət olunmayanlar sırasında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Çin də var. Bu isə bir daha ondan xəbər verir ki, burda əsas götürülən demokratik ləyaqət məsələsi yox, Amerika Birləşmiş Ştatlarının zövqüdür. İnsaf da yaxşı şeydi axı. Əfqanıstanı bu günə sal, sonra da de ki, sən demokratik deyilsən və dəvət etmirəm Nigerlə bir pyedstala. Gülməli deyil? Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı dəvət etmə, amma Malavi, Mavrikini demokratiya dəyəri say. Sonra da deyirlər ki, ən böyük bişmiş, kapçenniy yəni, toyuq istehsal edən ölkə Birləşmiş Ştatlardır. Olar da. Axı ən ən ən ağıl ucqarında yaşayanlara da aydındır ki, bura əsil xristian klubuna bənzəyir. Bu demokratiya sammiti deyil, bölücülük tədbiridir. Bayden bu bölücülük kursunu Cənubi Qafqaza da müncər edir. Və Cəmil Həsənli, Qubad İbadoğlu kimilər fəsiləsi, buğumayaqlılar tipi ona görə özünü o siyahıda görür. Yaxud viaypi kimi səslənən partiyanın hövzə səviyyəli lideri Əli Əliyev. Onun bu yaxınlarda etdiyi çıxışdan bir-iki cümlə təqdim edirəm. Düşünürəm ki, adam Azərbaycanla Liviyanın adını təsadüfən qoşa çəkmir.

Bax mən buna görə təkrar-təkrar bildirirəm ki, iqtidarla yox, dövlətlə müxalifətçilik edənlərin ciddi kurslara, treninqlərə, təlimlərə, mühazirələrə ehtiyacı var. Liviya gənci e. Söhbətə ondan başladıq ki, faktlar, arqumentlər danışacaq. Və siz bir-bir nələrin, kimlərin ifılasa uğradığının şahidi olacaqsınız. İndi daha bir iflasdan danışaq. Müntəzəm vaxt ayırdığım internet kanalları mövzusunda danımaq istərdim. Azad Söz və Kanal-13-dən. Uzun müddətdir ki, bir az əvvəl misal çəkdiyim parçada olduğu kimi,  Ərəb İnqilabı, daha doğrusu, alovlu Liviyalı gənc inqilabçı modelini Azərbaycanda yaratmaq istəyənlər buna məhz xarici ölkələrə sığınan bir ovuc yayımçı vasitəsilə nail olmağa çalışırlar. Neçə gündən bəri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qarşısına etirazçıları toplamaq məqsədilə fasiləsiz yayımlar təşkil edən bu iki telehəpənd sonda iflasa uğradılar. Eynilə Paşinyanın dövlə sərhədində törətdiyi təxribat kimi. Və sonda mənə çox maraqlı görünənə bir məsələ barədə danışmaq istərdim. Uzun illərdir ki, Əli Kərimli və onun başqa güruhdaşlarının antidövlət fəaliyyətini izləyirəm. Deməli, bu günlərdə nə diqqətimi çəkib?! Bu adam və onun başına yığışanlar 2020-ci ilin payızınadək demək olar ki, Qarabağ məsələsindən danışmıllar. Söhbət 20-25 illik bir aradan gedir. Təsəvvür edirsiz? Nə xaricdə, nə daxildə bir brifinq belə çağırmırlar. Bu boyda hadisələr baş verir, bu qədər görüşlər, danışıqlar olur, 26 illik atəşkəs dövründə neçə şəhid veririrk, lokal atışmalar, amma bu bir ovuc fərd səsini belə çıxarmır. Xarici ölkələrdə dövlətimiz, onun lideri haqqında qarayaxma kompaniyaları təşkil edən, mətbuat konfransı keçirən bu bir ovuc Azərbaycanın həyati maraqları, mənafeləri səmtinə bir kəlmə belə kəsmir. Bəs nə vaxt danışmağa başladılar? Məhz Qarabağ məsələsi həll olunandan, Azərbaycanın ərazi bötövlüyü təmin ediləndən sonra. Və nə danışdılar? Qələbə deyil. Qələbədirsə onu əsgər qazanıb, ordu qazanıb. Vəssəlam-dedilər. Bu gün də həmin ritorikadadırlar. Bəs səbəbi nəymiş? Deyəsən tapmışam. Qələbəni 2020-ci iləd əsgər qazanıbsa, deməli 1992-93-cü illərdə məğlub olan da əsgərdir. Bir halda ki bu qələbədə ali baş komandanın rolu yoxdur, deməli o məğlubiyyətdə də Ali baş komandanın günahı yoxdur! Bu qədər bəsit. Amma biz elə düşünmürük. Azərbaycan əsgəri o zaman ona görə məğlub oldu ki, Ali baş komandanları nə ali ikdi, nə baş, nə də komandan. İndi isə Azərbaycan əsgəri bu qələbəni və qələbələri məhz ona görə qazandı ki, Ali Baş Komandan İlham Əliyev idi. Qaragüruhun təbliğat üslubundan bizim informasiya siyasətimizi bu ciddi fakt fərqləndirir. Yəni biz deyirik ki əsgər və zabit həll etmir məsələni, son nəticə Ali Baş komandandan asılıdır. Qaragüruh isə əksinə əsgər və zabitlərin fədakarlığını qəsdən Ali Baş Komandandan ayırır. Dolayısı ilə Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin məsuliyyətini də əsgərlərin üzərinə qoyur. Yəni doğrudan da bu qələbə Ali Baş komandana məxsus deyilsə, o məğlubiyyət də o Ali baş komandanınkı deyil. Və nəhayət sonda. Gələn ilin dövlət büdcəsinin parlamentdə müzakirələri gedir. Millət vəkillərimizin bir qrupu isə hamam suyu ilə dost tutmaq istəyir. Sanki böyük qayıdış platforması, Qarabağın yenidən qurulması, bərpası bizim bəzi millət vəkillərinin yaşamadığı zaman kəsiyində cərəyan edir. Populizmə yuvarlanan, millət vəkilindən daha çox sosial şəbəkə istifadəçisi məntiqi ilə davranan deputatlar unutmamalıdır ki, Azad söz və Kanal 13 kimi informdiversiya desantlarına helikopteri onlar verir. Daha soyuqqanlı, daha məntiqli, daha dövlətli düşünmək lazımdır. Mövzuya gələn həftə qayıdacağıq. Vətən, dövlət həm də dövlət büdcəsidir. Onunla yaşadığımız, kimi onu qorumalıyıq da. Salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər