Azərbaycan-Ukrayna münasibətləri - VİDEO

Azərbaycan-Ukrayna münasibətləri - VİDEO
İki ölkə arasında ticarət dövriyyəsi 1 mlrd. dollara yaxınlaşır

Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid 6 sənəd imzalandı.

Pandemiyanın qlobal səviyyədə davam etdiyi bir dövrdə iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi keçən il 20 faiz artaraq 1 milyard dollara yaxınlaşıb.

“2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər”, - Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Bu ilin birinci yarısında Azərbaycanla Ukrayna arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bakıda keçiriləcək iclasda bir sıra sahələr üzrə konkret qərarların verilməsi gözlənilir.

“Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq”, - Azərbaycan Prezidenti İlham Əliyev dildirib.

Azərbaycan-Ukrayna münasibətləri son illər aparılan qarşılıqlı, faydalı əməkdaşlıq nəticəsində artan xətt üzrə inkişaf edib. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri isə Kiyev-Bakı münasibətlərini daha da möhkəmləndirib.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən