Ən çox izlənən videolar

Qaradan tünd rəng - VİDEO

Azərbaycanın müstəqillik tarixinə qara hərflərlə yazılmış 20 noyabr Qarakənd faciəsi yaxınlaşır. 4 gündən sonra bu faciənin 28 ili tamam olur. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycanın Mİ-8 hərbi helikopteri hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar isə müstəqil Azərbaycan dövlətinin say seçmə adamları idi. Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Meliorasiya və Su təsərrüfatı nazirinin müavini Qurban Namazəliyev , Prezident Aparatının şöbə müdiri jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının müxbiri Alı Mustafayev, televiziyanın əməkdaşalrı Fəxrəddin Şahbazov, Arif Hüseynov .

Helikopterin gövdəsində Rusiya və Qazaxıstanın da nümayəndələri vardı.

Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin və başqaları . Ümumilikdə 22 nəfər. Onların hər biri evdən çıxanda bir daha geri qayıtmayacaqlarını düşünməmişdilər. Amma bu son səfər oldu. REAL TV olaraq noyabrın 20-nə kimi onları sizə bir daha yaxından tanıtmağa çalışacağıq. Beləliklə, dövlət katibi Tofiq İsmayılovdan başlayıram.

Azərbaycanın birinci dövlət katibi siyasət adamı olmaqdan qabaq elm adamı idi. Akademikdi. Düz 22 il Elmlər Akademiyası sistemində işləmişdi. Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş direktoru olmuşdu. O, elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər keçmiş SSRİ-nin poliqonlarında və bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu

Amma onu sadə azərbaycanlıya sevdirən tamam başqa bir tərəfi oldu.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatlarının qurultayında T.İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş cinayəti törədənləri kəskin tənqid edərək bütün zalı bu qırğında həlak olmuş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə çağırmışdı. Deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M.S.Qorbaçov da otrurduğu kürsüdən durmalı olmuşdu. 1991-ci ilin sentyabrında Azərbaycanın Dövlət Katibi vəzifəsinə təyin edilən Tofiq İsmayılov həm də prezident Ayaz Mütəlibovun komandasının ən layiqli kadrlarından idi.

Bəs necə oldu ki, Mütəllibov öz komandasının qaymaqlarından birini helikopterə minib Ağdama uçmasına razılıq vermişdi?

Tofiq İsmayılov dövlət katibi kürsüsündə cəmi 32 gün oturdu. Oktyabrın 18-dən noyabrın 20 kimi. Ondan fərqli olaraq Məhəmməd Əsədov Müdafiə və Dövlət Təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri vəzifəsinə cəmi 1 həftə idi təyin edilmişdi. Sabah Məhəmməd Əsədovdan danışacağıq.

Bu kateqoriyadan digər videolar
Digər videolar