Mir Şahinin vaxtı - 28.11.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 28.11.2021 (VİDEO)
REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Niyə biz Soçi görüşünü həftənin əsas hadisəsi və Prezident Əliyevin diplomatik uğuru sayırıq?

Cavabım sadədir. Birinci sualdan başlayaq. Niyə Soçi görüşünü əsas hadisəsi sayırıq?! Ona görə ki, Qarabağ münaqişəsi arxada qalandan sonra yeni şərait formalaşır və 3 tərəfli danışıqlar bu baxımdan çox əhəmiyyətli idi. Çünki, bu görüşə qədər istər Ermənistan və Azərbaycan arasında-dövlət sərhədi adlandırılan ərazidə, istərsə də Nikol Paşinyan ətrafında mühüm hadisələr baş vermişdi və onların hər biri Soçi gündəliyinə təsir etməliydi.

Başqa bir tərəfdən Soçi görüşünü cazibədar edən bir əlamət də onun çətin baş tutması, ikinci dubldan alınmasıydı. Buna qədər 9 noyabr təşəbbüsünün, daha doğrusu Putunin 9 noyabrda tərəfləri görüşdürmək təklifinin iflası, bir az da dəqiqləşdirsək, Ermənistanın sayəsində iflası da baş vermişdi. Bu isə bəzi suallar yaradırdı. Düzdür, Paşinyan etiraf etmişdi ki, 9 noyabr onunçün ağır tarixdir. Onu anlamaq olar, adam kapitulyasiya aktını məhz Noyabr ayının 9-da imzalamışdı. Amma özgə sətiraltılar axtaranlar da az deyildi. Məsələn, Paşinyanın siyasi məşuqları da prosesə təsir göstərə bilərdilər. Hər bir halda dünyanı demirəm, amma ən azı regionun əsas güclərinin diqqət paytaxtı bu həftə məhz Soçi idi.

İndi isə ikinci sual: Bəs niyə Soçi görüşünü Əliyevin diplomatik uğuru adlandırırıq?!

Bu suala cavab vermək üçün kiçik bir sorğu. Yadınızda nə qalıb: bu görüş ərəfəsində Ermənistan hansı hansı məsələləri qabardırdı, Azərbaycan hansı məsələləri qabardırdı? Ermənistandan başlayaq:

Birincisi: İrəvan iddia edirdi ki, Azərbaycan noyabr ayının 16-da Ermənistanın dövlət sərhədini pozub. Gah Rusiya Federasiyasını dolayısı ilə, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvlərinin başında olmaqla birbaşa, Azərbaycana qarşı cavab tədbirlərinə, faktiki olaraq ölkəmizə hərbi müdaxiləyə çağırırdı.

İrəvanın ikinci əsas mövzusu ATƏT-in Minsk qrupunun yenidən dirildilməsi təşəbbüsüdür. Paşinyan bu özünəməxsus reinkornasiyanın baş tutması üçün öz bədənini belə təklif etməyə hazırdı.

Üçüncü prioritet-Ermənistanın Azərbaycan qarşısında qoyduğu “hərbi əsirlər”- tələbidir. Köhnə əsir-yesir tələblərə bu il, Kəlbəcər istiqamətində noyabr əks-həmləsindən sonra ələ keçmişlər də əlavə edilir.

Dördüncüsü, Paşinyanın: “Heç bir vəchlə alınmayacaq, imkan verməyəcəyik!” dediyi, İrəvan üçün “qırmızı xətt” olan Zəngəzur dəhlizi idi. Hətta son dəfə Paşinyan o çağlar-“Qarabağ Ermənistandır. Nöqtə!”ni necə demişdisə, bu günlərdə elə ona yaxın tonda da söyləmişdi ki, Zəngəzur dəhlizi olmayacaq!

İndi isə yekun sənədə baxaq və əmin olacağıq ki, Soçi Görüşündə uğur qazanan Əliyevdir. Çünki burda bütün maddələr sanki Azərbaycanın, şəxsən Əliyevin diqtəsi ilə yazılıb. Yenə də yaddaşımızı yeniləyək: Azərbaycan Soçi görüşündən əvvəl hansı mövzuları qabardırdı?

Birincisi, Prezident münaqişə bitəndən sonra dəfələrlə bəyan etmişdi ki, artıq gündəlikdə status məsələsi yoxdu, yəni cəhənnəmə vasil olub. Və elə bu səbəbdən də ATƏT-in Minsk qrupunun regionda bir işi yoxdur. Biz onları gözləmirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

BUNU BİR DAHA KAMERALAR QARŞISINDA DEYƏ BİLƏRƏM. MƏN MİNSK QRUPUNU SƏFƏRƏ DƏVƏT ETMƏMİŞƏM

İkincisi. Ermənistanda valı geriyə çevirmək, revanş götürmək istəyənlərə noyabr ayının 8-də, Zəfər günü, Şuşada, Cıdır düzündə sərt xəbərdarlıq edilmişdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

ƏGƏR ERMƏNİSTANDA HƏR HANSI BİR QÜVVƏ BİZƏ XOR BAXSA, HANSISA REVANŞİST MEYİLLƏRƏ ƏL ATSA, BİZİM YUMRUĞUMUZU GÖRƏCƏKDİR. BİZİM YUMRUĞUMUZ YERİNDƏDİR.

Üçüncüsü, Dağlıq Qarabağ adlı istilahın daha mövcud olmadığını bəyan etmişdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

DAĞLIQ QARABAĞ YOXDUR, QARABAĞ VAR. İYULUN 7-DƏ İMZALADIĞIM FƏRMAN ƏSASINDA QARABAĞ İQTİSADİ ZONASI YARADILDI, VƏSSALAM

Prezident Əliyevin daha hansı prioriteti var. Əlbəttə Zəngəzur dəhlizi.

İndi isə bəyanatda razılaşdırılan məqamlarla Ermənistan və Azərbaycan rəhbərlərinin prioritetlərini tutuşduraq. Əvvəlcə Bəyanatın tan mətni üzrə bir dəfə keçək.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN, ERMƏNİSTAN RESPUBLİKASI BAŞ NAZİRİNİN, RUSİYA FEDERASİYASI PREZİDENTİNİN BƏYANATI:

“Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik. Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik. Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik. 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.

Deməli, belə. Sənəddə Paşinyanın, müharibədən sonra, eləcə də Soçi görüşü ərəfəsində vurğuladığı məsələlərin, özünə prioritet seçdiyi mövzuların heç biri yoxdur. “Nə statusdan, nə Ermənistan-Azərbaycan sərhədində baş verən, Paşinyanın ODKB-ni köməyə çağırdığı 16 noyabr hadisələrdən bir vergül var, nə ATƏT-in Minsk Qrupunun adı, familiyası barədə bir insial, nə də dırnaqarası “hərbi əsirlər”-dən bir dırnaq işarəsi. Zəngəzur dəhlizi olmayacaq!- bəyanatı isə ümumiyyətlə xəcalətdir!

Bəs nə var 26 noyabr bəyanatında?

Yalnız İlham Əliyevin şərtləri! Məsələn, “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq şərtləşdirilib”. Bu niyyəti İlham Əliyev münaqişədən sonra hər fürsətdə və dəfələrlə səsləndirib. Elə sonuncu dəfə biz bu fikirəri onun Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi brifinqdə eşitmişdik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq.”

Sənəddən başqa bir razılaşdırılmış məqam: Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Prezident Əliyevin müntəzəm olaraq vurğuladığı əsas məsələlərdən biri:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq

Göründüyü kimi bu niyyətin də müəllifi Azərbaycandır. Özü də burda söhbət yalnız iki tərəfdən gedir. Ermənistan və Azərbaycandan. Rusiya yalnız məşvərətçi funksiyasına malikdir.

Və nəhayət Paşinyanın hər dəfə rədd etdiyi, iflasa uğratmağa çalışdığı Zəngəzur dəhlizi məsələsinə çatdıq. Amma əvvəlcə İlham Əliyevin Zəngəzur dəhlizilə bağlı dediklərini xatırlayaq.

Və bu da bəyanat. Məhz həmin hissə. Sanki Prezident Əliyevin diqtə etdiyi hissə. “2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik.” Sitatın sonu. Amma daha aydın olsun deyə Rusiya liderinin çıxışından bu parçaya da baxaq:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin:

“...Biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar.“

Gələn həftə və elan üçün!!! Deməli, “biz əgər Putinin çıxışındakı nəqliyyat dəhlizlərinin açılması və onun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olması hissəsini dilimizə çevirsək, bu olur nə? Zəngəzur dəhlizi! Vəssəlam. Axı Prezident demişdi. Ya xoşluqla, ya da zorla. Zor demişkən. 16 noyabr əks-həmləsinin gətirdiyi uğuru Azərbaycanın özündə belə başa düşməyənlər var. Hörmətli(!!!) Belə Tamaşaçılar! Bəlkə nəhayət anlayaq nə baş verdiyini? Azərbaycan artıq Ermənistanın ərazislərinə nəzarət edir. Doğrudur, Ermənistanın ərazi bütövlüyünü pozmadan. Amma edir! Mən bu günlərdə olmuşam o son dərs yüksəkliyində. Ermənistan bayrağı ovcumuzun içidəydi. Bir də baxaq.

Və yaxud bu kadrları xatırlauaq. Zəngəzur üfüqü kimi.

Bax budur İlham Əliyevin regionda yaratdığı yeni arxitektura. Bir tərəfdən Azərbaycan-Türkiyə, o biri tərəfdən Azərbaycan-Rusiya. Yeni arxitekturada bütün yollar milli maraqlarımızın təntənəsinə aparır və Prezident Əliyev hər şeyi edib ki, bizim mənafelər dost və mütəfiq hesab etdiklərimizin də faydasına işləsin. Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Ya da elə etməliyik ki, yaxşı olsun!

Və sənədin son bəndi. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Sadə dilə çevirək: Azərbaycan Prezidentinin “Münaqişə bitdi! Səhifəni çevirməliyik” deməsi də elə bu idi. Əliyevin Cəbrayılda-yerli sakinlərilə görüşdə dediyi kimi “biz istəyirik ki, Azərbaycanla Ermənistan arasılnda barışıq olsun, sülh müqaviləsi imzalansın!

Beləliklə, müharibəni udmuş Əliyev sülhü də udmaqdadır və bu prosesi o Soçidə davam etdirdi. Əliyev Putinlə belə görüşdü.

Gördünüz! Dost, müttəfiq kimi. İndi isə Paşinyanla görüşün sıravi kadrları

Adətən belə görüşlərin detalları həm də bu təmasların arxa fonu barədə düşünməyi vacib edir. Kimin nəyi var, təqdim edilən informasiyalarda əməl məhsuldarlığı nə qədərdir? Məsələn, Azərbaycan Prezidenti ilə görüşdə hər iki tərəf zəngin informasiya mübadiləsi edir. Təhkliyədə də məhz bunlar var: Biz bunları etmişik!!!

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin:

“... hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə ilk növbədə bu barədə danışıram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox - 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənilirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

Sizi görməyimə çox şadam ifadəsi isə bir şablon deyildi, sadəcə söz deyildi. Putin Əliyevi gördüyünə doğrudan şad idi.. Biz bunu artıq görmüşük:

İlham Əliyev də Vladimir Putini gördüyünə şad olduğunu dedi və biz görüşdə onun dediklərindən aydın gördük ki, bu sözlərin arxasında da sadəcə nəzakət jesti yox, uzun müddətin iş həcmi, səmimiyyəti və ilk növbədə sədaqətli dost münasibətlərinin, qarşılıqlı etimadın nəticələri var:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

Amma Paşinyanla görüşdə Putin sanki başsağlığı verirdi. Çox sönük, maraqsız, mənasız tərəf müqabili ilə təmasda qarşı tərəfin həm də bərbad ünsiyyət manerası, dilinin topuq vurması, hətta bir dəfə nitqinin əməlli başlı pozulnmasının da şahidi olduq. Məsələn bu hissədə.

Görünür Paşinyanın aqibəti onun etdiklərinin yekunu idi - demək olar. Fikrimi nəyə gətirirəm?! Əliyevin əlini Putin məhz belə qarşılamışdı.

Bu manera Qafqazda “Sağ ol, kişi adamsan!” mənasını verir və sənin gəlişinə nə qədər böyük bir ürək açıqlığı ilə şad olduğunu göstərir! Doğrudan da Azərbaycan Rusiya ilə münasibətlərdə mərdanəlik nümayiş etdirir. İlk dəfə deyil bu. Prezident Əliyev razılığıın da, narazılığını da arxada “pazuxa saxlamadan bildirən liderdir. Tərəfdaşla altdan-altdanlıq olmadan davranmaq - Bu İlham Əliyevin xarakteridir! Bir az əvvəl Zəngəzur dəhlizindən danışırdıq. Əliyev demişdi ki, ya xoşluqla, ya da zorla açılacaq bu dəhliz! Noyabr 16-da dəmir yumruğun yüngül bir təsiri altında nəticədə zor da iştirak etdi, xoş da iştirak edir. Olacaq Zəngəzur dəhlizi. Bəs elə həmin o Zəngəzur dəhlizi barədə Paşinyan nə demişdi? Demişdi olmayacaq! Amma görüşdən çıxdı. Necə deyərlər gördük ki, tüpürdüyünü...geri götürüb. Və təkcə bu da deyil. Ermənistanın Baş naziri Əliyev-Paşinyan-Putin görüşünün alınmamasına çalışırdı. Avropa ilə flirt oyununda, siyasi mazaxlaşmada idi. Co Baydenin çoxmənalı sammitinə gedəcəyini afişalandıran, Ermənistanın mövcudluğunun əsas qarantı olan ölkəyə-Rusiyaya arxa çevirən bu adam əvvəlcə noyabr ayının 9-a planlaşdırılan görüşü pozdu. Ağır gündür-deyə. Moskvada da, Bakıda da onu başa düşdülər. Anladılar ki, kapitulyantın xatirələrinin ağrıyan yeri var. Bəs o nə etdi? Soçi görüşü ərəfəsində mətbuat konfransı keçirərək 3 tərəfli görüşü də sabotaj etməyə çalışdı. Əslində danışıq predmetini, bəlkə də hansısa konspirasiya şərtlərini pozaraq. Bir növ işarə verdi. Niyə? Ona görə ki, Sorosun borcundan çıxırdı, qərblə flirti var idi. Və Paşinyan təsadüfən belə deyildi. O zərurətən belə idi. Bu davranışın arxasında aysberqin qalan hissəsi dayanırdı. Paşinyan bu Ermənistandan gəlmişdi. Onun bütün yalançı nəzakət, diplomatik fintlərini dərhal təkzib edən bu reallıqlardan gəlmişdi. Paşinyan Rusiyanın əleyhinə çağlayan erməni toplumunun ən öndə gedəni kimi burdaydı. Ermənilərin qatı müdafiəçisi rolunda çıxış edən Solovyovun şokda paylaşdığı bu kadrları mən sosial şəbəkələrdən götürmüşəm. Baxın, Ermənistanda Rusiya haqqında, onu xalq, dövlət olaraq saxlayan əsas immunitet-ölkə haqqında nə düşünürlər?

