Ən çox izlənən videolar

Azərbaycan xalçasına maraq - VİDEO

Azərbaycanın Seuldakı səfirliyinin Cənubi Koreya Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Asiya Mədəniyyət Mərkəzi (AMM) ilə əməkdaşlığı çərçivəsində "Mədəni məhsul" layihəsi çərçivəsində ölkənin Kvancu şəhərində Azərbaycan xalçası toxunur. Azərbaycandan dəvət olunmuş xalça ustasının ənənəvi üsulla toxuduğu xalça hazır olandan sonra yekun məhsul kimi Asiya Mədəniyyət Mərkəzinə təqdim ediləcək və mərkəzin muzeyində daimi nümayiş olunacaq. Ölkəmizin Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov Kvancu şəhərində Asiya Mədəniyyət Mərkəzinin prezidenti Li Cinşik ilə görüşündə ölkəmizin xalçaçılıq sənəti barədə məlumat verib. Bildirib ki, uzun əsrlər tarixi olan xalçaçılıq sənəti mühafizə edilərək dövrümüzdə də yaşadılır. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, dünyada ilk ixtisaslaşmış xalça muzeyi məhz ölkəmizdə yaradılıb, xalçalarımız Luvr, Metropolitan, Boston, Filadelfiya, Viktoriya və Albert muzeylərində, eləcə də Ermitajda nümayiş etdirilir. Səfirliyin Asiya Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən digər layihə isə koreyalı rəssamların Azərbaycan hekayələri əsasında çəkdikləri illüstrasiyalardan ibarət kitabın nəşridir. Kitab gələn ilin ortalarında nəşr olunacaq.
Mərkəzin prezidenti Li Cinşik qeyd olunan hər iki layihənin Azərbaycan mədəniyyətinin Koreyada tanıdılmasına imkan yaradacağını deyib. Görüşdə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi ilə Asiya Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Asiya Mədəniyyət İnstitutunun prezidenti Li Qi Pyo ilə görüşdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə hazırlanmış mükafat iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə prezidentə təqdim edilib. Görüşdə xalça ustası Lalə Əliyeva və köməkçisi Nərgiz Novruzova "Azərbaycanın xalçaçılıq sənəti" mövzusunda təqdimat ediblər

Bu kateqoriyadan digər videolar
Digər videolar