Ərzaq təhlükəsizliyi üçün unikal addım - VİDEO

Ərzaq təhlükəsizliyi üçün unikal addım - VİDEO
Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin yeni səviyyəsi

Prezident İlham Əliyevin Ukraynaya səfərinin iki ölkə arasında yetərincə yüksək olan iqtisadi əməkdaşlığı daha da genişləndirəcəyi gözlənilir.

Hazırda Ukrayna Azərbaycanın idxalında lider ölkələr sırasınada Rusiya, Türkiyə, Çindən və Almaniyadan sonra beşinci ölkədir. Kiyevdə bu gün bağlanan müqavilələr bu sırada onun yerini yuxarıya doğru dəyişdirə bilər.

Azərbaycanla Ukrayananın əlaqələrinin tarixi ilk müstəqillik illərindən başlayır. Ölkələr arasında ilk diplomatik əlaqələr 1919-cu ildən başlayıb və elə həmin ildən iqtisadi əlaqələr qurulub. İlk dövrlərdə gərgin siyasi vəziyyətə baxmayaraq, ölkələr arasında ərzaq və toxum mübadiləsi kimi ilk iqtisadi addımlar atılıb.

Sovet illərində də bu iqtisadi əlaqələr davam etdirilib və Azərbaycan 1921-ci ildə Ukraynanın Xarkov şəhərində ticarət nümayəndəliyi açıb və bu nümayəndəlik sovet dövrünün son illərinə kimi fəaliyyət göstərib. Buna paralel olaraq, Azərbaycanda da Ukraynanın ticarət nümayəndəliyi fəaliyyət göstərib.

SSRİ dağılandan sonra iki ölkə arasında əlaqələr, xüsusilə də ümumi milli lider Heydər Əliyevin dövründə bu əlaqələr güclənib. Hər iki ölkə arasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx münasibətlər yaradılıb. Daha sonra bu əlaqələr "Böyük İpək Yolu" layihəsi çərçivəsində inkişaf edib.

Nəqliyyat çətinliklərinə baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri balanslı şəkildə artmaqdadır. Bu ilin 11 ayı ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 866 milyon dollar olub. Bunun 446 milyon dolları Azərbaycandan Ukraynaya ixrac, 420 milyon dolları isə Ukraynadan Azərbaycana idxal təşkil edib.

Ötən ilində 11 ayı ərzində iki ölkə arasında ticarət 700 milyon dollar təşkil etmişdi. Azərbaycandan Ukraynaya ixrac 320 milyon dollar, Ukraynadan Azərbaycana idxal isə 380 milyon dollar olmuşdu. Göründüyü kimi, göstəricilərdə yetərincə artım var.

Amma Azərbaycanın Ukraynadan ərazi icarəyə götürərək, taxıl yetişdirmək niyyəti, şəksiz ki, bu rəqəmləri daha da inkişaf etdirəcək. Bu barədə ilk dəfə Prezident İlham Əliyev Azərbaycan jurnalistləri ilə söhbəti zamanı bildirmişdi.

İqtisadçı ekspert Eldəniz Əmirov bunu vaxtında atılmış addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu addım Azərbaycanın ərzaq təhlükəsizliyi üzrə mövqelərini gücləndirəcək.

Əslində, Çin və Özbəkistan kimi ölkələr öz ölkələrinin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu cür iqtisadi üsulardan istifadə edirlər. Məsələn, Özbəkistan Rusiyadan 1 milyon hektara yaxın ərazini icarəyə götürərək buğda yetişdirməklə bağlı niyyət bildirmişdi. Həmçinin, dünyanın ən iri buğda istehsalçısı, ötən il 134 milyon ton buğda istehsal etmiş Çin də Ukraynada buğda yetişdirmək üçün layihələr təqdim edir.

Ukraynanın 40 milyon hektara yaxın əkin sahəsinin 3 milyon hektara yaxını dövlətin nəzarətindədir və Azərbaycan bu ərazinin bir neçə yüz min hektarında buğda əkməklə ərzaq təhlükəsizliyini təmin edə bilər. Yəni bu layihə, hər iki dövlət üçün faydalı və yetərincə rentabelli nəticələr verə bilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən