Bütün Qafqazın Şeyxi Vatikanda - VİDEO

Bütün Qafqazın Şeyxi Vatikanda - VİDEO
“Qarabağda mədəni irsin məhv edilməsi yolverilməz haldır”

Yanvar ayının 14-də Bütün Qafqazın Şeyxi Şeyxülislam Hacı Allah Şükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Vatikanın Xarici Dövlətlərlə əlaqələr üzrə katibi Riçard Qalaqerlə görüşüb. Nümayəndə heyətini salamlayan Riçard Qalaqer Azərbaycanla əlaqələrdə məmnunluğunu ifadə edib.

Vətən Müharibəsi və müharibədən sonra yaranmış yeni reallıqlar barədə Vatikanın Xaricin Dövlətlərlə Əlaqələr üzrə katibinə danışan Bütün Qafqazın Şeyxi deyib: “Biz istəmədik ki, bu müharibə dini müstəviyə keçsin. Çünki həqiqətən bu haqq işini qarşı tərəfdən dini müstəviyə keçirmək istəyənlər vardı. Biz çalışdıq və istəyimizə nail olduq. ÜmumRusiya Partiarxı Kirilin vasitəsilə mənimlə erməni kilsəsinin rəhbəri Qaragen arasında görüş keçirilmişdi. Mən onda da bu barədə dedim. Lakin təəssüf ki, erməni din xadimləri erməni yeniyetmələrinə, gənclərinə müraciət edərək onların silaha sarılmalarını tövsiyyə edir. Biz din xadimləri bu halların yol verilməz olduğunu bilirik”.

Bundan başqa, Hacı Allahşükür Paşazadə Qarabağ ərazisində dağıdılmış dini məbədlər, məscidlər, hətta bəzi xristian kilsələri barədə də məlumat verib: “İşğaldan azad edilmiş ərazilərdə dini məbədlər, məscidlər, hətta kilsələr də dağıdılıb. Bunu dünyaya nümayiş etdiririk. Amma Bakıda erməni kilsəsi və oradakı kitablar qorunub saxlanılır, hətta təmir olunub. Mən ona görə də Papa Fransisk Həzrətləri ilə görüşəndə bütün bu sadaladıqlarımı əyani görməsi üçün onu şəxsən Azərbaycana dəvət etdim. Ümumiyyətlə bütün bu dediklərini gəlib özünüz gösrəniz yaxşıdır. Biz Papa başda olmaqla Vatikan səlahiyyətlilərini dəvət edirik”.

Riçard Qalaqer Azərbaycanda baş verən proseslərin, xüsusilə Qarabağın işğaldan azad edilməsinin Vatikanın diqqət mərkəzində olduğunu qeyd etdi: “İşğaldan azad edilmiş ərazilərdəki mədəni irsin məhv edilməsi ilə bağlı missiyanın göndərilməsi barədə UNESKO-ya müraciət etmişik. Bu siyasi yox, mədəni missiya olacaq. UNESKO gəlib vəziyyəti dəyərləndirməlidir. Amma hələki onlardan bir xəbər yoxdur. Biz ümumiyyətlə hesab edirik ki, din xadimləri səmimi sülh çağırışçıları olmalıdır. Bu baxımdan Azərbaycanda dinlərarası dialoqu yüksək qiymətləndiririk. Azərbaycanda olduğum az bir müddətdə mən bunun şahidi oldum”.

Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən