Ana Vətən Partiyasının 31 ili - VİDEO

Ana Vətən Partiyasının 31 ili - VİDEO
Partiya milli dövlətçiliyimizin yaranmasında fəal iştirak edib

Azərbaycanda Fəzail Ağamalı tərəfindən 1990-cı ilin 24 noyabrında qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan Ana Vətən Partiyasının yaranmasının 31 ili tamam olur. Partiyanın yaranması Azərbaycanda ziddiyətli və siyasi proseslərin sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Həmin zaman kəsiyində müxtəlif baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi siyasi proseslərin önündə gedərək, açıq siyasi iradə nümayiş etdirə bilmirdi. Partiya məhz hadisələrin bu cür gedişi və AXC-nin fəaliyyətilə razılaşmayan bir qrup ziyalı və tələbələrlə birlikdə təsis edildi və Azərbaycan cəmiyyətinin siyasi sistemində ilk partiyalardan biri olaraq aktiv fəaliyyətə başladı.

Fəaliyyət istiqmətinə gəldikdə isə Ana Vətən Partiyası 1996-cı il fevralın 4-də baş tutan Parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən, 39 saylı Sumqayıt II dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və Milli Məclisin deputatı oldu.

Ana Vətən Partiyası 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində də təmsil olundu. Rəsmi nəticələrə görə, 30 saylı Yevlax dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. 2001-ci il yanvarın 7-də baş tutan 11 yer üçün təkrar seçkilərdə isə 56 saylı Bərdə dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldi və deputat seçildi. Bununla da Ana Vətən Partiyası II çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olunurdu. 2005-ci il seçkilərində də eyni hal təkrar olundu. 2010-cu il seçkilərində isə Ana Vətən Partiyası sədri Fəzail Ağamalı və Zahid Oruc yenidən deputata seçildilər. Nəticədə, Ana Vətən Partiyası 33 275 səslə dördüncü pillədə qərarlaşdı.

Ötən 31 il partiyanın tarixi yolunun şərəfli mərhələsidir. Partiya Sovet İmperiyasına qarşı ümumxalq mübarizəsinin önündə addımlayaraq, milli dövlətçiliyimizin yaradılmasına töhvələr verib, ölkəmizi böyük fəlakətlərdən xilas etmək üçün ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi uğrunda prinsipial siyasi iradə nümayiş etdirib. Dövlətçiliyimizin siyasi varisliyinin təmin edilməsində İlham Əliyevin siyasi varis kimi prezidentliyi uğrunda aparılan ümumxalq mübarizəsində də partiya fəal iştirak edib.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər