Qazi ilə baş həkim arasında insident - VİDEO

Qazi ilə baş həkim arasında insident - VİDEO
Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində müvafiq araşdırma aparılır

Ötən gün yəni yanvarın 4-də qazi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.

Belə ki, qazi Vəliyev poliklinikaya daha doğrusu baş həkimin otağına gələrək ona COVID-19 əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatının verilməsi üçün arayış istəyib. Bu zaman poliklinikanın baş həkimi ondan tibbi sənədlərini təqdim etməsini tələb edib.

Həmin sənədlərin araşdırılması zamanı məlum olub ki, qazi Hacı Vəliyev sahə üzrə 19 saylı şəhər poliklinikasının qeydiyyatında deyil.

Elə tərəflər arasındakı münaqişə baş həkim Aytən Qurbanovanın məlum məsələni qaziyə bildirməsindən sonra başlayıb.

Hadisənin təfərrüatlarını öyrənmək üçün 19 saylı şəhər poliklinikasına üz tutduq. Poliklinikanın baş həkimi Aytən Qurbanovanın sözlərinə görə, hadisə saat 12 radələrində baş verib. Aqressiv tərzdə danışan qazi onu təhdid edərək, xəsarət yetirib.

Təbii ki, bu cür davranış vətənin müdafiəsi uğrunda canını qurban verməyə hazır olan qaziyə yaraşmır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə hüquq pozğunluğu ilə bağlıdır.

Artıq baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində müvafiq araşdırma aparılır.

Təbii ki, Vətən Müharibəsi iştirakçılarının, qazilərin hər biri bizim qürur mənbəyimizdir. Vətən, torpaq, xalq üçün qanını və canını əsirgəməyən həmin oğulları narahat edən məsələlərin aradan qaldırılması üçün səy göstərmək hər kəsin mənəvi borcudur.

Lakin bu hal hər hansı münaqişə vəziyyətinin yaranmasına, xoşagəlməz halların baş verməsinə zəmin yaratmamalıdır. Bütün bunları nəzərə alaraq Vətən Müharibəsi iştirakçılarımız da, qazilərimiz də diqqətli və məsuliyyətli olmalı, qanunsuz hərəkətlərə yol verməməlidir.Çünki dövlət ali qanunlarla idarə olunur. Qazilər də digər vətəndaşlar kimi həmin qanunlara riayət etməlidirlər.

Digər xəbərlər
Bu gün
Dünən