Ən çox izlənən videolar

TAP-da işlərin 92%-i tamamlanıb (VİDEO)

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə işlərin 92 faizi tamamlanıb və layihə 2020-ci ilin sonuna doğru yekunlaşacaq.

Bunu Socar-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov deyib. O, TAP-ın inşası çərçivəsində “Saipem” şirkətinin artıq İtaliyada işlərə başladığını və şirkətin Adriatik dənizinin 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcəyini bildirib. TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda isə boruların hamısı torpağa basdırılıb.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstan, digəri isə Albaniyada olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 65 faizi başa çatıb.

SOCAR ilə İtaliyalı tərəfdaşı SNAM arasında gələcəkdə alternativ qazların da TAP ilə nəqli haqqında saziş imzalanıb. Burada məqsəd əsasən hidrogen və bioqazların istehsalının təşviqidir.

Qeyd edək ki, TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar