Ən çox izlənən videolar

Neft borusunda qəza oldu - VİDEO

Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane oldu.

Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.

Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Əraziyə baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşib. Boru kəmərinə cəmi 1-2 metr məsafədə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib.

Bununla belə həyatyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Ev sahibi, 1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş Nəsibov Ehtiram Qənimət oğlu açıqlamasında bildirib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub.

Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir.

Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır.

Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.

Bu kateqoriyadan digər videolar
Digər videolar