Ən çox izlənən videolar

20 Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günü

20 Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür... 20 Yanvar xalqımızın milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdiyi gündür....

20 Yanvar hadisələri beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı hadisə Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər. Onlar barışmayanlar, boyun əyməyənlər və mübarizə üçün doğulanlar idi!

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.

147 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Hadisələrdən dərhal sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra qırğına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə – Əbədiyyətə, xalqımızı isə Azadlığa qovuşdurdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.

20 YANVARIN 30 İLİ... Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix.

Bu kateqoriyadan digər videolar
Digər videolar