Ən çox izlənən videolar

Mir Şahinin vaxtı - VİDEO (29.03.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Dünya virus ətrafında birləşir. İnsanlığın özünə qayıdış zamanıdır.

Bu verilişə diqqətlə baxın. Sonda xüsusi şad xəbərimiz olacaq! Hər kəs və hamı üçün!

İllərdir, dinlərin, siyasi ideyaların bir araya gətirə bilmədiyi bəşəriyyət bir virus ətrafında, amma hərə öz damının altında toplaşmağa məhkumdur. Azərbaycan Prezidenti “Yeni klinika”nı açdı və burada günün təməl çağırışlarını etdi. Hansı çağırışlar idi bunlar:

Biz birlikdə güclüyük!-milli həmrəylik, fərdi fədakarlıq (ilk növbədə həkimlərə ünvanlı) və nəhayət, evdəqalmağın təşviqi!

rezidentin həkimlərlə söhbəti təkcə həkimlərlə olmadı. Burada bütün cəmiyyətə ünvanlanmış xitablar var idi. Səmimi söhbət oldu. Dövlət başçısı heç nəyi gizlətmədən, açıq danışdı. İlham Əliyev Azərbaycanın son illər, o cümlədən bu ilin ilk iki ayı ərzində əldə etdiyi ciddi iqtisadi uğurları xatırlatmaqla yanaşı dünya iqtisadiyyatının məruz qaldığı böhranın bizdən yan keçməyəcəyinə də işarə etdi. Bu isə o demək idi ki, dövlət-xalq birliyi, milli həmrəylik, Azərbaycanın əsas istinad yeridir və düşdüyümüz çətinliklərdən, habelə gözlənilən müşküllərdən bizi yalnız o xilas edəcək. Əslində, koronavirusla mübarizə məqsədilə yaradılmış Fond da elə bu birliyin təcəssümüdür. Fonda toplanmış könüllü 90 milyon manatın böyük əksəriyyəti sahibkarların, yerli şirkətlərin verdiyi ianədir. Yeri gəlmişkən, bu Fond, onun bazasında yerli iş adamlarının bu formatda Azərbaycanda birliyi məncə ilk belə hadisədir. Həm də burada əsas məsələ vəsaitin miqdarı da deyil, baxmayaraq ki, toplanmış məbləğ kifayət qədər sanballıdır. Bir sözlə Prezidentin çıxışı çox şaxəli olsa da əsas məqsəd bir idi. Vətəndaşların təhlükəsizliyi. Bu təhlükəsizliyə ciddi təhdid yaratmış qlobal fəlakətlə mübarizədə Prezident-Xalq kontaktının etibarlılığı. Koronavirusla mübarizə məqsədilə yaradılmış xəstəxana isə həm ideya olaraq, həm də müayinə-müalicə fürsəti baxımdan unikaldır. Prezidentin Yeni Klinikadakı çıxışına mən həm də bütün tamaşaçılarımıza ünvanlanmış daha bir müraciət kimi təqdim edirəm:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır. Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.

Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz.

Bütövlükdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Onların bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Üç-dörd şəhərdə mərkəzi rayon xəstəxanasının tikintisi davam edir və yaxın vaxtlarda orada açılışlar gözlənilir. Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olmuşdur. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi. Xatırlayıram, 2004-cü ildə mən hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdım, Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Mən dərhal Lənkərana getdim, xəstələrə baş çəkdim və orada gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çünki xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi. Yəni, dağılmış bina, çürümüş avadanlıq, palatalarda heç bir avadanlıq yox idi, adi yataqlar qoyulmuşdur. Dedim ki, bu, nədir? Dedilər ki, bizim mərkəzi rayon xəstəxanamızdır. Dedim ki, ağır xəstələr haradadır? Dedilər ki, reanimasiyada. Dedim aparın məni reanimasiyaya, mən onlara baş çəkmək istəyirəm. Sən demə reanimasiya nə imiş? Biz bir mərtəbə qalxdıq, eyni otaq, eyni divarlar, eyni taxta yataq, bir dənə də avadanlıq yox idi. Dedim budur reanimasiya? Dedilər bəli. Bax, 2004-cü ildə bizim səhiyyə sistemimizin vəziyyəti bu idi. Mənim göstərişimlə dərhal Lənkəran şəhərində ilk dəfə olaraq müalicə-diaqnostika mərkəzinin tikintisinə start verildi. Ondan sonra bölgələrimizdə 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edilmişdir. O ki qaldı, mərkəzi rayon xəstəxanalarının inşasına, dediyim kimi, bəlkə də iki şəhərdə hələ ki, bu xəstəxanalar lazımi səviyyədə deyil, ancaq onların da inşası nəzərdə tutulur.

Bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə. Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır.

Əlbəttə, hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq. O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.

Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik.

Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq.

Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Mən düşünürəm ki, bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək.

Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.

Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.

Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.

İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır.

Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.

Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.

Mən sizi ürəkdən salamlayıram. Sabahdan bizim ən gözəl xəstəxanamızda koronavirus xəstələrinin müalicəsi başlanacaq. Bu, sizin üzərinizə çox böyük məsuliyyət qoyur. Mən sizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz sağlam olasınız, bu xəstəliyə yoluxmayasınız və öz vəzifə borcunuzu şərəflə yerinə yetirəsiniz. Sağ olun."

Bu görüşdən, Prezidentin çıxışından gəldiyim bir qənaət də budur ki, xalq özünü kənarda hiss etməməlidir. Müqəddərati məqamlarda meydana çıxan bir həqiqət ortadadır. Dövlət və xalq eyniləşib. Bu isə məndən, səndən, ondan, hər birimizdən, o cümlədən bizim hamımızdan eyni vaxtda mükəmməl məsuliyyət müştərəkliyi, cavabdehlik şərikliyi tələb edir. Bu gün heç kim özünü kənara qoymamalıdır. Təqaüdünün, maaş və pensiyalarının artırılması, problemli kreditlərinin bağlanması, evləri, dükanları, piştaxtaları yananda yanında olan və təmənnasız köməyini hiss etdiyi Dövlətin üzləşdiyi mürəkkəb şərait qarşısında özünü, gücünü, iqtidarla birliyini nümayiş etdirmək növbəsi indi xalqındır. Prezident bu günün əsas mənəvi trendi olan məsuliyyət məsələsi üzərində də dayandı. Ona görə ki, bu gün pandemiyanın hələ oyanış, rüşeym fəsadlarıdır bizə toxunur, irəlidə daha riskli, çətin məqamlar olacaq. Planetin qos-qocaman dövlətlərini qarşısına qatıb öz mənzilinə qədər qovan koronavirusla mübarizədə əsas silah fərdi məsuliyyət, bu qorxunc qonağı evinə buraxmamaq, bundan ötrü isə öz evində olmaq, oranı tərk etməməkdir. Dövlətin səsindəki qətiyyət də, sərt üz cizgiləri də situasiyanın tələbidir. Bu gün yalançı komplimentarlıq vaxtı deyil. 65 yaşdan yuxarı şəxslər küçəyə çıxmamalıdır! Evdə qalmaq xalqın edə biləcəyi əsas işdir. “Yeni klinika” öz adında həm də bir rəmzilik birləşdirir. Prezident məhz bu klinikada Azərbaycan həkimlərinə yeni yanaşma təqdlim etdi. Bu təqdimatda koronavirusla mübarizənin ön sıralarında olan, öz canlarıyla risk edən, əsl fədakarlıq nümunəsi göstərən həkimlərin həm xidmətlərinə yüksək qiymət verilirdi, həm də onlardan gözlənilən yüksək peşəkarlıq, insanların ümidi, intizarı vurğulanırdı. Vurğulanırdı ki, cəmiyyətdə bəzən təqdir və ehtiram ünvanı olmayan ağ xalatlılar ruhlansınlar, özlərini, adlarını, məqamlarını ucada görsünlər... Yeni klinikada həkimləri ayaqüstə alqışlamaq da yeni idi. Prezident və Birinci xanım Azərbaycan həkiminin fədakarlığını alqışlayırdı. Mən burada Mehriban Əliyevanın instaqram səhifəsində paylaşdığı fikirlər üzərində də dayanmaq istəyirəm. Amma əvvəlcə bir qeyd. Bəsən sosial şəbəkələrdə Azərbaycanın ali rəhbərliyini koronavirusla bağlı xüsusi, bir Prezident müraciəti etmədiyini yazanlar da tapılır. Dəqiqləşdirək. Bəli. Azərbaycan Prezidenti bir dəfə müraciət etməyib. 3 dəfə müraciət edib. Birinci müraciət Novruz bayramı münasibətilə etdiyi təbrikdə idi. Əslində o müraciət bayram təbriki deyildi, elə koronavirus fəlakətiylə bağlı müraciət idi. İkinci müraciət Azərbaycan Televiziyasına verdiyi müsahibədə idi. Üçüncü müraciət isə Yeni Klinikada edildi. Gəlin yadımıza salmağa çalışaq İlham Əliyev eyni mövzuda 3 dəfə nə vaxt müraciət etmişdi? Mən xatırlamıram... Elə birinci xanım Mehriban Əliyeva da koronavirus mövzusuna birinci dəfə deyil ki, xalqa müraciət səviyyəsində toxunur. Onun da mövqeyi milli birlik, həmrəylik, həkim fədakarlığına sayğı borcundan ibarətdir. Niyə bu belədir? Ona görə ki, indi dünya yalnız 4-cü sənaye transformasiyasının çağırışları ilə deyil, təbiət qiyamının reallıqları ilə də baş-başadır. Gəlin müraciəti birlikdə oxuyaq:

“Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir. Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər. Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir. Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.Əziz tibb işçilərimiz, Fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük. Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq.Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram!Uca Tanrı sizi qorusun!Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Bu gün mən Azərbaycanın da düçar olduğu bu lənətəgəlmiş virusun yaratdığı şəraitdə təkcə bundan sonra tam dəyişəcək gələcəyi deyil, həm də keçmişimizi görürəm. Baxın bu kadrlara. Karantinə yerləşdirilmiş insanlardır. Onları sərhəddə çadır hospitallar qarşılayır. Mən bilirsiz nə qədər belə çadır görmüşəm?! Hər çadırda da qaçqınlar. Palatkaların qarşısına gələn yük maşınlarının qabağına lavaş, qənd, çay üçün qaçan körpələri də, ayağını yerdən zülümlə qaldıran, amma yaşamaq üçün özünü mütləq yardım maşınına çatdırmalı olan, buna görə də yıxıla-dura yüyürən qocaları, yaşlıları görmüşəm. O zaman Prezident və ya o zamanın Prezidenti o qocalara demirdi ki, qadağandı sənin küçəyə çıxmağın, yardım dalınca qaçmağın, deyə də bilməzdi. Çünki o qoca yaşamalı idi və yaşamaq üçün də mütləq özünü yük maşınının altına un üçün, şəkər tozu üçün atmalıydı... Prezidentin və Birinci vitse-prezidentin müraciətilə tanış olarkən gəlin həm də bir az dərin düşünək. Hanı bunun kinoteatrı, hamamı, rəqqasələri deyə haray qoparanda düşünək ki, burada insanların kiçik bir qrupu müvəqqəti olaraq karantinə yerləşdiriliblər, əbədi yaşamaq üçün yox. Özü də onlar çox az bir qismdir. Əksəriyyət otellərdə yerləşiblər. Ona görə də pozuculuq fəaliyyətinə qurşanmaq, ölkənin şimal-cənub qapılarını bərk döymək kimi təhlükəli addımlardan dərhal çəkinmək lazımdır. İmkan vermək olmaz ki, qaragüruhun maraqda oturan ikiayaqlıları karantin məhdudiyyəti, müvəqqəti çətinlikləri zəminində qarışıqlıq yaratsın. Bu çadırlardan narazı qalanlara yaxın keçmişi bilən, xatırlayan kəslər bir çadır tarixi dərsi keçsinlər...

Karantin çadırları az və müvəqqətidir. Orada qalanlar da qaçqın deyil. Evi-mənzili olanlardır. Bu bir zərurətdir. Ondan keçməliyik. Bu gün ölkədə koronavirus təhlükəsinin zəruri etdiyi intizam mühitinə hərc-mərclik salanlar, vəziyyəti nəzarətdən çıxarmağa çalışanlar isə elə 90-ci illərin çadır arxitektorlarıdır. Bu gün özü boyda dəhşət və vəhşət filmimi xatırladan Planetdə “Evdə qal!” çağırışını mən şəxsən “evdəqala” kimi başa düşürəm. Çünki bu gün evin qala, nə qədər qalması, etibarlı qala olması özünüisbat mərhələsini yaşayır. Azərbaycan da istisna deyil. Bu ölkə həmişə evə, ailəyə bağlılıq kimi klassik şərq anlayışına sahib olub. Azərbayanlılar ailə qurmağa ilk növbədə evlənmək, dövlətin kiçik modelini yaratmaq timsalında ən ümdə niyyət, ən vacib insan borcu, əsas icma çertyoju tək yanaşıblar. Bu gün məhz o gündür. Azərbaycanlıların sevgi və sədaqət əqdi, ailə vacibliyi planetar arbitrlar hüzurunda dövlət imtahanı verir. Budur əsas məsələ. Həm Yer kürəsi, böyük mənada həmyerlilərimiz, həm də özümüz, azərbaycanlılarımız haqqında olan düşüncələrimizin gerçək test zamanıdır. Axı bir zamanlar biz başqa millətlərin evə, ailəyə münasibəti haqqında danışarkən onlarda bu hissin o qədər də dərin olmadığını, bizdə isə ailəcanlığın qana hopduğunu, iliyə işlədiyini iddia etmişik. Ailəyə görə o qədər qan tökmüşük ki... Və indi əsl məqamı gəlib. Əslində Azərbaycanlılar, təbii ki, öz ailəsilə, öz evində olmaıdır.

Olmaz ki, biz evimizə indi qayıdaq?! Virus xaraba qoymamış...

Amma ən qəribəsi də elə budur ki, bizi küçələrdən evimizə çağırırlar. Evimizi tərk etməməyə çağrılırıq. Bizim ənənəvi prinsiplərimiz, adətlərimiz, tabe olduğumuz qaydalar, əxlaqi dəyərlər, Dədə Qorquddan üzü bəri eşitdiyimiz “ata allahın kölgəsidir!” “anasını qoruyan vətənini qoruyar!” kimi gözəl-gözəl sözlər, ifadələr sanki parıltısını itirib. Əgər belə olmasaydı, bizə anamızı, atamızı qorumağı day dövlət əmr etməzdi ki. Bir az da sadə dillə danışaq. Bu gün Polis əməkdaşları səsgücləndiricilər vasitəsilə görün bizə nə deyir: “karantin vaxtıdır, yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağandır!” Bəs bu adamlar ata-ana deyil? Məgər onları polis qoymamalıdır küçəyə, ya övladları? Mən başa düşürəm, tibbin sahə dilində, spesifik ifadə tərzində onlara risk qrupu deyilir, nəzakətlə, korrekt şəkildə izah edilir ki, küçəyə çıxmaq, evi tərk etmək lazım deyil və s. Və bu tərz vəziyyətin təhlükəsini sonadək anlamağa mane olur. Ona görə də mətləbin üstündən örtüyü götürək və deyək ki, hörmətli valideynlərimiz, böyüklərimiz, yaşı 65 və daha yuxarı olan ağbirçəklərimiz, ağsaqqallarımız Sizə sizi qorxutmamaq üçün risk qrupu deyirlər, əslində bunu siz “ölməyə daha real namizədlər” kimi başa düşməlisiniz. Yaxud küçəyə çıxıb özünüzü təhlükə altına atmayın deyirlərsə, onu öz beyninizə belə çevirin: “ küçədə öləcəksiniz!” Əgər dünənədək Azərbaycan koronavirusla mübarizənin effektivliyində ön sırada idisə və bu da dövlətin gördüyü səmərəli işlərin nəticəsi idisə, artıq infeksiya esktensiv və intensiv artır. Və bunun da günahkarı bizik. Sadə camaat. Evinə-eşiyinə yığışmaq istəməyən məsuliyyətsizlər. Bugün Bakının küçələrində, əminəm ki, bütün ölkədə vəziyyət belədir: özünü heç nə olmamış kimi aparan, hər şeyə lağ edən, öz aləmində guya pozitiv olan, pik-nik təşkil edən, dırnaqarası “ağıllılar ordusu” ölkəni fəlakətə apardıqlarının fərqində olmalıdır. İkinci uşaqlıq dövrünü yaşayan yaşlılarımızın polisə yaxalanarkən əl atdığı bəhanələr nə qədər də uşaq vaxtı bizim müəllim qarşısında istifadə etdiyimiz bəhanələrə bəzəyir. “Dəftərim evdə qalıb, anam paltarımı yumuşdu... qonaq var idi axşam...” Yenə də açıq danışacam. Bu xına o xınadan deyil, xanımlar və cənablar!” İndi baş verənlər elə proseslərdir ki, məsələn, mən sizə evinizə getmirsiz, cəhənnəmə gedin. Gora da üstəlik!” deyə bilmirəm. Ona görə ki, cəhənnəm o halda bütün ölkə olur. Mən isə normal, ağlı başında olan bir vətəndaş kimi ölkəmizi cəhənnəm görmək istəmirəm. Kiminsə cahilliyi Azərbaycanın məhvinə aparmalı deyil. Və ya “bizə pul versinlər evimizə girək!” kimi büdcənin gicgahına tapança dirəyənlərin maliyyə terrorçularının nazıyla oynamaq yeri deyil. İndiki halda hər kəsdən öz evinə, ev eşiyinə girib, ordan çıxmamaq tələb olunur. Bugün başlıcası budur! Dünyada müharibə vəziyyətidir. Bu şişirdilmiş fikir deyil. Bu obrazlı deyim deyil. Dünyanın az qala bütün ölkələrinə fövqəladə, ya da xüsusi vəziyyət elan olunub. Baxın epidemiyanın artıq basıb keçdiyi böyük Avropa mərkəzlərinə. Hər yer bomboşdur.

Biz onlardan ağıllıyıq? Ya daha qüdrətliyik? Məsuliyyətsizlik vaxtı deyil. Evinizin qabağında, qulağınızın dibində qışqıranlar “Xlor var! Qatıq Alan! ” qışqırmır e. Bu bir başqa çağırışdır.

Artıq Azərbaycana koronavirus kənardan gəlmir. Necə deyərlər, fermadan deyil, öz həyətimizdəndir. Təkcə paytaxtda deyil, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da bu infeksiyaya yoluxma halları qeydə alınmaqdadır. Öz ömrünə, öz yaxınlarının, doğmalarının ömrünə potensial qatillik edən laqeydlər nə qədər ki, özünütəcrid tədbirlərinə uyğun davranmayacaq Azərbaycan səhiyyəsinə ciddi problemlər yaradacaqlar. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Xatırladaq ki, infeksiyanın yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi iki gün əvvəl bir qədər də gücləndirilib. Amma hələ ki, bir müşahidəçi olaraq mən bu sərtləşdirmənin də çox güclü effektini hiss etmirəm. Əvvəla, dəhşətli bəlanın dünyada yaratdığı vəziyyətlə əlaqədar olaraq Azərbaycan vətəndaşları da şəraitin ifrat mürəkkəbliyini anlamalı, xüsusi vəziyyətin müharibə qanunlarına çox yaxın olduğunu başa düşməlidir. Səhiyyə naziri Oqtay Şirəliyevin etirafını qulaqardına vurmayaq. Şirəliyev deyir ki, "Xəstəliyin gedişatı, həm də başqa ölkələrin təcrübəsi onu göstərir ki,daha ciddi və sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə bilər. Bu bir həqiqətdir. Yoluxanların sayı 10, 100 minlərə qalxa bilər. İnkişaf etmiş ölkələrin səhiyyəsi də bunla bacara bilməz". Prosesin içində olan, vətəndaş və tarix qarşısında daşıdığı məsuliyyəti tam aydınlığı ilə dərk və izah edən nazir əslində bizə hansı aqibətlə üz-üzə qaldığımızı da başa salır. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov, bu günün ən yaxşı mətbuat katibi, bundan açıq necə danışsın axı: “Əgər bu xəstəlik ölkə daxilində genişmiqyaslı bir epidemiya səviyyəsinə çatarsa, biz bunun altından çıxa bilməyəcəyik!” Əslində bu çox açıq, təhlükənin miqyasını tam dərk etməyə imkan verən mövqe paylaşımından sonra yəqin ki, mətbuat, mediya üzünü etinasızlıq virusuna yoluxmuş təbəqəyə tutmalı, hərə öz imkanı və nüfuzu səviyyəsində insanları küçələrdən evlərinə, mənzillərinə yığışmağa çağırmalıdır. Küçələrə dərman səpənlərin acığına küçələrə su səpənlərə ən sərt şəkildə deyilməlidi ki, qaxılıb oturun evinizdə, sizin cəhalətinizin qurbanı biz olmamalıyıq! Mən bütün Qarabağ müharibəsini əlimdə mikrofon keçmiş müxbir kimi hesab edirəm ki, müharibədə müharibə qanunları ilə rəftar etmək lazımdır. Nədi müharibə qanunları. Operativ qərargah Fövqəladə vəziyyət qərargahı anlamına gəlməlidir. Onun bütün göstərişləri qeyd-şərtsiz icra edilməlidir. İctimai rəydə boşalma, qeyri-ciddiyyət yaradan istənilən cəhd yerindəcə qarçılanmalı, müqəssirlər, müəlliflər tənbeh edilməlidir.

Məsələn koronavirus mövzusunda istehzalı, lağlağılı mövqe paylaşanların, polisin həm yazılı, həm də səsgücləndirici vasitəsilə etdiyi xəbərdarlıqları qulaqardına vuranların, şayiə yayanların ən sərt şəkildə cəzalandırılması, yaşı 65-dən yuxarı olan insanların cəmiyyətin və dövlətin taleyilə oynaması hallarına qarşı barışmaz davranış zərurət olmalıdır. İkinci xəbərdarlığa yer qalmamalı, mənzilində karantin rejiminə dözməyənlərə həbsxanalarda karantin təlimi keçmək lazımdır. Dövlətin xalqı qorumaq üçün gördüyü zəruri tədbirlərə məlumatsız insanlardan istifadə edilməklə etiraz aksiyaları təşkil etmək vətənə xəyanət kimi qiymətləndirilməli, ağır cəzaya layiq görülməlidir. Ailə dövlətin kiçik şəklidirsə, deməli biz ilk növbədə ailəmizə, mənzilimizə qayıdıb, onu qorumalıyıq. Bütün qonşularla sərhəd, vəziyyət normallaşana qədər tam bağlanmalıdır. Məsələn, ölkənin bu və ya digər qütbündə çadırlar qurmaqla burada karantin şəraiti yaratmış dövlətə, onun ayrı-ayrı strukturlarına təzyiq və təhdidlərin qarşısı dərhal alınmalıdır. Eyni zamanda dövlətin uyğun nazirliklərinin, komitələrinin birinci şəxsləri səviyyəsində birbaşa brifinqlərdə, mətbuat konfranslarında camaata izah edilməlidir ki, bu addımlar onların sağ qalması üçün atılır. Əlbəttə, bu gün həkimlərin böyük bir qrupu işbaşındadır, canfədailik edir. Onları Prezidentlə birlikdə hər bir vətəndaşımız ayaqüstə alqışlayırıq. Müharibə dili ilə desək, düşmən zərbəsini ilk olaraq öz sinəsilə qəbul edən həkimlərimizdir. Amma ümumiyyətlə həkimlərlə ayrıca görüşlər keçirilməli, onların məsələn elə ən azı maskadan istifadə etmək zərurəti barədə avtonom konsepsiyaları rədd edilməlidir. Biri deyir oxu. O biri deyir oxuma! Yazıq vətəndaş neyləsin!?? Özü də söhbət karantində sözün həqiqi mənasında can qoyan həkimlərdən getmir. Kənardan müşahidə edənlərdən danışırıq. . Bu günlərdə qeydə alınmış bəzi hallar göstərdi ki, bəzən prosesin içində olmayan həkimlər özləri MARAQ DAİRƏSİNDƏ olmaq məqsədilə şayiələr yayır və öz peşələrinin onlara yaratdığı etimaddan sui-istifadə edirlər. Təbii ki, sadə adam həkimin danışdığı şirin yalanı qoyub bizim danışdığımız acı həqiqətə inanmaq istəməyəcək. Baş nazir Əli Əsədovun rəhbərliyilə Operativ Qərargahın bu həftə keçirilmiş iclasında müxtəlif sahələrə rəhbərlik edənlərin görülmüş işlərlə bağlı hesabatı dinlənildi. Düzdür, bu çıxışların tam mətni əlimizdə yoxdur, amma məncə tələb də etməməliyik. Bir az əvvəl müharibə qanunlarından danışırdıq. Hesab edək ki, Müdafiə Nazirliyinin Baş Qərargahının toplantısı olub.

Gördüyünüz kimi həftə də, gün də saat da koronavirusdan bəhs edir. Uzun müddət orta statistik Azərbaycan vətəndaşı komfort, dövlət tərəfindən qorunmuş halda yaşayıb. İndi isə həm də o özü özünü qorumalıdır bu vəziyyətini dəyişməyə isə tənbəllik edir.

Əslində Prezidentin, Birinci xanımın çağırışının sadə dilə tərcüməsi belədir: “Özünüzdən, evinizdən, ailənizdən muğayat olun!”.

Bunu etmək üçün isə evdə olmaq lazımdır. Ailənlə birlikdə qalmaq lazımdır. Prezidentin Yeni Klinikanın açılışında, dünyadakı Yeni Klinik vəziyyətin içində alov qüllələrini xatırlatdı! Dədə Qorquddan qalma 3 tonqalı. Hamımızın yerinə. Bu addımın fəlsəfəsini çox istedadlı jurnalist Mehman Rəsulovdan daha yaxşı izah etmək çətindir.

İndi isə verilişimizin əvvəlində söz verdiyim pozitiv xəbər! Sevinin ki, sağsınız. Sevinək ki, sağıq. Bu sözün əvvəlinə “hələ” kəlməsini artırmaq istəmədim!

Bu kateqoriyadan digər videolar
Digər videolar