Sülhün və inkişafın təminatı olan dəhliz - VİDEO

Sülhün və inkişafın təminatı olan dəhliz - VİDEO
Zəngəzur dəhlizi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacaq

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə edib. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması buna bariz nümunədir.

Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.

10 noyabr 2020-ci il tarixində bütün hərbi əməliyyatların dayandırılmasının elan edilməsi ilə bağlı üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanatın 9-cu bəndində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin, Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Beləliklə dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 102 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, oradan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfəri olacaqdır.

Ölkə başçısı İlham Əliyevin təbirincə desək, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

"Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda bu dəmir yolu, azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir. Məlumdur ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Belə ki, Qədim İpək Yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynayır. Bu baxımdan Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından olduqca mühüm əhəmiyyətə malik olacaqdır", - AMEA-nin Vitse-prezidentinin xidmətində elmi katib Coşqun Məmmədov deyib.

Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcəkdir. Eyni zamanda bu layihə region ölkələrinin, bu layihəyə qoşulacaq və onun imkanlarından yararlanacaq digər tərəfdaş ölkələrin maraqlarına, onların sosial-iqtisadi inkişafının və xalqlarının həyat rifahının yüksəlməsinə də xidmət etmiş olacaqdır.

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışı zamanı
Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi arzusunda olduğunu, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Bildirib ki, hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışılır. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”.

"İllərdir dövlət səviyyəsində dəstəklənən və təbliğ edilən faşizm ideologiyası və ifrat torpaq tamahkarlığı ilə qonşu ölkələrə qarşı bitib-tükənməyən ərazi iddialarının ağır nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı hələ də öz tənəzzül dövrünü yaşamaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün strateji xətt, həyata keçirilən sistematik siyasi-iqtisadi kurs sayəsində işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır. Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir", - AMEA-nin Vitse-prezidentinin xidmətində elmi katib Coşqun Məmmədov bildirib.

Eyni zamanda bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaqdır. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividentlər qazandıracaqdır. Beləliklə yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcəkdir, eyni zamanda iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaqdır.

"Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaqdır. Dəhliz eyni zamanda Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir", - AMEA-nin Vitse-prezidentinin xidmətində elmi katib Coşqun Məmmədov əlavə edib.

Bu təkcə coğrafi və siyasi anlamda deyil, həmçinin böyük iqtisadi gücə malik və nominal ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türkdilli dövlətlərin strateji və iqtisadi cəhətdən birləşməsi də deməkdir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malik ölkələrdir. Bu isə Zəngəzur dəhlizinin kifayət qədər yüksək iqtisadi potensiala və təbii resurslara malik olan böyük və geniş coğrafi ərazidə birləşdirən önəmli nəqliyyat infarsturukturu olduğunun bariz sübutudur.

Prezident İlham Əliyev Naxçıvanda keçirilmiş Zirvə görüşündə vaxtilə Zəngəzurun Azərbaycandan alıb Ermənistana birləşdirilməsini türk dünyasının coğrafi parçalanması olduğunu qeyd edib. Ölkə başçısının sözlərinə görə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.

Beləliklə qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımından türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcəkdir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən