Ən çox izlənən videolar

Musiqi alətlərinin “birliyi” (VİDEO)

Heydər Əliyev Mərkəzində Azərbaycan musiqi sənətinin rəngarəngliyini və ecazkarlığını özündə əks etdirən,əsl musiqi sənətinin xüsusuyyətlərini özündə ehtiva edən möhtəşəm sərgi təşkil olunub.

“Musiqi alətləri: birlik və müxtəliflik”. Sərgisinin açılış mərasimi 17 sentyabr 2019-cu ildə keçirilib.

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan, Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan və s ölkələrə aid musiqi alətləridir.

Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayev və Arif Babayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev, Hacı Məmmədov və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.

Sərgidə mən deyərdim ki,ən gözəl guşələrdən biri Muğam otağıdır. Bu otağa girdikdə artıq insan istər-istəməz muğamı duya,hiss edə bilir.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünu təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar