Ən çox izlənən videolar

Yenidənqurma işləri yekunlaşır - VİDEO

Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Bakı-Quba avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır.
Bu işlər çəçivəsində “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri 8-10 metr kiçildilərək “oval” formaya salınıb, həmçinin dairəyə gələn və çıxan yollarda da genişləndirmə işlər aparılıb.
Magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilib.
Hazırlanmış layihələrə əsasən, Bakı-Quba avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqların sayı 4-ə çatdırılıb.
Eyni zamanda Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət intensivliyi nəzərə alınaraq ərazinin sağ tərəfi genişləndirilib.

Həmçinin Bakı-Sumqayıt yolunun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Bundan sonra geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.
Hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır.
Anoloji genişləndirmə işləri “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bundan başqa yenidənqurma işləri zamanı “Xırdalan dairəsi”nə qalxan və düşən hissələrdə 2 hərəkət zolağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir.
Genişləndirmə işləri zamanı yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır.
İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maksimal dərəcədə maneə yaradılmadan aparılır. Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Bu kateqoriyadan digər videolar
Digər videolar