Kəlbəcərin azad edilməsindən 1 il ötdü - VİDEO

Kəlbəcərin azad edilməsindən 1 il ötdü - VİDEO
Bu münasibətlə ETSN rayon ərazisində ağacəkmə aksiyaları keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirildi. Kampaniya çərçivəsində 2100 müxtəlif cinsli ağac əkildi, 500 kiloqrama yaxın palıd toxumu səpildi. İlk olaraq noyabrın 25-i səhər Kəlbəcərdə yerləşən N sayl hərbi hissədə hərbçilər və nazirliyin əməkdaşları ağac əkdilər. Daha sonra isə Kəlbəcərin digər dağlıq ərazisində kampaniya davam etdi.

Kəlbəcərdə olduğumuz müddətdə fəsillərin hər birini yaşadıq. Gün də çıxdı, yağış da yağdı. Bir tərəfdə ağaclar yarpaqlarını tökürdü, digər tərəfdən isə bütün dağların başı qar idi. Dağların başında olan qar elə gün ərzində bütün Kəlbəcərə yağaraq, rayonu ağ örpəyə bürüdü. Əsrarəngiz mənzərəli, bərəkətli torpaqlara ayaq basdığımıza görə burda olan hər kəs özünü şanslı hesab edirdi. Elə mən də bu qürur hissini keçirirdim. Kəlbəcərdən axan çaylar da 1 ildir ki, artıq gur axır. Çaylar da bizim əsgərlərimizin bu torpaqlarda addım səslərini eşidir.

Son olaraq Kəlbəcərin ən gözəl kəndlərindən biri olan Yanşaq kəndində də ağacəkmə aksiyası keçirildi. burada Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, Burada qar yağsa da, özümüzə borc bildik ki, bu günü ağacəkmə ilə qeyd edək. Onu da bildirim ki, Kəlbəcər Azərbaycanın ərazi cəhətdən ən böyük meşə təsərrüfatına malik rayonudur. Rayon 80 min hektardan çox meşə fondu ərazisinə malikdir. Bunun da əksəriyyəti meşə ilə örtülü sahələr olub. Əfsuslar olsun ki, mənfur düşmən bu ərazilərə də ekosid törədib. 20 min hektara yaxın meşə ümumiyyətlə məhv edilib. Buradakı meşələr həddən artıq qiymətlidir".

Müdafiə Nazirliyinin Kəlbəcər rayonundakı "N" saylı hərbi hissəsinin İdeoloji iş şöbəsinin zabiti, mayor Anar Rzayev də həm Kəlbəcərin işğaldan azad edilməsi, həm də ağacəkmə kampaniyasında iştirakı ilə bağlı öz fikirlərini bizimlə bölüşdü.

Kəlbəcərin çətin relyefində təbiətin sərtliyilə mübarizə aparan, vətəni qoruyan əsgərlərimizi əminəm ki, burda nə qədər də sərt şaxta olsa məhz onların Vətən sevgisini dondura bilməz. 

Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı və əzəməti görmədim. Tanrı burdan heç nəyi əsirgəməyib. Gözəlliyi, təbii ehtiyatları, dağları, meşələri, özü kimi əyilməz, mərd övladları... Biz bundan sonra da Kəlbəcərə tez tez gələcəyik. Artıq bu həsrət sona çatıb. Gələn görüşənədək, Kəlbəcər. Duman, salamat qal, dağ salamat qal!

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər