Ən çox izlənən videolar

Mir Şahinin vaxtı - VİDEO (03.05.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Ən yeni tariximizdə bütün dünyada olduğu kimi, Azərbaycan üçün də dövlət imtahanı mövsümü davam edir. Doğrudur, bu həftə karantin rejimi nəzərəçarpacaq dərəcədə yumşaldıldı. Amma heç də o səbəbdən yox ki, vətəndaş ondan tələb olunan intizam qəlibinə tam otura bildi. Yox əlbəttə. Bu, dövlətin öz vətəndaşına olan etimadın, inamın ifadəsi idi: Yəni, xalq, məsuliyyət sənindir, onsuz da sabitliyin əsas təminatçısı sənsən. Bütün bu intizam rejimi, icazə al evdən çıx da sənin sağlamlığın, sabitlik və asayişin üçün edilir. Karantin qaydaları yumşalsa da əsas müddəalar qüvvədədir. Maska taxmaqdan məsafə saxlamağadək. Cərimə edilməkdən həbs olunmağadək.

Cəmil Həsənli kimi qaragüruhbaşı - həpəndlərdən happi end gözləyənlər, diqqətli və sərvaxt olun. Unutmayın: qanun diktaturası qanın diktaturasından 1000 dəfə yaxşıdır. Qara güruh qanın diktaturasına can atır! Savadsız, cahil, avantürist, xurafatçılardan ibarət bir dəstə əlində olan cilovsuz-özbaşına quduz internet tv-lərdən istifadə edərək Azərbaycanı qarışdırmaq istəyir. Ona görə də hər yolla əngələ çevrilir!

Hörmətli vətəndaşlar, tamaşaçılar, karantin yumşaqlıqlarına, təbəssümü hər gün bir iki qırışıq artan polis üzünə baxmayaraq hələ ki, xüsusi vəziyyətdəyik. Mütləq mühasirə vəziyyətindəyik və onun daha nə qədər çəkəcəyi bəlli deyil. Amma ən başlıcası bəllidir: Biz bu blokadadan öz gücümüzlə çıxmalıyıq. Xalq olaraq. Dövlət və millət, vətəndaş və azərbaycanlı olaraq. Müqavimət göstərmək lazımdır. Müqavimət göstərə bilmək üçün güclü olmaq lazımdır. Güclü olmağın, istənilən virusla döyüşdən qalib çıxmağın isə birinci və ən əsas şərti güclü immunsisteminə malik olmaqdır. Bu gün Ali Baş Komandanın əsas vəzifəsi və Xalqın gündəlik işi olan koronavirusla mübarizə məhz ümummxalq, ümummilli immunitet yaratmaq məqsədi güdür. Ona görə də Azərbaycan Prezidenti islahatları arxa plana keçirmədi. Əksinə arxa plandan ön plana atdı. Daha sərt və daha sürətlə.

Prezident Əliyev göstərdi ki, heç bir fors-major, heç kimin forsu, heç kimin majoru, nə bilim minoru islahatların qarşısını ala bilməz. Yeri gəlmişkən onu da deyək ki, qaragüruhun əsas məqsədi də elə islahatlara mane olmaqdır. Bu həftə bir neçə hadisə baş verdi ki, onların hər biri həftənin aparıcı faktı sayıla bilər.

1. Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllıda şəhər nümayəndəsinin saxlanması ilə həyata keçirdiyi əməliyyat.

2. DTX-nın Biləsuvar Rayonu İcra Hakimiyyətində apardığı və rayonun başçısı da daxil olmaqla bir neçə yüksək çinli vəzifəli şəxsinin saxlanmasını da əhatə edən əməliyyat.

3. Baş Prokurorun səlahiyyətlərinin uzadılmaması.

4. Yeni Baş Prokurorun təyin olunması. Özü də bu vəzifəyə məhz Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisinin gətirilməsi...

5. Burada yeri gəldiyi üçün o biri həftənin də maraqlı bir hadisəsini xatırlayaq. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu müxalifətin tanınmış nümayəndəsi İlqar Məmmədova bəraət vermək və ona külli miqdarda kompensasiya ödəmək qərarı çıxarmışdı.

Əlbəttə, mən fürsətdən istifadə edib bir sıra icra başçılarının da eyni aqibətlə həbs edilməsini yadınıza sala və Prezidentin reformalarının ab-havasına uyğun olmayan məmurlarla sərt davranışın tarixinin korona virus söhbətindən xeyli əvvəllərə gedib çıxdığını göstərə bilərdim. Amma etmirəm. Çünki məqsədim dövlət başçısının islahatlar kursu barədə ümumiyyətlə danışmaq deyil, sadəcə vurğulamaqdır ki, Prezident hətta bütün dünyanın koronavirusa qarşı konsolidasiyası fonunda belə, milli maraqları ön plandan götürmür. Əksinə, hər şeyi məhz bu kontekstdə edir. Qısası: vətəndaş üçün korona virus qədər, rüşvət də, haramçılıq da, oğurluq, sui-istifadə kimi hallar da təhlükəlidir. Qayıdıram həftə ərzində baş verən bayaq sadaladığım bir neçə hadisəyə. Onların ən mühümü yəqin ki, Prezidentin yeni Baş Prokuroru qəbul etməsi və buradakı proqram əhəmiyyətli çıxışıdır.

Burada Əliyev əslində islahatların növbəti etapını təqdim etdi. Çünki Prezident hələ ötən il məhkəmə-hüquq islahatları barədə Fərman imzalayıb. Və prokurorluq da elə məhkəmə-hüquq sisteminin tərkib hissəsidir. Burada aparılan islahatlar mahiyyətcə xüsusidir. Prezidentin çıxışına müraciət edək. Ona görə ki, Əliyev yeni Baş Prokuroru qəbul edərkən onun həm səlahiyyəti, həm də məsuliyyəti barədə kifayət qədər açıq və birmənalı danışdı.

Belə də demək olar: Azərbaycan cümləsinin dili ilə desək, mən təyin edirəm, mübtəda isə özünüz olun.. zərfliklə, zərflə mübarizə aparın. Tamamlıq olmayın. Xəbər də ola bilərsiz. Amma yaxşı xəbər.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Siz bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilirsiniz. Ümid edirəm ki, bu yüksək etimadı doğruldacaqsınız. Siz prokurorluq orqanlarında 30 ildən çoxdur ki, işləyirsiniz. Hələ sovet dövründən bu işə başlamısınız və son 6 il ərzində Azərbaycan Respublikası Baş Prokurorunun müavini vəzifəsində çalışırsınız. Ümid edirəm, əldə olunmuş təcrübə sizə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilsin. Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq."

Deməli Baş Prokuror qarşısında qoyulan əsas vəzifə aydındır. İslahatlar. Siyasi sahədə misilsiz miqyasda islahatlar aparılır. Prezident məhkəmə-hüquq sistemində aparılan islahatlardan günün cəmiyyətindəki yeni ictimai-siyasi ab-havaya adekvatlıq, bir sıra hallarda isə lap elə avanqardlıq gözləyir. Yeni Baş Prokuror onu da eşitdi ki, işi birbaşa olaraq ölkədəki siyasi mühitin təravətlənməsinə çalışmaq, dialoq təklifinin qəbul olunmasından sonra yaranan təzə sosial psixologiyaya müsbət təsir göstərməkdən ibarət olacaq. Yəni Kamran Əliyev sözün bütün mənalarında Yeni, Yenilənmiş Baş Prokuror olmalıdır.

Prezident daha yaxşı izah edir. Bu təyinat cəmiyyətə təklif edilən “gəlin danışaq!”, soruşun, utanmayın!” mühitində baş verir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır.”

İndi isə daha ciddi bəyanat və tapşırıq. Jurnalistika, təhlil, sosiologiya, araşdırmaçılıq üçün, ümumiyyətlə hər birimiz üçün son dərəcə vacib manifest! Yerinə yetirmək, bu tapşırığın icrasını təmin etmək lazımdır, cənab Yeni Baş Prokuror!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:  “Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.

Burada Prezident həm də dünyada və neftdə yaranmış vəziyyəti təhlil etdi. Yadımıza saldı ki, hələ bir müddət əvvəl hamımızı post neft dövrünə hazır olmağa çağırıb. Yeri gəlmişkən onu da deyim ki, məhz belə bir xəbərdarlığa görə Azərbaycan miqyaslı planetar səndələmələrdən qəzasız çıxmağı bacarır. Qeyri neft sektorunun ümumtərəqqi prosesinə sürətlə, effektiv qoşulmasının nəticəsidir ki, Azərbaycanın iqtisadiyyatı nadir iqtisadiyyatlardandır ki, gözlənilən şoku keçirmədi. Əksinə. Hər halda 1-ci rübün yekunları göstərir!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, o cümlədən keçən il 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşmış, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir. Bu addımlar bir daha göstərdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır."

Beləliklə: Prezidentin dediklərinin birinci hissəsindən sonra gəlinən qənaət: Uğurlar yalnız islahatların nəticəsidir. Və bir halda ki nəticə uğur vəd edir, deməli islahatları bütün başqa sahələrə də tətbiq etmək lazımdır. Əsas prinsiplər isə 2018-ci ilin aprelində elan edilib. Yenilər. Gənclər. Yaşılalara böyük ehtiram. Gənclərə böyük yol! “Prokurorluq orqanları üçün də islahatlar əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir”. Sitatın əvvəli.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz."

Bəs hansıdır bu vəzifələr? Prezidentin xalqın gözü qabağında, hər hansı vasitəçi olmadan tapşırıq vermə üslubunun daha bir bariz nümunəsi. Yəni əlahəzrət xalq! Hörmətli sadə adam! Mürəkkəb adam. Mənim başqa tapşırığım yoxdur. Başqa tapşırığım olmur. Elə sətiraltım, eyhamüstüm də. Baxın, qarşınızdayam. Dediklərim də yalnız budur. Və hər dəfə Prezident Sizə deyəndə ki, “Problemlər barədə şəxsən mənə, Prezident Administrasiyasına birbaşa müraciət edin! İctimai nəzarət institutu işləməlidir!”, bax indi gördüyümüz bu mənzərənin o tərəfini, xalq tərəfini düşünür. Mən dedim. Tapşırdım. İndi isə siz müşahidə edin, nəzarət edin, mənə çatdırın, görüm tapşırığım necə icra edilir? İndi isə Yeni Baş Prokurora verilən başqa tapşırıqlara keçək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.

Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır."

Kadrların keyfiyyəti və vətənpərvərliyi mövzusuna hələ qayıdacağıq. Amma indi Prezidentin verdiyi iki tapşırığı ayrıca təqdim edirəm və niyə? Ona görə ki, həmin tapşırıqların əhatə etdiyi sahələr buna qədər Kamran Əliyevin birbaşa vəzifə borcu olub. Baş Prokurorun müavini kimi. İndi isə Kamran Əliyev özüdür Baş Prokuror. Əlləri tam açıqdır. Başqa əlləri, əyri əlləri bağlamaq üçün...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin."

Prezident Baş Prokurora birbaşa göstəriş verir. Xalqın gözü qabağında. Hər detalınadək izah etməklə. Yeni Baş Prokuror vətəndaşları dövlətdən incik salanlarla, qanunu aşağılayanlarla, Respublikanı içindən yeyən qurdlarla, canavarlarla mübarizədə amansız olmalıdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.

Eyni zamanda, bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.

Ona görə bu dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar."

Prezident Biləsuvar rayonunun adını ilk dəfə onda çəkdi. Əlbəttə ki, söhbət Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının əməliyyatı nəticəsində həbs edilmiş Biləsuvar rayonu icra hakimiyyəti başçısı başda olmaqla qrupdan gedir. Həftənin mühüm hadisəsi olan əməliyyatın sensasiyalı kadrlarını izləyək. Bir daha dəhşətlə izləyək ki, Mahir Quliyev necə elə suvarırmış, belə suvarırmış…

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır.

Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq."

İndi Prezidentin kəskin qəzəblə dilə gətirdiyi başqa sözləri dinləyəcəyik. İlham Əliyevi camaata, özü də əsasən xalqın sosial həssas hissəsinə ünvanlanan yardımların oğru əlinə düşməsi qəzəbləndirir. Ona görə ki, müharibədir. Hər kəs bacardığını etməlidir. Həmişə belə olub.

Elə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva da öz birillik əməkhaqqını dəhşətli pandemiya ilə mübarizəyə ehsan etdi. Dövlət başçısı hətta yardım üçün imkanı 1 manata çatan şəxsə etdiyi 1 manat ianəyə görə təşəkkür etmişdi. Indi isə icrabaşı və ya oğrubaşı həmin o 1 manatı oğurlayıb!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər."

Prezident qəzəbinin xüsusi kəskinliyinin daha bir səbəbi barədə. Bu gün bütün dünyada fövqəladə vəziyyət hökm sürür. Tarixin nadir mənzərəsini yaşayırıq. Və məhz belə bir vəziyyətdə Ali Baş Komandanın, hesab edək ki, ən mühüm döyüş zonalarından birini etibar etdiyi şəxs, onun nümayəndəsi, təyin etdiyi, etibar edib bel bağladığı məmur dövlətə, vətənə xəyanət edir. Bəli. Prezident belə addımları, belə addımlayanları xəyanət və xəyanətkar sayır!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır.

Biz dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqını tam ödəyirik. 600 min özəl sektor nümayəndəsinin, o cümlədən mikrosahibkarın, - hansı ki, onların çalışdıqları sahələr pandemiyaya görə daha çox zərər çəkib, - əməkhaqqının əhəmiyyətli hissəsini ödəyirik. Aztəminatlı təbəqəyə aid olan 600 min insanın, o cümlədən işsizlərin və qeyri-formal məşğul olanların vəsaitini ödəyirik. Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq."

Prezident bununla öz islahatlar paketinin növbəti hissəsinin icrasına adekvat müstəvi hazırlamağı düşünür. Baş Prokurordan da tələb etdiyi məhz yalnız qanunun aliliyinin təmin olunmasına iradə, güc və zəmanətdir. Bizi növbəti mərhələdə daha böyük miqyaslar, daha gurultulu adlar gözləyir. Prezident məhkəmə-hüquq sistemindəki islahatların məhz Köhnə Baş Prokurorun gedişi və Yeni Baş Prokurorun təyinatı ilə növbəti fazaya daxil olduğunu nümayiş etdirdi! Neqativ halların ünvanları artıq var! Qapılar var. Qalır döymək və açmaq. Təbii ki, qapıları və cinayət işlərini.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək.

Biz bunu dəfələrlə görmüşük. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.

Ümid edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.

Mən bu gün Sizi təyin edirəm və ümid edirəm ki, Siz bu yüksək etimadı doğruldacaqsınız."

Məncə Kamran Əliyev bu gündən sonra soyadına xüsusi yanaşacaq. Ona görə ki, burada Əliyev Prezidentlə təkcə forma yox, həm də və daha çox məzmun etibarilə həmfamil olmağı bacarmalıdır. Indi isə bir az əvvələ qayıdaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır."

Burada Prezident “istənilən sahədə kadrlar vətənpərvər olmalıdır!” deyir. Mən uzun müddətin jurnalisti kimi, Əliyevin vətənpərvərliyə, Bayrağa, Himnə münasibətini bilirəm və hətta onu da görmüşəm ki, idmançımızın sıravi bir qələbəsinə necə qəfil sıçrayıçla ayağa qalxıb. Burada təbii ki işin emosional tərəfi var. Amma indi istərdim ki, Prezidentin Baş Prokuroru qəbul edərkən danışdıqları, tövsiyələri fonunda məsələnin başqa aspektlərinə toxunaq. Açıq danışaq: o qədər vətən şeiri yazıb, vətən nəğmələri oxumuşuq ki... bəlkə də dünyada ən çox!!! Vətənpərvərlik bizdən ötrü adətən hərbi məzmundan, müdafiə mövzusundan, poeziya buketi, nəğmə çələngi trafaretindən o tərəfə keçməyib. Marş irəli, Azərbaycan əsgəri! Hə...bir də uzağı dağlarımızı, dərələrimizi, meşələrimizi o ki, var tərifləmişik. Baxmayaraq ki, şirin su ehtiyatlarına görə dünya autsayderlərindənik, amma hər qarışda 7 bulaq qaynayır-deyə fontan vurmuşuq. Adını da, adımızı da qoymuşuq vətənpərvər.

Bəs əslində nədir vətənpərvərlik və vətənpərvər olmaq. Rüşvət almamaqdır. Oğurlamamaqdır. Kasıb-kusubun yetim haqqını qapançalamamaqdır. İlk növbədə peşəkar olmaqdır. Peşəkar deyilsənsə, sənin vətənpərvərliyin kimə lazımdır?

Tutaq ki, həkimsən, çox keçmişəm bu dağlardan başlayıb Azərbaycan deyiləndə ayağa dur ki-yədək əla sinədəftərsən. Amma çox pis həkimsən. Və ya müəllimsən, vətəni yaxşı tərifləyirsən, amma bir qəpiklik müəllim deyilsən, yaxud patriotik marşla babat yeriyə bilən əsgərsən, amma sərrast atəş aça bilmirsən və ya polis əməkdaşısan, yaxana Bayraq taxmısan... amma rüşvətxorsan. Deməli bütün bu forma vətənpərvərliklərinin bir zərrə əhəmiyyəti yoxdur... Peşəkar deyilsənsə. Prezidentin tələb etdiyi vətənpərvərlik vətəni sevməkdən doğan gerçək vətənpərvərlikdir. Keyfiyyət vətənpərvərliyidir.

Bu günlər Dövlətimizin müstəqillik sınağına çəkildiyi vaxtdır. Elə bizim hər birimizin. Prezident Əliyev dünya böhranının çağırışlarını bütün ciddiyyətilə qəbul edib. Vətəndaşı qorumaq! Müdafiə etmək! Dövləti qorumaq! Müdafiə etmək. Özü də yalnız koronavirusdan yox, rüşvətdən, rüşvətxordan, haramdan və haramzadadan da qorumaq! Kölgə iqtisadiyyatına, kölgə işgüzarlığına, ümumiyyətlə özü və gözükölgəliyə müharibə olunub. İsmayıllıda kasıb-kusubun boğazından yapışıb nəfəsini kəsən-----, Prezidentin təbirincə desək vicdansızlıqla, Allahsızlıqla məşğul olan məmura baxaq və tüpürək yerə. Ya da Biləsuvardakı əməliyyat çəkilişindən bayaq gördünüz ki, rayon rəhbərliyi koronavirusla necə kolleqalıq edir.

Biləsuvar Rayonunun icra başçısı Quliyev necə mahirmiş əyri əl işiylə. Çox istərdim ki, belələrinin dərisindən biapsiya, qanından və digər mayelərindən analiz üçün nümunələr götürülsün. Axı necə ola bilir belələri və necə ölə bilir. Çox ciddi hadisədir və burada təhlil üçün xeyli material var.

Əvvəla Mahir Quliyev ilk yaxalanan deyil. Buna qədər bir neçə belə məmur, özü də eyni üsulla, eyni yerdən ələ keçib. Hamısının da başı üstündə öndər Heydər Əliyevin, lider İlham Əliyevin portretləri. Kamera da düz alınlarına baxır. Baxa-baxa yazır. Təzə alın yazısı. Və o qədər də uğurlu aqibət vəd etmir bu yeni alın yazıları. Prezident hakimiyyətin xarakterini dəyişir. Bütün siyasi fəlsəfə dəyişir. Əliyev yolu daş-kəsəkdən, pusquda dayanan qaçaq-quldurdan, yol kəsəndən, cib kəsəndən təmizlənir. Prezident az qala hər çıxışında xəbərdarlıq edir ki, təmiz işləyin. Ehtiyaclı insanların qayğısına qalın. Mən sizi xalqa xidmətçilik etməyə göndərirəm. Xalqı xidmətçiyə, nökərə çevirməyə yox. Belə müraciətlərdən biri də bu yaxınlarda Milli Məclisdə edilmişdi. Mesajlar dəqiq, ton qəti, gözlənti aydın idi:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır."

Prezidentin qara iqtisadiyyatla, qara mühasibatla, qara güruhla, ümumiyyətlə hər növ qara niyyətlə mübarizəsi həlledici məna daşıyır və o bu davada yalnız hüquq-mühafizə orqanlarına güvənmir. “Bu da bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik”-deyir. “Verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var-deyir”. Bir də baxın. Prezident bundan artıq nə deməlidir? Necə deməlidir?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın”.

“Dövlət işindən getsin, sabah bədbəxt olmasın.” Deməli, özünü bədbəxt edənlərin sırası daha bir başçı, bir neçə baş, boyun artdı.

Mənə elə gəlir ki, biz tədricən yeni növ başsağlıqları, daha doğrusu, başçısağlıqları verməyə öyrəşirik... təbii ki, qalan rayonlara, qalan rayonbaşılara. Axı onlar artıq başa düşməliydilər ki, bu bir başqa situasiyadır. Cinayət başında yaxalanan məmurlar yəqin başa düşürlər ki, hər belə yaxalanma ilə onların orta çinovnik obrazı zədələnir. İcra başçısı olana bir az birtəhər baxılır. Deməli, təcili reabilitasiya olunmaq, dövlətin etimadını elə doğrultmaq lazımdır ki, başçıların hamısı belədir. Hamısı yetim payına göz dikib kimi rəylər sıradan çıxsın. Konkret əməllərlə. Yaxşı addımlarla. İcra başçıları anlamalıdırlar ki, bura pul qazanmaq yeri deyil. Dövlət formatlaşır. Köhnələr və köhnəliklərlə birdəfəlik qurtarılır. Azərbaycan yeni zamanın göstəricilərinə, dövrün yeni relsləri üzərinə keçirilir. Və bu sadəcə yön məsələsi deyil, yol məsələsidir. Son zamanlar maraqlı paylaşımları ilə diqqətimi cəlb edən, istedadlı araşdırmaçı jurnalist Rüstəm Əbülfətoğlunun üzə çıxardığı mühüm bir sitatı diqqətinizə çatdırmaq istərdim.

27 iyun 1998 ci il. Respublika sarayı. Prezidentin yanında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş Ümumrespublika Müşavirəsi. Heydər Əliyev BMT-nin qaçqın və məcburi köçkünlərə ayırdığı humanitar yardımların mənimsənilməsi və bazarlarda satılması mövzusunda çox qəzəbli danışır.

“Mən bu mübarizəni Prezident kimi bu gün də aparıram, sabah da aparacağam. Bu, ən əvvəl, mənim şəxsi mənəviyyatımla bağlıdır!!!. Mən vəzifəsindən sui-istifadə edən, başqasının malını mənimsəyən, özünə cinayət yolu ilə mal, sərvət toplayan adamlara həyatım boyu, həmişə nifrət etmişəm, onlarla həmişə mübarizə aparmışam, həmişə mənəvi saflığımı qorumuşam və mənəvi saflıq uğrunda mübarizə aparmışam. Mənim şüurlu həyatımın demək olar ki, əlli ildən çox hissəsi buna həsr olunubdur, mən bu yoldan heç vaxt dönməmişəm və dönməyəcəyəm. Bu gün də, gələcəkdə də deyirəm ki, qaçqın malına, köçkün malına, humanitar yardıma əl uzadan adamın əli kəsilməlidir.” Sitatın Sonu.

İndi isə başqa bir sitata keçəcəm. Yenə də Rüstəm Əbülfətoğlunun dürüst tapıb yerinə qoyduğu arqumentlərə istinad edirəm. Danışan yenə Prezidentdir. Yənə Əliyevdir. Amma bu dəfə İlham Əliyev.

Ritorikaya, istifadə olunan sözlərə və qəzəbin səbəbinə xüsusi diqqət yetirməyinizi rica edirəm.

Beləliklə. Aprel. 2020 ci il.

“O çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar….Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir."

Və ya başqa bir misal:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: " İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır."

Niyə bu sitatları tutuşdururuq. Ona görə ki, Heydər Əliyevin də, İlham Əliyevin də qəzəbinə səbəb-məhz imkanları məhdud, sosial həssas, ehtiyaclı təbəqənin haqqına girən, soxulan, mənəviyat dilənçilərinin hərəkətləridir.

İlham Əliyev Heydər Əliyevin yolunu zibilləyən, burada vətəndaş-hüquq-etimad-etibar qəzası yaradan yolsuzlara qapşı amansızdır. Axı niyə gözləri çıxarılmış qurd qardaşlarından öyrənmirlər? Axı hesabla dərs olmalıydı. Prezidentdən dəfələrlə xəbərdarlıq olub. Hətta ən kütbeyinlərin belə anlaya biləcəyi şəkildə. Özünüzü bədbəxt etməyin!-deyilib...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın”.

Bu gün ölkədə aparılan islahatlar dövlətin sosial məzmuna tam keçidini təmin etməlidir. Elə ona görə də Prezident sosial həssas təbəqəyə xüsusi diqqət ayırır. Təkrar edirəm. Heç nə Əliyevi kasıbların boğazından kəsənlər, imkansızların payını qamarlayanların hərəkəti qədər əsəbiləşdirmir.

Gəlin bizi hər gün bir az da ağırlaşan fəsadlarla müşayiət edən amillərin bəzilərini sadalayaq. Koronavirus fəsadları. Pandemiyanın büdcəyə, birbaşa cibimizə vurduğu ziyanlar.

Əvvəla:

a) Koronavirus səbəbindən planetdəki mövcud hərəkətsizliyin yaratdığı, heç kimə lazım olmayan, əksinə əl-ayağa dolaşan neft bolluğu ciddi fəsaddır. Bu vəziyyət hasilatın azaldılmasını zəruri edir. Bu proses də son nəticədə az neft satışı deməkdir və büdcə daxilolmalarını azaldır.

b) Neftin ucuzlaşmasının doğurduğu başqa fakt. İlk baxışda müsbət görünür. Hə də. Neft ucuzlaşdığından bəzi neft məhsullarının, cüzi də olsa qiyməti düşür. Bu da neft məhsulundan daxil olmaları azaldır. Yəni qazancımız azalır.

c) Koronavirus pandemiyası Yer Kürəsini stəndbay rejiminə keçirib. Bu isə planetin faktiki zorən tətil, könülsüz zabastovka elan etməsidir. Deməli, hərgünkü iş-güc, ritm, dinamika, iqtisadi reaksiyalar, mübadilələr, qarşılıqlı əlaqələr donub. Və biz hər gün 120-150 milyon pul itiririk. Turist gəlmir. Nə mövsüm əyləncələrinə, məsələn: Formula-1-ə, başqa idman yarışlarına, nə də qolu Xan çinarından sınmış turist obyektlərinə. Belə olduqda sosial dövlət fəlsəfəsi və onun əsas sterjnı olan sosial həssas təbəqə ciddi problemlərə üzləşir.

Bax burada da Heydər Əliyevə qayıtmalı oluruq.

Xatırlayaq: 1998-ci il. 27 iyun. Respublika sarayı. Prezident - qaçqınlara ünvanlasa da əliəyrilik səbəbindən yolu azaraq azğınların pəncəsinə düşən yardımlar barədə belə deyir:

“…Bu hallar birinci növbədə bizi, dövləti narahat edir. Ancaq bizim işlərimizə zidd olan ayrı-ayrı qüvvələr də bunlardan istifadə edib şişirdirlər və problem yaradırlar. Eldar Həsənov (baş prokuror) burada məruzə etdi ki, müxalifət düşərgəsində duran bəzi adamlar hətta ABŞ-a məlumat verirlər ki, guya gələn humanitar yardımın yarısı hökumət tərəfindən mənimsənilir. Axı bu qədər də yalan, vicdansızlıq, insafsızlıq ola bilməz! Onlar bunu xəbər verərək təklif edirlər ki, Azərbaycana humanitar yardım göndərməyin. Xalqa nə qədər xəyanət etmək olar?“

Maraqlı və qüvvəsini bu gün də itirməyən sualdır. O zaman Azərbaycana humanitar yardım etməmək çağırışını edənlər bu gün də eyni xislətə sahibdirlər. Müxalifət düşərgəsindən uzaqlasşaraq düşmən tərəfə keçən Əli Kərimli və güruhu dəyişməyib. Amma yox. Azacıq dəyişiklik var. Əgər o zaman bu güruh Amerikaya Azərbaycana yardım etmə!-iltimasını buradan göndərirdisə, bugün restoranlarda öz hesabını əcnəbiyə ödətdirib, kritik başağrısından qurtulmaq reseptini də hacıdan, bəydən yox Gültəkin əcnəbilərdən şərab xumarı ilə alanlar ös qaçaqmal sevinclərini-yol qısa olsun deyə- Amerikada yerləşdiriblər. İkinci dəyişiklik də var.

Məsələn: qaragüruh indi Amerika Birləşmiş Ştatlarına demir Azərbaycana yardım göndərmə! Amma əvəzində Vaşinqtona Azərbaycanın öz halal vəsaitindən, öz qazandığı büdcədən, özünün topladığı neft pullarından, bir sözlə öz pulunu niyə müstəqil xərcləməsindən şikayət edir. Beləliklə qaragüruhun Azərbaycandilli, Azərbaycandan dönük qulbeçələri, qulfərələri, qulxoruzları öz ənənəvi banlarına qaxılaraq oturub. Daha kinli, daha nifrətli, daha aqressiv, daha qarı düşmən, Qara düşmən olublar! Niyə? Çünki onlar daha müxalifətçi deyillər. Özlərini kənar qoyublar. Düşmən yerinə qoyublar! Çünki ölkənin əsas müxalifət qüvvələri dövlətin dialoq üçün uzanan əlini sıxıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər.”

Deməli dialoq baş tutur. Qara güruh isə boğazdan kəsilən “artıq ət” kimi sanki əməliyyatdan sonra cərrah masasının yanındakı qaba atılıb. Onların etiraf etməyə cəsarətləri çatmasa da getdikcə siyasi dəyərlərini, sosial əhəmiyyətlərini itirdiklərini hiss etməmiş də deyillər. Baxın Əliyev ən qatı opponentlərinə belə əl uzadır. Özü də beynəlxalq təşkilatların, səfirliklərin vasitəçiliyi ilə yox. Dövlətin öz vətəndaşı, fiziki və hüquqi şəxsləri kimi. Birbaşa. Hakimiyyət bölüşdürməyə yox. Sadəcə danışmağa. Nəbzini tutub ictimai-siyasi səhhəti öyrənməyə. Siyasi dərrakəsi yerində olan, dövlətin taleyinə görə özünün də məsuliyyət daşıdığını başa düşən gerçək müxalifət yeni konfiqurasiyanı, yeni reallığı qəbul edir.

Amma mən Prezident Aparatının şöbə müdiri ilə niyə danışmalıyam ki, qoy o mənim müavinimlə görüşsün!-deyə şundul eqosunun qəlsəmə dövründə yaşayan güruh anlaya bilmir ki, onun nəfəs almasının çətinliyinin səbəbi o deyil ki, karantin dövründə maska taxmağa vadar edilir. Ona görə çətin nəfəs alır ki, sümüyünə düşən siyasi hava tükənir. Və qəlsəməlik deyil.

Hə bir də... bəycik və gəlinciklər, əgər iqtidar sizə əl uzadırsa bu o demək deyil ki, o sizə nəsə verir və ya təklif edir. Bəlkə elə əlini uzadıb ki tutub batdığınız yerdən çıxasız...

Bu kateqoriyadan digər videolar
Digər videolar