Uşaq bağçasında zorakılıq - VİDEO

Uşaq bağçasında zorakılıq - VİDEO
Aidiyyəti qurumlar faktla bağlı ölçü götürdülər

Bu kadrlar artıq bir sutka olacaq ki, sosial şəbəkələri bürüyüb. Əsasən hiddət dolu şərhlərlə müşahidə edilən görüntünün İsmayıllı rayon 1 saylı uşaq bağçasında lentə alındığı məlum olub. Qısa müddətdə tərbiyəçinin 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova, döyülənin isə 2019-cu il təcəllüdlü olması aydınlaşdı. İşin ən maraqlı və eyni zamanda da xoşagəlməz tərəfi isə tərbiyəçinin uşağın anasının doğma xalası olması, bu səbəbdən də valideynlərin şikayətçi olmamasıdır.

Valideynlər şikayətçi olmasa da, rəsmi qurumlar məsələyə adekvat münasibət sərgilədilər. Həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi dərhal məsələ ilə bağlı tədbir görəcəklərini açıqladılar.

Təhsil Nazirliyi uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edildiyini bəyan etdi.

Daxili İşlər Nazirliyindən isə həmin tərbiyəçinin təhqiqata cəlb olunduğu bildirildi.

Ombudsman Aparatı da hadisənin onları ciddi narahat etdiyini dilə gətirərək, bu kimi halların nəzarətdə saxlanılacağına söz verdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş vermiş hadisə ilə bağlı brifinq keçirildi. Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova mövzu ilə əlaqədar jurnalistlərin suallarına cavab verərkən bildirdi ki, Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir.

Həmin bağçanın sosial media hesabından olan fotolar da izləyənlərdə heç də xoş olmayan aura yaradır. Adətən yemək yeyərkən çəkilən bu fotolarda heç bir uşağın üzünün gülməməsi, əksinə, göz yaşlarının yanaqlarında donması diqqət çəkir.

Baxmayaraq ki, mövzu ilə bağlı əlaqə saxladığımız İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev bu fotoların uşaqların incidilməsi ilə bağlı fakt olmadığını dilə gətirdi. O qeyd etdi ki, Zülfiyyə Baxışova işdən çıxarılandan sonra buna etiraz edən, tərbiyəçinin tərəfini saxlamağa çalışan valideynlərin sayı heç də az olmayıb. Rövşən Əliyev artıq Təhsil Nazirliyinin tabeliyinə verilmiş bağçalara nəzarətin bundan sonra daha da ciddi olacağına, personalın vaxtaşırı yoxlamalardan keçiriləcəyinə söz verdi.

Belə... Körpə gülüşü bizə yaradanın bəxş etdiyi nemətdir. O neməti yerindəcə məhv edib, yerini göz yaşı tutmasına imkan verməyək.

Digər xəbərlər
Bu gün
Dünən