Ən çox izlənən videolar

Azərbaycanı Avropaya bağlayan xətt - VİDEO

Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən Bakı–Tiflis–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 15 il ötür.

Tarixə nəzər salaq. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi.

Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tiflis–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tiflis-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı.

Uzun sürən çalışmalardan sonra nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. 2003-cü ilin fevral ayında isə Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi.

2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi. Tikinti işləri yekunlaşdıqdan sonra mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. Beləliklə, Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı.
 

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.

BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar