Kəlbəcərin azadlığı - VİDEO

Kəlbəcərin azadlığı - VİDEO
Hərb meydanındakı üstünlüyümüz masada qələbəmizi təmin etdi

Ötən ilin bu günü idi. Gözlər ekranlara dikilmişdi. Uşaqdan tutmuş böyüyə qədər, hər kəs Prezidendən eşitdiyi bu şad xəbərin təsirində idi. Artıq Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanırdı. Bu xəbər paytaxt da daxil olmaqla bütün rayonlarda təmtəraqla qarşılandı. Hər kəs küçələrə axın etdi. Kəlbəcərdən olmayanlar da kəlbəcərlilər qədər 27 ilin həsrətinə qovuşmağın sevincini yaşadı.

Kəlbəcərin boşaldılması Ermənistanın kapitulyasiya aktına imza atması ilə gerçəkləşdi. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatda əksini tapmışdır. Sənədin 2-ci bəndinə görə Ağdam, 6-cı bəndinə görə, Kəlbəcər və Laçın bir güllə də atılmadan öz sahiblərinə geri qaytarılmalı idi.

Təbii ki, bunu şərtləndirən səbəblər vardı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun üstünlüyü, Ermənistanın məğlubiyyəti və Azərbaycan Prezidentinin yürütdüyü siyasət ….

Üçtərəfli sənədə əsasən Kəlbəcər noyabrın 15-də qaytarılmalı idi. Hər kəs səbrlə gözləyirdi. Lakin Ermənistan tərəfi Rusiyanın vasitəsi ilə 10 gün vaxt istədi. Azərbaycan da humanistlik göstərib noyabrın 25-dək qarşı tərəfin torpaqlarımızı tərk etməsi üçün vaxt verdi. Bu müddət ərzində Ermənistan Kəlbəcərdə hansı vəhşiliyi törətmədi ki? Evləri yandırdı, meşələrə od vurdu, maddi-mənəvi sərvətlərimizi talan etdi. Bu da Azərbaycanın humanistliyinin qarşılığında Ermənistanın cavabı... Amma önəmli olan Kəlbəcərin yağılardan boşaldılması idi. Beləliklə noyabrın 25-də Azərbaycan ən böyük inzibati ərazi vahidi olan Kəlbəcəri işğalçılardan təmizləməklə düz 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tələblərini özü yerinə yetirdi. Heç kimin köməyi olmadan, öz gücünə.... Bununla da Kəlbəcərin işğal tarixinə son qoyuldu.

Aprelin 2-də 10 saat vaxt ərzində öz doğma yurd-yuvasını tərk edən Kəlbəcərlilər indi bir güllə də atılmadan o toraqlarına - yenidən qurulan ərazilərə geri qayıtmağa hazırlaşırlar.

Noyabrın 25-i Kəlbəcərin də, kəlbəcərlilərin də, ürəyi bu torpaqla döyünənlərin də yenidən doğulduğu gündür.

Doğuluşun mübarək, Kəlbəcər!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər