Ən çox izlənən videolar

E.Məmmədyarov Bratislavada çıxış edib - VİDEO

"Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən - Dağlıq Qarabağ bölgəsindən dərhal çıxarılması olmalıdır".

bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

"Ölkəmin mövqeyi dəyişməz olaraq qalır... Dünən erməni həmkarımla 3,5 saat müzakirə apardıq. Deyə bilərəm ki, ciddi və çətin danışıqlar oldu. Təəssüf ki, hələ də həll edilməmiş məsələlər qalır. Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır.

Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər. İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, bununla da ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır.

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcəkdir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir. Statusun müəyyən edilməsi hüquqi proses çərçivəsində dinc şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində sülh prosesinə və Minsk Qrupu həmsədrlərinin mandatına zərbədir. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir. Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir, - E.Məmmədyarov bildirib.

Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” kimi bəyanatı sülh yolu ilə həll etmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir. Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir-deyə azərbaycan xin elmar məmmədyarov deyib.

qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. Bratislavadakı görüş "Xalqlar, dialoq və sabitlik naminə" şüarı altında keçirilir.Görüşün əsas mövzusu ATƏT məkanındakı münaqişələrin nizamlanmasıdır. XİN başçıları Dağlıq Qarabağ, Ukraynanın şərqindəki və Dnestryanı bölgədəki münaqişələrin həllini müzakirə edirlər.

Bu kateqoriyadan digər videolar
Digər videolar