Yalnız bu faktdırmı Ermənistanın hərcayı arx kimi özünü hər dəfə bir yatağa salmaq həvəsinin, siyasi şəhvətinin sübutu? Buyurun Calibr.az-da “Qraparak” nəşrinə istinadla dərc edilmiş bu maraqlı fikirlərlə də tanış olun.Erməni politoloqları klubunun sədri Amayak Oqanesyanın fikirləri bugünkü erməni cəmiyyətinin Rusiya haqqında ortaq rəyi sayıla bilər. Müxbirin sualı: “Ermənistan niyə Moskvanı Brüselə dəyişir” və cavab:

«Noyabr ayının 16-da baş verən hadisələrə (söhbət Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın Ermənistan silahlı həmləsinə verdiyi cavabdan gedir) Moskva heç bir reaksiya verməyəndən sonra Ermənistanın Qərbə müraciət etməkdən başqa yolu qalmadı. Moskvada hətta bir sözlə belə baş verənlərə reaksiya verməyi lazım bilmədilər. Əgər sənin həyəcanlarını eşitməkdən imtina edirlərsə deməli sən silahını başqa sahildə, öz təhlükəsizliyinə zəmanəti orda axtarmalısan! Rusiya Ermənistan ərazisində öz hərbi bazalarını müftə saxlayır və bu baza o şərtlərlə burdadır ki, Ermənistan respublikasının sərhədlərinin toxunulmazlığını təmin etsin. Oqanesyan deyib ki, əlbəttə Rusiya Ermənistanın Qərbə qucaq açmağından şad deyil, amma bu məntiqlidir. Çünki sən müttəfiqindən dəstək görmürsənsə özünə yeni müttəfiq axtarırsan. Mən təəccüblənmərəm əgər erməni xalqı Amerika Birləşmiş Ştatlarına müraciət edərsə! ” Sitatın sonu. Bax belə erməni dəyişkənliyindən sonra Bayden sammitinə Paşinyanın qatılması tam məntiqəuyğun görünür. İndi isə Putinin Əliyevi Əlinə etibar etməsi faktına yenidən baxaq:

Putinin Əliyevlə belə davranışı Rusiya-Azərbaycan əməkdaşlığının etibarlı dayaqlarının etirafı idi. Dostluq və etimadın sübutu idi. Siyasətdə sözlə əməl birliyinin təcəssümü idi. Qafqazlılara məxsus kişi sözünün, mərdanəliyin şəkli idi. Məhz bunun nəticəsində, Əliyevin təkanı və həlledici rolu ilə yaranan regional arxitektura səliqəli, etibarlı mənzərə təqdim edir. Bu arxitekturada Rusiya var. Amma onunla yanaşı Türkiyə də var. Ərdoğan faktoru var. Regionun mənzərəsi tarixi anlamda tam dəyişib! Biz yeni milli eraya keçmişik. Region olaraq! Bu gerçəklikdə-Azərbaycan Prezidenti kişilik nümunəsidirsə, Ermənistan baş naziri qeyri-kişilik timsalıdır. Yoxsa başqa necə izah etmək olar ki, rəhbərlik etdiyin respublikanın mövcudluğunun qarantı olan bir ölkəni-tarix boyu əsas müttəfiqin, hamin olan Rusiyanı hər addımda satasan. Ermənistanın regionun inkişafında, qardaşlıq və mehriban qonşuluq vəd edən gələcəyində yox, Baydenin Demokratiya sammitində iştirak etməsi məhz bu cür anlaşılmalıdır. Bu dırnaqarası zirvəyə biz məsələn belə bir nöqtədən də baxa bilərik ki, tutalım Bayden öz adına layiq bilib dəvət etdiyi dövlətlərdən biri də Saxarada yerləşən Nİger dövlətidir. Dünyanın ən kasıb ölkələrindən sayılır və Niger Konstitusiyasına görə qəbilə başçısı adət hüququnun subyekti sayılır. Amma bu və ya buna bənzər faktlardan bizsiz də anlaşılır ki, məsələ Ağ Evin zövqü ilə bağlıdır. Biz bir az başqa mətləblərə də toxunaq. Bayden sammiti əslində soyuq müharibədən sonrakı yeni antirusiya koalisiyası, Rusiyanın düşməninin qurduğu barikadadır. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya başda olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olan silahdaşlarını satmaqdır bu addım. Ermənistan ODKB-nin yeganə üzvüdür ki Rusiyaya qarşı təşkil olunan bu koalisiyada iştirak edəcək! Və bu maskirovka deyil. Makiyaj deyil. Rola girmək deyil. Ermənistanın mahiyyətidir. Paşinyanın önü Soçidəydi. Arxası isə İrəvanda. Qayıdırıq Oqanesyanın təqdim etdiyi yeni Ermənistan ovqatına.

Və bu da təsadüf deyil. Ermənistanın siyasi mahiyyətində dinclik, mehribanlıq, dostluq yalnız müəyyən gedişlərdi. Mənzil başına çatmaq üçün minik vasitəsi. Paşinyan çox yaxşı anlayır ki, türkə nifrəti çoxdan patolojidən də o yana aşmış Ermənistan başdan ayağa antisəmimiyyətdir. Belə nifrət ağacı fonunda Putinin ümidverici zeytun budağı sadədil görünür...

Və parlamenti irqçilik, ultrakin püskürən bu ölkənin siyasi gələcəyi də nifrətə hamilədir. Ölkənin ana müxalifətinin rəhbəri Robert Koçaryan, rüsvayçılıqla müharibədə uduzan, Azərbaycanın məğlub etdiyinə məğlub olan Koçaryan baxın kimi dəvət edirdi səhnəyə. Hakimiyyətə gələcəyi təqdirdə hansı platformanı daşıyacaqdı Xocalı qatili? Doğma oğlunun nişanlısını, həm də Avroviziyada Ermənistanı təmsil etmiş gəlinini dəvət edirdi səhnəyə. Edirdi ki, “Şərab süz, türk paşasının alnına güllə sıxdılar!” mahnısını ifa etsin!

Budur Ermənistanın dırnaqarası humanizmi! Bu əhval-ruhiyyənin daşıyıcıları Qarabağı və Qarabağdan artığını 30 il işğal altında saxlamışdılar. Əlbəttə ki, Paşinyan Qarabağ münaqişəsinin bitməsi ilə içində barışmaq istəməyəcək. Uduzduğunu bilsə də, ən ağır şərtlərlə məğlubiyyətə razılaşsa da. Uzun illər özünün əsil simasını Duduk Qasparyanın melodiyası, şanson Aznavurun ifası, Kim Qardaşyanın diaspor arxasında gizlədən Erməniçiliyi məhz Azərbaycan müharibədə məğlub edəndən sonra dünya tanıdı. Məlum oldu ki, bu dırnaqarası hümanın arxasında iblis yatırmış. Azərbaycan alicənablığı həm də budur. Səni ən müqəddəs yerindən vurmuşa, ənənəvi olaraq sənə xəyanət etmişə şans verir. Bağışlayır. Hətta deyir ki, buyur, adam ol, vicdanını bərpa et, sonra böyük bərpada, böyük qayıdışda iştirak et, dağıtmağa yox, barbarlığa yox, tikib qurmağa alış. Bu gün Ermənistanın Bayden sammitinə qatılması həm də qanunauyğunluqdur. Axı bu sammitin təşkilatçılığının bir suyu “səlib yürüşü”nə çəkir. Yoxsa 80 yaşlı dünya görmüş və ya görməmiş Bayden dünyanın bir nömrəli fəlakəti olan, bəşəriyyəti birbaşa ölümlə təhdid edən koronavirusa tədbir həsr edərdi, gerçək dünya lideri kimi bir pandemiya sammiti keçirərdi. Axı bu gün dünyada demokratiya yox, dünyanın özü təhlükədədir. Bəs nə var Baydenin sammitində? Açıq sezilən bir islamofobiya var. Doğrudur İraq da var dırnaqarası şərəfləndirilənlər sırasında. Amma hansı İraq? Sındırıb, Bağdadı robot ofisianta çevirib sonra gətirib sammitə soxmaqdı demokratiya? Məhv edilən, sıradan çıxarılan, zəlil edilən, yalnız bundan sonra dəvət edilən İraqdı demokratiya. Hanı Birləşmiş Ştatların üzərində neçə illərdir demokratiya təcrübəsi keçdiyi, sonda qoyub qaçdığı Əfqanıstan? Ağ ev özünü ağların evi kimi aparır. İslam dünyasına Qara dünya kimi baxır. Ən böyük irqçilik də elə bu binanın adından başlanır. Ağ ev. Ağların evi. Bəs qaraların evi yoxdur? Bax elə buna görə də anti türk Ermənistanın antimüsəlman mahiyyətli bir tədbirə qatılmasında məntiqəuyğunluq var. Yəqin elə Fransanın da Azərbaycana münasibəti bəzi hədislərə görə, şiələrin 12-ci imamının anasının fransız olması təxminiylə bağlı deyil. Yaxud Parisdə müsəlmanlara, hicaba ona görə nifrət etmirlər ki, Xomeyni Fransada formalaşıb iranda rejimi dəyişdi, gözləri qorxub... Ola bilər ki, hər iki səbəbdə həqiqət var. Amma məncə əsil səbəb bir zamanlar, 19-cu əsrdə, Yerusəlimdə xristianları qorumağa gedirik- bəhanəsi ilə əslində türklərin üzərinə gedən səlibçi fransız təhtəlşüurudur. Yenə də mübarizə! Yenə də nifrət etdiyi türkü əzmək istəyi. Fransa erməni məsələsini məhz şərq kateqoriyasına aid etməklə özünün antitürk platformasını, o zaman Osmanlı imperiyasına qarşı etdiyinin yeni şəraitə uyğun davamını təşkil edir. Azərbaycanın zəiflədilməsi də məhz fransada oturuşmuş antitürk dünyagörüşünün tələbidir. Ona görə Ermənistan parlamentinin spikeri Simonyanı-Fransa dövlətinin ikinci şəxsi- senatın rəhbəri qarşıladı. Ona görə oğrun-oğrun sənəd imzaladılar və müddəalardan biri də Qarabağın tanınması idi. Maraqlıdır bu boyda çuval cidasının belə sırtıq tərəfkeşlikdən sonra Minsk qrupunda nə işi var?! Əlbəttə, Ermənistan parlamentinin spikeri Simonyanın öz marağı var. O Ermənistanda hakimiyyətə iddialıdır və seçkilərdə qalib gəlmək istəyir. Ona görə də Fransanın dəstəyinə ümid edir, Qarabağ kartından istifadə edir. Onu da unutmuruq ki, gələn ilin əvvəlində də Fransada seçkilərdir. Qondarma erməni genosidi ərəfəsində. Makron bu ilin may ayında ona görə Ermənistana dəstəyi məhz bu səbəbdən erməni dilində vermişdi. Çünki ermənilərə fransa dəstəyi nə qədər lazımdırsa, fransadakı ermənilərin dəstəyi də ona o qədər, bəlkə daha artıq lazımdır. Bütün bunlar reallıqdır. Amma o da faktdır ki, Liviyada Qaddafi rejimini devirməkdə xüsusi canfəşanlıq göstərən Fransann üstündən-sonra elə həmin o Qəddafinin çekləri tapıldı. Məlum oldu ki, Fransa prezidentinə əsas namizədi o maliyyələşdirirmiş. Fransa borcunu qaytara bilmədiyi üçün borclu olduğunu aradan götürdü. Lap bəzi oğru qanunlarında olduğu kimi. Soçiyə qayıdırıq. Soçi görüşünü yanlış olaraq yalnız Rusiyanın aktivinə yazanlar üçün: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında noyabrın 26-da Soçidə keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır. Baş katib Azərbaycan və Ermənistan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır. BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür”

Deməli BMT Azərbaycanın üslubunu, manerasını, sülh əldə etmək üçün atdığı bütün addımları dəstəkləyir. Bu baxımdan Brüsel səfəri də nikbn nəticələr vəd edir. Azərbaycan bütün danışıqlara açıqdır. Əslində həmişə açıq olub. Sadəcə bir həlledici şərtlə. Danışıqlar imitasiya naminə aparılmamalıdır. Yeri gəlmişkən, biz müxtəlif vaxtlarda Əliyev simvollarından danışarkən onun təqvim tarixlərinin mahiyyətini dəyişdiyini də qeyd etmişdik. Məsələn 20 noyabr tarixdə Ağdamın Qarakəndi üzərində, dövlət xadimlərimizi aparan helikopterin erməni terroru nəticəsində məhv edilməsi ilə qalacaqdısda, indi yaddaşımıza həm də Ağdamın işğaldan azad edildiyi gün kimi həkk olunacaq. Yaxud 8 rəqəmi mayda Şuşanın işğalı ilə bağlıydısa noyabrda zəfərimizi əks etdirir. Şuşa Bəyannaməsinin imzalandığı gün qurtuluş günümüz idi. Bu tarix də ikimənalı tarixə çevrildi. Şuşa bəyannaməsi Dövlətimizin Qurtuluşunu dərin özüllərə keçirərək iki dövlət bir millətin tarixi öhdəliyinə çevrildi. Noyabr ayının 26-da Soçi görüşünün keçirildiyi gün başqa bir hadisəni xatırlatdı. Məhz 30 il əvvəl noyabr ayının 26-da o vaxtkı Ali sovet Dağlıq Qarabağ muxtar vilayətinin statusunu ləğv etmişdi. Yeri gəlmişkən Prezident Qarabağ iqtisadi rayonunu da təsadüfən 7 iyulda yaratmadı. Dağlıq Qarabağ Muxtar vilayəti də məhz 1923-cü il, iyul ayının 7-də yaradılmışdı. Paşinyanın Əliyev manerasına nə qədər bələd olduğunu demək çətindi, amma əgər Baş nazir noyabr ayının 9-da, Zəfər günündə daha bir məğlubiyyət sənədini imzalamaq aqibətindən canını qurtardısa imzasıyla əvəzində başqa bir tarixin hədəfi oldu. 30 il əvvəlin Ali soveti Dağlıq Qarabağ statusunun ləğv etdiyi tarixin. Status ikiqat cəhənnəmə vasil oldu. Ədalət rəqəm-rəqəm bərpa edilir. Və Azərbaycanın Qarabağ müharibəsi yalnız Qarabağı işğaldan azad etmək məqsədi güdmürdü. Əliyev haqqı, ədaləti, dürstlüyü, qlobal vicdanı əsarətdən qurtarmaq davası aparırdı. Türkiyə ilə birlikdə. Azərbaycan və Türkiyə bir-birini qorumalıydı və qorudu. Həm də qoruyur.

Bu gün Türkiyə iqtisadi istiqlal savaşı aparır. Məhz iqtisadi istiqlal. Türkiyənin gerçək müstəqil dövlət kimi davranışı Ərdoğan dövrünədək başqa Türkiyə görmüş qüvvələri açmır. Bax elə bu səbəbdən də Türkiyənin lirasında çalınan türkü qərbin sümüyünə düşmür.

Aydındır ki, bu gün Türk lirəsi ətrafında baş verənlər bir milli valyutaya yox, bir dövlətə basqıdır. Və bu milli valyutanı qorumaq təkcə Türkiyə bank-maliyyə sisteminin yox, həm də hər bir vətəndaşın vətənpərvərlik işi olmalıdır. Elə Azərbaycanda da. Türkiyə büromuzun xüsusi reportajını təqdim edirəm.

Bu mücadilədə təkcə türk lirəsinin yox, türk adamının, türk insanının, özünə dəyər verən hər bir vətən adamının, iki dövlətin bir adamının qiyməti bilinəcək. Dəyər barədə. Müzəffər Ali Baş komandan İlham Əliyev bu gün də davadadır. Siyasi meydanda. Dünyanın müxtəlif platformalarında. Hər fürsətdə Azərbaycanın etdiklərini və edə biləcəklərini vitrinə çıxarır. Azərbaycan var - dövlətdir. Ermənistan kimi yox dövlətlər fonunda onun boyu həm də istəməzlərin qıcığına səbəb olur. Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq təşkilatının 15-ci zirvə toplantısında iştirak edən Prezident Əliyev çıxışında Azərbaycanın bütün əsas prioritetləri barədə danışdı. Bu, dördüncü sənaye transfarmasiyasının tələblərini dərindən bilən, yeni planetar şəraitin şərtlərini işləyib hazırlayan, pandemiya ilə mübarizədə bir Azərbaycan nümunəsi ortaya qoyan, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edən və qalib tərəf kimi məğlub tərəfə də şans verməyə hazır olan, hər şeydən əvvəl isə dünyaya, qitəyə, regiona gərəkli olduğunu sübut edən, amma həmişə milli maraqlar və milli mənafelər dövləti olaraq da qalan bir ölkənin rəhbərinin çıxışı idi. Əliyev siyasi kursunda mükəmməlcəsinıə ardıcıl və bitkindir. Zəngəzur dəhlizini görün hardan hara keçirib və Aşqabadda da nöqtə qoyur. Sonradan hər şeyin böyük hərflə başlanması məqsədilə.

İlham Əliyev döyüşür. Azərbaycanın birinci döyüşçüsü yenə də öndədir. Və mən burda çox ehtiyatla, bəlkə də gözləmədiyiniz halda başqa bir mövzuya keçirəm. Birinci döyüşçünün həmkarlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan digər döyüşçülərimizə. Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərə, onların ailələrinə necə həssas yanaşdığını, müharibədən çıxmış, öz daxili imkanları hesabına, heç bir başqa dövlətdən, başqa qurumdan ömək özləmədən başladığı Böyük Qayıdış proqramını necə icra etdiyini xatırlatmağa məncə ehtiyac yoxdur. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə faktiki olaraq yeni bir dövlət tikir. Qarabağ İqtisadi rayonu və Şərqi Zəngəzur adında. Deməli Birinci Döyüşçünün yanında ilk növbədə onun döyüş yoldaşları, qazilər, keçmiş döyüşçülər olmalıdır. Müharibədən qayıdandan sonra onlar öz əvvəlki iş yerlərində bu dəfə daha böyük həvəslə, uğrunda vuruşduqları Azərbaycanın inkişafına işləməlidirlər. Unudulmamalıdır ki, döyüşçülər həm də qanun uğrunda döyüşüblər. Və qazliyi, potensial şəhadəti məişətləşdirmək olmaz. İlk növbədə qazilər özləri buna yol verməməlidirlər. Başa düşürəm. Sosial şəbəkələrdir. İnternet resurslarıdır. Başı və ya ayağı bəlsiz internet tv-lər də var. Onlara da isti material lazımdır. Azərbaycan uğrunda vuruşmaqla, canını, vücudunun heç bir əzasını əsirgəməmək nümunəsi göstərən bir çox qardaşların bu günü - “Qaziyə yer süpürməyi təklif etdilər!”, “Əmək birjası qazini sürücülüyə rəva gördü”, “4 medallı döyüşçüyə budka açmağı da əsirgədilər!” və s. kimi başlıqların müşayiəti ilə təqdim olunur. Yanaşma düzgün deyil. Müharibəyə yola düşdüyün yerə də qayıtmalısan. Məntiq budur. Çünki sən davada elə çilingər dəzgahını, dalandar növbəni, idmançı trenajorunu da qorumaq üçün vuruşmusan. Böyük mənada vətənin namusu uğrunda vuruşmusan. Bu sənə yeni imtiyazlar verir əlbəttə. Amma daha çox, daha ürəkdən, daha böyük yanğıyla çalışmaq üçün. Düzgün başa düşülmək istəyirəm. Vuruşmaq heç kəsə ali təhsil vermir. Xüsusi biliklər vermir. Yalnız sədaqət və hünər təsdiqidir bu. Orduya yazılmaq, işə düzəlmək, xidməti orda davam etdirmək olar yəqin ki. Qanun və səhhətin icazə verdiyi təqdirdə. İndi əsas iş keçmiş döyüşçülıərin cəmiyyətə inteqrasiyasıldır. Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişməkdir. Psixoloji uyğunluğun təmin olunmasında məmurlardan xüsusi cəhətlər tələb olunur. Sosial şəbəkələr heç də həmişə yaxşı mənbə deyil. Məsələn, bu adam vergilər nazirliyinin əməkdaşı kimi şəxsən mənim Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən bir qurum kimi tanıdığım, xaricdən ölkəmizə, onun rəhbərliyinə ən ağır təhqirlər ünvanlayan, işi başdan-ayağa şərdən, böhtandan, antiazərbaycan mahiyyətindən ibarət olan Azad söz-ə müsahibə verir:

Efirə vergi əməkdaşının daşımalı olduğu formada çıxan, bütün çıxışını ədalət qurbanı olması üzərində quran bu adam bəs əslində kimdir.

Quliyev Cabir Qurban oğlu da Vergi orqanlarında çalışıb. 2003-2010-cu illərdə Bakı şəhəri Vergi Departmentində vergi borcları və operativ nəzarət şöbələrində dövlət vergi müfəttişi vəzifəsində xidmət edib. 11 il əvvəl, 2010-cu ildə, mart ayının 2-də, tarixdə attestasiyadan keçmədiyinə görə Vergilər nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilib. Məndə olan məlumata görə deyəsən anasının, ya da başqa yaxın qohumunun xahişlərindən sonra 21.10.2010-cu il tarixdə bərpa edilib, amma Tədris Mərkəzinin Elmi təqdiqat bölməsinin rəisi təyin olunub. 2017-ci il, yanvar ayının 6-da Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışıb. Struktur dəyişikliyi ilə əlaqədar vəzifəsindən azad edilərək sərəncamdan çıxarılmışdır. Lakin Vergilər Nazirliyinin sərəncamında olan müddətdə İnsan resursları Departamenti tərəfindən C.Quliyevə 11 saylı Ərazi Vergilər Departamentində təklif edilən işdən imtina edib. Xatırladaq ki, xidmət etdiyi müddətdə C.Quliyevə 4 dəfə “töhmət”, 1 dəfə “şiddətli töhmət” elan edilib, 2014-cü il oktyabr ayının 16-da “rütbənin 1 pillə aşağı salınması” cəzası verilib. Hələ Fazil Məmmədov nazir olanda. 2018-ci ilin may ayında isə keçirilən aksizsiz tütün məmulatlarının aşkar edilərək götürülməsi əməliyyat tədbiri zamanı məlum olub ki, Quliyev içində müxtəlif çeşiddə tütün məmulatı olan bir neçə selofan torbanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin anbarına təhvil verməyib. Araşdırma zamanı C.Quliyev göstərilənləri etiraf edib və oğurladğını da məhz qardaşının siqaret çəkməsi, onun işsiz olması əlaqədar olaraq bu addımı atdığını bildirib. Əlbəttə, müzakirə etdiyimiz mövzular fonunda əslində çox cılız temadır. Amma sosial şəbəkələrin, efir əlçatanlığınını fəsadları sırasında bu məsələyə toxunmağı da lazım bildim. Və məni daha çox şəxsi hikkəsi, iddiası uğrunda hətta düşmən, məhz düşmən tribunasına müraciət etməyi özünə rəva bilən vətəndaşımız narahat etdi. Ciddi siqnaldır. Vergi müfəttişi formasını geyinir, düşmən efirinə çıxır və düşmənə şikayət edirsən... Ən azı ayıbdır! Mənə ayıb gəldi! İndi isə bir az dincəlmək, amma aktiv düşüncə müşayiətilə dincələk. Bu həftə, siyasi leksikonda əksəriyyətin luzer, yəni qurbanlıq adlandırdığı, mənim isə “siyasi koramallar” hesab etdiyim qütbdə yüngül bir canlanma, daha doğrusu qıvrılma baş verdi. Türkün sözü iqtidarsızların görüşü baş tutdu. Əli Kərimli və Əli İnsanov. Onların bu bəxtəvər kadrlarına baxın. Sadəcə. Səssiz-səmirsiz.

İndi isə başqa bir çıxış təqdim edirəm. Əli İnsanov indi sığındığı güruh haqqında danışır. 1998-ci il. May ayının 5-idir təqvimdə. Əli İnsanov AXCP-nin alternativ layihə kimi təqdim etdiyi sənədə elə hirslənmişdi ki, onu 1-ci vitse-spiker belə sakitləşdirə bilmirdi. Yaxşı yadımdadır.

Tarix budu. Hörmətli gənc və yeniyetmə tamaşaçılar. Sizi asanlıqla aldada biləcəklərini düşünənlərin zənnini təkzib edin. Bu adamlar hətta iblislə belə sazişə getməyə hazır insanlar, insanovlardır. Bu adamlar və ya insanlar, ovlar özü kimilərlə birlikdə okeanın o tayına, Paşinyan boylanan səmtə baxır. Bir zamanlar təhqir etdikləri ilə birlikdə. Əfv edilərək azadlığa çıxmış İnsanov “Bağışla!” deyə-deyə bir zamanlar təhqir etdiklərinin də əfvinə ümid edir. Həbsdən çıxandan bəri əsasən Amerikanın Səsi-nə danışan Əli İnsanov yəqin ümidlə gözləyir ki, Amerika Birləşmiş Ştatları da onu bağışlayacaq. Bir zamanlar təhqir etdiyi qütb idi axı. Amma Amerika Birləşmiş Ştatlarında hələ ki, Bayden Hinduşkaları əfv edir. Salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər