Ən ucuz alternativ enerji - VİDEO

Ən ucuz alternativ enerji - VİDEO
Yeni külək elektrik stansiyası ildə 66 mln dollarlıq qaza qənaət edəcək

Səudiyyə Ərəbistanın “ACWA Power” (AKVA Pauer) şirkətinin Azərbaycanda inşa edəcəyi "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açıqlanan göstəricilərində diqqəti cəlb edən əsas məqam tikintiyə yatıralacaq sərmayənin ənənəvi enerji növlərinə yatırılan sərmayələrə maksimum yaxınlığı olub.

240 MVt gücündə alternativ enerji mənbəyinə 300 milyon dollara yaxın sərmayə qoyulacaq, yəni 1 MVt enerji generasiyası 1,25 milyon dollara başa gələcək. Bu, 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatında istifadəyə verilmiş Günəş-istilik elektrostansiyası ilə müqayisədə 4,5 dəfə ucuzdur. Həmin stansiyada 390 MVt enerji əllə edilməsi üçün 2,2 milyard dollar sərmayə sərf edlib. Yəni 1 MVt transformasiya gücü 5,64 milyon dollara başa gəlib.

Energetika eksperti İlham Şaban REAL TV-yə müsahibəsində Azərbaycanda gerçəkləşdirilən layihənin qiymətinin buxar-qaz trubinləri üçün qeydə alınan qiymətə çox yaxın olduğunu bildirib.

İlkin hesablamalara görə, layihə sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Bu zaman il ərzində 220 milyon kubmetr qaza qənaət olunacaq və 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Həmin qaz indiki qiymətlərlə Avropa bazarında satılarsa, Azərbaycan il ərzində 66 milyon dollar əlavə valyuta gəliri əldə etmiş olacaq.

Yəni layihə Azərbaycanın karbon tullantılarını azaldaraq, ekologiyaya töhfə verməsi ilə yanaşı, əlavə valyuta gəlirləri əldə etməsinə də imkan yaradacaq. Məhz bu faydalı cəhətləri ölkəni bu istiqamətdə ciddi addımlar atmağa yönəldir və 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisinin 30 faizi bərpa olunan enerji mənbələri sayəsində əldə olunacaq. İlham Şaban bu məsələdə külək elktrik stansiyalarına daha çox üstünlük veriləcəyini düşünür.

Əslində, Bakı - Abşeron zonası külək elektrik stansiyaları vasitəsi ilə elektrik enerjisi almaq üçün həddindən əlverişlidir. Adətən bu stansiyların işləməsi üçün küləyin sürətminin 3 m/saniyədən 20 m/saniyəyə kimi dəyişməsi vacibdir. Enerjinin maksimum transformasiyası üçün ən konfortlu zona küləyin sürətinin 14-17 m/saniyə arasında dəyişməsi sayılır ki, belə hava Bakı və Abşeron zonasında çox yayğındır.

İlham Şaban bu layihələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də gerçəkləşdirməyi rentabelli sayır.

Energetika Nazirliyinin apardığı ilkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 4000 MVt-dan artıq günəş, 500 MVt-dan artıq külək enerjisi potensialı var. 2020-ci ildə ölkənin elektrik enerjisi stansiyalarının toplam gücü 7,6 min MVt olub. Göründüyü kimi, azad edilmiş ərazilərdəki potensial bü göstəricini əhəmiyyətli səviyyədə artırmağa imkan yaradacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən