Ən çox izlənən videolar

Stolüstü tennisin gələcəyi - VİDEO

Ölkəmizdə son zamanlar inkişafda olan idman növlərindən biri də stolüstü tennisdir. Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə forması 1880-ci illərdə Hindistan və Cənubi Afrikadakı İngilis ordusunun zabitləri tərəfindən oynanılırdı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Kitablar isə tor rolunu oynayırdı. 19-cu əsrin sonlarında isə Parker Brothers firması masaya qurula bilən tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı istehsal etməyə başladı. 20-ci əsrin əvvəllərində isə taxta raketkanın səthi rezinlə örtüldü və bir müddət sonra isə xüsusi, yüngül çəkili toplar istehsal olundu.

Avropada populyarlaşmağa başlayan bu idmana ilk diqqət İngiltərədə yetirildi və 1921-ci ildə dumanlı albionda stolüstü tennis federasiyası qurulub. 1926-cı ildə isə İngiltərə, İsveç, Macarıstan, Hindistan, Danimarka, Almaniya, Çexoslovakiya və Avstriyanın nümayəndələri Berlində bir araya gələrək Beynəlxalq Stolüstü Tennis Federasiyasını yaradıblar. İlk dünya çempionatı 1927-ci ildə Londonda keçirilib və macarıstanlı idmançıların üstünlüyü ilə bitib. Stolüstü tennis 1988-ci ildən etibarən olimpiya idman növü hesab edilməyə başlayıb. Qaliblər kişi və qadınlar arasında fərqi və qoşa yarışlarda müəyyənləşir.

Azərbaycanda stolüstü tennis idman növünə maraq 40-cı illərdən yaranıb. Təxminən 10 il sonra isə Bakıda stolüstü tennis bölməsi açılıb və sonradan bu qurumun əsasında Azərbaycan Stolüstü Tennis Federasiyası təsis olunub. SSRİ dönəmində bu idman növü üzrə Lazorkin, Yaşagina, Şeydabəyov və Bağırov kimi bir sıra tanınmış simalarımız olsa da, müstəqillik dövründən sonra stolüstü tennis ölkəmizdə bir qədər kölgəyə çəkilmişdi. Lakin son illərdə bu idman növünə artırılan diqqət, öz bəhrəsini verməyə başlayıb. Belə ki, ötən il Rumıniyada keçirilən gənclər arasında Avropa Çempionatında qızlardan ibarət millimiz qızıl medala sahib çıxıb. Bu ilə Çexiyada reallaşan analoji turnirdə tennisçilərimiz 2 gümüş medala layiq görülüblər. Şəxsi yarışlarda idmançılarımızdan Khinhang Yu oğlanlar arasında ikinci olub. Oğlanlardan ibarət seçməmiz də fəxri kürsünün ikinpi pilləsinə qalxıb.

Yeniyetmə və gənclərimiz uğurlu çıxışlarını davam etdirilər. Başımızı və bayrağımızı ucaldan idmançılardan biri də 11 yaşlı Adil Əhmədzadədir. Bu yaxınlarda öz yaşıdları arasında Avropa millisinin heyətinə düşən Adilin hədəfləri böyükdür.

Ölkəmizi layiqincə təmsil edən tennisçilərdən biri də Nəzakət Qarayevbadır. Millimizin heyətində ötən il qitə birincisi olan 17 yaşlı idmançımız hazırda leqioner həyatı yaşayır. Nəzakət hazırda Qazaxıstan liqasında mübarizə aparır.

Millimizin üzvləri növbəti illərdə də ölkəmizi layiqincə təmsil etmək niyyətindədirlər. İdmançılarımız gələn il keçiriləcək beynəlxalq yarışların hazırlıqlarına indidən start veriblər.

Bundan sonra isə tennisçilərimiz ölkə daxilində münasibətləri aydınlaşdıracaqlar. Belə ki, idmançılar Azərbaycan kubokunda qüvvələrini sınayacaqlar. Yarışda paytaxtla yanaşı, bölgələri də təmsil edən 14-17 və 14-dən aşağı yaş qrupu üzrə yeniyetmələr ən güclünü müəyyənləşdirəcəklər. İştirakçıların ümumi sayı isə 130-a yaxın olacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar