Van İ: Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu qəbul edib - VİDEO

Van İ: Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu qəbul edib - VİDEO

Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu qəbul edib və gerçək multilateralizmin birgə təminatı üçün Ankara ilə əlaqələndirmə tərəfdarıdır.  

REAL TV-nin Asiya bürosu xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yanvarın 12-də Çinin Usi şəhərində keçirilən görüşdə deyib. Van İ Çin və Türkiyəni qarşılıqlı etimadı möhkəmləndirməyə və ikitərəfli əlaqələrin sağlam inkişafını birgə təşviq etmək üçün bir-birini dəstəkləməyə çağırıb. 

Çinli nazir ikitərəfli əlaqələrin inkişaf trendini yüksək qiymətləndirərək, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ötən il 50-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Vurğulayıb ki, strateji tərəfdaş olan Çin və Türkiyə qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsinə sadiq qalmalıdırlar. 

Çin rəsmisi ümidvar olduğunu bildirib ki, hər iki ölkə digərinin milli suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının təminatına dəstək verəcək, biri-birinin daxili işlərinə qarışmamağa dair əsas normaya riayət edəcək, tərəflərdən birini hədəf alan heç bir beynəlxalq fəaliyyətə qoşulmayacaq, anlaşma fərqləri olan məsələlər üzrə kommunikasiyanı yaxşılaşdıracaqlar.

Van İ iki ölkə arasında iqtisadi məsələlərə toxunaraq, Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa dair ilk sənədin məhz Türkiyə ilə imzalandığını vurğulayıb, tərəflər arasında ticarət üçün böyük potensial olduğunu qeyd edib.

O, valyuta mübadiləsi razılaşmasından yararlanmağa, 5G texnologiyası və böyük data kimi sahələrdə əməkdaşlığı genişləndirməyə çağırıb, Çinin Türkiyədən idxalı artımağa hazır olduğunu deyib. Mövlud Çavuşoğlu ikitərəfli əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik olduğunu bildirib. Türkiyəli nazir iqtisadi-ticari sahədə əməkdaşlığı, eləcə də iki tərəf arasındakı təmasları yüksək qiymətləndirib, ölkəsinin Çin ilə nüvə energetikası sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.

M.Çavuşoğlu idman tədbirlərinin siyasiləşdirilməsinə qarşı olduğunu vurğulayaraq, Çinin “Pekin-2022” Qış Olimpiya Oyunlarını uğurla keçirməsinə dair arzularını dilə gətirib.  

Görüşdə tərəflər birgə maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər