Ən çox izlənən videolar

"Valday" diskussiya klubunun iclası - VİDEO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq videokonfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən “Valday” Beynəlxalq Diskussiya Klubunun İdarə heyətinin sədri Andrey Bıstritskiy dünyanın hazırda üzləşdiyi pandemiya böhranından danışaraq deyib ki, normal həyata qayıtmaq üçün kifayət qədər vaxt tələb olunacaq. Onun sözlərinə görə, bu dövrdə dünya daha bariz şəkildə energetikanın əhəmiyyətini anlayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Rusiya və Azərbaycanın həyatında energetikanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə energetika sahəsində Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir.

Energetika nazir Pərviz Şahbazov çıxışı zamanı deyib ki, “OPEC+ çərçivəsində tənzimləmə mexanizmlərini nəzər alaraq Azərbaycan ilk addım atan ölkələrdən olub. O bildirib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır: “OPEC+ nəticəsində qəbul olunmuş qərarların icrasının sabit qalmasına nail olmalıyıq. Bu formatın genişlənməsini labüd hesab edirəm. Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək”.
Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna Rusiya şirkətlərinin sərmayəsi 4 milyard dollara bərabərdir.
Rusiyanın Energetika naziri dünya iqtisadiyyatının bu il gözlənilməz hadisə ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, bu il ÜDM-də 5-6 faiz azalma gözlənilir və bu da dünya energetikasına ciddi təsir edəcək. Rusiyalı nazir bildirib ki, energetika ən ciddi ssenarilərə dayanıqlılığı təmin edə bilər.

BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışı zamanı pandemiyanın qlobal enerji bazarına təsirlərindən danışıb. Onun sözlərinə görə, çətin iqtisadi vəziyyətə baxmayaraq BP şirkəti Azərbaycandakı layihələrin icrasına sadiqdir.

Kral Fahd adına Neft və Minerallar Universitetinin departament rəhbəri Şafi Aldamer çıxışında neftdən siyasi proseslərdə istifadə olunmadığını, əksinə siyasi prosesləri tənzimlədiyini deyib. Onun sözlərinə görə, OPEC sabitləşdirmə faktorudur və bu təşkilatda inhisarçılıq yoxdur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova məhz 2016-ci il Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin forumunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. O, neftə olan tələbatın sürətlə azalmasından danışaraq, qazın buna daha az məruz qaldığını bildirib. Onun sözlərinə görə, həmçinin bərpa olunan enerji böhrana daha ciddi müqavimət göstərib. Esmira Cəfərova deyib ki, dövlətlərarası əməkdaşlıq olmasa, bu çağırışların öhdəsindən gəlmək mümkün olmayacaq.

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.

Qeyd edək ki, konfrans sabah da qapalı şəkildə öz işini davam etdirəcək.

Konfransın ikinci günündə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış edəcək və Rusiya və Azərbaycan münasibətləri, nailiyyətlər, çağırışlar və qarşılıqlı fayda kəsb edən əlaqələrin perspektivlərinə dair müzakirələr aparacaqlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar