Sosial islahatlar ili - VİDEO

Sosial islahatlar ili - VİDEO
2021-ci il də nəhəng sosial yönümlü qərarlarla yadda qaldı

2021-ci ilin dövlət büdcəsi hazırlanarkən əvvəlki bir neçə ildə olduğu kimi ənənə pozulmamışdı. Bu dəfəki büdcə də sosial yönümlü idi. Sosial müdafiə və sosial təminat xərcləri 14.1% artaraq, 2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılırdı. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat çox idi.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması nəticəsində ölkə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır və 2021-ci il də bu istiqamətdə uğurlu sosial islahatlar ili oldu. Ölkə Prezidentinin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən il ərzində sosial islahatlar proqramının davam etdirilərək, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin olundu. Həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görüldü.

Ölkədə icra olunan mühüm sosial proqramlardan biri - şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən ildən-ilə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da və dəfələrlə genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, Nazirlik tərəfindən 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutuldu və bu plan həyata keçirildi. Beləliklə, ümumilikdə ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin atomobillə təminatı tədbirləri uğurla davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci ildə daha 164 nəfər müharibə əlilini minik avtomobili ilə təmin etdi və bu günədək artıq 7400 müharibə əlili avtomobillə təmin edilib.

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi: ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırıldı. 2021-ci ilin 11 ayının yekununa əsasən, pensiyaların orta aylıq məbləği daha 10% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyalaraın orta aylıq məbləği 9% artaraq 358 manata çatdı. Ümumilikdə son üç ildə pensiyaların minimum məbləğində iki dəfəyə yaxın, orta aylıq məbləğində 60% artım baş verib.

2019-cu ilin əvvəlindən pensiyaların və sonralar müavinət və təqaüdlərin elektron təyinatı sistemi işə salınıb. Təyinatlar şəxsin sosial təminat növünə hüququ yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılır. Ötən dövrdə bu proaktiv xidmətlər vasitəsilə 2021-ci ilin 1 dekabr tarixinə 254 min, o cümlədən 2021-ci ilin 11 ayında 128,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada həyata keçirilib.

Sosial proqramları daha da genişləndirilməklə, sosial təminata yönələn vəsaitlər əhəmiyyətli dərəcədə artırılır. Prezident İlham Əliyevin fərman və sərəncamları ilə hələ 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən inqilabi sosial islahat həyata keçirildi. Əməkhaqları, pensiya, müavinət, təqaüdlər orta hesabla 100%, bəzi istiqamətlər üzrə 2 dəfədən çox artırıldı. Yeni sosial təminat növləri (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və b. Prezidentin aylıq təqaüdlərinin) təsis olundu. Həmin inqilabi sosial islahatlar üçün dövlət büdcəsindən illik əlavə 3 milyard manat vəsait ayrıldı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırıldı: şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırıldı, eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edildi. Ümumən 2018-2021-ci illərdə sosial təminat (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) üzrə illik xərclər 2,4 mlrd. manat və ya 60% artaraq 6,4 mlrd. manata çatıb. Son 4 ildə yalnız pensiya istiqaməti üzrə xərclər də 50% və ya 1,6 milyard manat artaraq 4,9 milyard manata çatıb.

2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar isə sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı. Minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Dövlət ümumi təhsil müəssisələrindəki müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, dövlət peşə təhsili müəssisələri müəllimlərinin, idarəetmə və təlim işçilərinin maaşları da orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırıldı. Digər bir sıra sahələrdə əməkhaqqı orta hesabla 20% artırıldı.

Qeyd edək ki, minimum əməkhaqqı artımı orta aylıq və median əməkhaqqına da müsbət təsir edəcək. 2018-2021-ci illərdə ölkəmizdə orta aylıq əməkhaqqı 37%, median əməkhaqqı 74% artıb. Digər tərəfdən, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayı 30% və ya 400 minə yaxın artıb. Bütün bu müsbət proseslərin nəticəsi olaraq əməkhaqqı fondunda da 92% artım özünü göstərib və növbəti ildə bu göstərici daha da artacaq.

Həmçinin 732 min şəxsi əhatə edən müvinət və təqaüdlərdə növbəti artımlar edildi. Əhatə olundu: əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar, həmin uşqlara və ı dərəcə əlilliyi olanlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, 1 yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, fəxri adı olanlar, doktorant və tələbələri əhatə edir. Həmçinin uşağın doğulmasına görə və dəfn üçün birdəfəlik müavinətlər artırılıb.

Yeni artımlara istinadən qeyd etmək olar ki, 2018-2022-ci illərdə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş verib. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn aydan həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək. Yaxud yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Və ya uşağın anadan olmasına görə birdəfəlik müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb, yəni hazırki 200 manatdan 300 manata çatdırılıb.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Onlardan iki mərkəz - 2021-ci ilin mart ayında 4 saylı DOST Mərkəzi (Bakının Nərimanov və Binəqədi rayonları üzrə) və 2021-ci ilin iyul ayında Abşeron rayonu üzrə DOST Mərkəzi istifadəyə verilib. Ötən dövrdə 650 minədək şəxs, o cümlədən 2021-ci ilin 11 ayında 375 min vətəndaş DOST xidmətlərindən faydalanıb. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98% olub. 2019-cu ilin may ayından bəri DOST xidmətlərinin siyahısı 30 faizə yaxın genişənlənərək bu xidmətlərin sayı 155-ə çatıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər