Ən çox izlənən videolar

83 ton məhsul dövriyyədən çıxarılıb - VİDEO

Ötən il Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib.

Bunu AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Sədr bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub. 748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib:

"629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 AZN məbləğində inzibati cərimə tətbiq olunub. 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub."

Qoşqar Təhməzli Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlərin keçirildiyini dedi.

Agentlik sədri Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacağını da söylədi. Onun sözlərinə görə, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının idxalından 10 dəfə imtina halı müşahidə edilib:

2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.

AQTA sədri 12 ton yağın kərə yağı adı ilə saxtalaşdırıldığını, faktla bağlı materialların Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildiyini bildirdi.

O, ümumiyyətlə belə bir əmtəə nişanının olmadığını və əmtəə nişanının özünün də saxtalaşdırıldığını söylədi:

Məhsulun üzərində onun kərə yağı olduğu göstərilsə də, bu, kərə yağı olmayıb. Təəssüf ki, "SN Qida Təchizat” MMC AQTA-nın sertifikatını saxtalaşdırıb və "Bizim Market"də təqdim edib. Ekspertizanın nəticələri də göstərdi ki, o, ümumiyyətlə kərə yağı deyil. Bu faktların aşkarlanması üçün sahibkarların məsuliyyəti artmalıdır.

Qoşqar Təhməzli spirtli içkilərin saxtalaşdırılması ilə bağlı cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunduğunu və bu işin davam etdirildiyini bildirdi.

"Zəhərlənməyə səbəb olan spirt texniki, sənaye spirtidir və qida ilə heç bir aidiyyəti olmayan metil spirtidir. Zəhərlənməyə səbəb olan həmin içkilərin tərkibində 76,6 faiz metanol aşkarlanıb. Aşkarlanan metanolun tərkibində xüsusi həlledici məhlul aşkarlanıb ki, bu da sənaye metanolu üçün xarakterik olan göstəricidir. Cinayətkar dəstənin bir qrupu ölkənin müxtəlif yerlərində icarəyə götürdükləri və ya fərdi evlərdə boş butulkaların yığılıb təmizlənib istehlaka yararlı hala salınması, digər qrupu həmin məhsulların ağızlarına spirtli içkilər üçün nəzərdə tutulmuş diyircəklərin müxtəlif formalarının hazırlanaraq butulkalara tətbiq olunması, üçüncü qrupu metanolun qeyri-qanuni yolla əldə olunması, dördüncü qrupu isə həmin məhsulun ictimai iaşə müəssisələrinə daşınaraq müxtəlif bahalı brendlər adı altında satışını həyata keçirməklə məşğul olub. Ən üzücü fakt isə bu işdə ictimai iaşə müəssisələrinin, şadlıq evlərinin və müxtəlif kafe, restoranların, daha çox gecə klublarının iştirakıdır."

O ki qaldı qida zəhərlənmələrinə, Aqta sədri qeyd etdi ki, ötən il 1003 “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlər əsasında 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar