Ən çox izlənən videolar

7556 hüquqazidd əməlin qarşısı alınıb - VİDEO

Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

bunu Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov DİN-də 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri deyib ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.

Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, onlardan oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

Məruzəçi «102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin «isti izlərlə» açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib.

Vilayət Eyvazov qeyd edib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.
Məruzə ətrafında digər çıxış edənlər hesabat dövründə görülən işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

Vilayət Eyvazov 2020-ci ildə qarşıda çox mühüm vəzifələrin durduğunu deyib. Nazir qeyd edib ki, Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir.
Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.

Bu kateqoriyadan digər videolar
Digər videolar